Niyazi Mehdi

Kamal Abdullanın «Mənim Füzulim» kitabı haqqında

Yenicə çapdan çıxmış “Mənim Füzulim” (Kamal Abdulla) kitabını refleksiya etmək üçün, – amma nə qəribədir, “kitabından yazmaq üçün” desəm, çəlimsiz alınacaq, “kitabını düşünmək üçün” desəm, elə “refleksiya etmək qədər” abırlı alınacaq, – bax, beləcə refleksiya etmək üçün ona hansı yöndən yaxınlaşmağı (həmlə etməyi) düşünəndə ağlıma səhər-səhər “dəhşətli” bir metafora gəldi. Kitabın əlyazmasını bir dəfə oxuyub ürəyimdə “əladır!” nidası ilə bitirmişdim. İkinci dəfə refleksiya edib yazmaq üçün oxuyanda yaradıcı adamlarda olan narahatlıq məni basdı: hardan yaxınlaşım, nəyi tutub gedim ki, kitaba layiq mətn alınsın? Beləcə, iki gün dolaşıqda qalıb özümə qızmışdım – bu detalları gənc intellektuallara deyirəm ki, oxşar duruma düşəndə narahat olmasınlar, çıxış həmişə gəlir. Bax, bu dolaşıqda birdən ağlıma Kamal Abdullanın 80-ci illərdə yazdığı “Müəllif – mətn – oxucu” kitabı düşdü. Kitab o çağlar yazılmışdı ki, iki-üç gənc araşdırıcı (arasında mən də vardım) semiotika ilə, Mateziusun “cümlədə aktuallığa görə paylanma” nəzəriyyəsi ilə yaraqlanıb milli sənət və mədəniyyətimizi rutinləşmiş ədəbiyyatşünaslıq qəliblərdən qurtararaq araşdırmaq istəyirdi.

Aktual paylanma cümlədə informasiyanın əsas payını daşıyan cümlə üzvlərini həm də qavrayanın psixolojisi ilə bağlayırdı. Kamal, bax, bundan yanaşaraq Azərbaycan ədəbiyyatını “müəllif – mətn – oxucu” üçəm (trinar) strukturunda araşdırmağa başlamışdı. Kitabın ideyaları indi huşumda deyil, təəssüratı isə yadımdadır, ürək döyüntüsü prinsipində ritmik dalğalarla yeni düşüncələr, yeni yozumlar verirdi.

“Mənim Füzulim” kitabı qışqırtı, silkələyici modernist adlara baxanda sakit səslənsə də birdən anladım ki, “müəllif – mətn – oxucu” üçəmliyindən “müəllif – oxucu” (Füzuli – mən oxucu) ikişərliyini götürüb ki, mətni bu yöndən refleksiya etsin. Bunu səhər-səhər ürəyimdə düşünürdüm ki, o “dəhşətli” metafora ağlıma gəldi. Hərçənd elə belə də gəlmədi. Ağlıma gəlməzdən beş on dəqiqə qabaq bilgisayarda kamança haqqında qısa filmə baxmışdım. Ağlıma gələn metafora bu başlanğıcların qovuşağında alındı: tarda (kamançada) musiqinin səslənməsi üçün sim və simi dilləndirən barmaqlar birləşməlidir. Musiqinin səsi nə simdədir, nə barmaqlarda. Musiqinin səsi ikisinin birgəliyindədir.

Bu metafora həm də mədəniyyətin, sənətin əbədi probleminə öz aydınlığını gətirir. Nəsnə özündə olandır, dəyərə çevrilir bizimlə ilişgiyə girəndə. Çörəyin maddəsi (fizikası, kimyası) onun nəsnəliyidir. Çörəyin dəyərə çevrilməsi isə bizim mənəviyyatımızla bağlananda baş verir. Ona görə də bağlananda ayağımız altında qalan çörək bizi elə diksindirir ki, elə bil sərçə balasını basdalamışıq.

Sual çıxır: çörəkdə fiziki olanla mənəvi olan birləşəndə (bunun kültür variantı Füzuli mətni ilə qavrayanın bilincinin birləşməsidir) alınmış məzmun, mənalar kompleksi üçün hansı əsasdır, fiziki tərəf, yoxsa bilinc tərəfi? Çörək və ya Füzuli şeirinin yazısı, yoxsa insan (və ya qavrayan)? Tarın simləri və barmaqlar metaforasından sonra mən anladım ki, musiqinin səsi simlə barmaqların toxunuşundan çıxdığı kimi, Füzulinin şeirlərinın yazısı ilə qavrayışımız birləşəndə Fizuli poeziyası alınır.

Musiqinin səsi həm simlərin, tar, kamança çanağının necəliyindən, həm də ifaçının kimliyindən asılı olur. Biri o birisindən pis olanda səs də pisləşir. Biri o birisindən yaxşı olanda o birisinin eyibini az da olsa örtür: usta çalğıçı pis tarın eyibini usta olmayan çalğıçıya baxanda daha çox örtür…

Oxşartını davam etdirsəm, deməliyəm: axmaq şeiri usta kulturoloq elə kontekstdə verə bilər ki, eyibləri xeyli azalar. Ancaq Füzuli məsələsində “pis tar” analogiyası işləmir, çünki yüzillərlə yüzlərlə böyük düşüncə adamı onun poeziyasına heyran qalıb. Füzuli məsələsində pis çalğıçı metaforası işləyir, çünki minlərlə başqa adam bu tarda çox pis çalıblar.

Kamal Abdulla öz kitabında Füzuli “tarında” yaxşı havalar çalmaq üçün təzə paradiqmaları köməyə çağırır, sanki mizrabı dəyişir, barmaqlarını simlərdə necə gəzdirməyin texnikasını düşünür, məşq edir. Bu yerdə onun son kitabını özüm üçün, onun üçün (bəyəm biz kiminsə kitabı haqqında yazanda həm də onun üçün yazmırıq?!) oxucular üçün refleksiya edəndə mənim dadıma “dekonstruksiya” termini çatdı. Derridadan sonra gələn və hətta Amerikada post-strukturalizmin adına çevrilmiş bu sözün ilkin anlamı adi olsa da, intellektuallığın “brend termininə” çevrilmişdir. Dekonstruksiya, sadəcə, analiz deməkdir, bu üzdən adidir. Poststrukturalistlər isə bu adiliyə şoka salan analiz çalarını artırmışlar. Onların araşdırmalarında dekonstruksiya ifşa etmək, iç üzünü açmaq anlamını verir. Ancaq bu anlamdan mənfi çaları, yəni ifşa edib biabır etmək çalarını çıxarın, yerinə içində gizlənmişləri qoyun, post-strukturalist dekonstruksiya alınacaq. Bu üzdən “ifşa edən dekonstruksiyanı” “faş edən dekonstruksiya” ilə əvəz etmək olardı, əgər bu axırıncı belə tikansız olmasaydı. “Örnəyin, şair dahilik iddiası ilə yazır, post-strukturalist dekonstruksiya edib tapır ki, bu dahilik iddiası epatajdır, əslində, şeir iddiaçı olmayan şüurun törəməsidir. Keçmiş ədəbiyyatçılar Mirzə Cəlildə, Sabirdə qəzəbin arxasından kədəri, halına acımağı çıxaranda, əslində, dekonstruksiya yapırdılar, hərçənd bunu edəndə marksist-leninçi estetikanın qəliblərindən (ideologemlərindən) istifadə etdikləri üçün adamın dili gəlmir onlara post-strukturalizmin Azərbaycan sələfləri desin.

Kamal Abdulla kitabını başlayanda birinci şok verən dekonstruksiyadan başlayır və Füzuli ilə bağlı geniş yayılmış pirani qoca görkünü (obrazını) dağıdır – hətta kitabda verilən Səttar qrafikasında da Füzuli elədir. Dediyim qəlibləşmiş şair (söyləmçi) görkünü dekonstruksiya etmək üçünsə Kamal Abdulla Azərbaycan ədəbiyyatşünaslığı fonunda bidət kimi səslənən sorular verir:

Niyə gənc Füzulini heç kim axtarmır?

Niyə hamı onu qoca, pirani adam kimi təsəvvür edir?

Niyə ilk şeirini kimə oxuması heç kimi maraqlandırmır?

İlk müəllimi kim olmuş, kiminlə dostluq elmiş – suallarına cavab verməyə çalışmırıq?

Bu soruların cavabında Füzuli obrazı dekonstruksiya edilir, yəni onu sökməklə içindən ağsaqqal görüntüsünün arxasından gənc, yüksək-romantik görüntüsünün arxasından kimlərləsə dostluq etmş, müəllimindən qafiyə dərsi keçmiş adi neofit ifşa (və ya faş) olunur. Biabır edilmək anlamında yox, şok etmək anlamında. Qəm-karvanı epiteti ilə bildirən Füzuli imajı belə dekonstruksiyadan sonra kiçik bir şok etgisini verir.

Mən düşünürdüm ki, Kamal Abdulla dediyim dekonstruksiyanı edəndən sonra Füzulidə faş etdiyi sifətin beytlərdə təzahürünü tapacaq. Ancaq, görünür, bu işi gələcək araşdırıcıların öhdəsinə buraxır. Özü isə Füzilidə şoka salan dekonstruksiya üçün şeirlərin balaca həcmində kosmik tutumun bulunmasını göstərir. Bunun üçün onun qəzəllərində Yerlə göy arasında gəzişmələri üzə çıxaranda çox riskli hökm irəli sürür: göylə yer arasında onun kimi var-gəl edən ikinci adam tapmaq çətindir (kontekstdən aydın olur ki, Kamal Şekspirlə, Servanteslə. Tolstoyla, Puşkinlə Füzulini tutuşdurub bu düşüncəyə gəlir).

İndi aydınca bir də təkrar edim. Kamal Abdulla “Mənim Füzulim” kitabını başlayanda teatrda  Stanislavskinin qoyduğu məqsədi qoyur: indi necə adamları (oxucuları, həmkarları) təəccübləndirəcəyik? Bunun üçün bizim termini işlətməsə də faktiki dekonstruksiyanın nəzərdə tutduğu eyləmləri yapır, yəni Füzuli imicini, görkünü, poeziyasını sökür ki, adamları şoka, təəccübə salan qatları ifşa etsin. Biri Füzulinin Azərbaycan ədəbiyyatında kanona çevrilmiş görkünü pərdə kimi aralayır ki, oradan hirsli vaxtında arvadına nələr deyirdi, kefinin kök vaxtında evdəkilərlə necə davranırdı suallarının vektorundan gizlindəki Füzuliyə baxsın. Yadınızdadırsa, oxşar dekonstruksiyanı o, Dədə Qorqudla, Şah İsmayılla bağlı da etmişdi. İkinci dekonstruksiya xətti “Yer-göy”, “ahəng” anlayışları ilə edilir. Qəzəllərin, qəsidələrin, beytlərin “molekulyar” və ya mikrokosm ölsüçündə makrokosmun bulunuşu “ifşa edilir”. Ahəng, harmoniya öz anlamına görə sadəcə birgəlik deyil, bir araya sığışmazların uyğunluğa gətirilməsidir. Örnəyin, düz mütənasiblə tərs mütənasibin uyarlaşdırılmasını Kamal aşağıdakı beytdə tapır:

…Füzuli, eylədi ahəngi-eyşxanayi-Rum

Əsiri-möhnəti-Bağdad gördüyün könlüm.

Kamal açır ki, misraların sintaktik forması bir-birinə paralelizmdə olduqları üçün bir-birinə düz mütənasibdirlər, məzmunları isə tərs mütənasibdir.

Beyt, misra kimi “molekulyar” vahiddə  uyarlığı, yəni uyuşmazların uyuşuğa gətirilməsini bizim araşdırıcı belə materialda “dekonstruksiya” açır:

Deyildim mən sənə mail, sən etdin əqlimi zail.

Burada “olmayanın olması” ziddiyyəti var. Əslində, bu ziddiyyətin Füzulidə olması göstərir ki, o, dünyalarcan əskidir. Hollivudun, Bollivudun bir çox melodramları ilkində bir-birindən zəhləsi gedənin sonra bir-birinə dəli-divanə olması üstündə qurulub. Bunun psixolojidə reqressiv qatını Froydun sevgi nəzəriyyəsi aydın edir. Bu nəzəriyyəyə görə həmişə erosla tanatosun (sevgi ilə nifrətin) birgəliyi var. Ona görə də sevgi ambivalentdir. Yəni gizlinində nifrət var və aydındır ki, Froyd belə söyləyəndə sevgini dekonstruksiya edir. Götürək qızla oğlanın bir-birini dəlicəsinə sevməsini. Bu sevginin içində qaçılmaz olaraq bir-birini itirmək qorxusu duyğulara zəhər qatır – bax, bu zəhər də görürsən ki, sevənlərin birinin yuxusuna sevdiyinin ölümü səhnəsinə gətirir. Psixoanaliz bu səhnənin yuxuya çıxmasını nifrətin sublimasiyası kimi yoza bilər.

Azərbaycan ədəbiyyatşünaslığında uzun sürən bir xəstəlik var. Klassik poeziyanı “şair bununla onu demək istəmişdir ki…” modelində yozmaq. Bəs yozmaq necə olur? Şairin misrasını bir az fərqli sözlərlə təkrar etmək. Bu yozuma heç eplikasiya da demək olmaz, çünki imlisit (gizli olanı) üzə çıxarmır. Bir vaxtlar fəlsəfədə və estetikada olan bu terminlər indi dekonstruksiya etməklə əvəzlənib. Bu anlamda Kamal Abdulla təkcə Füzuli ilə bağlı yox, bütün yaradıcılığında  Azərbaycan mədəniyyətinin ən müxtəlif olaylarını, mətnlərini dekonstruksiya etmişdir ki, təəccüb doğuran yozumlar əldə etsin. Aristotel deyərdi ki, fəlsəfə təəccübdən doğub. Təəccüb doğurmayan mədəniyyət hamıya – onun içində olanlara da, ona qıraqdan baxanlara da darıxdırıcı gəlir. Kamal Abdullanın bütün dekonstrusiyaları, – Dədə Qorqudun dekonstruksiyasından tutmuş Füzilinin, Şah İsmayılın dekonstruksiyasınadək bizi özümüzə və özgələrə ilginc etməyə yönəlir. http://edebiyyatqazeti.az/news/diger/5234-menim-fuzulimi-refleksiya-edende