İsa Həbibbəyliyə ithaf edilir

Görəsən, bu misra vasitəsilə şairin həsrətində olduğumuz uşaqlıq çağına  gedib çıxa bilərikmi?! Əgər gedərsək, şairin uşaqlıq çağının geniş panoramından kiçik də olsa, bir kəsik gözümüz önündə canlana bilərmi?! “Tifl həm cövlan edər, amma ağacdan atı var…”.

Əlbəttə, canlanar. Amma bu qitənin əvvəlki misrası bizi şairin müasir, yaşlılıq dövrünə salmışdı: Pəhləvanlar, badpalər səyridəndə dörd yana…

Bu gün və dünən. Bu günün mahiyyəti yenə də yerində xatırlanmış keçmiş vasitəsilə müxtəlif rənglərlə bərq vurur. Belə bir qənaətə gəlmək olar ki, Füzulinin xatırladıqları, əslində, rəngli yuxulardır. Yenə də harmoniyanın İntibah möhtəşəmliyi bizi sarsıtmaya bilmir. Şübhəyə haqqımız yoxdur. Servantesmi rəngli yuxular görmürdü, Rablemi görmürdü, Şekspirmi görmürdü?! Hələ təkraredilməz rəssamlar nəsli…

Təxminən eyni vaxtlarda uzaq İspaniyada bir senyor əlinə taxtadan cüda alaraq ağac ata oxşar Rosinant adlı bir yabıya minib həqiqətən də “bir tifl kimi dörd yana cövlan edir”, min bir oyundan çıxırdı. İtaliyada Mikelancelo, Rafael və da Vinçi rənglərlə insanları ovsunlayırdı. Məhəbbətin ülviliyini tərənnüm edir, dünyanın tısbağa deyil, eşq üzərində dayandığını israrla sübut edirdilər. Əlbəttə, bununla biz bir daha inanırıq ki, İntibah nəhəngləri bir-birindən xəbərsiz bir-birini səsləyə bilir.

Tiflin cövlan etməsi və bunun pəhləvanlarla müqayisəsi, əslində, təkcə metafora deyil. Bu, hər hansı metaforadan daha geniş bir məna daşıyır. Yenə də biz dediyimizi təkrar etməkdən usanmırıq. Yenə də Füzuli xatırlayır.

Yenə də qarşımızda bir Səyyah görürük. Özünü müasir dövrdən keçmişə – öz uşaqlığına şəlaləyə atan kimi atan bir Səyyah. Sərt reallıqdan yumşaq romantizmə belə qəfil keçid, deyəsən, onu rahatsız etmir. Bu ancaq o halda ola bilərdi ki, uşaqlıq dövrünün könüldə yaşayan obrazları xeyli canlı və doğma olaydı. Eynən Prustun “İtirilmiş zamanın axtarışında” olan kimi. Amma tomlarla sürən bu axtarış cəmi bir misranın içinə necə də rahatlıqla sığına bilərmiş…

Füzuli xatırlayır…

Füzuli təkcə uşaqlığını deyil, çağalıq vaxtını da xatırlaya bilir. İnsan olan bəndə dörd, ya beş yaşına qədər nə düşündüyünü bilməz və xatırlamaz. Nadir halda üç yaşındakı “mən” bu “mən”in ahıllıq yaşında yada düşər.  Bu, adi, normal haldır. Füzuli isə belə bir normal durumdan kənardadır. O, hətta özünün doğulduğu anı xatırlayır. Nəinki doğulduğu anı, bu azmış kimi, hətta doğulduğu o an nə hisslər keçirdiyini xatırlayır. Və bunu biçarə Məcnunun dili ilə təqdim edir. Yeni doğulan uşaq danışa bilərmi?! Əlbəttə, yox! Füzuli isə Məcnunun dili ilə danışır. Daha doğrusu, əslində, nə hiss etdiyini xatırlayır. Sanki onun doğulan kimi dili açılmışdır:

“Olmuşdu zəbani-hali guya

Söylərdi ki…”.

Və bütün söylənənlər, əslində, Füzulinin çağalığından bu yana demək istədikləri, xatırladıqlarıdır. Dünyanın qəminin çox olmasını, bu qəmi çəkməyə bir “hərif”in olmamasını, dünyaya gəlişində öz missiyasını – bütün aləmin qəmini, dərdini, əzabını qəlbinə yığıb çəkməyə hazır olduğunu o, yaxşı xatırlayır. Amma bu ona nə verəcək – Füzuli bunu bilmir. Bilmədiyinə görə də Qeysin – bu yeni doğulmuş körpənin arxasında “gizlənir”. Əlbəttə ki, söyləyən yeni doğulmuş Qeys adlı bu çağa deyildir. Söyləyən, daha doğrusu, xatırlayan Füzulinin özüdür. Xatırlanası mətləblər, məqamlar isə az deyil.

Füzuli xatırlayır…

Qədim ərəb diyarında, sən demə, azad könüllülər yaşarmış. Füzuli həsrətlə bu azad könül sahiblərindən birini xatırlayır. Bu, Məhəmməd adlı bir gəncdir. Şair yaşlı vaxtında üzünü xeyli zamandır görmədiyi bir “dustuna” tutur və onunla bahəm  köhnə gözəl günləri yada salır. O bu “dustunu” təəccüblənməməyə dəvət edir. Özünün indiki halı ilə əvvəlki halını müqayisə edir. Dostuna (qəzəlin sonunda məlum olur ki, bu dost Füzulinin özüdür) könlündə gedən psixoloji-mənəvi təbəddülatdan bəhs edir. Bütün söhbət Füzuli, “dustu” və Məhəmməd adlı o gənc arasında gedir. Söhbətin baş tutması üçün nə etmək lazımdır?! Bunun üçün, sadəcə, əvvəli xatırlamaq kifayətdir. Və Füzuli xatırlayır:

Tutuşdu qəm oduna şad gördüyün könlüm,

Müqəyyəd oldu ol azad gördüyün könlüm…

Deməli, indi tar-mar olmuş, qəm odunda yanan könül bir zamanlar şad-xürrəm, azad yaşamışdır. Həmən azadlıqdan indiyə isə yalnız naləsi göylərə ucalan azad könül həsrəti qalmışdır. Azad könül həsrəti deyilmi şairin qəlbini olamayacaqların izinə salan?!

…Bu həsrət bu azadlığı itirənlərdə olar. Əsirliyə düşmüş könüllər, daşa dəymiş arzular, puç olmuş ümidlər, əlbəttə ki, azad könül həsrətinin nə olduğunu yaxşı bilər. Bunu Məhəmməd yaxşı bilirdi. Bunu Hamlet yaxşı bilirdi. Bunu Raskolnikov yaxşı bilirdi. Bunu Jülyen Sorel yaxşı bilirdi. Bunu biçarə Fəxrəddin yaxşı bilirdi. Bunu “azad bir quşdum” deyə gizlicə ürəyində oxuyan Cəfər Cabbarlı yaxşı bilirdi. Nəhayət, bunu öz şəxsi həyatında yaşayan Cavid əfəndi yaxşı bilirdi. Onların hamısının azad könül həsrətilə burunlarının ucu göynədi. Məhz belə olduğuna görə azad könül həsrəti, onun sızlayan acısı bu möhtəşəm qəzəlin hər sətrində, daha doğrusu, sətiraltında duyulmaqdadır.

Bir zamanlar məhz azadkönüllülük sayəsində bütün əzablara dözə bilən, zahidliyin müdrikliyinə çatmış, onun məsuliyyətini anlayan, Bağdad möhnətinin əsiri olan bir şəxs – Məhəmməd şairə indi nə verə bilər?! Kimi göstərə bilər?! Yalnız “fəraqın oduna mumtək əriməkdə olan”, şərabda nə tapdığını bilməyən və bir bütpərəstə çevrilərək artıq ancaq Rum eyşxanələrinin həsrətilə qəlbi yanan Füzulini. Füzuli xatırlayır:

Füzuli, eylədi ahəngi-eyşxaneyi-Rum

Əsiri-möhnəti-Bağdad gördüyün könlüm…

“Dustuna” nişan verdiyi bu adamı – gənc Məhəmmədi isə az qala şairin özü də tanımır. Amma Füzuli öz keçmişini yaxşı xatırlayır. Bəs bu keçmişin indi ilə müqayisəsi kimin xeyrinədir?! Azad könül sahibinin, yoxsa taleyə (qismətə) boyun əymiş şairin?! Yoxsa Füzulinin?!

O, bütün dünyanın qəmini “dili-həzininə” salmağı, özünə isə “qəm yemək kəmalinin” verilməsini Qeysin dililə Allahından yalvarıb təmənna etməmişdimi?! Budur, baxın görün, bütün dünyanın, rəngindən, dilindən və dinindən asılı olmadan bütün insanların dərdini, qəmini çəkmək insanı hara gətirə bilərmiş?! Biz bunu bircə qəzəlin timsalında gördük. Və bu zaman onu da anladıq ki, bu arzu baş tutarkən insan ən böyük xoşbəxtliyini – könül azadlığını itirir.

Füzuli xatırlayır…

Hələlik biz şairin keçmiş zamana yönəli şeirlərinin məzmunu üzərində dayanırıq. Amma onun yaddaşı ancaq üzü keçmişə yönəli deyil. Füzuli yaşadığı bu gündən də danışanda xatırlayır, sabahdan danışanda da. Füzuli öz yaddaşının əsiridir. Məhkumudur. Həm də hökmdarıdır. Bu ikisini bir yerdə təsəvvür edə bilsək, Füzuli adlı “qara dəliyin” mövcudluğunu və mahiyyətini anlamış olarıq. Anlayarıq ki, nə üçün o “qara dəliyə” yuvarlananlar bir daha geri qayıtmaq, bu əfsundan qurtulmaq istəmirlər. Niyə “hadisələrin üfüqü” onlar üşün qorxulu deyil. Yaddaşının həm hökmdarı, həm də əsiri. İkisi bir yerdə. İşığın hərəkəti kimi. Həm korpuskulyar, həm də fasiləsiz. Eyni zamanda.

Füzuli xatırlayır:

Məndə Məcnundan füsun aşiqlik istedadı var,

Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.

Məcnun bir obraz kimi keçmişi təcəssüm etdirir. Və Füzuli bu keçmişə açıq-aşkar meydan oxuyur. Özünü, başqa sözlə, öz İndisini Öz Keçmişinə qarşı qoyur. Amma yenə də bunu xatırlayandan sonra edir. Xatırlamasa idi, bu müqayisə də üzə çıxmazdı. Füzuli xatırlayır. Yada salmır, məhz xatırlayır. Yada salmaq keçmişdən ancaq bir məqamı diqqətə almaqdır. Xatırlamaq isə həm də müqayisə məqamını özündə ehtiva edir. “Xatırlamaq” prosesində keçmişlə yanaşı, indi də var. Onların müqayisəsi var. Yada salmaqda bu yoxdur.

Ey xoş ol günlər ki, mən həmraz idim canan ilə…

Həmraz idim, indi həmraz deyiləm. Müqayisə!!

Mən bilməz idim qəmi-cahanı,

Təşvişi zəmini-asimanı…

Bilməzlik zamanı ilə bilənlik zamanı. Bunların müqayisəsi. Şair həmən o “bilməz olduğu” zamanın qiymətini indi gözəl bilir:

Asudə səpareyi-ədəmdə,

Nə qüssədə idimü, nə qəmdə.

Bilməzlik ilə xoş idi halım,

Nə hüsn, nə eşq idi xəyalım.

Bilməzliyin də, sən demə, öz fəlsəfəsi var imiş…

Ruzigarım xoş keçirdi, ah kim, dövran dönüb

Oldu əhvalım xərab ol ruzigarım qalmadı.

“Ruzigarım xoş keçirdi”  və “…ol ruzigarım qalmadı” bir sxemdir. Bu iki sonucun ortasında bütöv və acılı, dərdli bir həyat yerləşib. Bu sxemin müxtəlif istiqamətlərinin hansı şairi xoşbəxt etdi, hansı insanı?!

Şad ikən aləmdə çərx etdi əsiri-qəm məni

Eşq nagəh oldu peyda, tutdu müstəhkəm məni.

Neçə qəzəlin dərinində bu sxem durur: şad idim və lakin əsiri-qəm oldum: Aləm oldu şad səndən, mən əsiri-qəm hənuz…

Füzuli xatırlayır:

Xoş o hal ki, hərimi-vüsalə məhrəm idim…

Füzuli nəyi nəyə dəyişdiyinin fərqindədir. Onun gözü arxada – keçmişindədir. İtirdiyi keçmişində. O bilir ki, dəxi heç nəyi geri qaytara bilməyəcək:

Dəxi zövqi-vüsali-dust şövqin istəmin məndən

Ki, mən zövqi-vüsali möhnəti hicranə dəgşirdim.

“Tifl həm cövlan edər…”

Cövlan edən tifllərin zamanı nə uzun olurmuş… Azadkönüllülər məskəni necə geniş olurmuş… Amma “şəbi-hicran” zamanı gəldi, “qəmi-möhnət” vəqti gəldi. Bunun tədbirini qılmaq, əvvəlcədən yerbəyer etmək isə mümkünsüz oldu. Geriyə yol qapandı. “Hadisələrin üfüqü” rəhmsiz: “Gəldim, geri getmək olmaz oldu”.

Geri getməyin olumsuzluğu. Yara yetişmək – yox! Vüsal – yox! Eşq şərbəti – yox! Məcnun da eynən belə bir durumda idi.

Sadəcə, hadisələrin üfüqünü aşıb geri qayıtmaq! Gəldiyin yerə! Azad könüllülər məskəninə! Amma imkansız! Çünki buna istək yoxdur. Ancaq təəssüf var. “Məndə əql olsaydı, tərki-eşqi-yar etməzmidim?!”.

Əql olmayanda könül həsrət, hicran və eşq ilə dolu olur. Əql olanda bütün bunlar olmur. Hansını seçməli?! Bütün İntibah əhli əqli eşqə qurban verdi. Füzuli də həmçinin. Çünki o, artıq gəlmişdi. Özündən xəbərsiz. Özündən rizasız. Qarşıda onu gözləyən qəmi, dərdi, möhnəti tədbirlə yığıb yığışdırmağın mümkünsüzlüyü onu qorxutmurdu. O bilirdi ki, artıq geriyə yol yoxdur.

“Tədbiri-qəm etmək olmaz oldu,

Gəldim, geri getmək olmaz oldu…

Füzuli xatırlayır…

Son

http://edebiyyatqazeti.az/news/diger/4432-fuzuli-xatirlayir-tifl-hem-covlan-eder-amma-agacdan-ati-var