Bağ mövsümü idi. Bərəkətli tut ağacının altındakı çəmənlikdə bir yay axşamı üç qız və dörd oğlan dövrə vurub bardaş qurmuşdular. Orxan isə eyvanda oturub, guya ki, kitab oxuyurdu, amma kitabdan çox tənbəl-tənbəl bu “gənclərə” göz yetirib hansı həngamədən çıxacaqlarını gözləyirdi. Dövrənin ortasına taxta bir tabaq qoydular. İçiboş pivə şüşəsi tapdılar, onu da gətirib qoydular bu tabağın üstünə. Deyəsən, hazırlaşırdılar şüşəni fırlatmağa.
Bu oyunda kimin harda və kimin yanında oturması, görünür, çox önəmli idi. Orxanın qardaşı Qoşqarın bir yaxın dostu vardı – Şahin, bu il ali məktəbə qəbul olub bir neçə günlüyə Orxanın bağına qonaq gəlmişdi, bu məsul işlə böyük canfəşanlıqla o məşğul olurdu. Amma oyuna başlamaq üçün lazım olan mizan heç cür alınmırdı. Onu orda oturdurdu, durub yerini dəyişirdi, bunu burda oturdurdu, bu da elə.
Nəhayət, Şahinin gücü ona çatdı ki, hamını taxta tabaqdan eyni məsafədə əyləşdirdi. Qızlar iki ayaqlarını bir başmağa dürtüb bir-birinin yanından ayrılmadılar. Onları ayırıb aralarına oğlan “soxmaq” Şahinə “qismət” olmadı. Füzuli demiş, “üç səf qız oturdu, üzbəsurət də üç səf oğlan…” Gərək ki, dahi şair belə demişdi. Bəlkə də belə deməmişdi.
Oyunun məğzi isə bunda idi. Hamı dövrə vurub oturandan sonra pivə şüşəsini tabağın hamar üstündə fırlatmaq lazım idi. Pivə şüşəsi fırlanıb-fırlanıb, nəhayət, ağzı kimə tərəf durardısa o, ayağa qalxıb dövrədəkilərin hansını istəsə öpə bilərdi. Əlbəttə ki, oğlanlar kimi öpəcəklərini bəri başdan yaxşı əzbərləmişdilər. Adam bilmirdi, buna uşaq oyunu desin, ya ki, böyük oyunu?!
Orxan düşünürdü: “Bizim vaxtımızda biz belə oyunlar oynamırdıq. Məktəbdə oxuduğumuz zaman qızlarla ən isti təmasımız “əl-ələ” oyunu idi. Əlin ələ toxunması bizim üçün artıq sirr idi. Hamımız bir-birinin dalınca iki-iki, əl-ələ tutuşub dayanar, əllərimiz bir yerdə göyə qalxardı. Tərəf-müqabili olmayan biri gəlib bu göydə bir-birindən bərk-bərk yapışan əllərin tuneli altından keçib ürəyi istəyən birini seçər, əlləri bir-birindən ayırar, seçdiyinin əlindən tutub gedıb tunelin axırında onunla durardı. Adətən oğlan qızı seçərdi, qız oğlanı. Sonra növbəti dəfə kim tək qalardısa əyilə-əyilə gəlib tuneldən bu da keçərdi. Beləcə, saatlarla yorulmadan, hay-küylə “əl-ələ” oyunu davam edərdi. Bu oyunla bağlı qəribə və əziz xatirələr var. “Əlim onun əlinə dəyib…” deyə xoşbəxt olan və əlini iki gün yumayan vardı, sevdiyinin başqası ilə əl-ələ verdiyinə görə davaların düşməsi vardı, aşkar sirlər onsuz da aşkar idi, gözlənilməz halda kimin kimi seçməyinə görə gizlinlərin üzə çıxması vardı, qərəz, oyundan sonra sinifdəki dəstələr arasında söhbətlər, müzakirələr günlərlə bitmək bilməzdi.”
…Bu yeddi nəfərdən üçü qız idi və onların üçü də Orxangilin bağ qonşularıydı. Orta məktəbin ya doqquzuncu, ya da onuncu sinif şagirdləriydilər. Oğlanlardan biri Orxanın qardaşı Qoşqar artıq İnstitutun üçüncü kursunda həkimlik öyrənirdi, onun dostu Şahin isə təzəlikcə ali məktəbin tələbəsi olmuşdu. O da həkim olacaqdı. O biri qonşu Mustafa kişinin balaca nəvəsi Əziş idi, özünün də ləqəbi vardı: Cüllüt. Bu bir od-yalov idi, özündən böyük oğlanların arasına özünü soxsa da, heç bir dələduzluqda onlardan geri qalmırdı. Hə, bir də Mak Donalds çağırdıqları (nə üçün, niyə??) biri vardı. Onu Orxan o qədər də yaxşı tanımırdı. Gözlərindən cin yağırdı, danışanda da ağzını əyə-əyə danışırdı, elə bil, ağzının içində daş vardı. Ağzını açan kimi elə bilərdin, gülür. Amma sonralar gördülər ki, ağzındakı daş deyil, əyri dişlərini düzəltmək üçün dişlərinin üstündən taxdığı protezdir.
Qızlar Orxan üçün daha maraqlı idilər. Məhlədə bir dəstə qız vardı. Adam gördüyündə çaşan bu qızlar Orxangilin darısqal bağ yolunun sağındakı və solundakı bağ evlərində yaşayıb bütün yayı bu ürəküzən bağ yerlərində keçirməyə məhkum olunmuşlardı. Artıq yavaş-yavaş püxtələşməyə, əyin-başlarına, ənlik-kirşanlarına fikir verməyə başlayan bu gözəlçələr dünyanın hansı şəhərlərində, hansı əyləncə yerlərində olmaq istəməzdilər?! Böyüklərin oyunlarına girən vaxtları çatmamışdımı?! Xəyallarında nələr qurmurdular?! Kimləri özlərinə məftun etmirdilər?! Amma! Amma və lakin onlar uzun və qızmar yayı bu bağlarda oturub əncir-üzüm yeməyə məcbur idilər. “Bakı – Abşeron” yolu onların, hələ ki, yeganə marşrutu idi. Ən maraqlı əyləncə dəniz və bu cür oğlanlı-qızlı toplantılar olurdu. Sabahdan axşama kimi Orxanın bağının qapısına yaxın üzbəüz skamyalarda oturub darıxa-darıxa tum çırtlayır, gic-gic söhbətləriylə onlardan zəli kimi, milçək kimi əl çəkməyən oğlanlarla, daha çox isə bir-biri ilə sonsuz-saysız, hər şeydən və heç nədən söhbətlər edirdilər. Axşam tərəfi Orxan şəhərdəki işini bitirib bağa qayıdanda bu qızlar onu az qala “urra” ilə qarşılayırdılar. Maşını dar darvazadan bir az əl-qol ilə, daha çox “sağa, sola, stop, saxla, saxla!” bağıra-bağıra həyətə salmağa kömək edir, sevimli Orxanı əhatəyə alır, əl-ayağına pişiklər kimi dolaşa-dolaşa maşından düşməyini belə gözləmədən iki daşın arasında günün vacib hadisələrini tələsik, bir-birinin sözünü kəsə-kəsə ona xəbər verirdilər. Bu qızlar Orxandan xeyli kiçik olsalar da onun əsl dostları idilər. Onu böyük sevinclə qarşılayır, üz-gözlərində də bu yazılırdı: “Nə yaxşı bu gün tez gəldin, Orxan dayı, öldük biz, al bizi bu malçişkaların əlindən…” Malçişkalar onlardan iki-üç, bəlkə də dörd-beş yaş böyük idilər.
– …öldürdülər bunlar bizi. Təsəvvür edirsən, Orxan day, bitlzları tanımırlar…
– Biz tanımırıq?! Ay-hay! “Tanımırıq…” Biz sizi dolayırdıq.
–Tanımazlar, inanıram, tanımazlar. Onlar heç Don Kixotu da tanımırlar. – Təbii, Orxan qızların tərəfində idi.
– Ay-yay-yay… Doğrudan deyirsən??? –Təəccübləri çox “səmimi” alınırdı. Kənardan baxan elə bilərdi ki, bunlar Don Kixotu tanıyırlar.
– Həri, əlbəttə ki, “ay-yay-yay”.
…Və indi, axşamın bu axşam çağı, özü də ola belə bir yay axşamı, oğlanlarla öpüşməyə hazırlaşan bu qızlar Orxanın tanıdığı qızlarmıydı?! Ona elə gəldi ki, indi tut ağacının altındakı balaca çəmənlikdə dövrə vurub oturmuş, pıqqıldaşa-pıqqıldaşa bir-birilə baxışan bu üç qız hansısa dərin bir məqsəd uğrunda çalışan ön kəşfiyyat dəstəsidir.
Başçıları Həlimə adlı yaraşıqlı bir qız idi. Onun iki tərəfində isə bizim qapının ağzından əl çəkməyib səhərdən axşama qədər tum çırtlayan iki yöndəmsiz qız rəfiqəsi oturmuşdu. Həlimə o biri rəfiqələrindən həm yaraşığı ilə seçilirdi, həm də daha sadə geyimi ilə. Özü də yaşından böyük görünürdü. Elə bilərdin, ali məktəb tələbəsidir. Əlbəttə ki, başda Qoşqar olan bu “lotuların” oyunla bağlı əsl məqsədi bəlli idi – Həlimə! Oğlanların üzünə baxanda kimin üçün ağızlarının suyunu axıtdıqlarını anlamamaq mümkün deyildi. Bu biri iki qız isə əsl “satdıq mala” əlavə (yamaq) idilər. Həlimənin üzündə-gözündə, bütün vücudunda… sözəgəlməyən bir cazibə vardı. Azacıq xam baxan baxışları, amiranə danışıq və hərəkət tərzi, hərdən utanmaz-utanmaz, hərdən isə yalançı utancaqlıqla baxan yaşıl gözlərini danışdığı, amma daha çox mübahisə etdiyi adamın düz gözlərinin içinə zilləyib onun beyninə “mən… buyam… sən… mənim… üstünlüyümü… qəbul etməyə…
bilməzsən… bilməzsən… ölsən də… məni… bəyənməyə… bilməzsən…” sözlərini ayrı-ayrılıqda, cəsarətlə göndərməsi Həliməni bütün ətrafda qeyri-rəsmi “primadonna” etmişdi. Hamının yanında Orxanla həmişə az qala ərklə danışan, əsl enerji dağarcığı olan Həlimə qızların qeyri-rəsmi “duayeni” idi. Orxanı “ağlayıb-sısqayıb” (əslində, nazlanıb) “birtəhər” razı salaraq bəzi axşamlar balaca maşınına ən azı yeddi-səkkiz qız yığıb dənizə çimməyə aparmağa məcbur edə bilən yeganə qız o idi. Biçarə oğlanlar bu zaman üst köynəklərini çıxarıb başları üstdə yelləyə-yelləyə maşının dalınca “kim kimi ötdü” deyə ləhləyə-ləhləyə qoyurdular üstünə, nə qoyurdular — “saatda yüz iyirmi ilə”.
…Orxanın bu vaxtacan yadında dəqiq qalan odur ki, bu Həlimə onu təklikdə görəndə yanaqları qıpqırmızı qızarır, qaşının biri təəccüblə yuxarı dartılırdı. Nə dinirdi, nə də danışırdı. Əvvəl-əvvəl Orxan bunun fərqində deyildi. Bir müddət keçdi. Orxan bunun fərqində o zaman oldu ki, təklikdə Həlimə ilə qarşılaşanda başladı hiss eləməyə ki, onun özünün də yanaqları belə təkbətək görüşlər zamanı ağırlaşır, isinir.
…Orxanın xalası içəridən bir stəkan çay gətirib qoydu onun qabağına. Sonra səsləri-küyləri bağı başına götürmüş uşaqlar tərəfə diqqətlə nəzər yetirib:
– A bala, bunlar yenə nə oyun çıxarırlar? Vay,vay, vay… – Və bir cavab gözləmədən yenə dönüb girdi evə.
– Hələ bu harasıdır?!.. – Orxan onun arxasınca yavaşdan elə səsləndi ki, xala eşitməsin.
Dörd oğlanın dördü də, kiçikli-böyüklü, əməlli-başlı “qızmışdı”. Orxan görüb hiss edirdi ki, qızlarda da bir balaca gərginlik var, amma onların həyəcanı kifayət qədər dərindəydi. Oğlanlar isə… aşıb-daşan hislərini heç cür gizləyə bilmirdilər. Ondan, adətən, çəkinən bu “malçişkalar” indi Orxanı əməlli-başlı unutmuş, qan iyi alan akulalar kimi ovlarının ətrafında belədən-belə, elədən-elə üzüşürdülər.
Həzin yay axşamı idi. Havada ləzzətli bir sərinlik vardı, ola bilərdi ki, xəzri başlasın, amma indi başlamazdı, gecə — bəlkə… Yay axşamlarının “əziz” qonağı olan ağcaqanadlar nə üçünsə həmən axşam yox olmuşdular. Belə vaxtlarda Qoşqar deyirdi: “Vertolyotlar” bu gün uçuşa çıxmayıb…
Həlimə üz-gözündə guya istəməyə-istəməyə, bir balaca da nümayişkaranə şəkildə iki qızın arasında bardaş qurub əyləşdi, bu zaman onun alabəzək tumanının ətəkləri çəkilib dizlərindən xeyli yuxarı qalxdı. Ətrafdakılardan heç kim, deyəsən, buna fikir vermədi. O biri qızlar da sərbəst oturmuşdular, amma onlar tez-tez tumanlarını dizlərinə tərəf sürüşdürüb ayaqlarını “örtməyi” yaddan çıxarmırdılar. Həlimə bunu etmirdi. Orxana elə gəldi ki, bu saat Həlimə anadangəlmə çılpaq olsaydı belə, yenə kiminsə onun bədəninə baxıb-baxmamağı vecinə olmayacaqdı, o bunu sadəcə, hiss etməyəcəkdi. Ona elə gələcəkdi ki, bədəni ağac kimi, daş kimi, ulduz kimi, ay kimi… nə bilim daha nə kimi bir şeydi, kim baxırsa baxsın, ağac, daş, ulduz, ay ki bunu hiss etmirlər….
Birdən, “nə mənə, nə sənə”, Orxanın özünün-özünə bərk acığı tutdu. O, bu boyda kişi, niyə hayıl-mayıl olub gözlərini bu yaraşıqlı qızın gözəl, yumru dizlərindən, qaralmış, əzələləri tarıma çəkilmiş baldırlarından ayıra bilmir?! Həlimənin gənclik təravəti ilə dolu aramsız, saqqız qoxulu sərt nəfəsi aralarındakı altı-yeddi metrəlik məsafəni qətiyyətlə keçib gəlib Orxanın üzünə toxunur, saçlarını tumarlayır, sonra burnuna, ağzına dolub onu bihuş edirdi. Birdən Orxana elə gəldi ki, Həlimə nə danışırsa, kiminlə danışırsa, həqiqətdə bu belə deyil, həqiqətdə Həlimə yalnız onunla danışır. Ətrafda heç kim, heç kim yoxdur. Altdan-altdan o ancaq Orxana baxır, üzünə-gözünə tökülən qapqara saçlarını üzündən əli ilə yığmır, Orxanın xoşu gəlsin deyə kinodakı qadınlar kimi dodaqlarını büzüb onları aşağıdan yuxarı üfləyir. Mərmər kimi hamar, çılpaq ayaqlarını da bu qız ancaq Orxan üçün beləcənə açıb qoyub…
Bu son fikir beynindən keçmişdi ki, qəflətən ayıldı. “Dayan, zalımın oğlu, dayan! Hara zilləmisən, ay səni, yaramaz, gözünü?! Olmaz! Heç olmaz! Birdən kimsə hiss elər, görər ki, sən bu uşağa belə baxırsan, ayıbın ayıbı olar.” Orxan özünü böyük bir günah tutmuş adam kimi hiss etdi, gözlərini qaçırıb tələsik kitaba dikdi və avtomatik olaraq qarşısındakı çaydan bir qurtum aldı. Çay soyumamışdı, Orxanın ağzı əməlli-başlı yandı.
Oğlanlar ucadan deyib-gülür, utanmadan əllərini əllərinə sürtürdülər. Qızların vəziyyəti isə müəmmalı idi, oyun onların sanki boyunlarına düşmüşdü. Amma geri də çəkilmək istəmirdilər. Şahmatdakı kimi pat vəziyyəti yaranmışdı. Oyunçular qaydaları tam müəyyənləşdirə bilmədiklərindən oyun hələ də başlanmırdı.
– Bəlkə belə edək?! Şüşənin ağzı kimə düşsə, o… tut ağacına dırmaşsın. Yox, qoy o, şer desin… — Qizlar son müqavimət göstərməyə cəhd etdilər.
Cəhd zəif idi, əlbəttə ki, nəticə vermədi. “Akulalar” heç bir kompromisə doğru “üzmək” niyyətində deyildilər, onlar amansızcasına yalnız bir şey tələb edirdilər: “Öpüş! Öpüş! Ancaq öpüş!!! Oyunun öz pozulmaz qaydası var, onu dəyişmək olmaz!” Bu tələb onların düyünlənmiş qaşlarında, hədəqəsindən az qala çıxan gözlərində açıq-aşkar yazılmışdı.
Qızlar yenə bir-birilə baxışdılar: “Bunlardanmı çəkinəcəyik?! Ay-hay…”
– Başlayaq? – Qoşqarın dostu Şahin soruşdu. – Yoxsa…
– Qorxma qızım, sizi burda heç kim yeməyəcək… — Bu ədəbaz sözləri isə balaca Cüllüt dedi. Oğlanlar hırıldadılar.
Deyəsən, Cüllütün bu sözlərindən sonra Həlimənin üz-gözünə sərt bir ifadə qondu, qaşları çatıldı:
– Başlayaq! – Həlimə alt dodağını büzüb irəli gətirdi, saçı bu dəfə üzünə düşməsə də başını geri ataraq aşağıdan yuxarı bərkdən üflədi və altdan-altdan yenə də mən tərəfə nəzər saldı. “Başlayaq” sözünü elə qətiyyətlə dedi ki, sanki kiminləsə ölüm-dirim savaşına girəcəkdi, sanki oğlanların bilmədiyi nəyi isə o bilirdi. Onun qətiyyəti o biri qızlara da keçdi.
– Başlayaq. Kim birinci fırladır?..
– Siz fırladın. – Mak Donalds irişə-irişə, guya, jest elədi və, guya, xəlvətə salıb Qoşqara bic-bic göz vurdu. Orxan oturduğu balkondan bu sırtıq irişməni açıq-aydın şəkildə gördü. Əti töküldü.
Şüşənin birinci fırlanışı çox çəkmədi. Dörd-beş dövrə… və şüşənin ağzı Həlimənin sağ tərəfində oturmuş qızı top ağzı kimi nişan alıb dayandı. Qız özünü itirdi.
“Oh… oh… oh… ah… ah…ah… ha-ha-ha…” və başqa buna bənzər cəngəllik səsləri çəmənliyi bürüdü. Ən çox da, aydın məsələ, oğlanların səsi idi. Qızlar yenə də bir-biri ilə ani baxışdıqdan sonra hədəfdəki çil-çil qız ayağa qalxdı, əvvəl sağına, sonra soluna baxdı, guya heç kimi tapmadı, yəni, layiq bilmədi, təzədən yerinə oturdu. Çiynindən qucaqlayıb Həlimənin yanağından öpdü. Bu dəfə qızlar gülüşdülər.
– Olmadı! Vallah, olmadı!.. Yanındakını olmaz. – Bir bəhanə tapa bilməyən qoçaqlar partladılar, qətiyyətlə etiraz etməyə başladılar, çünki, anladılar ki, belə gedərsə “ideya” məhv ola bilər.
Həlimə əl-qol ata-ata dağ şəlaləsini xatırladan gur səsi ilə onların səsini çox asanlıqla batırdı:
– Niyə, niyə olmaz?? Elə olar ki… Kimi istər, onu da öpər!
Orxanın qulağı əks-səda “rejimində” işləməyə başladı. “Kimi istər… onu da öpər… onu da öpər… onu da… öpər…öpər…öpər…”lərin sayı-hesabı yox idi.
Şahin yenə sükanı əlinə almaq istədi, az qala qışqırdı:
– Oyunun mənasını itirirsiz… olmaz ki…
Səslərini də zəhmət çəkib qısmırdılar. Artıq Orxanın balkondan bunları eşidib-eşitməməyinin heç bir əhəmiyyəti yox idi. Böyük-kiçikliyin başqa vaxt kəskin cızılan sərhədləri itmişdi.
– Əlbəttə, belə getsə, oyunun mənası qalmır, eh…
– Niyə ki, yaxşı qalır. – Qızlar təslim olmaq istəmirdilər. — Kim kimi istəsə öpsün. Siz də elə eləyin.
Həlımə bu sözləri söyləyən çil-çil qızın ətəyindən çəkdi. Əyilib qulağına nəsə pıçıldadı, ikisi də pıqqıldadı.
Cüllüt hirsini Şahinin üstünə tökdü:
– Sən də fırladırsan bunu, yaxşı fırlat da…
Şahin Qoşqara göz vurdu: “Darıxma…”
Qoşqar daha hiyləgər idi, Həlimənin son sözlərindən tutub buraxmadı:
– Nolar, düz deyirlər, kim kimi istəsə onu da öpsün.
– Sonra bizdən inciməyin… — Bu mənasız sözləri isə Mak Donalds dedi və beləliklə, bu hind serialının birinci seriyası bitdi.
Bu dəfə şüşəni Cüllüt elə bərk fırlatdı ki, uşaqlar üçün, elə Orxanın özü üçün də bu, bir ömür qədər uzun gəldi…
…Hər şeyi unutmuşdular. Öpüşün biri bir qəpik idi. Oğlanların hamısının “ürəyi yerinə gəldi”, hamısı Həlimənin üstünə cumurdu. Həlimənin yanaqları öpüşlərdən allanmışdı. Amma qəribə olan başqa idi. Həlimə özü heç cür şüşənin ağzına tuş gəlmirdi. Nəhayət, bu, oyundakıların da diqqətini cəlb elədi.
“Bu qız, görəsən, kimi öpəcək?!” Orxan nə qədər çalışırdı, bu mənasız sözləri başından çıxara bilmirdi.
Axırda məsələni Cüllüt “həll elədi”. Şüşənin ağzını, demək olar ki, göz görə əliylə Həliməyə tərəf çevirdi. Qızlar “oh” eləyib istədilər, hay-küy qaldırsınlar, amma Həlimə ki, dodağını dişləyib dinmədi, bunlar da çox dərinə getmədilər. Hardasa, ədalət öz yerini tutmuşdu, bu qədər vaxt ki, bunlar oyun oynayırdılar, “yazıq” Həlimə öz hüsn-rəğbətini, hələ ki, bildirməyə imkan tapmamışdı. Hamı onun üçün belə bir fürsət yaranmasına sevindi.
– Təbrik! Təbrik! – Nədənsə, hətta qızlar da səslərini başlarına atıb qışqırışdı. Bilinmirdi, kim kimi və nə üçün təbrik edir.
Orxanın indiki kimi həmən səhnə gözünün qabağındadı. O bu gün də hər şeyi aydından aydın xatırlayır. Ona görə belə aydın xatırlayır ki, əslində, unutduğu gün olmayıb.
…Həlimə, yavaşıdılmış kadrdakı kimi tələsmədən, yavaş-yavaş ayağa qalxır. Yenə də yavaş-yavaş dövrə vurub oturmuş və ürəklərində min bir dillə Allahlarına yalvaran oğlanların arxasından keçir. Və Həlimə… Orxan oturan balkona tərəf yönəlir.
Budur, Orxanın gözləri önündə maraqlı kadrlar bir-birini əvəz edir: Mak Donalds gözlərini bərk-bərk yumub, Şahin əsəbi-əsəbi irişib ayaqlarını var gücü ilə qaşıyır. Cüllüt qollarını sinəsində çarpazlayıb yerindəcə dikəlib və donub. Qoşqarın üzünə qonmuş o ciddi ifadəni isə Orxan sonralar bir daha görmədi.
…Həlimə qaça-qaça gəlib düz Orxanın qarşısında dayandı. Orxan hələ də bir şey anlamadan ağır-ağır ayağa qalxdı. Onlar üzbəüz dayandılar və Orxana elə gəldi ki, onların ürəkləri bir-birinin döyüntü səsini eşidir. Bir anmı keçdi, min ilmi keçdı?! Qız baxışlarını ondan qaçıraraq dərindən bir “ah” çəkib əllərini Orxanın boynuna doladı və dodaqlarını bərk-bərk dayadı Orxanın üzünə. Dodaqlarının yarısı Orxanın dodaqlarının üstünə düşdü, amma bu, çəmənlikdən onlara maddım-maddım baxanların gözündən uzaq, gizli şəkildə baş verdi.
Onların hamısı — gənc, diribaş, ağıllı qızlar və oğlanlar özlərinə o qədər inanırdılar ki… Həyat yaxın və uzaq gələcəkdə onlar üçün nə hazırlayırdı?! “Bakı – Abşeron” marşrutundan bezib hələ dünyaya səpələnməyə macal tapmamış bu nur parçalarını yaxın, uzaq gələcəkdə nə ğözləyirdi?! Kim bunu bilirdi?! Həmən yay axşamı isə onlar xoşbəxt, asudə, qayğısız idilər. Həyat hələ onlarla öz zarafatını eləməmişdi. Hələlik bərkdən və ürəkdən gülüşürdülər və nədənsə hamısı bir yerdə elə bərkdən çəpik çaldılar ki, Həlimə Orxanı öpəndən sonra pörtmüş bir halda, əsl qalib ədası ilə balkondan enib onların yanına qayıdanda…
On beş il əvvəlin hadisəsini Orxan bu gün niyə xatırladı?! Hər şeyin bir mənası var. Bu gün işdən çıxıb avtobus dayanacağına tərəf gedəndə qarşıdakı “bahalı” mağazadan bir xanım çıxdı, onlar üzbəüz gəldilər. Çox yaraşıqlı bir xanım idi. Zəngin geyimi vardı. Diqqətli baxışlarını Orxanın üzündə saxlaması artıq yaşlanmış, saçları ağarmağa başlayan bu, adətən, qadınlara münasibətdə ehtiyatlı kişini cəsarətləndirdi və o, ürkək bir salam verdi. Nə olar, olar. Uzaqbaşı nifrətli bir baxış altında ötüb keçəcəkdi.
— Salam… – Qadın salamı az qala sevincək aldı və ayaq saxladı.
Orxan sual dolu gözlərini qadının üzünə zillədi. Qadın Orxanı onun alışmadığı bir şəfqətlə, qəribə bir canyananlıqla süzürdü. Özü isə bir söz demirdi, elə bil, gözləyirdi, Orxan nə isə desin.
– Belə… necəsiniz?
Bundan ağıllı bir şey tapıb demək onun ağlına gəlmədi. Qadın Orxanın çaşqınlığını görüb onu tanımadığımı dərhal başa düşdü, qətiyyən pərt olmadı, amma bütün yaraşıqlı çöhrəsini səmimi bir təəssüf ifadəsi bürüdü:
– Orxan da qocalarmış… — Onun yumşaq səsi nəvazişlə dolu idi.
“Aha, nə yaxşı…” Orxanın ürəyi guppuldadı, “deməli, tanışıq. Nə isə demək, danışmaq lazımdır, susmaq olmaq, olmaz… “
– Siz… siz… – Yenə də dili topuq vurdu, bilmədi, sözünü necə davam etsin. – Yadıma sala bilmirəm. Siz…
Qadın üzündə həmən təbəssüm başını yelləyib, yəni, “sənə güvəndiyim dağlar…” Orxanın yanından keçdi. Orxan həyatı boyu bir çox fürsətləri əldən vermişdi. Bu fürsəti isə əldən vermək olmazdı, heç olmazdı. Arxasınca düşüb nə illah elədisə, o, adını söyləmədi. Bir ipucu da vermədi ki, onu haradan tanıdığını Orxan yadına sala bilsin. Xəz paltosunun ətəklərini yuxarı yığıb Orxanın onun üçün saxladığı taksiyə oturandan sonra sonuncu dəfə ona qərib bir vida təbəssümü bəxş edib, necə deyərlər, qeyb oldu. O təbəssüm, təxminən, bu demək idi: “Ax, zəmanə, zəmanə, Orxan da qocalarmış…”
Orxana elə gəldi ki, o, bir uşaqdır və cırnatmaq üçün ona bir oyuncaq göstərib sonra əlindən alırlar.
O axşam Orxan sevimli xalasının, anasının vəfatından sonra onun qeydinə qalan yeganə adamın yeddisinə gedirdi. O, hələ də çaşqın və qanıqara bir halda çadıra girəndə çadır artıq az qala boşalmışdı. Qoşqar yoldaşları ilə bir tərəfdə oturmuşdu. Onu görüb ayağa qalxdılar. Orxan da elə onların yanına keçdi. Fikrində həmən yaraşıqlı naməlum xanıma nə isə sübut edə-edə başsağlıqlarını qəbul etdi. “Kim idi o?! Axı çox doğma bir tövrü vardı. Ola bilməz ki, tamam yadımdan çıxa, heç cür ola bilməz…”
Qoşqardan başqa üç nəfər idilər. Orxana hörmət və maraqla baxırdılar. Birini tanıyırdı. Qoşqarın, elə Orxanın da, artıq belə demək olardı, dostu Şahin idi.
– Uşaqları tanıdın? – Qoşqar məhəbbət və sədaqət dolu gözlərini ona dikib təbəssümlə soruşdu. Əslində, bu, “niyə gec gəldin, niyaran qaldıq…” demək idi.
Orxan da təbəssümə təbəssümlə cavab verdi, gülümsədi. “Mənimki bu gün tanımazlıqdan gəlib… Heç, narahat olma, balaca işim çıxmışdı…””
– Ənvər yadına gəlmir?
– Mak Donalds. – Ənvər irişə-irişə Orxanın yadına nəyisə salmağa çalışdı.
– Əlbəttə, əlbəttə, tanıdım.
– Necəsiz, Orxan müəllim?! – Mak Donalds, yəni, Ənvər qabiliyyətlə soruşdu.
Ucaboylu yaraşıqlı oğlan isə gözləmədi ki, Qoşqar onu təqdim etsin.
– Yadınıza gəlir, Orxan müəllim, bir dənə Cüllüt vardı…
Cüllüt… Əlbəttə, xatırlayır. Necə unuda bilərdi?! Əlbəttə! Mak Donalds, Şahin, Cüllüt, bir də əziz qardaşı Qoşqar. O unudulmaz yay axşamının qonaqları. Dövrə vurub çəmənlikdə qızlarla bir yerdə bardaş qurub şüşə fırlatmaları, onun balaca maşınına doluşan qızların, xüsusilə də, Həlimənin eşqinə maşının dalınca dənizə qədər “ləhləyə-ləhləyə” qaçmaları, daha nələr, daha nələr yada düşmədimi, yada düşdü. Orxana elə gəldi ki, bu uşaqlar hələ də tozlu bağ yolu ilə qışqırışaraq “maykalarını” başları üstdə fırlada-fırlada dənizə tərəf qaçmaqlarındadılar.
Qəfildən Orxanın beynindən, elə bil, ildırım keçdi. Necə ola bilər ki, bayaq onu tanımadı?! Əlbəttə ki, o idi. Gərək ən azından qaşının təəccüblə yuxarı dartılmasından tanıyaydı. “Orxan da qocalarmış…” O idi, o. Başqa heç kim elə doğma ola bilməzdi. Orxan rahatlıqla köks ötürdü.
— Bu gün köhnə tanışlarla görüş gününə dönüb. Bayaq yolda biri də qarşıma çıxmışdı… – Orxan gözlərində niskilli bir təbəssüm, o uzaq və yaxın zamanda olduğu kimi yanaqlarının yenə də ağırlaşdığını hiss elədi.
Qoşqar və onun dostları Orxandan yolda hansı köhnə tanışını gördüyünü soruşmadılar. O da demədi.
Şərh yoxdur