İsmayıl Kazımov

Azərbaycanın Xalq yazıçısı Kamal Abdulla özünün yeni romanı – “Sirlərin sərgüzəşti” ilə bir daha təsdiqlədi ki, o, ədəbiyyatımızın ağır yükünü öz çiynində daşıyan görkəmli sənətkarlardandır.

Böyük nəsr ustası kimi də Kamal Abdulla daima ədəbiyyata yeni nəzərlə baxıb, yeni dünyagörüşlə yanaşıb. Onun yaradıcılığında klassika, ənənə müasir düşüncə və ifadə tərzi ilə, modern sənət meyllərilə üzvi vəhdətdədir və bu cəhət sənətkarlıqla, hadisələrin təsvirinin orijinal ifadə tərzi ilə, fərqli deyimlə təzahür tapır.

Kamal Abdulla bir yazıçı kimi yaradıcı fəaliyyətində hər zaman öz şəxsiyyətinə sadiqdir. O, tarixi, zamanı dərk etməklə yanaşı, ciddi və maraqlı mövzuları bədiiləşdirərkən yalnız öz qəlbinin səsini dinləyir. Bu yeni roman da, necə deyərlər, onun qəlbindən dünyaya bir baxışıdır və bu baxış bədii mətnlərdə ifadə olunan fikirlərin son dərəcə yığcamlığı və dərinliyində, ifadə tərzinin şirinliyində əks olunur.

“Sirlərin sərgüzəşti”ndə Kamal Abdullanın yazıçı təfəkkürü və sənətkarlığı, onun Özü və Sözü  yenə də bütün əzəmətilə görünür. Əslinə qalanda hər bir romanda onu yazanın özü görünməlidir, əks-təqdirdə yazıçının təqdimatı mənasız təsvirlərdən ibarət olar. Adama elə gəlir ki, K.Abdullanın bu romanında sirli həyatı, sehirlənmiş cəmiyyəti, tora düşmüş dövrü, epoxanı, başqa sözlə, tilisimləşmiş dünyanı dəyirman kimi üyüdən bir təhkiyə var: “Oğuz elinin əsas su mənbəyi Selləmə çayı idi. Bu çay suyu, balığı bol bir çay idi. Mənşəyini Qaf dağlarından alıb gəlirdi və Oğuz düzəngahına çatana qədər aramsız və səbirsiz, dəli bir həvəslə axırdı. Fəqət düzəngaha çatdıqdan sonra çay kəməndə düşüb məğlub olmuş at kimi sakitləşir, arif bir insan kimi təmkin göstərirdi. Hətta onun hansı səmtə axdığını belə bir baxmaqla görmək mümkün olmurdu”.

Roman tez bir müddətdə oxucular və mütəxəssislər tərəfindən oxunaraq yüksək rəylə qarşılandı, məzmun və ideya istiqamətinə və bədii ifadə biçiminə görə müasir roman janrının ən keyfiyyətli ənənələrinin uğurlu təcəssümü, yeni nümunəsi kimi dəyərləndirildi.

Həqiqətən, bu əsər də mühüm ədəbi hadisədir, taleyi isə uğurludur. Romanın bədii məziyyətlərindən biri müxtəlif gizli sirlərin arasında güclü bədii-məntiqi əlaqənin yaradılmasıdır. Müəllif, sirr məfhumu vasitəsilə əsərdə özünəməxsus bir orijinallıq və müdrikliklə təsvir elədiyi mövzu haqqında açıq şəkildə və cəsarətlə yenə də usta yazıçı sözünü deyib. Müxtəlif hadisələrdən, tarixi-mifoloji yöndən gələn sirlər hərtərəfli və aydın detalları ilə təsvir olunur.

Romanda bəlli tarixi informasiyaların yeniləşmiş variantları var. Yazıçı müşahidələrinin, iti düşüncələrin məhsulu da o cümlədən.

Bu romanı “Gizli Dədə Qorqud”un müəyyən mənada davamı, yeni mərhələsi də saymaq olar. Kamal Abdullanın bu romanı da onun digər nəsr əsərləri kimi dərin qatlardan baş qaldıran həyat həqiqətlərini yüksək sənətkarlıq keyfiyyətlərilə əks etdirir.

Sirr kələfi roman boyu çözələnir, oxucunu düşünməyə vadar edir. Sirlər barədə axtarışlar apararkən də Kamal Abdulla fərdi müəllif üslubunu qoruyur, özünəməxsus ustalıq göstərir.

Kamal Abdulla hamının bilmədiyi, başqalarından gizli saxladığı “Ev bizim, sirr bizim” prinsipindən çıxış edir. Hələ ağıla gəlməmiş, açılmamış, dərk edilməmiş, öyrənilməmiş bir müəmma, təbiətin sirləri, kosmosun sirləri təsəvvürə gəlir, dünyanın bütün sirlərini öz arzu və əməllərinə görə açan, şərh edən müəllif kimi özünü burada da çox sirrə vaqif olan yaradıcı şəxsiyyət səviyyəsində təqdim edir. Başqalarının bilmədiyi məlumat, bilik, üsul, yol bu romanda bir aradadırsa, deməli, müəllif sənətin və dünyanın sirlərini kamil bilir, bədii sirləri dərindən öyrəndiyi üçün öyrətməyə də qadir yazıçı olaraq diqqət mərkəzinə çıxır.

Romanın əsas qəhrəmanı Hacı Mir Həsən ağa Səyyah risalə yazmaqdan ötrü “Sirri-Xudadan” deyil, qonşularının, tacir-tüccarların, padşahların, şeyxlərin… sirlərinə bələd olub onların sərgüzəştlərindən (mənası: birinin başına gələn hadisə, qəziyyə, əhvalat, macəra) yazmağı öhdəsinə götürür və uğurla istədiyinə nail olur. Oduncu Əhmədin sirrindən tutmuş, Həsən müəllimin ailə sirlərinə qədər sirlərin sərgüzəşti oxucunu əsrarəngiz dünyalara çəkib aparır. Oxucu yorulmur, həsrətlə o biri səhifələrə keçmək, digər sirlərlə tanış olmaq istəyir.

Səyyah hər yerdə ehtiramla qarşılanır, insanlar onunla sidq-ürəklə sirr və dərdlərini bölüşür, camaat ona yazdıqları məktubların cavabını səbirsizliklə gözləyir. Yazıçı seçib təqdim etdiyi bu obrazı hərtərəfli inkişafda göstərir. Günlərin bir günü adamlar çox hörmətlə yanaşdıqları, baş əydikləri bu “uzun adlı adam”dan üz döndərirlər. İsti münasibət soyuqluqla əvəzlənir. Sevgi, məhəbbət nifrət və təhqirə çevrilir. Səbəbi: hər kəs Səyyahın yazdığı risalədə öz sirrinin faş olunacağından (üzə çıxacağından) qorxur, bədgüman olur. Sirlərin faş olması xəbəri ilə “Müqəddimə”nin sonucu birdən-birə dəyişir: “Dünya-aləm öz sərgüzəştində idi. İnsanlar həm düzənə, həm də düzənsizliyə doğru eyni zamanda, eyni çoşqunluqla, eyni əzmlə yol gedirdi. İnsanlar dünyanın hansı yerində, nöqtəsində olmasından, yaxşı, yaxud pis olmasından, qara, ağ, yoxsa sarı olmasından qeyri-asılı hər an eyni işi görürdülər – onlar yaşlanırdılar. Macəra dolu sirləri ilə, qandonduran hadisələri ilə, ruh silkələyən məqamları ilə qəlbi dolu olan Hacı Mir Həsən ağa Səyyah da onların içində idi”.

Bu mətn parçasının məzmununda təkrar olunan bağlayıcılar (həm, həm də), təyinetmə xüsusiyyətinə malik “eyni” sözü aid olduğu ismin məna hüdudunu, dairəsini şərtləndirir. Aid olduğu anlayışlara kəmiyyət hüdudu qoyur. Nəzərdə tutulan eynicinsli əşyaların hər biri fərdi biçimdə eynicinslilərin hamısını əhatə edir (eyni coşqunluq, eyni əzm), yaxşı, pis; qara, ağ, sarı antonimləri ilə dünyanın, insanların arasında olan ziddiyyətlər həmin nəzərdə tutulan sərgüzəştlərdən biri idi.

Romanda həmin macəra dolu həyat və insana xas olan sirlər 4 fəsildə faş olunur. Bu fəsillərin – payızın, yayın, yazın və qışın burada öz dərin rəmzi mənası var.

Yazıçının yaratdığı Hacı Mir Həsən ağa Səyyah obrazı istəyir ki, elə bir risalə yazıb ərsəyə gətirsin, onun içində hər şəxs öz sirrinə, ən vacibi isə bu sirrin səbəb və nəticəsinə vaqif olsun.

“Bir var Sirri-əzəm, sirri-Xuda, sirri-ali. Bir də var qonşu Həzrətqulunun sirri”.

Buradakı sirlər donmuş, yatmış vəziyyətdə deyildir, onlar həmişə dinamikada, hərəkətdə, fəaliyyətdədir. Yazıçıya görə, hamı bilməlidir ki, bu sirlərin öz macərası, sərgüzəşti mövcuddur. “Adı uzun qəhrəman” Tanrıdan bir güc diləyir ki, ona imkan versin, bu macəranı, sirlərin sərgüzəştini heç nə əlavə edib etmədən, olduğu kimi qələmə alsın. Daim uca olan Allahın adı ilə…”

Uca olan Tanrı onun könlünə ilham verir, həvəslə risaləni yazmağa başlayır.

Romanda sirr anlayışı ilə bağlı son dərəcə dəyərli yozumlar diqqət çəkir: Sirr də tufandır. Tufan kimi çox şiddətlidir. Tufan keşməkeşli ağır həyat təcrübəsidir, ağır sınaqdır. Sirr də insan kimi doğulur, adam kimi yaşayır və adam kimi yox olur…

Müəllif daha vacib olan məsələni ustalıqla xatırladır: risalədə təsvir olunan şəxslərin, kollektivin sirlərinin bir-biri ilə qarşılıqlı əlaqəsi var, qarşı münasibətlər mövcuddur və bu münasibətlər ayrı-ayrı adamlara məxsus olan sirlərin ağlagəlməz sərgüzəşti fonunda mövcuddur. Sirlərdən yeni sirlər yaranır…

Digər sirr Əhməd adlı bir odunçu ilə əlaqədar verilir. Burada nağılvari tərzdə Əhməd adlı bir kişinin (arvadı cadugər idi) meşədən odun gətirib bazarda satması və ailəsini, dolanışığını təmin etməyi təsir olunur. Amma bir gün elə gətirir ki, o, evinə tez qayıdır. Tez qayıtmağın sirrini açıb heç kəsə demir. Arvad isə bu sirri öyrənmək qərarına gəlir. Əcəba, meşədə hansı hadisə baş verib ki, Əhməd onu gizlədir? Məlum olur ki, Əhməd bir qollu-budaqlı cökə ağacını kəsmək məqamında ağac insan kimə dil açmış, ona yalvarmışdı ki, onu kəsməsin. Səbəbi də bu olub ki, o, ağac deyildi, bir gənc, gözəl qız idi, ona haçansa cadu edib bu duruma salıblar. “Gəl, sən mənə rəhm elə. Əvəzində mən də sənə tükənməz bir sevgi, bir dünyalıq məhəbbət verərəm” – cökə ağacı (gözəl qız) demişdi.

Arvad bilir ki, ərinə cadu ediblər. “Əri bir könüldən min könülə qız bildiyi həmən cökə ağacına aşiq olub. Cadu edən də həmən ağacın özüdür. Ərini bu cadudan qurtarmağın yeganə yolu gedib o ağacı kəsməyi idi, özü də Əhməd gərək ağacı öz istəyilə kəsəydi. Ərinin bu işi görməsi üçün gərək ona öz sirrini açıb cadugər olduğunu əyan edəydi. Cökə ağacına çevrilmiş gözəl qız.

Yazıçı əsərdə Əhmədin sərgüzəştini bir qəmli və sirli hekayə kimi canlandırır. Həmin hekayənin sirri onda idi ki, sənin sirr kimi bildiyin bir şey, əslində, sirlikdən çıxmışdı. Çünki artıq bu sirri arvadlar da bilir… Yazıçı burada həm də belə bir mənaya işarə vurur: Bir sirr ki, onu üçüncü adam bildi, deməli, onun faş olma ehtimalı hər an artır.

Odunçunun tilsimdən çıxıb-çıxmamasını müəllif, cümlələrin mövqeyini dəyişməklə ifadə edir. Onun yaratdığı obraz (konkret olaraq Həsən müəllim) dediyi cümlələrin intonasiyasını dəyişir (bu, dildə transpozisiya hadisəsidir). Həsən müəllimin qəribə yataq otağındakılar – qızı Həlimə, Tutuquşunun alabəzək müqqəvası, “Əsrlərin müqaviməti” adlı kitabı, eləcə də onun səliqəsizliyi, Tutuquşu ilə dialoqu (- Bu işin axırı necə oldu? Odunçu tilsimdən çıxa bildi?) və düşüncələri danışanın söylədiyi fikrə, obyektiv gerçəkliyə münasibətini ifadə edən “elə bil” feilindən təcrid olunmuş modal sözün qətilik məzmununun gümanlı, şübhəli məzmunla əvəz edildiyini açıb göstərir. Mətnin bir təsiri də “el bil”in təkrarı ilə yaranır.

Çökə ağacı ilə (ağac adam kimi danışır) odunçu Əhmədin qarşılaşmasında bir çox məna ilə rastlaşırıq: Ağac ömrü yaşamaqdan bezmək, ağac ömrü bəxş etmək, yenə öz sevgilisi olan o gözəl qızı görmək, həqiqətin əyan olması, gözəl bir göyərçin; O zaman haradansa uçub gəlmiş o göyərçin də eynən bu ağac kimi sehirdən çıxıb bir qıza dönmüşdü; bu sirrin açılması, bu sirli vaqiə. Müəllifin, risaləsi bu cür başlayır və Səyyahın yazdığı kimi davamı bizi hələ çox-çox qədim dövrlərə aparıb çıxarır.

Hər risalədə bir sirdən söhbət gedir. İkinci risalədə qədim Oğuz elinin say-seçmə igidi olan Bozatlı alp Beyrəkdən danışılır. Bu o Beyrəkdir ki, həyatının ən cavan çağlarını düşmən qalasında əsirlikdə, elindən-obasından ayrılıqda keçirmiş, nişanlısının, ata-anasının, doğmalarının, yar-yoldaşının həsrəti onun qəlbini bərkitmiş, zindan həyatının dözümsüzlüyünü əqli, zəkası, fərasəti hesabına özü üçün firvan bir həyata çevirə bilmişdir. Yazıçı Bayburd qalasında Beyrəyin on altı il həbsi ilə bağlı sirli hadisəni Hacı Mir Həsən ağa Səyyah Düzəngah yolunda bir çobanın dilindən qələmə almışdır.

Oğuzda nə çox igid… Yad ellər – yadellilər. Dədə Qorqud dili risalədəki əhvalatların ifadəsində xüsusi vasitədir: Qızı görçək Beyrəyin ağlı başından getmədimi, getdi, bu gənclər bir könüldən min könülə bir-birinə aşiq oldular. Yolunu gözləməkdən gözlərimin qarası getdi.

Qəhrəmanların qarşılaşması, söhbətləri Oğuz ellərinin oğlan və qızlarının təmiz sevgilərini, məhəbbətlərinə sədaqətlərini, talelərini, onları birləşdirən xətlərin saflığını nümayiş etdirir. “Oxlar göydə üzü yuxarı artıq yanaşı süzürdülər. Sonra Banuçiçəyin oxu Beyrəyin oxunu özündən irəli buraxdı və arxadan həmlə edib onu ikiyə böldü. Bundan sonra hər üç ox parçası geriyə yol aldı və gəlib oğlanla qızın qarşısında yerə düşdü”. Yaxud: “Qız götürüb bir badalaq vurdu, bir badalaq vurdu ki, Beyrək binəva iki kürəyi üstə yerə dəydi. Az qaldı canı ağzından çıxa”.

Bütün sınaqlardan sonra Banuçiçək həqiqəti deməyin zamanı çatdığını görür.

“Sirr saxlaya bilirsənmi, canım oğlan? Səni görən kimi mən də sənə bir könüldən min könülə aşiq oldum… Sirr saxlaya bilirsənmi, o zaman öpə də bilərsən”.

Kamal Abdulla “Kitabi-Dədə Qorqud” dastanını mükəmməl bilən ustad alimdir. Amma necə olub ki, dastan haqqında dəyərli yazılar yazmış digər alimlər Beyrək və Banuçiçək münasibətlərindəki bu vacib məqama fikir verməmişlər?! Həqiqətən də, bu iki gəncin yarışmasında əsl qalib hansı olmuşdur?! Şübhələri yaradan bu idi: dastanın hər iki qədim mətni və bu mətnlər əsasında hazırlanan bütün nəşrlər diktə edirdi ki, bu yarışların qalibi Beyrək olmuşdur. 

Sirlərin cəlb olunduğu sərgüzəşt qəribə mətləbləri, maraqlı həqiqətləri üzə çıxarır: …Bu yeni həqiqət Həsən müəllimin həqiqəti deyildi, bu yeni həqiqət göz qabağında öz-özünə doğulan ağ kağızlardakı qara hərflərin həqiqəti idi. Hacı Mir Həsən ağa Səyyahın həqiqəti idi və bu həqiqətlərin (yeni və köhnə həqiqətlərin) toqquşmasından yenə də sirr yaranırdı. Dastanda deyilənlərlə uyğun gəlməyən fikirlər sirr təşkil edirdi. Bu yeni fikirlərin arxasında ciddi elmi dəlillər, sübutlar dayanırdı. Bu yazılar öz sözünü hələ sonra deyəcəkdi…

Çıxan nəticə, məntiq onu göstərir ki, insan, tədqiqatçı köhnə fikirlərin içərisində qalmamalı, məşğul olduğu sənətin yolunu davam etdirərək yeni fikirləri ortaya qoymalıdır…

Bunu qəbul etməyin əsl məntiqi səbəbi barədə bu yazılar öz sözünü hələ sonra deyəcəkdi. Beyrək nişanlısı Banuçiçəyin toyuna gəlib çıxandan sonra (Dastan belə deyir) onların arasındakı mükalimənin dərin qatında yatan sirr məhz o zaman aşkar olacaqdı. Və yeni həqiqətin həqiqiliyinə daha heç bir şübhə qalmayacaqdı…

Beyrəklə Banuçiçəyin ilk görüşündə baş verən hadisələr sirrə çevrilir və bu sirrin sonrakı sərgüzəşti digər bir təsvirdə verilir. Bu təsvir Beyrəyin on altı il Bayburd zindanında həbsdə qalması ilə başlayır. Beyrəyə xəbər çatdırırlar ki, Oğuz elində onu hamı ölmüş bilir, bu səbəbdən də nişanlısı Banuçiçəyi başqasına ərə verməyə hazırlaşırlar.

Saz çalan Beyrəyi tanımadıqda Banuçiçək “bu üzüyün sirri var, sən Beyrəksənsə bu sirri bilməlisən… Sirr Beyrəyin onu üç öpüb bir dişləməsinin (sevişmələrinin) sirri idi ki, Beyrək bu vacib dəlili sonadək açıb ortaya qoymur və verdiyi əhdə bivəfa çıxmır. Hacı Mir Həsən ağa Səyyah bu sirri sirlərin sirri sayır və Beyrəyin sonrakı faciəli taleyini də qismən bu sirr ilə əlaqələndirir.

Romandakı təsvirlər orijinal, ifadələr sərrastdır, dolğundur: Həlimənin qəlbinə dəli bir ümid doldu; Həlimə ürəyi ata-ata keçib oturdu; Sahil bağında Bəyim, elə bil, quş olub qanad açmışdı; çünki o, əslində, özünə yenicə əyan olmuş həqiqətin qum sarayı kimi dağılmasını gözləyirdi. Ona elə gəlir ki, Həlimənin cavabı bu müəmmanı alt-üst edəcək və o, yenə əvvəlki kimi öz düzənli aləminə qayıda biləcəkdi. İndiki həqiqət başdan-başa şübhələrin və gümanların içində idi və Həsən müəllimin düzəninə əməlli-başlı xələl gətirdi. Onun üçün bu ikinci həqiqəti, hardansa uzaq zamanlardan özü öz ayağı ilə gəlib onun yazı masasına quş kimi qonan həqiqəti qəbul etmək çətin idi.

Çox da təsəvvürə gəlməyən fikirlərin biri də o qədim zamanda oğlanla qızın necə güləşə bilməsidir. Yazıçı buna işarə vurur ki, bəzi hadisələr qəsdən, yaxud da başqa formada şişirdilib, mümkün olmayan müəmmalar, sirlər yaranıb.

Xalq yazıçısı dastandakı həqiqətlərlə yeni yaranan fikirləri qarşılaşdırır, obrazların düşüncəsində, eyni zamanda, sirlərin qovşağında fərqli variantlar ortaya qoyur.

Yazıçı Həsən müəllimin bütün xüsusiyyətlərinin incə məqamlarını, onun nitqini, övladına, yazısına münasibətini, keçmişlə bağlılığını çox dəqiq boyalarla təsir edir: Çox gözəl. Çox pakizə (bu “pakizə” sözünü Həsən müəllim tez-tez və sevə-sevə işlədirdi)…

Romanda həm real, həm də mifik obrazlar daxili təlaşı, anlaşılmaz duyğular aləmi ilə təsvir olunur.

Fəsillər üsulu da maraqlıdır, ilk baxışda adama elə gəlir ki, oxucunu artıq başlıqlar maraqlandırmır, hadisələr payızda, ya qışda baş versin, fərqi yoxdur. Amma belə deyil… Müəllif göstərir ki, Mir Həsən ağa Səyyahın payız qədər sevdiyi və ləzzət aldığı başqa mövsüm yox idi. Elə bu sevgisinə görə də risaləni “Payız” fəsli ilə başlamışdı… Sirlər ən çox payızda yaranır, payızda qorunub saxlanılır. Payız ruhları saflaşdırdığı üçün sirr saxlayan fəsildir, məsələnin də canı budur. Payızda özün öz içinə, özün özünə qayıda bilirsən. Payızda yalançı ümidlər, yalançı vədlər yox olub gedir. Özün üçün yaşamaq həvəsi payızla gəlir. Sonra qış gəlir və bunları dondurur. Sonra bahar gəlir və bunları məhv edir. Yay fəsli hər şeyi yenidən diriltməyə çalışır, amma alınmır – çünki yay fəsli huşsuzluq zamanıdır. Fəsil fəsli-payızdır ki var.

Romanın dili oxunaqlıdır. Burada maraq doğuran cəhətlərdən biri də yazıçının sintaktik vahidlərdən kompleks halda istifadə etməklə mətnin, müxtəlif dövrlərdə baş vermiş hadisələrin şərhində, təqdimində özünəməxsus yeni üsul tapmasıdır. Müəllif təhkiyəsində müxtəlif tipli cümlə növləri məntiqi biçimdə bir-birini əvəzləyərək mətndə izahedicilik, aydınlaşdırıcılıq və əlavə informasiya vermək funksiyası daşıyır. Belə durumda yazıçı hətta durğu işarələrindən də (çox nöqtədən) ardıcıl olaraq yardımçı üslubi vasitə kimi istifadə edir: Şahinin gözləri ora-bura qaçırdı, üzünə isə sanki bu sözlər yapışmışdı: “Belə-belə işlər…” (üç nöqtəsilə bir yerdə).

Obrazın adı mötərizə içərisində verilir: Onun (Həsən müəllimin); Qoca kişi (Həsən müəllim); “Keçmişin ilıq bir guşəsinə sığınmış”, “həyatından razı”, “ruhu ilə o uzaq məkana sığınmış” (Həsən müəllim); “Günlərin bir günü (bir risaləni yazmağa başladığı zaman) yazdığı şəhər əhli ona öz isti münasibətini tamamən dəyişdi… “Bamazı köynək”, “kartof qızartması, sevimli sabah yeməyi, qara fincan, süd kasası – bütün bunlar Həsən müəllimin hobbisini digərlərindən seçib ayırır.

Paralel cümlələrdən çox istifadə üslubi fiqur kimi dəyərli cəhətlərdəndir: Bir xeylax beləcənə sükut içində qız mənə, mən qıza baxdım. Səsi özündən gözəl idi, özü səsindən (s.34); Məhəmməd yenə də təəccüb dolu baxışla atasına baxır, atası da məlul-məlul Məhəmmədə baxır…

Bu əsərin dilini səciyyələndirən əlamətlərdən biri də ifadə tərzinin özünəməxsusluğudur. Romanda təhkiyə – ifadə tərzi fəlsəfi ümumiləşdirməni (sirr konseptini) bədii nəsr kontekstinə çəkir.

Yekun olaraq qeyd etməliyəm ki, Xalq yazıçısı Kamal Abdullanın ümumən yaradıcılığında və konkret olaraq bu yeni romanında sirrə, sirr anlayışına münasibətini tanınmış amerikalı mütəxəssis, professor Mark Statkiyeviçin (ABŞ) aşağıdakı fikri olduqca parlaq şəkildə əks etdirir: “Kamal Abdulla yazını və sirri bir araya gətirərkən insan məhkumluğunun xüsusi təyinatı haqqında fiki inkişaf etdirir. Onun roman təhkiyəçisi bilir ki, “əlyazmalar öz sirrini yazıda gizlədir”.

https://525.az/site/?name=xeber&news_id=132530#gsc.tab=0