Loğman Rəşidzadə

(Xalq yazıçısı Kamal Abdullanın realizmi, modernizmi, postmodernizmi)

Milli nəsrimiz M.F.Axundzadədən başlasa da, Mirzə Cəlildə mütləqləşmiş, məktəbləşmiş və mərhələyə çevrilmişdir. Mirzə Cəlil nəsri öz böyük dahiliyi, təbiiliyi ilə Azərbaycan düşüncəsini nə qədər irəli aparmışdısa, təlqin və sonsuz cazibəsilə onu bir o qədər də basqıda saxlamışdır. Bu basqının özü, uzun müddət əslində nəsrdə inkişaf və yeniliyin alternativsizliyi kimi dəyərləndirilmişdir. Mirzə Cəlil böyük bir cazibə dairəsidir. Günəş doğduğu yerdən batdığı kimi, ədəbiyyatı da hardan başlayırsan başla, yenə Mirzə Cəlildə qurtaracaqsan. Bu mifi qırmağın mümkün yolları və variantları da sanki, yox idi. Milli düşüncə, şüur aktları, yaddaş stereotipləri çünki ona köklənmişdi. Doğrudan da, Mirzə Cəlil ənənələrini qırıb, ortaya yeni ədəbiyyat qoymaq, ümumən Azərbaycan nəsrinin yeni platformasını müəyyən etmək, fərqli inkişaf xəritəsini cızmaq inqilabi yeniliyə imza atmaqdır. Bu böyük ənənəçiliyə yeni döyüşkən ənənəylə cavab verən, yeniliyin yol göstərəni olan, yönəldən və yönləndirən, məhz Kamal Abdulla oldu. Onun  haqqında yazan, nəsr yaradıcılığını şərh edən ədəbiyyatşünasların, demək olar ki, hamısı bunu etiraf edir. “Postmodernizmə münasibətin fərqli olmasından asılı olmayaraq, bu, artıq faktdır. Bu işdə, yəni postmodernizmin ədəbi cərəyan kimi formalaşmasında Kamal Abdullanın “baniyi-kar” olması da inkaredilməz həqiqətdir. Bununla belə, Azərbaycan postmodernizmi Avropa postmodernizmin eynisi olmadığı kimi, fərqli yaradıcılıq xüsusiyyətlərinə malik olan “ədəbiyyat monarxı” Umberto Eko ilə Kamal Abdullanın əsərləri də yalnız üslub, yanaşma tərzi etibarilə oxşar, bənzər yazılar ola bilərlər” (Akademik İsa Həbibbəyli).

***

      Kamal Abdulla nəsri məktəbə çevriləcək, çevrilməyəcək, onun ardıcılları yaranacaq, yaranmayacaq, bu, gələcəyin işidir. Buna müəyyən mənada pessimist yanaşmaq da olar. Çünki bu ağır yükü özündə daşımağa kimsə güc tapacaqmı? Bu doğrudan da sual işarəsi altındadır. Kamal Abdulla üslubu, onun hadisələrə psixoloji yanaşma tərzi, bədii məntiqi və dili o qədər mürəkkəb və stixiyadan kənardır ki, (həm də stixiya içində stixiyadan kənar), kiminsə bu çətin yolu tuta biləcəyinə şübhə etməmək olmur. Kamal təkdir, Azərbaycan ədəbiyyatında özüdür. O, həm başlanğıc, həm də sondur. (Təbii ki, hələlik). İnsan qəlbinin əndişələrini, ruhi çabalarını, qəlbin və könlün viranəliklərini bundan sonra onun kimi çözələyən, onun kimi eşələyən və üzə çıxara biləcək ikinci yazıçı təsəvvür etmək bir az çətindir. Kamal özü-özlüyündə təkliyi ilə məktəbdir, azad ruhun mükəmməl təlimçisidir.

***

       Kamal Abdulla həyatı tam yeni baxışlarla, özü bildiyi kimi dərk edir, öz duyğu və hisslərinin süzgəcindən keçirərək yaratdığı həyatı mövcud yaşam tərzlərinin metafizik təzahürlərilə qələmə alır, beləliklə, təkcə olayları və insan talelərini deyil, ədəbiyyatın özünü də çərçivə və buxovlardan azad edir.

Kamal Abdullanın düşüncələri və ideyaları çox parlaqdır. O qədər parlaqdır ki, ilk baxışdan aydın, duru və sadədir. Lakin bu parlaqlıq gün işığı kimidir-mürəkkəb və çoxspektirlidir. Görünür, amma dərinliyi bilinmir, ilk baxışdan aşkarlanmır. Mahiyyət günəşin mayasındadır, ora isə gedib çıxmaq olmur. Odur ki, oxucu yarımçıqlıq kompleksində çabalayır. Elə bilir ki, hər şeyi bilir, amma heç nəyi bilmir. Alt qatlara, bu dərinliklərə gedib çıxa bilmir, hissi – emosional, ruhi və intellektual qatlarda ilişib qalır.

      Ədib oxucu üçün zərif və incə bir tor qurur. Torun cazibəsi onu çox böyük qüvvəylə özünə çəkir. Bu tora aşiq olan və asanlıqla düşən oxucu bu tordan çıxa bilmir, vurnuxub çabalaya-çabalaya “Hadisələrin üfüqü”ndə bihuş olub qalır. Buradan nə çıxa bilir, nə də çıxmaq istəyir. Paralel dünyaların məntiqinə varmaq, “Möhtəşəm Ahəng”ə düşmək, “Üfüq vaxtı”nda yaşamaq üçün oxucu müəyyən testdən keçməli, özünü həm əqli, həm də ruhi mənada xüsusi vəziyyətə kökləməlidir.

***

      Paralel dünyalar anlayışı Kamal Abdullanın ədəbi konsepsiyasıdır. Bu, həm də onun fəlsəfi konsepsiyasıdır. Dünyanın yaranışı, formalaşması, təkmilləşməsi, xaosdan kosmosa keçid prosesləri barədə elmi-nəzəri, dini-teoloji baxışlar, fəlsəfi traktatlar, ədəbi-bədii əsərlər, risalələr kifayət qədərdir. Allah dünyanı bir heçlikdən, boşluqdan yaratdı. Bu teoloji hökm hipotez şəklində qala bilməz axı. Bunun yəni bir elmi əsası, məntiqi, bir intellektual çözümü yoxmu? Kainat zaman və məkan daxilində mövcuddur. Adi gözlə görünməyən sbustansiyalar, xaotik şəkildə süzən bərk, bölünməz hissəciklər – atomlar (müəyyən dövrlərin sabit, dəyişməz elmi mülahizələri) rasional dünyanın əsasını təşkil edir. Sonradan məlum oldu ki, atomlar özü də bölünə-bölünə sonsuz olaraq gedir. Və ilk baxışdan ayrı-ayrı xırda hissəciklər kimi görünən nəsnələr əslində bütöv bir vahid kimi dalğavari şəkildə bir-birinə sıx bağlıdır, zərrədə bir tamdır. Kainatın mövcudiyyət məntiqi bu elmi düşüncədən keçir. Bu bilgilər, elmi paradiqmalar isə kvant fizikasının lütfkar xidmətidir. Buradan da sonsuz paralel dünyalar ideyası qaynaqlanmışdır. Everettin çoxlu dünyalar interpritasiyası, həm də ədəbiyyatda bu ideyanın yaranmasına yol açmışdır.

İnsanlar rasional həyatlarını yaşaya-yaşaya sıx-sıx hallünüalist səyahətlərə də çıxırlar. Bu yuxu da ola bilər, xəyal da, arzulardan doğan təhtəlşüur hal-vəziyyət də… Və ən nəhayət biz rasional həyatımızda fiziki mənada, cismani şəkildə də ikiləşə bilərik. Sadəcə, cismimizi bunun üçün mükəmməlləşdirməli, ruhumuzu saflaşdırmalıyıq. Praktik mənada daim gündəlik işimizlə məşğuluq: işə gedib-gəlirik, toyda-yasda, müxtəlif görüşlərdə, istirahətdə bulunuruq. Əslində isə içimizdə, daxilimizdə öz aləmimizdəyik, xəyal dünyasında, mistik röyalarda arzu və ümidlərimizin qanadında hallünüastik bir həyat yaşayırıq. İkinci mənimiz bu qaranlıq və gizli dünyada daim bizimlədir. Və bununla yanaşı yüzlərlə canlı (bunlar insandırlarmı, insanabənzər varlıqlardırmı, bizdən bəsitdirlərmi, yaxud bizdən daha mükəmməldirlərmi, təəssüf ki, bunu biz hələ bilmirik) ətrafımızda gəzib dolaşır. Biz isə onları nə görürük, nə hiss edirik, nə də başa düşürük. Bu, ona bənzəyir ki, Allahdan qopasan, onun bir zərrəsi kimi yaşayasan, bir növ onunla eyniləşəsən və onun qarşısında gücsüz, aciz və təsirsiz qalasan. Belə ikililik, belə bir sirr pərdəsi insan əndişələrinin iç motivi kimi daim işlək və aktualdır. Kamal Abdulla paralel dünyalar deyəndə, bəlkə elə bunu nəzərdə tutur? İnsan doğrudan da rasional həyatını yaşaya-yaşaya özünün digər həyatını da – daha xoşbəxt, daha rahat, mükəmməl yaşam formasını virtual aləmində yarada bilir? Bu, insanın ikiləşməsi,mistikləşməsi, fəza ölçülərinə uyğunlaşması, başqa sözlə, Tanrıya qovuşmaq cəhdidir. Paralel dünyalar eləcə bu postulatlardan qaynaqlanmırmı? Korlar, bəlkə paralel dünyaları daha real yaşayırlar. Onların baxışları dünyaya yox, özlərinə çevrilir, başqa sözlə, paralel dünyalarına. Qaranlığı görmək, eləcə başqa bir dünyanı yaşamaq deyilmi? ”Kor olmaq nə iyi bir şey, Görmək karanlığı” ( N. Hikmət). Kamal müəllimin əsərlərində bunların hamısının çözümü var və paralel dünyalar anlayışının sirri bu və ya digər yöndən son dərəcə zərif ədəbi fikirlərlə aşkarlanır.

***

      Paralel dünyalar nəzəriyyəsi kvant fizikasının inqilabi kəşfindən sonra elmi və praktik şüurda daha çox oturuşmağa başladı və kvant möcüzələri çağdaş elmi yaddaşda daha çox dominantlıq etdi. Kvant fizikasına vaqif olub heyrətlənməyən insan deməli, heç nə anlamamışdır. Kvant dərketmə dünyanı anlam çapında möhtəşəm bir ölçüdü. (“Möhtəşəm Ahəng”). Atomun kiçik hissələrinə vardıqda və ciddi müşahidə apardıqda atom hissəcik olaraq var və bu zərrəciklər dalğa kəmərinə dönüb bütün kainatı dolaşdıqda biz artıq onu görmürük. Texnologiyalar inkişaf etdikcə, elmi paradiqmalar gəlişdikcə, bilgilər artdıqca təsəvvüf düşüncəsi ilə elmi kriterlərin üst-üstə düşdüyü daha çox anlaşılır.

       Kvant fizikasının dünyanın əbədiliyini, atomların və onun zərrəciklərinin dalğavari düzümünün əbədi enerji mənbəyi kimi kainatı daim dövrələdiyi elmi dəlillərini əsrlərcə öncə Şərq filosofları, sufilər mənəvi aləmin yüksəlişi, ruhi təcəllanın müxtəlif gəlişmələri ilə reallaşdırmışlar. Bu, özünü təkmilləşdirmənin, can içində yeni bir can oyatmanın, ən nəhayət, Allahaqovuşmanın son məqamı, yüksəliş həddidir. Böyük ərəb alimi İbn Səbinə təsadüfən demirdi ki, qədim filosoflar özlərini Allaha bənzətdikləri halda, sufilər Allaha qovuşmağa can atırdılar. Beləcə, məlum olur ki, kvant fizikasının elmi dəlilləri, uzun əsrlər öncə, sufilərin ruhi təcəllasında təzahür etmişdir.       Sufilərdə ariflik məqamı var. Bu, zahidlik, abidlikdən sonra ən uca mərtəbədir. Ariflik ruhu cilalayan fəzilətlər və onların əldə olunması yollarını nişan verən kamillik mərhələsidir. İnzivaya çəkilən insanlar təklənmiş, özünə qapanmış, ikinci, paralel dünyalarını yaşamağa başlamışlar. Belələri cəmiyyətdən ayrılmış, adətən qaranlıq bir hücrəyə çəkilib ruhun və qəlbin tərbiyəsilə məşğul olmuş, mənəvi aləmin yüksəliş yollarını aramış, ən nəhayət, çillə çıxararaq fərqli bir halət keçirmişlər. Gözlərini yumaraq ibadət edən, səssizlikdə iç dünyalarına çəkilən bu ruh adamları insanların görüş məsafəsindən çıxmış, öz görünüşlərini qapatmaq sürəti ilə maddi zərrəcik ölçüsündən yüksəklərə qalxaraq bütün kainatı dolanmışlar. İnsan bu halda yalnız deyil, ayrı da deyil. Əsas bir zərrəcik varlığından bir dalğacıq varlığına keçməkdir. Belədə, hətta öz görüş məsafəmizdə olmayacaq məsafələrə gedib çıxa bilirik. Bu motivasiya ilk növbədə sürətə bağlıdır. Fikrin, düşüncənin və zərrələrin dalğa sürətinə. İkinci faktor isə insanın görmə bucağı, işığı qəbuletmə imkanlarıdır. Predmetə həm bizim gözümüzdən işıq gedir, həm də hər hansı cisimdən bizim gözümüzə işıq seli yönəlir. Görmə anı bu prosesin reallaşma amplitudunda müəyyənləşir. Əslində ayrılıq və birgəlik anı insanların görmə məsafəsində ikən gerçəkləşir. Görmə məsafəsi itdikdə aləmlərdən qopuruq, kainat ilə əlaqəmiz qırılır. Zərrədən ayrılıb dalğaya qovuşuruq. Bu, həm də bizim şüur aktlarımızın potensialı ilə bağlıdır. Axı biz beynimizin imkanlarından vur-tut 10 faiz istifadə edirik. İnsan öz beyninin imkanları ilə yerdən göyə nərdivan qoymaq potensialına malikdir. Biz beynimizin imkanlarından, heç olmasa 20-30 faiz istifadə eləyə bilsək, paralel dünyaları nəinki kvant fizikasının elmi qanunları ilə fəth edərik, hətta bu harmoniyaya girib onu praktik şəkildə yaşayarıq. Görmə bucağımız xeyli genişlənmiş olar, dərketməmiz hədsiz dərinləşər.