Əziz və möhtərəm cənab Prezident,
Zat-Aliləri!
Bu təşəkkür məktubunu ürəyimdə Sizə dərin minnətdarlıq hissi və böyük məhəbbətlə yazıram.
Siz, əziz Prezidentimiz, Azərbaycan xalqına tarix boyu göstərilən xidmətlərdən ən möhtəşəmini həyata keçirdiniz. Millətimiz bunu heç bir zaman unutmayacaq və Sizin ideallarınızı Vətən bayrağı kimi daim uca tutacaqdır.
Siz Vətənin işıqlı gələcəyə gedən yolunda bir cəsur əskər və bir müzəffər sərkərdə, bir sadə insan və bir ləyaqətli Prezident, bir vəfalı oğul və bir qədirbilən ata kimi zəfərdən zəfərə addımladınız. Siz bizi də məğrur, başıdik, alnıaçıq insanlar kimi arxanızca apardınız.
Sizinlə birlikdə bu yolu getmək qürurlu və şərəflidir. Sizinlə birlikdə bu yolu getmək Ulu Öndər unudulmaz Heydər Əliyevin Azərbaycan üçün müəyyənləşdirdiyi yolu getmək deməkdir.
Yolunuz işıqlı olsun. Vətən torpağı daim gül-çiçəklə dolu, səmamız aydın, suyumuz təmiz olsun. Şəhidlərimiz qəlbimizdə və qazilərimiz gözümüzün önündə daim yaşasın. Bayrağımız, himnimiz, Vətən torpağımız, Prezidentimiz daim var olsun.
Kiçik yaradıcılığıma verdiyiniz yüksək qiymət – məni «Şərəf» ordeni ilə təltif etməyiniz bu son dərəcə məsuliyyətli və gərgin zamanda nümayiş etdirdiyiniz diqqət, həqiqətən, çox əziz və unudulmazdır. Səmimi təşəkkürlərimi qəbul etmənizi xahiş edirəm.
Bizə də o qalır ki, Sizin etimadınızı bundan sonra da bütün gücümüzlə doğruldaq. Vətən naminə əlimizdən gələni bundan sonra da etməyə hazır olaq.
Zat-Aliləri!
Fürsətdən istifadə edərək Yeni ildə Sizə və əzizlərinizə möhkəm cansağlığı, könül xoşluğu, zəfər dolu günlər arzulayıram. Sizin və Mehriban xanımın rəhbərliyi ilə xalqımızın, Vətənimizin yeni qələbələrə doğru cəsarətli gedişinə inamla
Kamal Abdulla,
xalq yazıçısı, akademik
Şərh yoxdur