Tahirə Məmməd

Füzuliyə həsr olunmuş kitabın yazılma səbəbini xatırlayır Kamal Abdulla –  səsin, sözün, rəngin cazibəsi və şairə məhəbbət! Bunlar məndə, nədənsə, “Dəhnamə”dəki  aşiq və qasidlər assosasiyasını   oyatdı –  Ah, Huş, Göz yaşı, Səba yelindən göndərilən məktublar və Qasidin gətirdiyi xəbər… nəhayət, aşiqin hüzuru   Dinlədiyi musiqi, araşdırdığı tədqiqatlar, içinə nüfuz etdiyi rəsm əsərləri  yazıçının  məhəbbətindən Füzuliyə  söz açan  qanadlı məktub kimi ucalır… Bəlkə də əksinə, Füzulinin dəvət məktublarıdır… Bu məktublar gələndir, yoxsa göndərilən… Fərqi yoxdur, içində eşq, kədər və hüzura inam var…   yol açır və ünsiyyətə yardımçı olur.  Dialoqa razılıq əldə edilir və Füzuli bəzi sirr pərdələrini qaldırır…  Füzulinin “Mən kiməm?…” sualına paralel olaraq müəllif sualı yaranır “Füzuli kimdir?”.   

 Müəllifin Füzuli ilə, şairlə, şairin “xatırladıqlarıyla” dialoqu başlayır…   “Füzuli kimdir?”də  eyni zamanda  yazıçının “Mən kiməm?”i  oxunur.  “Mənim Füzulim” üfüqi bir xətdən paralellərə, daha sonra paralellərdən üfüqi xəttə çevrilmə hərəkətini nümayiş etdirir. Bu, Füzulinin ruhunun – ruhu və cisminin –yenə də ruhunun trayektoriyasının qrafik rəsmi, səsi, musiqisidir. Füzulinin xatırladığı azadlıq məqamı tək xəttə, əzabları paraleldə, hüzuru, fəna və bəqaya yaxınlaşması sonu görünməyən tək xətdə baş verir. Füzuli üfüqü yaranır: Kainatın qara dəliyi, Bermud üçbucağı və Füzuli üfüqü…  Kainatı gerçək var olanın miratı, güzgüsü kimi qavrayan dünyabaxışından yola çıxan şairi paralellərsiz necə izah etmək olar ki…

Füzulidə gördüklərini bir-bir izah etməyə çalışmır müəllif, onun sözünün və özünün cilvələrini göstərir – paralellərdə və onların qeyb olduğu üfüqi xətdə… və üfüqdə. Kamal Abdulla izah, şərh, təhlil yolunu tutmadığı üçün “Mənim Füzulim”i də izah, şərh, təhlil etmək olmur…

 Füzulini sorğu-suala tutub onun yaddaş qutusunu çözməyə çalışan Kamal Abdullanın  klassika ilə, divan ədəbiyyatı ilə dialoqu, bu istiqamətdə xatırlamaları onun öz yaradıcılığının aparıcı xəttini təşkil edir. Kamal Abdulla yaradıcılığının dərin yaddaş qatlarında həm qədim türk mifologiyası, həm türk dastançılığının semiotik strukturu, həm antik yunan mədəniyyəti, həm divan ədəbiyyatı, həm intibah,  eləcə də ünsiyyəti, dinamikliyi, canlılığı ilə seçilən müasir dünya var. Onun yaradıcılığı çevikliyi və həssaslığı, dinləmə və orijinal, gözlənilməz cavab vermə ustalığı ilə diqqəti cəlb edir.

Füzuli ilə dialoqu yazıçının özünəməxsus suallarını, öz maraq dünyasını açır.  

C.Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalının 22 may 1925-ci il sayında çap olunan məqaləsində yazırdı: “Rəhmətlik Füzuli “Molla Nəsrəddin”in birinci nömrəsindən başlayıb, bu günə qədər məcmuəmizdə iştirak etmiş və şeirlər yazmışdır”.  Eyni ardıcıllıq, eyni nəfəs Kamal Abdullanın da yaradıcılığında hiss olunur, “Sirri-zəmanə”, “Birun-əndərun”, “Sirlərin sərgüzəşti” əsərlərində daha parlaq cilvələnir, nəhayət, müəllif özünün ünsiyyətini, yaşantısını elmi-bədii səciyyə daşıyan “Mənim Füzulim”lə açır. Elə qəribə dialoq qurur ki, sanki oxucu bu dialoqu dinləyir, oxumur, məhz dinləyir. Dialoqun şahidi qismində yaranan paralellərə oxucuda bəzən etiraz, bəzən də Şairin-Füzulinin-Sözün mahiyyətini açan metaforaların  uğurluluğuna heyrət oyanır və oxucu müəllifin paralelləri, ya üfüqi xətti davam etdirəcəyini səbirsizliklə, eyni zamanda diqqətlə izləyir. Böyük bir gərginliklə davam edən yolun nəhayətində fəna gəlir – içində bəqa olan möhtəşəm fəna. Məcnun və Leyli,  Şair və Məcnun, Füzuli və Məcnun,  Leyli və Şair, Leyli və Məcnun … Fəna və bəqa;  yaşananların cəmi, səslərin və rənglərin burulğanı – Füzuli üfüqü… Bütün cəhətləri itirən üfüq… O üfüqə çatmaq, ona qovuşmaq,  onda yer tapmaq  – azadlıq, həsrət, kədər, fəna və Füzuli! Füzulinin varlığının və yaşarılığının sirri, əbədi var olmadan duyduğumuz məmnuniyyət, sakit gülümsəmə və hüzur… əbədi üfüq…

Füzuli möcüzəsi, onun oxucuya təsir gücü həm də fikirlərini qurduğu kontrastlarla çatdırmasındadır. Həmin kontrastın özündə də bir paralelizm var; o kontrastların toqquşmasında çıxırsan Füzuli üfüqünə. Kamal Abdulla özü də işıqlanma yaratmaq üçün  kontrastlardan az istifadə etmir, oxucunun məlum hesab etdiklərini naməlumlaşdırır, onu bağlı qutu kimi yenidən açır… açdıqları yenə qönçələrdə və qutularda, ağzı bağlı şüşələrdədir… qutular sonsuzluğunda oxucunu Kainatın qara dəliyinə, Sözün (ehya verilmiş Söz!) Bermud üçbucağına və  Füzuli üfüqünə dəvət edir… həm də Hüzura!

https://edebiyyatqazeti.az/news/sience/6623