ka

Kamal Abdullanın “Hacı Mir Həsən ağa Səyyah” adlı yeni hekayəsini təqdim edir.

 

1455-ci ilin şaxtalı bir qış gecəsi idi. Hacı Mir Həsən Ağa Səyyah yoldan-izdən, gözdən-nəzərdən uzaq bir dağın köksündə yerləşən Hüngür mağarasında özünün təkcənəlik vaxtına bürünüb bir soyuq daşın üstünə oturmuşdu. Qarşısında günortadan qaladığı ocaq var idi. Ocaq artıq özünün son alov parçasını mağaranın qara divarlarına təntənəli bir tərzdə elə indicə göndərdi, parıldaşan dili ilə onları bir anlıq nura qərq elədi və bu zaman divarda cürbəcür kölgələr peyda oldu, guya ki, burda çox adam var idi, təkcə Hacı Mir Həsən ağa deyildi. Səyyah yenicə tamamladığı və bir yekə kağız qalağından ibarət olan bu qalın  əlyazmanı dizlərinin üstündə bərk-bərk sıxıb tutmuşdu. Bir az əvvəl biriminci səhifənin üst tərəfində öz adını, sonra da əsərin adını xətt sala-sala yazmışdı: Hacı Mir Həsən ağa Səyyah — “Sirlərin sərgüzəşti”. Gözlərini bu yazıdan çəkə bilmirdi.

 

Onun illər əvvəl hamıdan aralanıb tərki-aləm olmasının və bu gözdəniraq mağaraya sığınmasının əsl səbəbi uzun və iztirablı günlərinin, gecələrinin bəhrəsi olan bu qorxulu yazı idi. Onu yazmağa başlayandan az sonra şəhər əhlinin təhdid və hədələrindən, tənə və təqiblərindən, evinin yandırılmasından, küçədə gedərkən arxasınca təngnəfəs gələnlər tərəfindən az qala daşqalaq edilməsindən sonra, nəhayət, bir zülmət gecə yarıyanmış evinə yapışıq töylənin bir küncünə qısıldığı vaxt gizlicə gəlib onun həyətinə girənlərin açıq-aşkar belə bir söhbətini eşitdi. Və o söhbətdən sonra Səyyah, nəhayət ki, qəti qərara gəldi.

 

O ulduzsuz zülmət gecə həyətə üç kişi girmişdi. Əvvəl-əvvəl öz aralarında yavaşdan danışırdılar. Səyyah təkcə qulağı ilə deyil, bütün vücudu ilə bayırdan gələn və ürəyinin döyüntüsünə qarışan bu səsləri tutmağa, eşitməyə çalışırdı. Bu elə də çətin olmadı. Çünki mövzu bəlli, bu adamların nə dedikləri yaxşı məlum idi. Təzə bir şey demirdilər, bütün şəhər əhlinin yek fikrini dilə gətirirdilər. Şəhərdə hər kəs müqtədir bir mirzə və alim kimi tanınan, dünyanın hər bir yerində olub və bu yerlərdən hikmətlər öyrənib özü ilə gətirən Hacı Mir Həsən ağanın yenicə yazmağa girişdiyi “Sirlərin sərgüzəşti” risaləsini bilxassə özünə qarşı bir qəsd hesab edirdi. Hər kəsin ki sirri var idi, o sirri bu şəxs ordan-buradan, bəzən yaxından, bəzən də getdiyi uzaq ölkələrdən hansısa üsul ilə öyrənib aləmə faş eləməyə başlayacaqdı.  Sirri-əzimlərin aşikar olacağı gecəni Səyyah bir dəfə  şəhər əhlinin seçmə adamlarına vəd eləmişdi. Bunu onun öz dilindən eşidənlər olmuşdu və xəbər ildırım sürətilə dörd bir tərəfə yayılmışdı. İndi anlayırdı ki, səhvin böyüyünü elə bu zaman edib.Təlaş və tüğyan edənlərin sayı bir deyildi, yüz deyildi. Buna dözmək olardımı, olmazdı.

 

…Həyətə girənlərdən biri onun öz qonşusu, can dostu Həsənəli idi. Həsənəli birdən-birə yanında durub pıçıltı ilə danışanların sözünü kəsdi, onlardan  fərqli bir halda səsini başına atdı və xeyli ucadan səslənib belə dedi:

 

– Sabah son vədədi. Biləsiniz, camaatın səbr kasası daha daşdı. Onu kəsib dağda-dərədə quşlara, heyvanlara yem edəcəyik.

 

– Yavaş ol… – Yanındakı kim idisə Həsənəlinin bərkdən danışmağına mane olmaq istədi. Bu adamı Səyyah səsindən tanımadı.

 

– Bəli, doğru buyurursan. Səbr kasası daşdı. Sabah, hökmən sabah bu iş, olsun, nəhayət ki, bu adamın təhdidlərinə son qoyulsun… – Bunu deyərkən təkrarən pıçıltıya keçəni isə Səyyah tanıdı. Şəhər həkimxanasının rəisi yanında gecə baxıcısı idi.

 

– Sən təhdid nəyə deyirsən? De ki, böhtanları… – Yenə Səyyahın tanımadığı adamın səsi gəldi. Qonşusu Həsənəlinin gur səsi bu yerdə danışanın sözünü yenə də səbirsiz kəsərək gecənin qaranlığında parıldadı:

 

– Bax, sübh tezdən bu iş bitməlidi və bitəcək. Ağalar siz də gələrsiniz, bütün şəhər sel kimi bura axışacaq. Sübh tezdən ha, eşitdiniz?

 

– Eşitdik, eşitdik. Bağırma. Yatanı da oyadarsan…

 

İndiyənə qədər Səyyah anlamır ki, bu sözləri Həsənəli kimə ünvanlayıb deyirdi, ona, yoxsa yanındakılara. Ona görəmi ki, Həsənəli belə bərkdən qışqırırdı, o eşitsin?! Bəlkə də belə idi. Deməli, bu iş sabah tezdən baş verəsidi. Ona ölüm fitvasını, demək ki, artıq çıxarıblar və bu, küçədə-bacada ona hücum edib söyüş yağdıranların, daş atanların kortəbii işinə bənzəməyəcəkdi. Əlbəttə ki, qonşusu Həsənəli, gənclik illərinin can və qəlb dostu  bu adamların yanında belə bağırmağıyla bu xəbəri məhz ona eşitdirirdi, şübhəsiz, bu belə idi. Mağarada həvəsi olanda və keçmişdə baş verənləri acı bir yuxu kimi beynində götür-qoy etmə istəyi yarananda Səyyahın dodaqlarının ucuna xəfif bir təbəssüm qonurdu. Amma bəlkə də belə deyildi, bəlkə də Həsənəlinin ona nifrəti o dərəcədə idi ki, bu tənumənd kişi hislərini, hətta səsini artıq qısa bilmirdi. Bəlkə də Həsənəli özünün o ağır sirrini heç cür unuda bilməmişdi?! Unutduğunu dəfələrlə and içib onu əmin-aman etsə də unuda bilməmişdi. Dəfələrlə and içməyin özü elə bu sirrin unudulmadığına açıq-aşkar işarət deyilmiydi?! Həsənəlinin sirri bundan ibarət idi ki, Həsənəli öz doğmaca anasının qatilinə çevrilmişdi. Doğrudur, bunun öz səbəbi var idi, amma səbəb sirrin özündən də müdhiş və qorxulu idi. Bu işi tutandan sonra Həsənəli adını dəyişib təğyiri-libas oldu, bir müddət hər yerdən ilim-ilim itdi. Atasının bir dostu ki, padşahın vəziri idi, onun sayəsində yavaş-yavaş üzə çıxdı. Sonra onlar qonşu, daha sonra dost oldular. Az olardı ki, axşam yeməklərini bir-biri bahəm ya bunun evində, ya da onun evində yeməsinlər. Həsənəli uzun və uzaqdan qurdları ulaşan qış gecələrindən biri öz sirrini ona, Səyyaha açdı, bu qətlin səbəbini ancaq Səyyah bildi və Həsənəli əsl adını təkcə ona dedi, ona etibar elədi. İndi sirrin faş olmasının qorxusu deyilmiydi  Həsənəlini belə qeyzləndirən?! Amma səsini başına nahaqdan atmadı, bunun bir mənası var idi. Səyyahın dodaqlarına yenə o ürkək, bu mağaraya yolazmış təbəssüm gəlib qondu. Gur yanan tonqalın alov dilləri mağaranın zil qara divarlarında oynadı.

 

…Elə haman gecə yanmış evinin bəzi salamat əşyalarını toplayıb vəfalı eşşəyini töylədən çıxartdı, onun belinə şellədi, bir hissəsini də öz çiyninə yüklədi. Həyətdən çıxdığında ikiqat olmuşdu, birtəhər belini düzəldib baxışını Həsənəlinin üzbəüzdəki evinə saldı. Evin işıqları yanmırdı. Bir pəncərənin pərdəsi isə yarıyacan açıq idi, elə bil, orda pərdənin arxasında kimsə durmuş idi və o kimsə gözlərini gecənin qaranlığına zilləyib ona doğru tuşlanmış baxışları ilə bu qaranlığı deşməkdə idi. Səyyah qorxudan ürəyi ata-ata məhlədən uzaqlaşıb tini döndü, amma bu zaman ürəyi dözmədi, qayıdıb başını tinin ucundan çıxardı və Həsənəlinin pəncərəsinə tərəf bir də baxdı. Bu dəfə pəncərənin ucuna şam qoyulmuşdu və onun zəif işığı gəlirdi.

 

Elə haman gecənin qaranlığındaca birbaşa bura, Hüngür mağarasına gəlib yetişdi. Eşşəyin yükünü boşaldandan sonra onu təkrar aparıb aşağı kəndlərdən birində bir dirəyə bağladı. Heyvanın izinə düşüb onu mağarada tapa bilərdilər. Sonra, artıq işıqlaşana yaxın Səyyah mağaraya qayıtdı, evdən imkan edib gətirdiklərini yavaş-yavaş mağaranın sol küncündə yerbəyer etməyə başladı. Bu zaman Səyyahın gözlərindən  axan yaş ağarmış saqqalından süzülüb yerə tökülürdü.

 

O zamandan Səyyah Hüngür mağarasına sığındı. Görünür, dünyalar gəzib mərifət və əxlaq, fəzilət və iman sahibi olmuş bu şəxsin alnına belə yazılıbmış: sən öz həyatını mənalı bildiyin, amma mənasız, mənasız bildiyin, amma mənalı bir əməlin yolunda puç edəcəksən. İllərlə qazandığın hörmətini və izzətini gəlib beyninə girmiş və səni gecələr yatmağa qoymayan, ürəyində hövr edən boş bir amalın uğrunda bada verəcəksən. Sirləri açmaq, sonra da çözmək, səbəb və nəticələri bir-birinin yanına düzmək istəyəcəksən. Düşmənlərini sevindirəcək, dostlarını pərt edəcəksən. Və ömrünə burada, heç kimin görüb tapa bilməyəcəyi, Allahın da unutduğu bir mağarada son verəcəksən. Uşaqlıqda elə hey eşidərdi, deyirdilər, bu mağarada qorxulu bir ruh gizlənib. Müdhiş bir tilsimi var buranın. Buna görə ətraf kəndlərin adamları belə bu yerdən kənar dolanmağa çalışırdılar, onu yan keçirdilər. Bura gələn cığır çoxdan itib yox olmuşdu. Mağara zaman-zaman tamam qərib bir yerə dönmüşdü. Bir də onu deyirdilər ki, mağaranın divarlarında qorxulu yazılar yazılıb. Amma Səyyah bu yazıları nə qədər axtardı, görə bilmədi. Bəlkə qaranlıq idi, ondan, amma bəlkə də gözləri artıq yaxşı seçmirdi, ondan. Təkcə onu seçə bildi ki, mağaranın divarlarında ayrı-ayrı yerlərdə çiçəyə oxşar ləkələr var. Bu ləkələr çox hündürdə idi, bəzi yerlərdə silinib pozulmuş kimiydilər və  Səyyah onları əhəmiyyətsiz saydığından daha bu ləçəklər barədə düşünmədi, Səyyah onları unutdu.

 

Zaman beləcə keçib getməyə başladı. Aylar, illər — sürətlə, günlər, saatlar — zülümlə, yavaş-yavaş. Onu dəli olmaqdan xilas edən bir şey var idi, o da yazdığı və bu zaman özünü unutduğu əlyazma idi. Bir də onun özü üçün uydurduğu, əslində, onun yox, buralara yaxın Görükməz təpə deyilən yerin altındakı Sehirbazlar dərəsinin sakinlərinin özləri üçün uydurduqları, nə zamansa onu da buna inandırdıqları təkcənəlik deyilən vaxt. O artıq bu vaxtın içinə girməyi bacarırdı. Əvvəl-əvvəl çətin olurdu, çünki nəfəsini lazım olan qədər içinə yığıb saxlaya bilmirdi. Yavaş-yavaş, inadla məşqlər etdi, dərədəki sehirbazların təlimini xatırladı və istədiyinə nail oldu. İndi artıq təkcənəlik vaxtının içinə girib yazdığı mətin özü quş kimi uçub onu arxasınca çəkib aparırdı. Özü ilə gətirdiyi vərəqlər, saatbasaat, günbəgün qaralır, onun binayi-əzəldən bərbad, əyri-üyrü xətti ilə dolurdu. Mağara geniş idi deyin, durub içində gəzişə bilir, bu zaman dünyanın gəzib gördüyü ayrı-ayrı şəhər və məmləkətlərini bir daha gözləri önünə gətirir, vaxtın qədim bir düyünündə qalmış uzaq ölkələrin rayihəsini, elə bil, burnunda, dilində hiss edirdi. Amma yaxınlarda baş verənlər yadından çıxmağa başlamışdı. Niyə bura qaçıb gəldiyini də artıq güclə ya xatırlayır, ya xatırlamırdı. Bir şeyi isə dəqiq bilirdi. Mağara onun xilas yeridir və buranı tərk etmək olmaz. Qulaq verərdi, mağaradan kənardakı səsləri bir-birindən ayırardı. Əsasən, yaxınlıqdan qurd-quş səsi gələrdi, uzaqlarda at kişnər, bəzən qoyun-quzu mələşərdi. Bu səslərə uyğun olaraq günün vaxtını və yaxınlıqda kimsənin olub-olmamasını ayırd edib ayağını mağaradan kənara qoyar, bir, ya iki saat təmiz havanı ciyərlərinə çəkərdi. Beləcənə, zaman keçdi, o, mağaraya alışdı, mağara ona. Özü-özünü azuqə axtarmağa və tapmağa öyrətdi.

 

Bir dəfə isə, bura gəldiyinin birinci ayının sonunda, qəribə bir iş oldu. Bütün diqqətini kağıza, qələmə verib təkcənəlik vaxtının içinə girməyə çalışdığı bir məqam idi. Birdən mağaranın ağzından ona xeyli tanış və doğma olan eşşək səsi gəldi. Əvvəcə Səyyahın canını qorxu aldı. Amma səsdən sonra ətrafa ölü bir sükut çökdü və bu sükutun içində o öz sevimli heyvanının səsini bir daha eşitdi. O bu səsə inanıb bayıra çıxdı. Mağaranın ağzında durub boynunu əymiş heyvanın belinə böyük bir azuqə tayı yüklənmişdi. Səyyah vəfalı heyvanı titrək, kövrək səsilə əzizləyə-əzizləyə azuqəni yerə boşaltdı. Heyvanın boynunu bərk-bərk qucaqladı, qulağına bu sözləri pıçıldadı: “Ətrafda olan hər şey ölümün min bir təzahürüdü. Sadəcə üzünə niqab tutubdu və bizdən guya ki, gizlənibdi. Qətiyyən belə deyildir. Sağa baxıram, sola baxıram, darıxıram”. Sonra bir xeyli bu vəfalı heyvanın tükünü tumarladı, içini dərindən çəkib yüngülcə, sığallayırmış kimi əlini yanbızına vurdu. Heyvan itaətlə başını aşağı salıb gəldiyi cığırla dönüb geri getdi və aşağıda gözdən itdi. Sonralar, ayda bir, ya iki dəfə o heyvan gəlib mağaranın ağzında durar, fınxırtısından Səyyah bilərdi ki, azuqə payını yenə kimdisə aşağıdan göndərib. Dodağı qaçardı.

 

Mağaranın girəcəyi yetərincə buranı xüsusi tanımayanların gözündən gizlənmişdi. Səyyahın bu gizli mağaraya sığınması, burada yarıac, yarıtox olsa da, amma sakit və mütəvazi bir həyat sürməsi bir tərəfdən öz həyatını qoruması üçün idisə, o biri tərəfdən beynini və qəlbini deşib ona rahatlıq verməyən bu yazını yazıb sona çatdırmağın ehtiraslı həyəcanı ilə bağlı  idi. Hamıya görk olsun deyə uzun, məşəqqətli bir yola çıxmışdı. “Siz hamınız padşahınıza layiqsiniz” dediyi və padşahlarına həqqən asi olan həmşəriləri onun üçün ən təhlükəli adamlar idi və onların hamısı, əlbəttə ki, təkcə həmşərilər, deyil, bu məmləkətin hamısı əməlli-başlı onun qanına susamışdı. Adamlar amansız idilər, çünki Səyyahın ağıllı, məntiqli ittihamları onlar üçün ölümdən bətər idi. Padşahdan yox, Səyyah bu adamlardan qorxmuşdu və qaçıb canını onlardan qurtarmağa çalışmışdı. İndi isə, nəhayət, qorxu və təlaş, amma daxilindəki yüksək əzm və mətanət hesabına yazıb başa çatdırdığı bu mətin artıq, budu, doğulub. Bir qalaq vərəq onun titrəyən dizlərinin üstündədir. Səyyah bu mətnin az qala ürək döyüntülərini eşidir, nəfəsini duyur. Əlyazmanı tamamlayıb öz yaralı ürəyindən tikən çıxardan Səyyah yalnız bir şeyi dumanlı və yorğun beynində fırladıb-fırladıb ona cavabı heç cürə tapammırdı: bütün bu ağrı-acıdan sonra o indi xoşbəxtmi idi, yoxsa bədbəxt?!

 

Əlyazma Səyyahın dizləri üstündə özünə sakit bir ana qucağı bulmuşdu və dərin yuxuya getmişdi. Səyyah özü də heyrətli bir sükut içində idi. Əlyazmanın doğuluşundan sonra o, öz təkcənəlik vaxtının içindən çıxmağa hələ ki, tələsmirdi və qımıldanmadan yenicə doğulmuş bu əlyazmaya heyranlıqla tamaşa edirdi. Burda onun həyatı, xalqının, dövlətinin həyatı, tanıdığı, rastlaşdığı padşahların, ağaların, xanların həyatı, onların sevdikləri və nifrət etdikləri zövcələrin, sevgililərin, övladların və qardaşların həyatı, onun özünün ilk məhəbbətindən tutmuş, itirdiyi əzizlərinin həyatı, keçmiş dünyada, neçə-neçə ölkələrdə görüb tanıdıqlarının, uzaq Kəhrəbalar diyarındakı ustadlarının və şəyirdlərinin, sevib sevildiklərinin həyatı, bəlkə dünyanın, bəlkə kainatın həyatı öz gizlinləri ilə, öz sirləri, tilsimləri, möcüzləri ilə onun, ancaq onun qəlbindən, gözlərindən keçib, dilinə, ağzına, sonra da qələminin ucuna hərdən göz yaşı, hərdən də qəhqələrlə axıb sözbəsöz, cümləbəcümlə bu lənətə gəlmiş, amma yenə də sevimli vərəqlərə bir dağ seli kimi tökülmüşdü. Səyyahın vücudu soyuqdan titrəyə-titrəyə qalmışdı, ancaq Səyyahın üşüməyi yox idi. Buna səbəb əlyazmanın tamamlanmasından dolayı vücuduna yayılan həzin və hıçqırıq dolu bir hərarət idi. O donmuş əllərini hərdən əlyazmadan aralayıb ağzından çıxan şaxtalı nəfəsinin buğu ilə isidir və qarşısında nə zamansa gur tonqal kimi çatılmış bu böyük kül yığnağına yorğun bir baxışla göz qoya-qoya, dodağının ucunda haman yolazmış təbəssüm  beynindən bunu keçirir:

 

“Bura niyə belə qaranlıq zülmətə döndü?! Bu mağaranın ki, içi həmişə gur işığa qərq olardı?! Bu tifil ki, yatıbdı, yuxudan axı ayılar və bu qaranlıqdan qorxar…”

 

Səyyah əlyazmanın dərdini çəkir. O unudubdu ki, bu, bir uşaq deyil, bu, bir kağız topasıdı. Amma yox. Onun beynində yenə də iki şey bir-birinə qarışır. İndi də ona elə gəlir ki, qucağındakı kağız topası deyil, uşaqdı. Və Səyyah artıq sönmüş tonqala baxıb bu dəfə də belə düşünür:

 

“Görəsən bu lənətə gəlmiş, amma dünyanın ən gözəl yaranışı olan, içi ilan-qurbağa dolu yazını artıq közərən və sönməyə tələsən və elə indicə sönməyə hazır olan bu tonqalın içinə atsam, onu yenidən alışdırıb gur işığını bir daha görə billəm, yoxsa, yox, görə bilmənəm?! Bu tifil də gözlərini açandan sonra haman işığı görə bilsəydi, nə dərdim, qoxmazdı…”

 

Barmaqları isə ondan xəbərsiz dizlərinə qısılmış əlyazmanın vərəqlərini bir-bir sığallayır, sığallayır…

SON