Dostoyevski deyir: «Gözəllik bəşəriyyəti xilas edəcək». Və min illərdi Tanrının lütfilə bizə bəxş etdiyi gözəllik bəşəriyyəti xilas edə bilmir. Adəm tamahını saxlaya bilməyib o almanı üzüb cənnəti korlayandan üzü bəri onun övladları da bəşəriyyəti xilas edəcək gözəlliyi məhv etməklə, dağıtmaqla məşğuldu. O gözəllikdən məhrum olan insanlar da Tanrının Adəmə qəzəbləndiyi gündən qorxu içində yaşayıb və yaşamaqdadırlar.
… Uşaqlar atalarından, ataları müdirlərindən, müdirlər idarə rəislərindən, idarə rəisləri nazir müavinlərindən, nazir müavinləri nazirlərdən, nazirlər dövlət başçılarından, dövlət başçıları da namərd dövlətlərin başçılarından, namərd dövlətlərin başçıları da bir-birlərindən qorxur…
«Nəsimi» filmində ƏmirTeymur deyir ey, kiçik həşəratlar böyük həşəratlardan qorxur, böyük həşəratlar… NASA da bir tərəfdən bütün bəşəriyyəti qorxudur: «Filan planetlər toqquşacaq, Yerin başına Yerdən də böyük daş düşəcək, on ildən sonra Yer kürəsi od tutub yanacaq və sair və ilaxır». Bir sözlə, dünya Əmir Teymurun sözü ilə desək, qorxu üstündə bərqərar olub, Nəsiminin arzuladığı sevgi üstə yox.
Ulu Cavid də deyir: «Mənim Tanrım gözəllikdi, sevgidi». Amma Tanrımız gözəlliklə sevgi deyil, qorxu olub. Göydən yerə enən səmavi kitablarda da sevgidən çox qorxudan söhbət açılır: qıl körpü belədən keçdi, cəhənnəm əzabında qovrulacaqsız, qır qazanı… filan-bəşməkan! Müsəlmanı da, xristianı da, yəhudisi də, bütpərəsti də Tanrı qorxusu altında yaşayır, Tanrı sevgisi altında yox. Tanrıya sevgiylə bağlananların sayı Tanrıdan qorxanların sayının yanında kiçik astronomik rəqəmdi.Nizami də deyir: «Eşqdir mehrabı uca göylərin, eşqsiz, ey dünya, nədir dəyərin?» Bax, bir-birimizə bu eşq yoxdur deyə, dünya da dəyərdən düşüb. Göylərin mehrabı olan eşq yerlərdə yoxdu, yenməyə qoymuruq, elə qalıb özündənrazı dövlətlərin dəlmə-deşik elədiyi göylərdə.
Filosoflar, yazıçılar, şairlər, rəssamlar, bəstəkarlar, heykəltəraşlar min illərdi insanlara sevgi aşılamaq istəyirlər, gözəllik aşılamaq istəyirlər, amma gücləri çatmır. Ona görə ki, təkcə ABŞ-ın və ya Rusiyanın bir hərbi bazasındakı silahların sayı dünya bərqərar olandan insanlığı xilas etmək istəyən yuxarıda sadaladığım yaradıcı insanların sayından dəfələrlə artıqdı.

Çoxdandı insanlara sevgi, məhəbbət aşılamaq istəyən, insanların içindəki o qorxunu öz sevgisi ilə məhv eləmək istəyən bir yazıçı dostum haqqında, özü də 47 illik bir dostum haqqında nə isə yazmaq istəyirdim. Amma ürəyim istəyən kimi alınmırdı. Bəlkə heç bu dəfə də alınmayacaq, amma hər halda qəlbimdəkiləri oxucularımla bölüşmək istədim. Amma bu yazımda onu bir yazıçı kimi deyil, qəribə də olsa bir rektor kimi təqdim etmək istəyirəm. Yazıya da məhz ona görə qorxu söhbəti ilə başladım.Kamal Abdulla!
Tələbə müəllimdən qorxur, dekandan qorxur, müəllim dekandan, kafedra müdirindən, dekan da, kafedra müdiri də rektordan. Rektor dəhlizin o başından görünəndə tələbələr az qala siçan deşiyi axtarırlar. Lap elə müəllimlərin özlərinin də rəngi qaçır. Niyə, qardaş?! Bu niyə belə olmalıdı axı?!Rektor bu elm ocağının Zərdüştüdü, bu ocağın istisinə qızınan, bu ocaqdan od alan tələbələrin atasıdı, tələbələr ondan qorxmamalıdı, əksinə, onu bir ata kimi sevməlidilər. Amma day qorxmamalıdılar.Universitetdə oxuyanda…
… o vaxt bir universitet vardı, Azərbaycan Dövlət Universiteti. Tələbələr də forslanardılar ki, onlar Azərbaycan Dövlət Universitetində oxuyurlar. Hətta belə bir bayatı da gəzirdi dillərində:Əzizinəm, dilən, gəz,Əlini aç, dilən, gəz.İnstitutlarda xan olunca,Universitetdə dilən-gəz!
Şükürlər olsun ki, ADU-nun varisi Bakı Dövlət Universiteti bu gün də ali təhsil ocaqlarının xanıdı.… bir dekanımız vardı, Ağamusa Axundov. Uşaqlar onu bir ata kimi sevirdilər. Tələbələrin ümid yeriydi, güman yeriydi. Niyə? Çünki o da uşaqları bir övlad sevgisi ilə sevirdi. Tələbələrin problemini öz problemi bilirdi. Əzazil müəllimlər vardı, uşaqları imtahandan kəsməkdən ləzzət alardılar. Ağamusa müəllim belə müəllimlərlə döşləşirdi. Günahı kəsilən tələbələrdə yox, həmin müəllimlərdə görürdü, deməli, sən yaxşı dərs deməmisən ki, tələbə onu mənimsəyə bilməyib. Tələbələrin tərəfini saxlayardı. Hər bir tələbə çəkinmədən Ağamusa müəllimə yaxınlaşıb problemini, dərdini, hətta ailə problemini danışa bilərdi. O da həmin tələbənin problemini həll etməyə çalışardı.Kamal Abdullanın da dekanı olub Ağamusa Axundov. Bəlkə ondan əxz edib bir çox şeyləri.Kamal Abdulla! Rektor Kamal Abdulla!
Slavyan Universiteti çox gənc universitetdi. Əvvəllər Xarici Dillər Universitetinin tərkibində olub (o vaxt institut idi), sonra ayrılıb Rus dili və Ədəbiyyatı İnstitutu adlandırıldı. Yəni bu institut rus dili və ədəbiyyatı üzrə ixtisaslaşmışdı. Sonra Slavyan Universiteti adlandı. Və Kamal Abdulla da rektor təyin olundu. Çox qısa bir zaman kəsiyində bu universitet ölkəmizin ən nümunəvi və öndə gedən ali təhsil ocaqlarından birinə çevrildi. Universitetin dil miqyası genişləndi və demək olar ki, bütün Avropa dillərini əhatə elədi. Təhsilin səviyyəsi çox yüksəldi. Əgər araşdırma aparsaq görərik ki, bu gün Avropada çalışan gənc diplomatlarımızın əksəriyyəti bu ali təhsil ocağının və Xarici Dillər Universitetinin yetirmələridi.
Bu gün bu sahədə əsas missiya Azərbaycan Diplomatik Akademiyasının üzərinə düşür. Akademiya bu missiyanın öhdəsindən layiqincə gəlir. Amma adlarını çəkdiyim universitetlər də üzərlərinə düşən missiyanı davam etdirirlər.
Bir dəfə Monteneqrodaydım. Getdim bizim həmin ölkədəki konsulluğumuza. Orda gənc bir diplomatla tanış oldum, 24-25 yaşı olardı. Beş dil bilirdi. Dil bilmək olar, amma bu gənc diplomat həm də geniş dünyagörüşünə, yüksək siyasi savada malik idi. Məlum oldu ki, ağdamlıdı, atası Qarabağ savaşında şəhid olub, babası saxlayıb. Və Slavyan Universitetinin yetirməsidi. Elə fəxrlə deyirdi ki, Kamal Abdullanın tələbəsi olmuşam. İnsanlar Harvard, Oksford, Sarbona universitetlərini bitirmələri ilə fəxr elədikləri kimi həmin gənc də Kamal Abdullanın universitetini bitirməsi ilə fəxr edirdi.Tələbələr Kamal müəllimi görəndə qaçıb gizlənmirdilər. Ona görə ki, Kamal müəllim o tələbələrin dostuydu, əziziydi, atasıydı. Hər bir tələbə istədiyi vaxt rektora yaxınlaşıb, biz Ağamusa müəllimə yaxınlaşıb problemimizi dediyimiz kimi, öz problemini deyə bilərdi. Yəni qəbul günü, qəbul saatı yoxudu.
Universitetin həyətində bir çayxana vardı, hərdən o çayxananın yanından Kamal müəllimlə birgə keçib binaya daxil olurduq. Təbii ki, tələbələr ehtiram əlaməti olaraq qalxıb bir salam verərdi. Və bir də görürdün ki, Kamal müəllim qayıtdı oturdu tələbələriylə bir stol arxasında çay sifariş elədi, başladı tələbələrlə söhbət eləməyə. Elmdən, təhsildən, sənətdən, ədəbiyyatdan, tələbələrin problemlərindən elə səmimi söhbətlər edirdi ki, kənardan baxan inanmazdı ki, tələbələrlə çay süfrəsi arxasında əyləşən onların rektorudu.
Nə qədər istedadlı, yaradıcı gənclər vardı üz tutmuşdu Slavyan Universitetinə. Yaradıcı gənclərin məbədinə çevrilmişdi bu universitet. Bəzən hətta Kamal müəllim bu yaradıcı gənclərin nazıyla da oynayırdı. Bir Yaradıcılıq fakültəsi də yaratmışdı. Mən o fakültədə istedadsız gənc görmədim. Tez-tez ədəbi müzakirələr olurdu, bu müzakirələrə tanınmış yazıçılar, şairlər, tənqidçilər, ədəbiyyatşünaslar dəvət edilirdi. Mən də hərdən bu müzakirələrdə iştirak edirdim. Bəzən Kamal müəllimin əsərinin də müzakirəsi keçirilirdi. Tələbələr qalxıb heç nədən çəkinmədən rektorlarının əsərini sərt tənqid də edirdilər. Təbii ki, tənqidi heç kim qəbul etmədiyi kimi, Kamal müəllim də o tənqidləri qəbul etməsə də çox diqqətlə dinləyirdi, müəyyən izahlar verirdi. Bir də gördün bir gənc yazarın yeni bir kitabını müzakirə edirlər, rektor da gəlib oturub tələbələrin arasında, sonra o da öz sözünü deyir.Bu yaradıcı gənclərin mətbuatda dərc olunmalarına, kitablarının işıq üzü görməsinə əlindən gələn köməyi əsirgəmirdi. Təkcə iş bununla bitmirdi. Həmin yaradıcı gənclərin hardasa işlə təmin edilməsində də xüsusi rol oynayırdı. Eləcə də tələbələrinin sonrakı taleyi ilə maraqlanırdı, onların işlə təmin olunmasına şərait yaradırdı. Adını çəkmək istəmirəm, sevilən radioların birində tanınmış bir jurnalist xanım çalışır. Bir dəfə söhbət əsnasında dedi:
– Fəhlə işləyirdim, arxasız bir gənciydim. Kənddən gəlmişdim, rusca da bilmirdim, Slavyan Universitetinə daxil oldum. Kamal müəllim mənə atalıq elədi. Təhsilimi başa vurandan sonra gördü yaxşı oxuyuram məni məcbur elədi ki, magistraturaya qəbul olum. Məni universitetdə işlə təmin elədi, dekan müavininə qədər yüksəltdi. Hazırda çalışdığım işə görə də ona borcluyam.Bəli, Slavyan Universiteti bir elm, təhsil məbədi idi. Rusiyanın prezidenti Vladimir Putindən tutmuş Avropa ölkələrinin bir çox dövlət və hökumət başçıları da Bakıya səfərləri zamanı bu məbədi də ziyarət edirdilər. Bu məbəddə həyat qaynayırdı. Həyat sevgiylə dolu idi, qorxu ilə yox.Bəlkə məhz elə bu sadalanan keyfiyyətlərə görə Möhtərəm Prezidentimiz İlham Əliyev Kamal Abdullanı dövlət müşaviri kimi çox yüksək bir vəzifəyə təyin elədi: millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri.
Bu gün dünyada dinlər bir-birinə düşmən səviyyəsindədi, millətlər az qala bir-birinin qanını içir, multikulturalizm ayaqlar altında qalıb, Azərbaycanda isə müxtəlif dinlər bir ailə kimi yaşayır. Heç bir etnik ayrı-seçkilik yoxdu, hamı Azərbaycan adlı bir çələngin çiçəkləridi. Azərbaycan multikulturalizm sahəsində dünyaya bir nümunədi.
Təbii ki, bu Möhtərəm Prezidentimizin müdrik siyasətinin nəticəsidir. Kamal Abdulla da həmin o müdrik siyasətə öz səmimiliyini, insanlara sevgisini, tolerantlığını qatdı.Kamal Abdulla filologiya elmləri doktorudu, akademikdi. Ən başlıcası, qəlbi insanlığa sevgi dolu bir yazıçıdı, özü də dünya şöhrətli bir yazıçı.
P.S. Bu məqaləni təxminən iki il öncə yazmışdım. Çox təəssüf ki, həmin vaxt Kamal müəllim xahiş elədi ki, çap eləməyim. İndi arxivimə baxanda məqalə qarşıma çıxdı. Fikirləşdim ki, çap eləsəm yaxşıdı. Ona görə ki, Kamal Abdulla bu gün də rektordu – Azərbaycan Dillər Universitetinin rektorudu. Və Kamal müəllim Slavyan Universitetində necə işləyibsə, bu gün də Dillər Universitetində həmin ənənəni davam etdirir: səmimi, mehriban, tələbələrin atası və həm də tələbkar!

http://www.adalet.az/w163941/AQ%C4%B0L_ABBAS:__T%C9%99l%C9%99b%C9%99l%C9%99r%C9%99_qorxu_yox,_sevqi_a%C5%9F%C4%B1layan_Kamal_Abdulla__/#.Xeilp1QzaM8