Loğman Rəşidzadə

(Xalq yazıçısı Kamal Abdullanın realizmi, modernizmi, postmodernizmi)

İtaliya yazıçısı Franko Kardini Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı haqqında yazdığı “Sehrbazlar dərəsi – hər birimizin dəruni avtobioqrafiyası” adlı resenziyasında bu məqama xüsusi diqqət çəkir: “Lakin ruhlar da insanları aldada bilərlər. Əslində kim olduqlarını gizlədib yalan danışa bilərlər. Bəzən də yalandan daha təhlükəli olan həqiqəti faş edə bilərlər. Bəyəm həqiqəti bilmək doğrudanmı həmişə belə faydalıdır, vacibdir?..”

***

       Dar və qapalı formalara sığmayan postmodernizmin üslub müxtəlifliyi və bədii paradiqmalar rəngarəngliyində magik realizm deyilən bir forma müəyyən mənada daim dominantlıq etmişdir. Magik realizm realizmin sürreal bir lövhəsidir. Sən onda hadisələri istər-istəməz sinirlərinin dərinliyinədək hiss edir, vəziyyəti tam hərəkətdə görür, öz içinə qapanıb sirli dünyanda, iç qatlarda qaynayıb coşan həyatla baş-başa qalırsan. Və ətrafı, olayları sxolastik yaddaşla, zahiri, patetik ilhamla yox, bəsirət gözüylə görürsən. Magik realizm, sanki ruhun və beynin gimnastikasıdır. O, həm də fikrə, düşüncəyə geniş bir azadlıq və cazibə verir. Eləcə postmodernizmin mayasında da bu azad düşüncə və estetika dayanmırmı?  Kosmik təsəvvür, kosmoqonik interpritasiyalar, adi ağlın qəbul edə bilmədiyi olaylar, bütöv Kainatın və Qalaktikanın iç-içə təması, rasional dünya ilə virtual təfəkkürün qapalı birliyi…

       Magik realizm termini Avropada yaransa da, daha çox Latın Amerikası ölkə yazıçılarının yaradıcılığında ədəbi tələbat kimi təzahür etmişdir. Q.Markesin, X.Borxesin, X.Kortasarın, X.Rulfonun və başqalarının əsərlərində bunun parlaq və işlək nümunələri boy-boyadır. Məsələn, Xuan Rulfonun “Pedro Paramo” romanında ayrı-ayrı epizodlar, lövhələr yox, romanın bütöv süjeti, hadisələr magik estetika üzərində qurulmuşdur. Bütün bunlar isə reallıqdan kənarda baş vermir. Hər bir magiyanın kökündə, bünövrəsində reallıq dayanır. Lakin onun ifadəsi magik, sehrli, qeyri-adi səciyyə daşıyır. Bu mənada Q.Markesin fikri maraqlıdır. O deyir ki, məsələn, mənim əsərlərimin birində göydən yerə yağış kimi balıq yağır. Bunu səriştəsiz, bəzi təbii mətləblərdən xəbərsiz oxucu möcüzə kimi qəbul edir. Amma bu adi, real bir təbiət hadisəsidir. Karib hövzəsində vaxtaşırı güclü küləklər, qasırğalar olur. Belə vaxtların birində qasırğa dənizin sularıyla birgə balıqları da havaya qaldırmış və çox keçmədən həmin suyla birgə balıqlar da yer üzünə yağmağa başlamışdır. Düzdür, bu real, olmuş əhvalatdır, lakin yazıçı ustalığı, sənətkarlıq, bədii düşüncənin genişliyi reallığı magik səviyyədə təqdim etməyə imkan vermişdir.

       Bizim nağıllarda, rəvayətlərdə də belə əhvalatlara rast gələ bilərik. Məsələn, rəvayətlərin birində deyilir ki, bir neçə adam yığılıb maraqlı əhvalatlar danışırlar. Biri deyir ki, dünən göydən küçük zingiltisi eşitdim. Digəri: “əşşi, bu boyda da yalan olar? Küçüyün göydə nə işi var?..” – cavab verir. Bir başqası faktı təsdiqləyir: “Niyə də olmasın ki, qaraquşdu, küçüyü vurar caynağına, qaldırar havaya, zingilti də oradan gələ bilər”, – deyir. Göründüyü kimi, əhvalat Q.Markesin şərhilə tam üst-üstə düşür.

        Magik realizm Kamal Abdulla yaradıcılığı üçün də səciyyəvidir. Lakin özünəməxsus şəkildə. O, hüdud tanımayan ideyalarını, kosmik düşüncələrini bu yolla bəşəri sərvətə daha intensiv çevirə bilir. O, paralel dünyalar anlayışının təqdimi, bədii izahı və hər şeydən də öncə, bu dünyaların varlığına inamı bu yolla daha təbii şəkildə əks etdirilir. Q.Markesin əsərlərində göydən yerə balıq yağırsa, K.Abdullanın əsərlərində göydən dəvə yağır, şir yağır, şəhərdə Kentavrlar, Minotavrlar, dörd şir qoşulmuş arabada Apallon cövlan edir, sfinks Xəzərdə gərnəşir və s… Təbii ki, dəvələri, şirləri heç də qasırğa vurub havaya qaldırmayıb. Yazıçı məqsədinə xidmət edən bu detallar şüurun fantastik aktlarının məhsulu kimi də qəbul edilməməlidir. Bütün bunlar paralel dünyalar anlayışının, kvant dalğalarının yaratdığı metafizik təfəkkürün interpritasiyasıdır.

        Kamal müəllimin əsərlərində dünyanın energetik mənbələrindən söz açılır və Kainatın bu nöqtələrdən idarə edilməsi hipotezləri irəli sürülür. Qarağac (bütün əsərlərində), Nur daşı (“Yarımçıq əlyazma”), Od saçan daş – işıq mənbəyi (“Unutmağa kimsə yox”). Bu detallar da paralel aləmlərin bələdçi elementləri, dünyadərkin magik və sehrli detallarıdır.

***

       “Hadisələrin üfüqü”… Özündə nəhəng dünyanın, ucsuz-bucaqsız Qalaktikanın harmoniyasını yaşadan bu metafora, əslində zamanın ekvivalenti kimi səslənir. Bu anlamda zamanın sonsuzluğu və həyatın əbədiliyi var. “Hadisələrin üfüqü” o qədər geniş anlayışdır ki, bura həm kosmos, həm də xaos üçün bir sığınacaqdır. “Hadisələrin üfüqü”nün əzəməti və möhtəşəmliyi, sonsuzluğu barədə Patriarxın düşüncələri səciyyəvidir. İki mələk onu qanadlarına alıb qəribə bir məkana yetirir: “Özümə gələn zaman birinci onu gördüm ki, başdan-başa qövsi-quzehin içindəyəm. Bura, əslində üfüq idi. Həmişə uzaqdan həsrətlə baxıb can atdığım, heç bir bəndənin yaxınlaşa bilmədiyi məkan! Bütün əsl hadisələrin baş verdiyi yer. Xatırladığım, xatırlamadığım, bildiyim, bilmədiyim, duyduğum, duymadığım hər şeyin üfüqünün düz ortasına gəlib düşmüşdüm”. (“Unutmağa kimsə yox”). Bu, zamanın hüdudsuzluğu, əlçatmazlığı və azmanlığı barədə düşüncəyə salan düşüncələrdir.

        Zaman, əslində bütöv, tam və bölünməzdir, dünyanın, Qalaktikanın mövcudluq faktıdır. Məkan da, materiya da, bir sözlə, canlı-cansız hər şey zaman daxilində mövcuddur. “Hadisələrin üfüqü”, məhz zamanın əbədiliyi və əzəməti barədə təəssüratlar məcmusudur.

        Heraklit deyir ki, axar suya eyni zamanda iki dəfə girmək olmaz. Əslində min dəfə də girmək olar. Axı zaman bütöv, bölünməz və əbədidir. Axar su da stabil və əbədi zaman içində baqidir. Zaman bölünməz olduğu kimi materiya da onun içində eyni ritmdə, eyni ölçülərdədir, şəklini dəyişsə də mahiyyətini itirmir. Zaman əbədi hərəkətdədir. (Həyatın mövcudluğu da məhz bu hərəkətə bağlıdır). Zaman dəyişmir, zaman keçmir, keçən, dəyişən bizik. Sabah bu çaya su gəlməyə bilər. O demək deyil ki, zaman da dayanmış olar. Su axıb gedir, ona nə vaxt girsən, elcə eyni zamanda girəcəksən. Yaxud axar suya burada, istərsə də beş-on metr yuxarı-aşağı, istənilən hissəsində suya girsən, yenə eyni zaman olacaq. Başqa cür desək, axar suya eyni yerdə (və yaxud müxtəlif yerlərdə) bir saat əvvəl girsən, yenə də bir saat sonra girdiyin kimi olacaqdır. Çünki axan su da dövr edən zamanın öz atributudur, onun içindədir. Günəş batıb çıxır, gündüz yerini gecəyə verir, işıqdan, qaranlıqdan asılı olmayaraq zaman mövcuddur, əbədi hərəkətdədir. Qurani-Kərimdə deyildiyi kimi: “Nə günəş aya yetişə bilir, nə gecə gündüzü keçə bilir” (Yasin, 36/40). Təbii ki, söhbət bizim anlamdakı, təsəvvürümüzdəki zamandan, aya, ilə, əsrə, saata, dəqiqəyə ayırdığımız zamandan getmir. Daha qlobal, daha mükəmməl, iradəmizdən asılı olmayaraq içində olduğumuz kvant düzümündən gedir.

       Zaman və məkanın münasibətləri şərtidir. Məkan, materiya, cismani hər şey zaman daxilində mövcuddur. Üstəlik bəlli sürət amplitudunda. Sürət artdıqca materiya yox olur. Yer kürəsi sürətini iki-üç qat artırsa, görün onda bizi nə fəlakətlər gözləmiş olar?.. Belə çıxır ki, onda Yer kürəsi zaman çərçivəsindən və bununla bərabər öz trayektoriyasından çıxıb məhv olar. Lakin bizim tanımadığımız, təsəvvür edə bilmədiyimiz paralel dünyalarda, əksinə mövcudluq üçün bəlkə də daha yüksək sürət tələb olunur. Paradokslar da bundadır. Bax, biz bu ahəngə can atırıq, başqa sözlə, Kamal Abdulla məhz bu “Möhtəşəm Ahəng”dən söz açır.

Kamal Abdulla “Hadisələrin üfüqü” dedikdə zamanın bu azmanlığına, xəyal dolu əlçatmazlığına, əbədiliyinə, paralel dünyalarda fərqli təzahürünə işarə vurur. Bütün bununla yanaşı biz bütöv bir ahəngin, eyni harmoniyanın içindəyik. Paralel müxtəlif dünyalarda  zamanca fərqli, bizim iradəmizdən kənar, bizim hələ ki, toxuna bilmədiyimiz, müdaxilə eləyə bilmədiyimiz dünyalar eyni zaman içində mövcuddur. Bu dünyaların hər birinin öz məkan və bir zaman müstəvisi var. Bunları da yəqin, nəsə birləşdirir, elə bir ölçü, elə bir meyar var ki, bu aləmləri bir müstəvidə qovuşdurur. Bu, çox yəqin ki, Kamal Abdullaya görə, elə həmin “Hadisələrin üfüqü”dür. Görünür, bu aləmlərin toplumunu metafizik təfəkkürlə bir araya gətirmək, bir yerə yığmaq olur. Və paralel aləmlər, başqa həyatlar, o tərəfdəki dünyalar zamanın sürətindən, dayanıqlığından, mütəhərrikliyindən asılı olmayaraq əbədi vaxt ölçüsü kimi, məhz üfüqdə qərarlaşırlar.

        Bu müstəvidə, bizcə, məkan anlayışı Qarağac obrazında görünür. Qarağac simvolikası da semiotik məna daşıyır və Kamal Abdulla yaradıcılığının estetik kodu, poetik atributu kimi onun bütün əsərlərində keçir. Qarağac dünyanın mərkəzi, enerji mənbəyi və paralel dünyaları bir məkanda birləşdirə biləcək ümumiləşdirilmiş və simvollaşdırılmış ünvandır. Günəşin, Ayın, yağışın, işıq və şüaların bir nöqtədə cəmləşdiyi həyat mənbəyidir. Patriarxın sözlərində bu məntiq yenə də açıq-aydın çözələnir: “Dərələr, təpələr, gölməçələr, ağaclar. Bu çoxlu ağaclar sonra diqqət edib gördüm ki, bir ağacın ayrı-ayrı budaqlarıdı, bir böyük Qarağacdır” (“Unutmağa kimsə yox”). Bəli, müəllifin nəzərində Qarağac Kainatın simvolu, böyük dünyanın rəmzidir. Bu “Yarımçıq əlyazma”da da belədir, “Unutmağa kimsə yox”da da, “Sirri-zəmanə”də də və s.

        Kamal Abdullanın əsərlərində zamanın bir qatı kimi yağış keçir. Yağış həm də yaddaşdır, tarixdir, insan nəslinin gəlişmə məqamıdır. Zaman, böyük zaman yağışla gəlir, yağışla reallaşır. Yağış gah göydən yerə yağır, bəzən də yerdən göyə millənir. Bu həm də paralel dünyalar anlamını reallaşdırır.

         Bu tip bədii gəlişmələr və ədəbi estetika Latın Amerikası ədəbiyyatı üçün (magik realizm) daha çox xarakterikdir. Məsələn, Q.Markesin əsərlərində günəş hər yeri qarsıyıb yandırır, sanki gecə də, gündüz də batmır. Zaman özü də sanki günəşdən boylanır. Xuan Rulfonun “Pedro Paramo” romanında isə yağış dominantlıq edir. Əsər boyu nə zaman, nə də müvazi məkan konkret olaraq bilinmir. Bilmirsən gecədəsən, gündüzdəsən, dünəndəsən, bugündəsən, keçmişdəsən, gələcəkdəsən, ən nəhayət, o dünyadasan, yoxsa bu dünyada, insanlar içindəsən, ya ruhların arasında… Yağış isə hey yağır, şırhaşır döyəcləyir və zamanın cizgiləri kimi süzülüb gedir…

***       

Bir dəfə söhbət zamanı ədəbi camenin nümayəndələrindən biri dedi ki, Kamal müəllimin ədəbiyyatı hadisə ədəbiyyatı deyil. Yəni, bütün klassik nəsr, hətta poeziya hansısa bir hadisə üzərində süjetlənir. Kamal müəllimdə isə sirr dolu ruhlar aləmi, eksiztensial yaşantılar, təhtəlşüur duyğular dominanatlıq edir. Hər cür müqayisə qüsurlu olduğu kimi bu fikir də polemika üçün kifayət qədər açıqdır. Düzdür, Kamal müəllimin  əsərləri daha çox fikir, düşüncə, ideya ədəbiyyatıdır. Onun hər ədəbi gedişlərində, mətnin özəyində fəlsəfə yatır. Və onun romanlarını təsadüfən roman-esse adlandırmırlar. Amma gəlin görək “Unutmağa kimsə yox”da real həyat və insan taleləri yoxdur, yaxud “Yarımçıq əlyazma”da bu lövhələr yarımçıqdır? Və s. və i.a. Kamal Abdullanın əsərlərində fabula, süjet sırf real hadisələr, həyati məsələlər və problemlər üzərində qurulur. Lakin ondakı mistik ovqat, xəyali səyahətlər, sehr, cadu, paralel dünyalar oxucunu sözün həqiqi mənasında çaşdırır.