Vaqif Yusifli

Hörmətli Azər Turan! “Ədəbiyyat qəzeti”nin sonuncu sayında akademik Kamal Abdullanın 70 illiyinə həsr olunan xüsusi buraxılışını böyük həvəslə izlədim, onu tanıyanların və sevənlərin ürək sözlərini diqqətlə oxudum. Mən bu xüsusi buraxılışı təkcə Kamalın 70 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi kimi deyil, həm də müasir Azərbaycan elminin və ədəbiyyatının bayramı kimi qəbul elədim. Təbii ki, bir az gecikmiş olsa da, mənim də bu təbrikimi qəzetinizdə dərc etməyinizi xahiş edirəm.

Kamal Abdulla mənim dostum deyil, tələbəlik illərindən (o, məndən bir kurs aşağıda oxuyub) bu vaxta qədər onunla çox təsadüfi hallarda yan-yana oturmuşuq. Amma eyni zamanda o, mənim dostumdur və bu dostluğu onun kitablarını (əksəriyyətini öz imzasıyla mənə bağışlayıb), mətbuatda çıxan elmi məqalələrini, şeir və nəsr əsərlərini, pyeslərini oxuyandan sonra qazanmışam. Və Kamal Abdulla heç özünün də xəbəri olmadan mənim sevimli müəlliflərimdən birinə çevrilib. Bu o deməkdir ki, mən Kamalın əksər fikirləri, sanballı sözü ilə şəksiz razılaşmışam.

Kamal Abdulla istedaddır. Bu istedad fitridir və eyni zamanda, böyük zəhmət bahasına əldə olunan bir cövhərdir. Xüsusi buraxılışda onun kamil dilçi, istedadlı şair, dramaturq və s. olduğu dönə-dönə təsdiqlənir. Əcəba, bu necə olur həm dilçiliyin müxtəlif sahələrinə nüfuz edəsən, Dədə Qorqud dastanlarının mətnindəki gizliliyi zahirə çıxarasan və dastanın tədqiqində yeni bir mərhələnin əsasını qoyasan, həm də Azərbaycan ədəbiyyatında tamam yeni səpkili romanlar yazasan? Əcəba, bu necə olur, postmodernizm ədəbi cərəyanının ədəbiyyatımızda “cövlan etdiyi” (əksər müəlliflərin mahiyyətinə çox da bələd olmadığı, yalnız “eksperimentlər” səviyyəsində inad göstərdiyi və nəticədə, bu “dalğanın” uzun sürmədiyi bir dövrdə) pyesləri və romanları ilə bu cərəyanın milli-bəşəri nümunələrini dünyaya tanıda (“Yarımçıq əlyazma”nın neçə dildə tərcümə edildiyini unutmayaq. Bu sualların ancaq bir cavabı ola bilər: “Cəhd eylə kamil ol kim, gəlməz kəmalə nöqsan” (Nəsimi). Kamal Abdullanın bütün ömrü kamillik uğrunda mübarizə ilə şərtlənib. Mən onu istedadını çoxcəhətliliyinə görə Azərbaycanın XX əsrdəki Anar, Elçin fenomenləri ilə müqayisə edə bilərəm.

Kamal Abdullanın ilk kitablarından biri – “Müəllif-əsər-oxucu”dan (1985) tutmuş, “Mənim Füzulim”ə (2019) qədər – bu otuz beş ildə keçdiyi yolu bir sıravi əsgərin general rütbəsinə yüksəldiyi möhtəşəm zəfər pillələri kimi səciyyələndirmək olar. Amma o, aspirantlıqdan, kiçik elmi işçilikdən akademikliyə qədər şərəfli bir yol keçib və bu yolun çətinliyi onu qorxutmayıb. Elmdə qorxaqlıq ən böyük cinayətdir ki, istedadını daş altında gizlədəsən, Kamal Abdulla Ramiz Rövşənin dediyi kimi “fikrin, düşüncənin hər cür şəklini çəkdiyi, tapdığı və sevinə-sevinə hamıya göstərmək istədiyi” fikirləri, duyğu və düşüncələri cəsarətlə öz oxucusuna təqdim edib.

Kamalın elmi üslubu ilə bədii üslubu arasında fərqi, ayrıntını yox, qəribə bir vəhdəti görürəm. “Üslub-bütün üslubların yaddan çıxarılması deməkdir” (Jül Renar) – söhbət onun elmi əsərlərindən gedirsə, Kamalın üslubu mürəkkəblikdə sadəliyin (dil səlisliyi, fikir ardıcıllığının nizamı və s.) faktıdır. Bədii əsərlərində də bu xüsusiyyət obrazlı ifadə tərzi ilə səciyyələnir, amma həm elmi, həm də bədii əsərlərində Kamalı eyni bir nöqtəyə gətirib çıxaran FİKİRdir. Heç bir əsərində Kamalıf fikirsiz təsəvvür edə bilmirəm. K.Abdulla yazır ki: “Folkner böyük sənətkar idi. Və o, hər hansı bir əsərini yazarkən qarşısına konkret bədii-estetik məqsədlər qoyurdu. Hər bir əsər ilk növbədə onun özünün özü ilə apardığı mübarizənin meydanına çevrilirdi” – bu fikri Kamalın özünə də aid etmək olar. Və Kamal bu mübarizədə özü özünə qalib gələn bir yaradıcıdır.

Mən Kamal Abdullanın dilçiliklə bağlı elmi əsərlərindən söhbət açmaq istəmirəm. Çünki onun Azərbaycan dilçiliyində və ümumən türkoloji aspektdə gördüyü işləri dilçi alimlər kifayət qədər olmasa da, hər halda şərh ediblər. Onun bədii əsərlərindən qısaca söz açmaq istəyirəm. Bizim tanıdığımız görkəmli alimlərin əksəriyyəti hələ böyük alim olmamışdan əvvəl şeir, ya hekayə yazıblar. Amma onların elmi təfəkkürü bədii təfəkkürünə qalib gəlib. Kamal Abdulla isə lap öncədən bədii söz demək ehtiyatını zərrə-zərrə inkişaf etdirib və bunun nəticəsidir ki, onun şeir, nəsr və dramaturji yaradıcılığı bədii söz ustaları tərəfindən qətiyyən qısqanclıqla qarşılanmır. Çünki Vaqif Bayatlı demişkən: “Şairlik, doğrudan da, səsi tanımaqdan, içində hansı səsə yer verməyi, hansı səsə yer verməməyi seçə bilməkdən başlayır” – Kamal Abdullanın içindəki səslər o qədər çoxçalarlıdır ki, heç inanmağım gəlmir, bu səslər onu rahat buraxa.

Poeziyanın çox qəribə, sirli bir aləmi var və bu aləmin dərinliyinə vardıqca səni çəkib aparır. Bir də görürsən ki, tamam şeirə bürünmüsən, misraların içində səni özünə çəkən, bir an belə rahat buraxmayan duyğularla baş-başasan. Kamal Abdullanın “Nar çiçəkləri” şeir kitabını oxuyanda mən belə bir hiss keçirdim.

Kamal Abdullanın şeirlərini bir şairin tənhalıq duyğuları da adlandırmaq olar, yaxud qəlbin -“ağıllı ürəyin” çırpıntıları kimi də qiymətləndirmək olar, hətta bu şeirləri bir fərdin-duyğusal bir insanın səadət, xoşbəxtlik axtarışları kimi də qələmə vermək olar. Amma nə olur-olsun, bunlar insani hisslərin bir az qeyri-adi ifadəsidir. Qeyri-adilik nədədir? Qeyri-adilik bu şeirlərin aşıladığı ovqatdadır. Səni özünə çəkən də budur.

Şeirdə hər şeydən danışmaq olar. Amma necə? Bəziləri qışqıraraq, hər sətirdə “mən” deyib mikrofonu çatdadaraq şeir bağırırlar. Bəziləri əllaməçilik libasına bürünərək sətirləri, misraları bir kəmər kimi şeirlərinin belinə dolayırlar – məna da yox, hiss də, duyğu da. Bəziləri isə bizimlə adi danışıq tonunda dilləşirlər, misralardan pilləkan düzəldib nəfəslərimizi kəsənə qədər canımıza sinirlər. Kamal Abdullanın şeirlərində isə şeirimizin yaşarı ənənələrindən gələn, dilimizin zərifliyini, gözəlliyini xatırladan bir xətt var.

Sevməyə bir adam qalmadı daha.

Hər şeyin dadı qaçdı

Çiçəklərin üzündəki kəpənək kimi.

Yağışlar başladı.

Üzü Allaha tərəf,

Üzü dərgaha sarı yağırdı bu yağışlar.

Şeirdə Yağış insanla Allah arasında qırılmış körpülərin, sanki yox olmuş diləklərin ifadəsimi? Bəlkə, əksinə? Əgər yağış “min il su üzü görməyən səhraların dibsizliyindəki ölü ruhları” canlandırırsa, sevməyə bir adam qalmırsa, nədi bu məntiq? Məsələ burasındadır ki, K.Abdulla məlum nəsnələrin və hadisələrin əks tərəfini düşünür. Başqa bir şeirində də o, yenə yağışların üzüaşağı deyil, üzüyuxarı yağdığını söyləyir və artıq həmin şeirdə hər şey aydınlaşır.

Kamalın şeirlərini oxuyanda heç fikirləşmirsən ki, bu şeirlərdə hansı bədii təsvir vasitələri, təşbeh, metafora silsilələri ilə qarşılaşacaqsan. Əslində, Kamalın şeirlərində bədii təsvir vasitələri silsilə təşkil edir. Sadəcə, fikrin ahənginə uyğun sözlərin, misraların arxasınca gedirsən.

Üfüq məndən qaçmadı,

Məndən uzaqlaşmadı.

Üfüq mənə başladı

Dərdini danışmağa.

Üzüm üzünə dəydi,

Gözüm gözünə dəydi.

Mənim dərdim nəydi

Onun dərdi yanında.

Kamal Abdulla Tənhalığı məhz sevgi kimi tərənnüm edir. Oxucu bu tənhalığın verə biləcəyi qəmə, kədərə deyil, sanki verə bildiyi xoşbəxtliyə alışır. Bəlkə də bu bir aldanışdı?

2004-cü ildə Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı çapdan çıxdı. Roman gözlənilmədən ədəbi aləmdə böyük əks-səda doğurdu və düz on il mətbuat səhifələrində bu roman haqqında söz-söhbət davam elədi. Həm “Yarımçıq əlyazma”, həm də Kamalın “Sehrbazlar dərəsi” və “Unutmağa kimsə yox” romanları dalbadal xarici ölkələrdə də çap olundu XXI əsrdə Azərbaycan yazıçılarından heç biri dünya ölkələrinə bir belə qitələr, meridianlar keçib “səyahət marşrutu”na çıxmamışdı, eləcə də həmin romanların milli ədəbi-ictimai sferada hadisə kimi qiymətləndirilməsi nadir hadisə sayılmalıydı. Digər əsas səbəb: Kamal Abdullanın “Yarımçıq əlyazma”sı postmodernizm poetikası ilə birbaşa səslənən əsər idi və onu bizim milli nəsrimizdə ilk postmodernist roman kimi qəbul etmək olar. Amma “ilk” təyinini işlədiriksə, Kamal Abdulla “Casus” və “Hamı sevənlər burdadı” pyeslərini də dramaturgiyamızda ilk postmodern əsərlər hesab etməliyik. Özü də bu pyeslər onun romanlarından əvvəl qələmə alınmışdı. Mən bu romanları təhlil etmək fikrində deyiləm (on il ərzində kifayət qədər təhlillər aparılıb). Amma bir suala cavab vermək istərdim. Niyə Kamal Abdulla romanlarında bu “sirr oünları”na belə aludəçilik göstərir? Məncə, bu sirlərin açılması, çözülməsi insanın əqli qüvvəsindən asılı deyil və Kamal Abdulla kainatın, paralel dünyaların başdan-ayağa sirr içində olduğuna inanır. Paralel dünyalar mövcuddurmu? K.Abdulla da bunu sübut etməyə çalışır – real hadisələr tamam mifik bir donda görünür, dünyanı, kainatı, təbiəti, sanki tərsinə yozmalı olursan, yağış yerdən göyə yağır və s. Ancaq bu romanlar canlı, sanki zərrəbin dəqiqliyilə rəsm edilmis insan obrazları ilə diqqəti cəlb edir. Bir oxucu kimi “Sehrbazlar dərəsi” romanı mənə daha xoş təsir bağışlayır, çünki Kamal Abdulla bu romanda Şərq nağıl silsiləsi üslubunu seçimləyib və ona nağıl-roman da demək olar.

Kamal Abdullanın kitabları çoxdur, hər biri haqqında ürəklə söz açmaq olar. Onunla mübahisə də etmək mümkündür, hansı fikriyləsə razılaşmaya da bilərsən, amma bilirsən ki, mübahisə etdiyin fikir reallıqdan təcrid deyil, onun da öz məntiqi var. “Mənim Füzulim” bu mənada həm son dərəcə obyektiv elmi mülahizələrin, həm də mübahisəyə imkan verən fikirlərin cəm olduğu esse-monoqrafiyadır. Amma füzulişünaslığın müasir mərhələsində son qırx ilin füzulişünaslığından tamam fərqli düşüncənin meydana gəlməsini təqdir edirik.

Kamal Abdullanın bütün yaradıcılığından bir yol obrazı keçir. “Bu da yoldu, bir səfərdi deyirsən, Birdəfəlik səfərdi” – məncə, onun Qalib akademik, Qalib yazıçı yolu hələ bitməyib, davam edir.

https://edebiyyatqazeti.az/news/diger/6647