Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla 15 sentyabr Bilik günündə Prezident İlham Əliyevin yeni açılışını etdiyi Nardaran qəsəbə 295 saylı tam orta məktəbdə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda mühazirə oxuyub.
Yeni dərs ilinin başlanması, həmçinin Prezident cənab İlham Əliyevin Nardaran qəsəbə sakinlərinin istifadəsinə verdiyi yeni məktəb binasının açılışı münasibətilə müəllim və şagirdləri təbrik edən akademik Kamal Abdulla onlara Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində Ümummilli lider Heydər Əliyevin rolu, Ulu öndərin banisi olduğu azərbaycançılıq ideologiyasının mahiyyəti, milli-mənəvi dəyərlərimizin qorunması, multikultural ənənələr, ölkəmizdəki tolerantlıq mühiti barədə ətraflı məlumat verib. K.Abdulla bildirib ki, Ümummilli liderin Azərbaycan dövlətinə rəhbərlik etdiyi bütün zamanlarda əsas diqqət yetirdiyi sahələrdən biri məhz xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və onların gələcək nəsillərə çatdırılması olub.
Rektor qeyd edib ki, Ulu öndər xalqımızın milli-mənəvi dəyərlərinə müxtəlif istiqamətlərdən nəzər salıb və hər bir istiqamət üzrə xüsusi siyasi iradə nümayiş etdirib. Bu, xüsusilə dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz, dinimiz, tariximiz, dövlətçiliyimiz və adət-ənənələrimizlə bağlı olub. Bu səbəbdən müasir Azərbaycan tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafında Ulu öndərin rolunun əvəzsiz olduğunu görərik. Ulu öndər Azərbaycançılıq ideologiyasının siyasi və dövlətçilik əsaslarını yaradaraq milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, yad təsirlərdən qorumuşdur.
K.Abdulla bildirib ki, Ümummilli liderin bu sözləri bizlər üçün bir çıraq olmalıdır: “Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.
Azərbaycan dilinə Şah İsmayıl mövqeyindən yanaşaraq bu dilin dövlət dili səviyyəsinə yüksəldilməsi, ədəbiyyatımızın və mədəniyyətimizin korifeylərinə və hazırki nümayəndələrinə daima həssaslıqla yanaşılması, onları daima xalqın gözləri önündə tutması – yubileylərin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi və s., maddi və mənəvi mədəniyyət abidələrimizə dövlət qayğısı, dövlətçilik tariximizə, xüsusən Xalq Cümhuriyyəti tariximizə ehtiram və Azərbaycanın AXC varisi elan olunması, dövlət rəmzlərimizə sonsuz sayğı, əlamətdar günlərdə daima xalqın yanında olması Ulu öndərin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması məsələsində ortaya qoyduğu prinsipial mövqelərdir. Bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə və şərəflə davam etdirilir. Azərbaycan xalqı da bu varisliyi ehtiramla dəyərəndirir.
Mühazirənin sonunda akademik Kamal Abdulla məktəbə Azərbaycan Dillər Universitetinin hədiyyələrini və müxtəlif kitablar təqdim etdi.
Şərh yoxdur