Sim-sim.az Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın APA-ya müsahibəsini təqdim edir.

 

 

– Bu günlərdə Rusiya, Ukrayna və Belarusun bir sıra universitetlərində görüşlər keçirmisiniz. Bu səfərin məqsədi haqqında danışmağınızı istərdik.

– Mən və universitetimizin əməkdaşları üç universitetə – Kiyev, Minsk və Moskva linqvistik universitetlərinə dəvət olunduq. Bu universitetlər çox gözəl ənənələr və strateji istiqamətlər əsasında birləşmiş universitetlərdir. Hər biri öz ölkəsində xarici dillərin, mədəniyyətlərin öyrənilməsi istiqamətində formalaşan elm və tədris mərkəzləridir. Azərbaycan Dillər Universitetini bu universitetlərlə birləşdirən çox mətləblər var. Biz istədik ki, universitetlər arasında elmi əlaqələr qurmaq üçün geniş spektrli müzakirə aparaq. Müzakirə etdiyimiz ən vacib məsələlərdən biri ulu öndər Heydər Əliyevin 95 illik yubileyinin qeyd edilməsi ilə bağlı oldu. Biz bu yubileyi böyük beynəlxalq konfrans şəklində keçirməyi nəzərdə tutmuşuq. Müxtəlif ölkələrdə – Çində, Rusiyada, Gürcüstanda, Türkiyədə, Almaniyada, Portuqaliyada, İtaliyada bu konfransın ayrı-ayrı bölmələri işləyəcək. Bölmələr öz işini bitirəndən sonra may ayının əvvəlində Bakıda təntənəli şəkildə yekun iclasa toplaşacağıq. Təşkilat komitəsinə həmin ölkələrdə bizimlə əməkdaşlıq edən universitetlərin rektorları daxildirlər. Bu arzumu və təklifimi Moskva, Kiyev və Minskdə səsləndirdikdə universitet rektorları çox böyük məmnuniyyətlə razılaşdılar. Onlar Heydər Əliyevi sevdiklərini dilə gətirdilər, ona layiq olan konfransı öz universitetlərində keçirməyə qərar verdilər. Bu yaxınlarda həmin rektorları Bakıya dəvət edəcəyik ki, konfransla bağlı bəzi müddəaları yenidən müzakirə edək. Bakı intellektual meydançası bir-birini çoxdan görməyən insanlar üçün böyük məkandır. İnanıram ki, bu məkanda bizim hamımızı çox maraqlı strateji istiqamətlər gözləyir. Bu bizim elm və tədrisimizin inkişafı üçün çox vacibdir.

 

– Niyə məhz bu universitetlər seçildi?

– Kiyev, Minsk və Moskvada yerləşən bu universitetləri çoxdan tanıyırdım, onlarla əlaqələrim var idi. İndi söhbət həmin əlaqələrin bərpasından gedir. Əməkdaşlıq təklifi daha çox onlardan gəldi. Məsələn, Kiyev Linqvistik Universitetindən məktub gəldi ki, bizdə Azərbaycan dili Mərkəzi vaxtilə siz tərəfdən açılıb, təəssüf ki, indi fəaliyyət göstərmir. Mən sizə təəssüflə deyim ki, o mərkəzi fəaliyyətsiz vəziyyətə salanlar var. Məktubda daha sonra qeyd olunurdu ki, xahiş edirik, bizə kömək edəsiniz, mərkəzin fəaliyyətini canlandıraq. Beləliklə, Kiyevdə Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin yenidən qurulması təmin olunacaq, Azərbaycan dilinin öyrənilməsini təmin edəcək istiqamətlər yaranacaq, Azərbaycan multikulturalizmi fənni tədris ediləcək. Eyni zamanda, kitabxana və videoteka da yaradılacaq. Bütün bunları bizim universitetimiz həyata keçirəcək. Həmin universitetdə gözəl bir guşə Azərbaycana həsr olunacaq. Ukraynalı tələbələrin Azərbaycana meyl etməsinin gözəl göstəricisi olaraq biz oranı bu şəkildə görürük. Eyni zamanda, biz Minsk Linqvistik Universiteti ilə də eyni əlaqələri quracağıq.  Onlar da gözəl bir auditoriyanı Azərbaycan dili və mədəniyyəti mərkəzinə çevirmək niyyətindədirlər. Bu istiqamətdə biz onlara da köməklik edəcəyik. Bu imkanlar başqa Azərbaycan universitetləri üçün də var. Yollar açıqdır. Kim zəhmət çəkib hara gedə bilirsə, getsin. Mən bunun altını cızaraq deyirəm. Kənardan qınaqlar eşidilir ki, niyə Avropa universitetlərini qoyub bu universitetlərlə əlaqə qurmağa çalışırlar. Çox diletant yanaşmadır. Bizim Avropa universitetləri ilə əlaqələrimiz çoxdan mövcuddur. Məsələn, Almaniya, Fransa, İtaliya universitetləri ilə çox yaxın münasibətlərimiz var. Hətta Avropa olmayan İndoneziya, Amerika, Çin universitetləri ilə də əlaqələrimiz var. Bu əlaqələri biz yenə də həmin universitetlərdə Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin yaradılması ilə davam edirik. Bütün bunlar son altı ayda gördüyümüz işlərdir. Onu da qeyd etmək istərdim ki, Azərbaycan Dillər Universitetində bir çox dillərin və mədəniyyətlərin, o cümlədən Koreya, Yaponiya, İndoneziya, Çin mərkəzləri fəaliyyət göstərir.

 

– Deməli, indiyə qədər əlaqələrin zəif olması daha çox pedaqoji və təşkilati məsələlərlə bağlı idi?

– Sadəcə, problem birtərəfli təşkildə olub. Yəni adını çəkdiyim ölkələrin mərkəzləri Azərbaycanda yaradılıb. Amma mən istərdim ki, bununla yanaşı, onların ölkəsində də bizim mərkəzimiz yaransın. Bununla da məsələ bütövləşəcək. Məsələn, mənə Serbiya Universitetindən müraciət edirlər ki, biz Azərbaycan dili və mədəniyyəti mərkəzi açmaq istəyirik. Bizə hansı universitetdən sorğu gəlsə, onu cavabsız qoymayacağıq. Hətta gələcəkdə Azərbaycan Dillər Universitetinin tədris və qəbul planına suaxili dilini salmaq niyyətindəyik. Bu dil Afrikanın yeddi böyük ölkəsinin dilidir. Əgər müstəqil Azərbaycan ölkəsinin Dillər Universiteti varsa, biz dünyanın ən ucqar dillərini də tədris etməliyik.

 

– Universitetlərin ümumdünya reytinqində Dillər Universitetinin yeri necədir? Xarici ölkələrdə olanda rəhbərlik etdiyiniz universiteti digərləri ilə müqayisə edirsinizmi?

– Müqayisə edəndə görürəm ki, bizim onlardan, onların da bizdən öyrənəcəyi məqamlar var. İkinci halı təkcə mən demirəm, həmin universitetlərin rektorları deyir. Bizim universitetin kifayət qədər zəngin təcrübəsi var. Biz həmin təcrübənin qeyd etdiyim ölkələrə aparılmasının tərəfdarıyıq. Məsələn, Azərbaycan Dillər Universitetində İndoneziya və Koreya mərkəzi var. Niyə görə İndoneziya və Koreyada Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi olmasın? Biz universitetdə Rusiyaşünaslıq Mərkəzi açmışıq. Rusiya bizim böyük qonşumuzdur. Rusiyanın öyrənilməsini bir universitetin inhisarına vermək düzgün deyil. Bütün Azərbaycan universitetləri müxtəlif istiqamətlərdə Rusiyanı öyrənməlidir. Təəssüf ki, çox zaman biz Rusiya, Ukrayna, Belarus universitetləri ilə vaxtilə qurulmuş əlaqələrimizi də itirə-itirə gəlirik. Bunu mən sübut edə bilərəm. Mən istəyirəm ki, həmin əlaqələr bərpa olunsun, münasibətləri daha da inkişaf etdirək. Hələlik bu barədə geniş danışmaq istəmirəm. Ehtiyac olsa, hər şey üzə çıxacaq.

 

– Dillər Universitetinin tələbələri məcburi köçkün məktəblərinə təcrübəyə göndərilir. Bununla bağlı nə deyə bilərsiniz?

– Bu gün o tələbələrlə görüşdük. Universitetin tarixində ilk dəfə olaraq tələbələrimiz təkcə Bakı məktəblərinə pedaqoji təcrübəyə deyil, Azərbaycanın bir çox rayonlarında məcburi köçkün məktəblərinə təcrübəyə gedəcəklər. Tələbələrimizin gözlərində böyük işıq var idi, onlar çox sevinirlər. Uşaqlar köçkün məktəblərində təkcə dərs deməyə getmirlər, həmin məktəblərə Azərbaycan Dillər Universitetinin ab-havasını aparırlar. Eyni zamanda, biz həmin şagirdləri universitetimizə dəvət edəcəyik. Bizim professorlar həmin məktəblərdə şagirdlərlə görüşəcək, onlarla dərs keçəcəklər, onların müəllimləri bizim universitetdə təkmilləşəcəklər. Bu prosesin bizdə konseptual həlli var. Təklifimizi rayon icra başçıları da məmnuniyyətlə qarşılayıblar. Artıq bu proses başlanıb.

 

– Dillər Universitetinin daxili işləri ilə bağlı hər hansı planlarınız varmı?

– Dillər Universiteti mənə doğma yerdir. 1983-cü ildən mən burada kafedra müdiri vəzifəsinə irəli sürülmüşəm. Müəyyən fasilələrlə 17 il kafedra müdiri vəzifəsində çalışmışam. Bu universitetin çox böyük potensialı var. Burda köhnə iş yoldaşlarımı, həmkarlarımı gördüm. Sevindim ki, onlar hələ də iş başındadırlar. Dillər Universitetinin dəyişmələrə o qədər də ehtiyacı yoxdur. Azərbaycan təhsil sistemi inkişaf yolundadır. Sadəcə, diqqətli, həssas və qayğıkeş olmaq lazımdır. İnsan başqasının qayğısını mümkün qədər öz qayğısı qədər hiss etmək qabiliyyətinə malik olmalıdır. Mən o hissi özümdə həmişə yaşatmağa çalışmışam.