KAMAL ABDULLANIN ESSELƏRİ KONSEPTUAL DÜŞÜNCƏ MƏNBƏYİ KİMİ

Semantikanın və sintaksisin dildə və nitqdə mühüm rolundan biri də, şübhəsiz, modern mətnləri də formalaşdırması və mənalandırmasıdır. Belə mətnlərə esseləri də örnək göstərmək olar. Esse bir ədəbi janr kimi xüsusi tip mətndir, «transsendental» struktura malikdir, kommunikativ tamlıq yaradır.

Bir linqvistik mətn kimi, esse, əslində, ekspressiv sintaksisdə öyrənilir. Ekspressiv sintaksisin strukturu paralel konstruksiyalardan, ellipsislərdən, təkrarlardan, qradasiyadan, inversiya hadisəsindən, ritorik (bədii) suallardan, paralelizmlərdən… qurulur. Belə mətnlərdə «müəllif-oxucu» əlaqələri aktuallaşır, nitqin ritmi, informasiyanın dərk edilməsi asanlaşır. Ekspressiv sintaksis vasitələri aydın-konkret funksiyaları yerinə yetirir. Söyləmin məntiqi tərəfini diqqətdə saxlayır: Azərbaycandan dünyaya qədəm qoymaq bilsəniz nə qədər maraqlıdır. Yavaş-yavaş dünyadan Azərbaycana qədəm qoymaq maraqlı olmağa başlayır.

«Harda sənətkar başlayır və harda filosof qurtarır?! Harda filosof başlayır və harda sənətkar qurtarır?!. Bəlkə onlar heç bu şəkildə bir-birini əvəzləmirlər. Bəlkə əsər adlanan bu böyük və məşəqqətli yolu əvvəlinci cümləsindən son cümləsinədək əl-ələ verərək qoşa keçirlər?!. Obrazlardan ideyaya yox, ideyadan obrazlara — əsl ədəbiyyatın yolu budur. Ədəbiyyat… əslində, xalqa yaxın olmamalıdır. Ədəbiyyat heç olmasa, bir az irəlidə getməlidir. Kimisə arxasınca aparmalıdır» («Kədərli seçmələr»). İstedad gərəkdir ki, bu paralel konstruksiyaları, ifadələri işlədəsən. Deməli, esse mətnləri modern xarakterlidir. Bu mətnlərdə modern prinsiplər gerçəkləşir: cül8mlələr adi, normal qaydalarından sarpır, çıxır, nəticədə ayrılır, parçalanır, fraqmentləşir, tündləşmiş fikirlər müxtəlif tip cümlələr vasitəsi ilə bədii-üslubi funksiya kəsb edir, tipoloji əlamətlər qazanır. Modern tip mətnlərdə qeyri-adi sintaktik vasitələr iştirak edir: yeni formalar və hadisələr yaranır: sintaktik yarımçıqlıq, parselyasiya hadisəsi, ikinci dərəcəli üzvlərin kommunikativ xüsusiləşməsi, əlavə etmə, təkrar, sıxışdırılmış, aradan çıxardılmış güclü əlaqənin zəifləməsi, özgə nitqinin sinkretik forması, qeyri-normativ durğu işarələrinin aktual vasitə kimi iştirakı, xüsusi qrammatik və aktual üzvlənmənin vəhdəti, «zəif» nitq-danışıq konstruksiyalarından yazılı mətnlərdə istifadə və s.

Esse bir ədəbi-bədii janr kimi mahiyyətcə, xarakter etibarilə müəllifin niyyəti, məqsədi, həmçinin, dərketmə prizması baxımından məhsuldardır.

Tədqiqatçı haqlıdır: «Kamal Abdulla esselərinin əsas leytmotivi, ümumi pafosu belədir: müəllif insan ruhunun, nə vaxtsa yaşanmış ülvi duyğuların, deyilmiş həqiqi sözün, saf baxışın əbədiliyinə, bizdən sonra da qalacağına inanır və oxucunu da buna inandırır. Kamal Abdullanın esseləri birnəfəsə və birdəfəyə oxunaraq tükənən mətnlər deyil — bunlar keçmişimizi və bugünümüzü, batin və zahirimizi, xəyal və istəklərimizi, bütövlükdə özlüyümüzü əbədi meyarlar baxımından anlamaq üçün daim oxunası, qayıdılası, dərk olunası sənət-fikir nümunələridir» (Asif Hacılı. Kamal Abdulla: Seçimin morfologiyası, Bakı, Mütərcim, 2010, s.51)

Bu mətnləri özündə ehtiva edən cümlələrə diqqət yetirək: «Sənət əsəri sənət əsəridir».

«Nəyə görəsə qafiyə məndə bir qadının mini ətəyini xatırladır. Qafiyə var qulaq qafiyəsidir. qafiyə var, sözün kökünün qafiyəsidir».

Kamal Abdullanın esseləri toplanmış kitablarının adı da yeniliyilə fərqlidir, cəlbedicidir, xoşagələndir («300 azərbaycanlı» (ədəbi-bədii esselər). Bakı, Mütərcim, 2007, 338 s.; «Yolun əvvəli və axırı» (ədəbi-bədii esselər). Bakı, Azərnəşr, 1993, 154 s.; «Kədərli seçmələr». Bakı, Mütərcim, 2002, 548 s.)

«Yarımçıq əlyazma», «Sehrbazlar dərəsi», «Unutmağa kimsə yox», «Tarixsiz gündəlik» və digər konseptual dərinliklə yazılmış şedevr romanların, povestlərin müəllifi Kamal Abdullanın esselərini oxuyandan sonra düşünürsən: Esse bir janr kimi bizim ədəbiyyatda və sənətdə də açıq, aydın münasibətdən daha çox, həyata və dövrə fəlsəfi-məntiqi yanaşmanın ifadəsi kimi formalaşmışdır. Bu tipli əsərlər çağdaş tənqidin yeni janr və forma axtarışlarını əks etdirməklə yanaşı, həm də ədəbiyyat və zaman, sənət və həyat problemləri ətrafında dövrün ədəbi düşüncəsini, müasir və məşhur yazıçı kimi Kamal Abdullanın əqidəsini, mövqeyini, həyat və sənət konsepsiyasını yüksək səviyyədə əks etdirir.

Yazıçının esselərini müstəqil yaradıcı düşüncənin məhsulu kimi qiymətləndirmək olar. Orada, necə deyərlər, tündləşmiş, tutqunlaşmış, sirr dolu, həyati fikirlər əsas yer tutur. Obrazlı biçimdə yanaşsaq, müəllifin esselərində sanki kinolarda olduğu kimi, işıqlar keçirilir, qaranlıqlar başlanır. Qəribə, çaşmış və kölgələnmiş fikirlər mətnboyu davam edir: «Gəldiyim yolla da qayıdacağam. Yolun başlanğıcı — Yolun sonucu».

Onun esselərində informasiya tutumu, yükü müəllif niyyətindən qida alır, verballaşma vasitələrinin köməyi ilə reallaşır.

Azərbaycan ədəbi-bədii mühitində nisbətən yeni ədəbi janr sayılan esselər Kamal Abdullanın zəngin həyat təcrübəsinin, düşüncə çevikliyinin, bütöv bədii istedadının məhsulu kimi ortaya çıxmışdır. Geniş baxışlı yazıçını, alimi — Kamal Abdullanı esseləri də şöhrətləndirdi. Həmin esselərin müxtəlif tiplərinin prototip strukturunu öyrənmək həm ədəbiyyatşünaslıq, həm də dilçilik baxımından əhəmiyyətlidir.

Poetik və ekspressiv sintaksisin, o sıradan esse dili və üslubunun araşdırılması müasir linqvistikanın ən aktual sahələrindən biridir. Linqvistik poetika və poetik nitqin linqvistikası ilə bağlı problemlərin mürəkkəbliyinə və çoxaspektliliyinə baxmayaraq, bizim elmdə bu problematika intensiv öyrənilməkdədir.

Kamal Abdulla esselərinin dilinin öyrənilməsi çağdaş elmi iki cəhətdən zənginləşdirə bilər: 1) janrların, bir sistem olaraq özünəməxsus özəlliklərinin, o cümlədən, Azərbaycan essesinin kökünün, mənşəyinin öyrənilməsi baxımından; 2) linqvistikanın bir çox zəruri məsələlərinin, poetik üslubiyyatın, ekspressiv və dinamik sintaksisin, mətn problemlərinin, aktual üzvlənmənin həlli istiqamətində işlərin görülməsi baxımından.

Təkcə dil deyil, məntiq və fəlsəfə cəhətindən də öyrənilməli olan bu bədii məhsulların — Kamal Abdulla esselərinin sintaktik özünəməxsusluğunu araşdırmaq, onların sirrini açmaq gərəkdir.

Sözsüz, esse dili bütöv nəsr dilinin xüsusi, çoxplanlı və zəngin bir qolunu təşkil edir. Kamal Abdullanın esse dilinin sintaktik analizi, linqvopoetik təhlili nəsrin ümumi poetik quruluşunu aşkar etmək yolunda başlanğıc kimi qiymətləndirilə bilər.

Sintaktik cəhətdən essenin qurulmasının sinxron aspektdə tədqiqi ciddi aktuallıq kəsb edir. Bu aktuallıq belə təyin olunur: birincisi, spesifik, müstəqil sintaktik quruluşu müəyyənləşdirərək təhlil etmək; esse mətnlərinin semantik (məna yaradıcı) funksiyasını və yerini müəyyənləşdirmək; esse sintaksisində kəmiyyət və keyfiyyət dəyişmələrini ayırd etmək; sintaktik səviyyədə esselərin üslubi özünəməxsusluğunu müəyyənləşdirmək…

Müəllif gerçəkliyini ifadə edən esselər, hər şeydən öncə, sərbəst yaradıcı təfəkkürün məhsulu kimi ortaya çıxır. Həmin esselərin əsas mahiyyəti və ideyası öz təzahürünü arqumentləşdirilmiş tezislərdə tapır: «Yolla gedən olmasa, bilinməz. Bilinməz gəlir bu yol, ya gedir… Bir dünyaya sal məni, ilahi. İki üstəgəl iki, beş edir.

Arqument — tezisi (istər bədii, istər elmi mətnlərdə) təsdiq edən məntiqi dəlildir. Arqumentləşmə təsdiqetmənin bir növüdür; bir faktordur, mətndə xüsusi fikir yaradır. Ən başlıcası isə mətnə effektiv təsir göstərir. Kamal Abdullanın mətnlərində xüsusi fikirə baxaq: «Sözün dərinliyində çoxlu mənalar sayrışır»; «Bu nəzəriyyəyə (Eynşteynin nəzəriyyəsi nəzərdə tutulur) görə, qatar Cenevrə vağzalına yaxınlaşmır, Cenevrə vağzalı qatara yaxınlaşır».

Esse mətnlərində təsiretmə funksiyası insan təfəkkürünü və sosial prosesləri yeni stimullarla gerçəkləşdirir; təsiretmə fenomeni və növü kimi arqument gətirmək əsas sayılır. Bu baxımdan yazıçının hər bir essesində onu oxuyana güclü təsir var, arqument var.

Kamal Abdulla esselərinin kommunikativ — funksional parametrləri genişdir. Qarşılıqlı məlumat mübadiləsi, xəbər alıb-vermə, gerçəkliyin referensiyası, sosial-mədəni mühit; dil vahidlərin həmin mətnlərdə yerinə yetirdiyim vəzifə; həmçinin də emosionallıq, örtülülük, qapalılıq, paradoksallıq, aforistiklik, yığcamlıq onun esselərinin başlıca ölçülərindəndir: «Biz hal-hazırda bir sistemli yanaşma içindəyik. Əgər cümlənin (eyni zamanda, əlbəttə ki, misranın…) əndərunundan danışa biliriksə, o zaman cümlələr birliyinin də (loru dildə desək, abzasın da) əndərunundan danışa bilirik. O zaman hekayənin də, həmçinin, istənilən mətnin də əndərunundan danışa bilərik. Sadəcə, bu anlayışların bizim əvvəlcə əxlaqi, sonra kulturoloji, daha sonra ədəbi-bədii təsəvvürümüzdə özünə nə cürə yer eləməsi düşündürücüdür. Özünə yer elədikcə mövqeyi ilə birlikdə adını, formasını da dəyişir. Ancaq funksiyasını dəyişmir, bəlkə onu qovub-qovub bir qədər də dərində gizləyir. Bir sistem içində olmağımız aşikar…»

Mətn şəratində aydınlıq üslubun məziyyətlərindəndir, onu səciyyələndirən başlıca keyfiyyətlərdəndir. Kommunikativ aydınlıq Kamal Abdulla esselərini digər müəlliflərin əsərlərindən seçib ayırır, onları oxunaqlı edir, sevdirir.

Düşüncə, fikir, mühakimə, ritmləşdirmə — ahəngdarlıq, mifolojiləşmə taktikası Kamal Abdulla esseləri üçün xarakterik cəhətlərdəndir.

Bu esselərdə gerçəklik arqumentlər vasitəsilə aşılanır. Fakt və məntiq təqdim olunan essenin janrını təşkil edir. İstər subyektiv fikir, istərsə də obyektiv fikir olsun. Esselərinin arqumentliyi Kamal Abdullanın üstün yazıçı avtoritetini müəyyənləşdirir, onun ortaya qoyduğu problemin bədii səviyyəsini aydınlaşdırır və həlli yollarını göstərir. Bu baxımdan, çox vaxt ritorik suallar da köməyə gəlir: «Troya müharibələri baş verməsəydi, qədim yunan qəbilələri bir-birilə ölüm-dirim savaşına çıxmasaydılar, dünya ədəbiyyatı Homeri qazana bilərdimi?!

Oğuz qəbilələri talan və müharibə əhvalı ilə yaşamasaydılar, o müharibələrə girib çıxmasaydılar, Dədə Qorqud onlara lazım olardımı və bu günə «Dədə Qorqud dastanı» gəlib çıxardırmı?!

1812-ci ildə Napoleon Rusiyaya hücum etməsəydi, rus xalqı bu müharibədə itirdikləri ilə yanaşı, həm də külli miqdarda mənəvi dəyərliliklər əldə etməsəydi, dünya ədəbiyyatının möhtəşəm əsərlərindən biri — «Hərb və sülh» yaranardımı?!» («Kədərli seçmələr»)

Bu kimi ritorik suallar ciddi mətləblərin təqdimində emosiyaları oyadır. Xüsusilə də, esse mətnlərində ehtiraslar coşduğu və kulminasiya nöqtəsinə qalxdığı, hadisələr tragik bir şəkil almaq dərəcəsinə yüksəldiyi zaman ritorik suallar əvəzolunmaz bir vasitəyə çevrilir.

Bütün mətnlər kimi, esse mətnləri də «bu və ya digər şəkildə işarələrin hərəkətləri ilə qurulur. Esse mətnin özəl mətnqurucu işarələri isə, əlbəttə, yazıçının özünə və ya konkret bir durumda onun əsərinə məxsusdur» (Musayev M.M. Türkoloji dilçilik. Bakı, 2012, s.305).

Kamal Abdullanın esselərinin əsas ideyası öz ifadəsini arqumentləşdirilmiş tezislərdə tapır. Esse strukturunda fakültativ elementlər həyatı süjet şəklində qurur, oxşar mədəni-tarixi hadisələri əks etdirir. Burada predmet və hadisənin obyektiv (neytral), predmet və hadisənin subyektiv (emosional-unikal) təsviri üstünlük təşkil edir: «Azərbaycan ədəbiyyatında iki ada. Biri Vaqif Səmədoğlunun yaşıl, tənha adası, o biri də Vaqif Bayatlının sənin gözünə görükən adası… Hansında yaşamaq istərdin? Yaşıl, tənha ada və gözümüzə görükən, bəlkə də bizim onun gözünə görükdüyümüz ada, əslində, eyni məkandır. Bizim nə zamansa uzaq düşdüyümüz və nə zamansa qayıtmaq həsrəti ilə qovulduğumuz məkandır. Özüm-özümü təkrar edirəm: hər bir insanın həyatında hökmən qayıtmaq istədiyi bir İtaka adası olur. Bütün həyatın boyu sən də Odissey kimi öz itaka adana qayıtmaq üçün çırpınırsan».

Kamal Abdullanın esselərindəki linqvoüslubi parametrlər arqumental xarakteri ilə də səciyyələnir. Hər şeydən öncə, mətnin arqumentinin strategiyası dəqiqləşir. Situasiya və məntiqi aktlar müəyyən arqumentləri ortaya çıxarır. Onun esseləri üçün arqumentlər — bu, faktdır, cəmiyyət həyatında hadisədir, həyat təcrübəsi və həyat şəraitidir, situasiyadır.

Kamal Abdullanın esselərini ədəbi-bədii janr kimi, onun özünü düşündürən mühüm, aktual fikirlərin, məxsusi ideyaların cövhəri saymaq olar.

Onun esselərində tema «mətnin fikir nüvəsini təşkil edir» (O.İ.Moskalskaya). Dinamik parallelizm faktı mətnin başlanğıc cümləsi ilə sonuncu cümlənin eyniliyində üzə çıxır: «Bu dünyada sakit həyat axtarma, qardaşım. Gözəl həyat qura bilərsən, rahat həyat düzəldə bilərsən, dərdin-qəmin olmaz, hamını dost kimi görərsən, hamı da sənə dost kimi baxar… Amma bu dünyada sakit həyat yoxdur» («300 azərbaycanlı»).

Kamal Abdullanın esselərində arqumentlik mətndə «təsir radiusu» yaradır, fikrin, ideyanın bir mərkəzdə müstəviləşməsinə şərait yaradır, həyat hadisələrini bütün müxtəlifliyi ilə təsvir edə bilmək imkanlarının nəticəsi olaraq üzə çıxır.

İntellekt qavramına xas ədəbi-mədəni kontekst onun esselərində düşüncə predmetinə çevrilir. Bu esselərdə arqumentləşdirmə müəyyən situasiyalarda, dialoq şəraitində meydana çıxır. Arqumentlərin daxili strukturu adətən ilkin şərait və zəmin, məntiqi və mühakimə, düşüncə, fikir metodu, nəticə çıxarmaq strukturundan ibarətdir: «Şairlər Allahla insan arasında sonuncu ünsiyyət vasitələrindəndir. Yalnız və yalnız vasitə. Amma çox zaman şair başlayır Allahla, əstağfürullah, az qala «sənlə» danışmağa. Allahı adiləşdirir. Əgər o, yəni şair Allahın ünsiyyət vasitəsilə, o zaman bizim bu gün «bəyənilən» poeziyamızda allah, tanrı, yaradan, ilahi bir müraciətlər görən kimədir? Allahın müraciət edib öz-özünə söz deməyə meyar ortaya çıxır: Allaha müraciətlə yazılan şeirləri biz dediyimiz şairlər yazmır, o şeirlər qrafoman qələminin məhsullarıdır» («Kədərli seçmələr»).

Kamal Abdullanın esseləri həcmcə böyük deyil, bu kiçik janrda konkret tema, müstəqil subyektik interpretasiya (şərh), müstəqil kompozisiya, təfəkkürün paradoksal manerası, yeni intonasiya, yeni metaforlar, yeni poetik obraz və ən nəhayət birinci planda müəllif şəxsiyyəti var.

Onun esseləri semantik struktur baxımdan superstruktura malikdir. Həmin örnəklərdə müəllif taktikası, kommunikativ strategiyası sistemli təsvir olunur. Bu esselərdə həmcins üzvlərin sırası şəbəkəni, toru xatırladır: «Məşhur səyahətçi, alim-etnoqraf Hacı Mir Həsən ağa Səyahın qəlbindəki ən böyük arzusu həmişə uzaq-uzaq ölkələrə səyahət edib gəzmək, çox zaman da oralarda qalıb buradan, harda olursa-olsun, təki buradan uzaqlara yaşamaq idi. Dəvələrin ləngərli yarıyuxulu yol ölçməsindən saatlarla, günlərlə, gecələrlə ləzzət ala bilirdi…» («300 azərbaycanlı»).

Kamal Abdulla esseləri bitkin hissələrdən ibarətdir. Sadəcə olaraq elə nəticə hissəsində müəllif essedə ifadə etdiyi arqumentləri və ideyaları bir daha vurğulayaraq oxucunun diqqətini oradakı fikirlərə cəmləyir. Həmin hissə, essenin təkrar olunaraq ümumiləşdirilməsi deyil, sübutlar gətirməklə lazım olan fikirlərin təqdim edilməsidir.

Kamal Abdulla hər bir essesinin nəticə hissəsində fikirlərini, düşüncələrini ustalıqla əsaslandırır. Burada arqument və ideyalar bir daha vurğulanır.

Ədəbi-bədii esselərdə nağılvari üslub aparıcı sayıla bilər: «Vaxt var idi, evlərimizdə bir-birindən kəskin sərhədlə ayrılan iki qisim var idi. Bunlardan birinin adı Birun, o birinin adı Əndərun idi» («Birun-Əndərun oyunları»).

«Nağıllarımız belə başlayır. Biri vardı, biri yoxdu… Əslində isə hər şey, təkcə nağılar yox, hər şey bundan başlayır. Bu, bir universal ikigözlü xurcundur, sonu, ucu-bucağı yoxdur. Sonsuz sayda dünyaları belə öz içində ehtiva edə bilən bir universallıqdır. «Biri vardı» burada bizim yadımıza Biruni salmırmı? Və «biri yoxdu» da Əndəruni, daim gizlətməyə çalışdığımız (guya olmayan) məkanı yadımıza salmırmı? Mənim yadıma onlar düşdü («Birun-Əndərun» oyunları).

Əlbəttə, «Kamal Abdullanın özünəməxsus bədii qavramlar dünyası və dünyaya görə mövzuları və əbədi-bədii obrazları ilə kamilləşdirilən tematik qavramlaşdırma prosesi və buna bağlı olaraq gerçəkləşdirilən konkret bir kateqoriyallaşdırma çərçivəsi vardır… Kamal Abdulla mətnində yer alan hər hansı bir fikir oxucusunun qavrayışında yeni bir semiotik məkan və ya semiosfera yaradır. Bu isə oxucunu çevrəsindəki bütün olub-bitənləri, gəlib-keçənləri, özəlliklə də maddi-mənəvi bəzi gəlişmələri sorğulamağa və ya sorğu-suala tutmağa sövq edir» (M.Musaoğlu).

Təhlil göstərir ki, Kamal Abdullanın esselərində «danışan — arqumentləşmə — dinləyən» üçlüyü vardır. Bədii informasiyanın ötürülməsi həmin üçlüyün fonunda baş verir.

Beləliklə, Kamal Abdullanın esseləri və digər bədii əsərləri konseptual fikir, düşüncə mənbəyidir. Burada sənətkarlıq, ədəbiyyat, həyat… haqqında dərin düşüncələr yer alır. Həmin düşüncələrin dərinliyinə varmaq, bu yöndə tədqiqatları davam etdirmək Azərbaycan elmində modern dilin, ekspressiv və suprasintaksisin geniş mənzərəsini yaratmağa yol aça bilər.

25.02.2018

İsmayıl KAZIMOV
Filologiya elmləri doktoru, professor