Zülfiyyə İsmayıl
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent
Yenicə başlanan 2020-ci il Azərbaycan ədəbi və elmi ictimaiyyəti üçün Əməkdar elm xadimi, akademik, Xalq yazıçısı Kamal Abdullanın 70 illik yubileyilə də əlamətdarlıq qazanıb.
Hələ ilin sonlarına doğru tamamlanacaq bu 70 il hansısa sadə bir müddəti ifadə etmir. Çoxşaxəli yaradıcılığı, gərgin əməyi, saysız-hesabsız elmi, bədii, publisistik əsərləri, qazanılan saysız-hesabsız uğurlar, ali mükafatlar və yüksək fəxri adlar bu mənalı və şərəfli ömür yolunun silinməz səhifələrini təşkil etməkdədir.
Orta məktəb illərimlə bağlı belə bir işıqlı xatirəm var ki, o zaman ailəmiz Kamal Abdullanın zəngin məzmunu və maraqlı formatı ilə seçilən televiziya proqramlarına xüsusi diqqətlə, hətta pərəstişkarlıqla baxardı. Sabahısı gün bu verilişlərin mövzusu o təlatümlü illərin məktəblisinin də qatıldığı müzakirə obyektinə çevrilirdi. Televiziyada 1980-ci illərin əvvəllərindən etibarən “Azərbaycan dili”, “Qoşma”, “Dəfinə”, “Sözün sirri” kimi aylıq və həftəlik ədəbi-bədii, elmi-publisistik verilişlərin müəllifi və aparıcısı olan Kamal Abdullanı Azərbaycan gənci əsl vətəndaş-ziyalı kimi məhz o illərdən sevdi və özünün meyar simalarından birinə çevirdi. Mən də bir yeniyetmə kimi məhz o illərdən Kamal Abdulla imzasının izinə düşdüm və demək olar ki, bütün yaradıcılığını izlədim. Onun qeyri-adi erudisiyası, güclü duyumu, modern üslubu, təfəkküründəki parlaq bədiilik, zamanı qabaqlayan düşüncələri bizi bir oxucu kimi öz sirli-sehirli dünyasına valeh etdi.
Elmi əsərlərindən əlavə, Azərbaycan və dünya ədəbi ictimaiyyətinin böyük rəğbətinə səbəb olan “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”,”Unutmağa kimsə yox”, “Sirlərin sərgüzəşti” kimi son dərəcə dəyərli romanları, dərin məzmunlu və maraqlı pyesləri, hekayələri, esseləri və digər yaradıcılıq nümunələri Kamal Abdullaya olduqca geniş oxucu auditoriyası qazandırıb. Bütün bunlar onun görkəmli sima kimi ədəbiyyat və elm tarixindəki müstəsna yerini təmin edib. Qorqudşünaslığa əvəzsiz töhfə olan silsilə xarakterli fundamental Kamal Abdullanın dilçilik və ədəbiyyatşünaslıq elminə misilsiz töhfələridir. Bu məqamı boşuna xatırlamadıq, çünki dilçilik elmi sözçülüyü sevməyən, riyazi dəqiqlik tələb edən, konkretlik, lakoniklik sevən elmidir. O mənada Kamal Abdullanın “Dilçiliyə səyahət və yaxud dilçi olmayanlar üçün dilçilik” əsəri də elmimizin bu sahəsindəki nadir nümunələrdəndir. Özünün miqyaslı elmi və ədəbi təfəkkürünün vəhdətindən yaranan bu kimi əsərlərilə Kamal Abdulla oxucunu həm düşündürür, həm öyrədir, həm də problemin dərinliyinə varmağa sövq edir. Amma ustalıqla, alimliklə yanaşı, əsl yazıçı məharətilə yazıldığı üçün bu ciddi əsərləri mütəxəssis olmayan oxucu da dərk edir. Beləcə, elmiliklə bədiiliyin sintezindən möhtəşəm bir nəticə alınır.
Bir kiçik haşiyə çıxaraq qeyd edim ki, 2011-ci ildə işıq üzü görən “Azərbaycan dilində qeyri-təyini ismi birləşmələr” adlı tədqiqatımı yazarkən akademik Kamal Abdullanın sintaksislə bağlı əsərlərindən faydalanmağım və çoxsaylı istinadlarım bilavasitə onun bu sahədəki elmi fəaliyyətini örnək almağımdan qaynaqlanmışdı.
Müasir elmi-ədəbi düşüncəmizdə akademik Kamal Abdullanın çoxşaxəli yaradıcılığında “Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər”, “Müəllif-əsər-oxucu”, “Azərbaycanda rus dili”, “Azərbaycanca danışaq” və digər əsərlərinin də xüsusi mövqeyi vardır.
Akademikin dilçi alimlər, ələlxüsus, qrammatiklər üçün masaüstü kitaba çevrilən “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” adlı fundamental monoqrafiyası haqqında fikirlərimi daha geniş şəkildə bölüşmək istərdim. Kamal Abdullanın “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” monoqrafiyası dilçilik elminin ən aktual problemlərindən birinə həsr olunmuşdur. Bu fundamental əsər indiyə qədərki ənənəvi dilçilikdə həmin sahə ilə bağlı bir çox qaranlıq mətləbin aydınlanmasına imkan yaratdı.
Kamal Abdullanın vaxtilə Moskvada “Sintaktik paralelizm” (“Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə etməsi və doktorluq mövzusunun da “Azərbaycan dili sintaksisinin nəzəri problemləri”nə həsr olunması haqqında bəhs açdığımız monoqrafiyanın bu qədər fundamental əsər kimi ortaya çıxmasının təməlini təşkil edib.
Monoqrafiya haqqında maraqlı sistem və quruluşu ilə də diqqət çəkir. Əsər 3 irihəcmli bölmədən ibarətdir ki, hər bölmə öz daxilində fəsillərə və yarımfəsillərə ayrılır. Bu mənim subyektiv fikrimdir ki, əsər sanki üç monoqrafiyanın sistemli və konseptual şəkildə birləşməsidir.
Sözügedən əsər Azərbaycan dilçilik elmində mövcud bir sıra problemlərin həlli, xüsusən dilçiliyin sintaksis bölməsinin predmeti olan cümlə quruluşu, cümlə üzvləri arasındakı münasibət, sadə və mürəkkəb cümlənin xüsusiyyətləri haqqında dərin araşdırmaları və dəqiq qənaətləri özündə əks etdirir.
Monoqrafiyada Azərbaycan dili sintaksisinin indiyə qədər tədqiqat obyekti olmamış bir sıra nəzəri və eyni zamanda, bəzi praktik məqamları təhlil obyekti seçilib. Müəllif öz mülahizələrini üç sintaktik vahidin – sadə cümlənin, mürəkkəb cümlənin və mürəkkəb sintaktik bütövün öyrənilməsi üzərində qurur. Onları bir-birinə bağlayan izomorfizm prinsiplərinə əsasən, bu vahidlərə bütöv bir sintaktik baxış müəyyənləşdirir. Monoqrafiyada sadə cümlənin monopredikativ quruluşu, aktual üzvlənmə, mürəkkəb sintaktik bütöv, onun sərhədləri, kompozisiyası, tərkibi, tədqiqinin əsaslandırılması və başqa problemlər Azərbaycan dilçiliyində ilk dəfə olaraq geniş sistemli sintaktik təhlilə cəlb olunub.
Qeyd etdiyim kimi, əsər 3 böyük hissədən və hər hissə ayrı-ayrı fəsillərdən ibarətdir. Birinci hissənin ilk fəslində Azərbaycan dilində cümlənin quruluşunun təşəkkül tarixi “Kitabi-Dədə Qorqud” dastanının dilindən başlayaraq XX əsr ədəbi dilimizin ədəbi-bədii nümunələri əsasında izlənilir, alınan elmi nəticələr dünya dillərində cümlənin təşəkkül tarixi kontekstində şərh olunur.
Digər iki hissədə isə uyğun olaraq dilimizdə mürəkkəb cümlənin müxtəlif aspektlərdən təhlili verilir və mürəkkəb sintaktik bütöv – mətn tədqiqat obyekti kimi nəzərdən keçirilir.
Əsərdə Azərbaycan dilçilik elmində ilk dəfə olaraq mürəkkəb sintaktik bütövlərdən bəhs olunur və bu istiqamətdə müəllifin apardığı dərin elmi araşdırmalar monoqrafiyada öz əksini tapır.
Monoqrafiyada diqqətçəkən məqamlardan biri də müəllifin nəzəri fikirlərini əsaslandırmaq üçün gətirdiyi dil faktlarının bədii nəsr və nəzm nümunələrinin qədim və orta əsr, daha çox da “Kitabi-Dədə Qorqud” dastanları, “Bilqamıs” dastanı, bütövlükdə “Oğuznamələr” və klassik Azərbaycan ədəbiyyatından seçməsidir.
Akademik Kamal Abdulla haqqında yazarkən və ya onun yaradıcılığına müraciət edərkən unudulmaz alimimiz, professor Yusif Seyidovun həmişə yaddaşımda mühafizə olunan fikirlərini bir daha xatırladım. O deyirdi ki, “Həm dilçilik, həm də ədəbiyyatşünaslıq istiqamətində elmi dərəcə alan hər kəsə filoloq deyirlər. Əsl filoloq o alimdir ki, onun həm dilçilik, həm də ədəbiyyatşünaslıq sahəsində fundamental əsərləri var”. Akademik Kamal Abdulla mükəmməl elmi fəaliyyəti ilə məhz belə bir zirvədə qərar tutub. Eyni zamanda, Xalq yazıçısı olaraq, Kamal Abdulla bədii yaradıcılıq sahəsində də ali ünvana ucalıb.
Şərh yoxdur