Türkiyədə Xalq yazıçısı, akademik Kamal Abdullanın 70 illik yubileyi münasibətilə “Mifologiya elçisi Kamal Abdulla ərmağanı” adlı kitab işıq üzü görüb.

525.az xəbər verir ki, kitab yazıçı, elm adamı və ictimai xadim Kamal Abdulla şəxsiyyətinə sonsuz sevgi, ehtiram, tükənməz arzu və diləklərlə yanaşı, həm də Kamal Abdullaya həsr edilmiş dünya filoloji fikri üçün önəmli olan elmi məqalələri özündə birləşdirir.

Kitab təkcə məzmun zənginliyi ilə deyil, orada yer alan imzaların coğrafiyası və müxtəlif sahənin insanları olması ilə də olduqca maraqlı və diqqətçəkəndir.

Nəşrin ön sözünün müəllifi məşhur türkoloq, professor Əhməd Bican Ərcilasun bu kitabı sadəcə yubilyara onu sevənlərin arzu və diləkləri kitabı deyil, həm də türkologiya üçün elmi ağırlığı olan əsər adlandırır. O qeyd edir ki, kitab onu sevənlərin Kamal Abdullaya ərmağanı yox, həm də Kamal Abdullanın türkologiya elminə, filologiya elminə olan ərmağanıdır.

Bu günə qədər ərmağan kitabları Türkiyədə yalnız yerli ziyalılar, ədəbiyyat və elm adamları haqqında hazırlanıb. Bu ənənə indi də davam etməkdədir. İlk dəfə Türkiyədə başqa bir ölkənin nümayəndəsi olan görkəmli dilçi alim, türkoloq və yazıçı Kamal Abdulla haqqında eyni formatda “Mifologiya elçisi Kamal Abdulla ərmağanı” adlı kitab hazırlanıb. Bu Azərbaycanın elm və mədəniyyət tarixində də ilk belə hadisədir.

Yeni nəşrdə təkcə Türk dünyasının deyil, dünyanın müxtəlif ölkələrinin bir çox görkəmli elm adamlarının, ictimai xadimlərinin imzalarını görə bilərik. Kitabda Şeyxülislam Allahşükür Paşazadə, Anar (Azərbaycan), Oljas Süleymenov (Qazaxıstan), Zeynep Qorxmaz (Türkiyə), Mirfatix Zəkiyev (Rusiya-Tatarıstan), Franko Kardini (İtaliya), Maks Statkeyeviç (ABŞ) kimi bir çox görkəmli yazarların, elm adamlarının, ictimai xadimlərin Kamal Abdulla haqqında ürək sözləri, təbrikləri, elmi araşdırmaları, həmçinin Türk Dil Qurumunun rəhbəri professor Gürer Gülsevinin, PİAC-ın prezidenti professor Barbara Keilner Heinkelenin, Yunus Əmrə İnstitutunun direktoru professor Şərəf Atəşin, İranın Qərbi Azərbaycan valisi Məhəmməd Rza Porməhəmmədin, Ukrayna Kiyev Milli Linqvistik Universitetinin rektoru, professor Roman Vaskonun, Özbəkistan Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru professor Şöhrət Siracəddinovun, Fransa Senatının sabiq üzvü, Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jean-François Manselin yubiley münasibətilə ünvanladıqları xoş arzuları yer alıb.

İstər yazıçı, istər elm təşkilatçısı və alim, istərsə də ictimai xadim kimi Kamal Abdullanın elmi və ədəbi yaradıcılığı, onun Dövlət müşaviri kimi ictimai fəaliyyəti, ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətindəki rolu və digər çoxşaxəli fəaliyyəti Almaniyadan Ziqlinder Hartmann, Hendrik Boeşeton, Florian Rupp, Messud Əfəndiyev, Orxan Aras, Klaus Volf, ABŞ-dan Connah Scott, Adnan Xan, Tehmina Xan, Kamal Silay, İngiltərədən Anne Tompson, Neil Vatsaon, Türkiyədən Əhməd Bican Ərcilasun, Tuncer Gülənsoy, Saim Sakaoğlu, Osman Fikri Sertkaya, Fikrət Türkmən və digər alimlərin, Yaponiyadan İçiro İto, Takayuki Yokota-Murakami, Qazaxıstandan Oljas Süleymenov, Erden Kajibekov, Braziliyadan Sudha Svarnakar, İtaliyadan Elizabetta Raqaqnin, Franko Kardini, Sandro Teti, İrandan Məhəmməd Rza Porməhəmməd, Rusiyadan Yuri Polyakov, Aleksandr Bondarev, Georgi Pryaxin, Aleksandr Nesterov, İvan Qolubniçiy, Lev Anninski, Lyudmila Lavrova, Radif Zamaletdinov, Alfiya Yusufova, Özbəkistandan Nizaməddin Mahmudov, Şöhrət Siracəddinov, Serbiyadan Draqan B.Damyanoviç, Litvadan Vidas Kavalyauskas, Qrasilda Blaziene, İolanta Zabarskayte, Lione Lapiniskie, Gürcüstandan David Qotsiridze, İsveçrədən Patrik Serio, Fransadan Klod Aliber, Eckhart Hötzel, Mişel Bozdemir, Andrea Brinyon, İspaniyadan Rafael Qusman, Türkmənistandan Muradgeldi Soyeqov, Macarıstandan Maria Kenesi, Culia Barsa, Polşadan Yan Malicki, Kamila Stanek, Qrajina Zayonts, Misirdən Məhəmməd Haridi, Əhməd Sami Elyadi, Rumıniyadan Liviya Kotorça, Lyudmila Bejenaru, İndoneziyadan Husnan Fannani, Ukraynadan Roman Vasko, Çexiyadan Eduard Qombar Azərbaycandan Şeyx Allahşükür Paşazadə, İsa Həbibbəyli, Sabir Rüstəmxanlı, Aydın Ələkbərov, Ramiz Rövşən, Rəhman Bədəlov, Vilayət Quliyev, mərhum Tofiq Hacıyev, Vaqif İbrahimoğlu və digər görkəmli insanlar tərəfindən dəyərləndirilib. Ümumilikdə 25 müxtəlif ölkədən 121 elm və ictimai xadimin yazıları bu kitabda Kamal Abdulla işığında bir araya gəlib. Bu dünya ziyalılarının, Kamal Abdullanı sevənlərin ona və onun simasında Azərbaycana ərmağanıdır deyə bilərik.

Təkcə Kamal Abdulla deyil, bütün Azərbaycan elmi və mədəniyyəti üçün böyük əhəmiyyət daşıyan kitabın baş redaktoru Əhməd Bican Ərcilasun, redaksiya heyətinin üzvləri Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Fransa, İtaliya və Qazaxstandan olan elm adamları, tərtibçiləri isə Azərbaycandan “Türkologiya” jurnalının məsul katibi dosent Elçin İbrahimov, Türkiyədən isə “Türk Ədəbiyyatı” dərgisinin baş redaktoru dosent Bəhtiyar Aslan və “Türk Ədəbiyyatı” Vəqfinin müdiri İmdat Avşardır. Kitab “Türk ədəbiyyatı nəşrləri” silsiləsindən Yunis Əmrə İnstitutunun və Qafqaz Universitetlər Birliyinin birgə təşəbbüsü və dəstəyi ilə nəşr olunub.

Kitabı yüksək dəyərləndirən ön söz yazarı və baş redaktoru məşhur türkoloq, professor Əhməd Bican Ərcilasun “Ərmağan” haqqında fikirlərini bu şəkildə ümumiləşdirir:

“Bence bu eser yalnız Kâmal Abdulla’ya değil bizlere de bir armağandır. Kâmal Abdulla benim gözümde Türk Dünyası Türkoloji’sinin bir temsilcisi, bir nümayendesi gibidir. Bu bakımdan eserin, bütün Türkoloji’ye ve Türk Dünyası’na bir armağan olduğunu da söyleyebilirim”.

https://525.az/news/157333-turkiyede-mifologiya-elcisi-kamal-abdulla-ermagani-kitabi-isiq-uzu-gorub