Tehran Əlişanoğlu

  …1990-cı illərdə Azərbaycan səhnəsində klassika bitib-tükənəndə Kamal Abdulla bu “boşluğ”a öz modern teatrı ilə girdi; doğrudur, köhnə və təzə “absurd” yanında hələ bir qədər kölgədə qalsa da, bir qədər özgə, naşı, öyrəşmədiyimiz, mistik-ruhsal səciyyəsi, poetikası ilə tədricən vərdişlərimizi alacaqdı. Etiraf edim ki, tamaşaçı olaraq zəmanəmizdə modern səhnəni mən ilkin “Yuğ”da, Kamal Abdullanın “Bir-iki – bizimki”si ilə tanımışam, elə “Yuğ”u da “bizimki” olaraq… Kamal Abdulla “gümüş dövrün şairləri”ni çevirə-çevirə, paralel şeir də yazıbdır; bizdə “magik realizm”i gəlişdirə-gəlişdirə ilkin hekayələrini də. Amma nədirsə, ötən əsrin lap sonlarınacan bizdə modernite ədəbiyyatı deyəndə ilk yada düşən Ramiz Rövşən idi, Vaqif Səmədoğlu, Vaqif Bayatlı idi, nəsrdə Anar, Elçin, Afaq Məsud, hətta Mövlud Süleymanlı olurdu. Kamal Abdullanın adı bu sırada daha çox esseist, “əvvəl-axır yazılanlar”la, “kədərli seçmələr”də xatırlanırdı. Çün axı Kamal Abdulla həm də “300 Azərbaycanlı”nı yazmış, “sirri”nə nüfuz etmiş qüdrətli bir ədibdi; “o nə sirdi açılacaq sirdisə”!, “yolun əvvəli” kimi, “axırı” da hələ qabaqdaydı…

      Zəmanəmiz Kamal Abdullanı XXI yüzildə tanıdı; həm də “modernite”ni arxada qoyub bizdə post-modernin banisi kimi: “Yarımçıq əlyazması” ilə, “Sehrbazlar dərəsi” ilə, “Unutmağa kimsə yox”la… Elə bir “Bermud üçbucağı” ilə (Kamal Abdullanın öz təyinidir) ki, cəsarətlə: “Mən, Molla Nəsrəddinin sözü olmasın, ayağımı “üç dəfə” cızıqdan kənara çıxardım və deyilən bütün hədyanları öz üzərimə qəbul etdim. O birilər üçün, inşallah asan olar…” – deyə bildi. Və bu dəm baxıb gördük ki, Kamal Abdullanın tüm modernite axtarışlarında hardasa elə əzəldən bir ironiya da yatırmış; Kamal Abdulla yaradıcılığında klassik dəyərlərin tədqiqi, klassikaya pənah və böyük sayqı ilə yanaşı, günün gizli bir istehzası da yer alırmış. Baxıb gördük ki, Kamal Abdullanın Qərb axtarıcılığında Şərq, elm axtarışlarında ədəbiyyat, ədəbiyyatda elm, kainat nizamında sərhədsizlik-xaos, harmoniyada disharmoniya ehtirası, antik mövzularında modern, müasirliyində antika, tarix ölçülərində bu gün, ötüb-ötüşən günümüzdə tarix, paralel dünyaların məntiqi və məntiq axtarışlarının a-logikliyi… baxışır, çulğaşır, biri-birisinə təbəssüm göstərirmiş. Yəni başdan-binadan dekonstruksiya, post-modernite dediyimiz bir sirr… 

       Kamal Abdulla ədəbiyyatımıza Dünyalar gətirdi: Sirr içində dastan, Günortac, Sehrbazlar dərəsi, İnsasanlar ölkəsi, yaxın-uzaq Ellada, Dansökülən, Mənim Füzulim… Obrazlar-qəhrəmanlar kəşf etdi: tənha Dədə Qorqud, oğul Qorqud, xanlar xanı Bayındır xan, Xızr-Xətai… Oxucunu Xorxe Luis Borxesin “ədəbiyyat yuxusu” ilə sehrlədi, Umberto Eko ilə görüşdürdü və qayıdıb Hacı Mir Həsən ağanın bitib-tükənməz dolambacları, dərinləri ilə içərik, iç-içə qoydu onu.

      Kamal Abdulla ədəbiyyatımızda elə bir “Labirint” (həm də hekayələr toplusunun adıdır) açdı ki, nəinki modernite gəzib-pusanlar, hər kəs hər cürə “sirr” axtarıcılığına girdi bura, – mən elmi və ədəbi-tənqidi prosesi müntəzəm izləyənlərdənəm, –  son on beş ildə humanitar elmin və tənqidin işığına gələnlər yazıçının mətnlərinə olduğu qədər ədəbiyyatda heç bir sorağa belə can atmamış, həvəskar omamışlar; hər gələn həm baxıb-gedibdi…

      Kamal Abdulla sərgüzəştlər gətirdi ədəbiyyatımıza. “Sirlərin sərgüzəşti”… Bu ki, Mirzə Fətəlinin “Təmsilat”ından beləsinə “tilsimi”nə düşüb də alternativini axtaran yox idi. Kamal Abdulla klassikasından qopa bilməyən ədəbiyyatımızla yanakı, paralel Ədəbiyyat ortaya qoya bildi. Bir-iki – bizimki… Doqquz-on – qırmızı don…

      Bircə qutlamaqlıq qalır.

     Ömür təntənəniz mübarək, Kamal Abdulla!

https://edebiyyatqazeti.az/news/edebi-tenqid/6616