Dildə bəzi sözlər var ki, onlarsız mətn yaratmaq son dərəcə çətin olardı. «Deyəsən», «bəlkə», «ola bilər…», «çox güman», «yəqin ki» kimi sözlər bu qəbildəndir. Bir növ, birləşdirici sement rolunu oynayırlar.

«Platon, deyesən, xəstələnib» cümləsi ilə «Platon xəstələnib» arasında, əlbəttə ki, ancaq struktur fərqi diqqəti çəkmir. «Deyəsən» sözünün əlavəsi cümlənin tarıma çəkilmiş, farağat «duruş»una sanki bir plastika gətirir, «quluncunu» sındırır.

***

Roman dili bu gün hamının yaralı yeridir. Bilən də danışır bu barədə, bilməyən də. Bilməyən daha bərkdən danışır.

Amma əslində, duyan danışmalıydı. Dilin duyulması məhz mətn dilinin dərinliklərinə eniş zamanı özünü göstərir.

***

Nağıl və mövcudluq. Yəni nağıl və həyat. Bunların fərqi. Məgər bütün ədəbiyyat bu fərqin müxtəlif nisbətləri üzərində qurulmayıb? Amma əgər adi dillə desək, nağıl odur ki, bir qız əcaib məxluqa ərə gedir, o isə gözəl prinsə çevrilir. Həyatda bunun adətən əksi baş verir. Qız prinsə ərə gedir, o isə, sən demə, əcaib məxluq imiş…

***

Romanda başlanğıc çox önəmlidir. «Şaxta da «zərgərdir». Fərman Kərimzadənin «Sonuncu aşırım» əsəri belə başlayır. Burada əsas rolu «da» ədatı oynayır. «Da» ədatı diqqəti bu cümlədən əvvəlki situasiyaya yönəldir. Adətən ilk cümlə özündən sonraya tuşlanır, özündən sonrakı təsvirin özül daşına dönür, burada isə əksinədir. Romanın ilk cümləsi müəllifin bilavasitə «işləmədiyi» romandan əvvəlki böyük bir sahəni əhatə edir, ən azından buna iddialıdır. Daha nələr zərgərdir, daha haralarda şaxta ilə bərabər qışın əlamətləri olur?! Uzun-uzadı təsvirlərin əvəzinə bu cür suqqestiv, sıxılmış variantların işlənməsi yeni dövr nəsrinin ən bariz əlamətləridir. Möhtəşəm yazıçı qələmi ilə yazılmış «Sonuncu aşırım» romanı bənzərsiz təsvir dilini məhz öz ilk cümləsilə yaradır.

***

«Sonuncu aşırım» azərbaycanlı xislətinin əsl güzgüvari təsviridir. Hər bir obraz milli səciyyəyə malikdir, süni heç nə yoxdur. Şaxtanın soyuqluğu ilk cümlə ilə başlayır, sonuncu ilə bitir. Şaxta romandan sonra da oxucu qəlbində öz zərgər işini görür. Ürəklərdə buza dönmüş xatirələrin bəzəkli qırıntıları… Ürəklərdə Abbasqulu ağaya  məhəbbət və nifrət yanaşı yaşayır. Kərbəlayi ilə Novruzəli birləşir. Mirzə Cəlilin Novruzəlisi Cəfər Cabbarlının İmamyarı və Hacı Əhmədi, Fərmanın Kərbəlayisi, əslində, eyni sosial səciyyəyə malikdirlər. Ədəbi şəcərənin mövcudluğu göz önündədir. Əsərləri obraz-obraz «şumlasaq» aldanmış inanclardan qəzəbli qarşıdurmalara gedən psixoloji yol da qarşımızda açıldıqca açılar.

***

Ədəbiyyatda vüsala yetişməyənlər vüsala yetişənlərdən qat-qat çoxdur. Ədəbiyyat insanları ağlatmağa çalışır. Bəlkə də bu ona görə belədir ki, həyatda gülməli məqamlar onsuz da az deyil.

***

Cəfakeş Mişkinaz xanımın «Ədəbiyyat qəzeti»ndə Hüseyn Cavidə həsr edilmiş yazısını bir daha ürək ağrısı ilə oxudum. Bu mətanətli qadının keçdiyi həyat yolu əsl qəhrəmanlıq nümunəsidir. Cavidi eşafota göndərən «kişilərin» sonralar yazdıqları şanlı şeirlər bu gün də qulaq dondurur. Cavid isə hələ də ürəkləri qızdırmaqdadır.

Bu boyda nifrət və heç bir olçüyə sığmayan məhəbbət. Salyerilər və Motsart.

Mən yenə də şəxsiyyətin ədəbiyyata dəxli olmadığının qənaətindəyəm. Şəxsiyyət öz yerində, ədəbiyyat öz məqamında. Ən alçaq adam belə böyük və unudulmaz mətnlər yarada bilər. Elmdə bu daha aydın görünür. Elə təkcə Nyuton — Leybnis münasibətləri bizə çox şey deyir. Amma nifrət edən şairlər heç olmasa nə isə yazaydılar. Bacarmadılar. Bacarıqsızlıqları nə qədər böyük idisə, nifrətləri də bir o qədər böyük oldu. Hər şey göz önündədir!  Əlahəzrət Mətn hər şeyi açıb özü deyir. Müqayisəyəgəlməz ədəbi potensiallar: cılızlar və nəhənglər. Cılızların nifrəti. Nəhəngin yana yönəlmiş baxışları və dodaqlarına qonmuş ilıq təbəssüm. Azərbaycanın sonuncu şair zadəganı, Mişkinaz xanımın əbədi həsrəti…

***

Paris öz seçimini edir. Qədim yunan oğlu məhəbbətə, eşqə, gözəlliyə üstünlük verir. Afrodita onun üçün müdriklikdən, qəhrəmanlıqdan, sədaqətdən, mərdlikdən daha önəmlidir, onun vəd etdiyi gözəllik hər şeyi əvəz edə bilər.

Afroditanın özü də bir gözəllik etalonudur? Əlbəttə, Parisi başa düşmək bir elə də çətin deyil. Qayaların dibində bir-birilə əlləşən dalğaların yaratdığı ağappaq köpükləri görən bir daha onları unutmaz. Bundan daha gözəl heç nə yoxdur. O köpüklər Afroditanı doğmuşdular. Ağappaq açılıb-bağlanan, qaynayıb-coşan, cürbəcür fiqurlar yaradan, bir-birinə qarışan, sonra ayrılan, əbədi gözəllik mənbəyi olan köpüklər — öz içlərindən Afroditanı doğuran ağappaq köpüklər…

Qədim yunanların qonaqpərvərlikdən daha müqəddəs bildiyi heç nə yox idi. Onu pozurdunsa bu nəyinsə xatirinə olmalı idi. Və nahaqdan deyildi ki, Gözəl Yelenanı — Afroditanın «hədiyyə»sini görən Troya ağsaqqalları böyük müharibəyə səbəb olan bu gözəlliyin qarşısında aciz qaldılar və Parisə haqq qazandırdılar.

***

Hüngür mağarası mənim uydurmam idi. «Unutmağa kimsə yox…» romanında Möhtəşəm Ahəngin fonunda bu mağara gözümüzün dərinliyi qədər mənalı və dərin idi.

Hər bir adamın öz mağarası olmalıdır. Bugünkü evlərdən, qəsrlərdən qaçıb gizlənmək istədiyi məkan imkan verir ki, nəfəs dərəsən və öz içinə böyük tarixin nəfəsini buraxasan.

Ola bilsin ki, heç nə baş verməyəcək və sən tarixin tarixlə, tarixçə ilə fərqini  yenə də düz-əməlli şəkildə hiss etməyəcəksən. Ola bilsin ki, tarixin ahəngi bir tərəfdən sənin içinə dolsun, o biri tərəfdən səni tərk edib içindən çıxsın.

Amma içində böyük tarixə aid nə isə qaldısa sən artıq Mağaraya daxil oldun deməkdir. Bunu necə hiss edəcəksən?! Bir daha qəsrə dönməyi arzu etməməyinlə.

Arzu etməmək o demək deyil ki, bu baş verməyəcək. Bu, baş versə və sən yenidən qəsrə qayıtsan da bir hüceyrən əbədi olaraq Mağarada qalacaq.

***

«İki üstəgəl iki»nin «dörd» eləmədiyi bir məkan olsaydı, ora hamıdan əvvəl şairlər cümardı. Bütün qəşəng yerləri özləri üçün zəbt edərdilər və onların ardınca ora dürtülən digər romantikləri qəzəb və kinlə seyr etməyə başlardılar. Yavaş-yavaş hamının doğulub boya-başa çatdığı dünya boşalmağa başlardı. Beləcə, aylar, günlər bir-birini əvəz eləməyə başlardı. Bu o vaxtacan belə olardı ki, insanlar yenidən «iki üstəgəl iki»nin dörd elədiyi dünyanın xiffətini çəkməyə başlardı. Və nə zamansa yollar geri açılsa, yenə də şairlər birinci olacaq.

***

«Yenə o bağ olaydı…» Bu nisgilin ölçüsü yox, boyu yox, buxunu yox. Çəkisi yox.

Yenə o bağ olaydı… Nə üçün o bağ, başqası deyil?

Yenə o bağ olaydı… Bəlkə də…

Yenə o bağ olaydı… Arzunun dərəcəsi ağlasığmazdır. Zamanı geri qaytarmaq qədər.

Yenə o bağ olaydı… Mümkün deyil.

Yenə o bağ olaydı… Yenə o bağ olacaq!