Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabının müzakirəsi keçirilib. Şuranın və Azərbaycan Dillər Universitetinin Beynəlxalq Jurnalistika şöbəsinin birgə təşkilatçılığı ilə gerçəkləşmiş toplantını giriş sözü ilə MŞ sədri Rəşad Məcid açıb. R.Məcid bildirib ki, ADU-nun Elm və Təhsil Nazirliyi ilə birlikdə ərsəyə gətirdiyi kitabın layihə rəhbəri ADU-nun rektoru, akademik Kamal Abdulladır.

525.az xəbər verir ki, MŞ sədri müzakirəsi keçirilən nəşrdə 1993-2003-cü illərdə müxtəlif ölkələrdəki ingilisdilli mətbuatda Azərbaycan haqqında yayımlanmış məqalələrin yer aldığını vurğulayaraq, onların toplanıb bir araya gətirilməsi işini yaxın tariximizin öyrənilməsinə əvəzsiz töhfə kimi qiymətləndirib. O bildirib ki, kitabda Heydər Əliyevin Prezident kimi həyata keçirdiyi daxili və xarici siyasi kursun çətinliyi ingilisdilli media orqanlarının təqdimatlarında aşkar görünməkdədir. Eyni zamanda, ötən əsrin 90-cı illərində düçar olduğumuz acınacaqlı vəziyyətlə bağlı epizodlar də kitabda yer almaqdadır ki, bu isə tariximizə fərqli baxışın ortaya qoyulması nöqteyi-nəzərdən müstəsna əhəmiyyətə malikdir.

Kitabın ibrətamizliyini vurğulayan R.Məcid deyib ki, Azərbaycan xarici jurnalistlərin nəşrdə toplanmış təsvirlərindəki məğlubiyyətə uğramış xalq təqdimatlarının ağırlığını 2020-ci ilin İkinci Qarabağ müharibəsində qazandığı möhtəşəm Zəfərlə aradan qaldırmağı bacardı. Bu isə Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa, xüsusən də Qarabağ davasına Prezident İlham Əliyevin sadiqliyinin göstəricisidir.

MŞ sədri çıxışında, həmçinin, müzakirəsi aparılan kitabda toplanmış materialları Qərb jurnalistikasının spesifik yanaşma tərzinin öyrənilməsi baxımından da mühüm mənbə olduğunu vurğulayıb. O, media təmsilçilərimizin, eləcə də ali məktəblərin jurnalistika fakültələrinin tələbələrinin ona marağını şərtləndirən məqamlara diqqət çəkib.

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabının media ictimaiyyətində müzakirəsinin əhəmiyyətindən söz açıb. O, nəşrə jurnalist baxışının zəruriliyini əsaslandırıb. Akademik çıxışında, habelə, kitabdakı ayrı-ayrı materiallara əsasən haqqında bəhs edilən dövrü iki hissəyə bölüb: Birincisi, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi, ölkədəki çətin durumu aradan qaldırmaq yönümlü fəaliyyəti. İkincisi isə Ümummilli liderin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyması. M.İmanov bu iki mərhələyə münasibətdə xarici mediadakı jurnalist yanaşmalarının həmin dövrlə bağlı dolğun nəticələr çıxarmağa imkan yaratdığını diqqətə çatdırıb.

MŞ İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov çıxışına müzakirəsi keçirilən nəşrlə bağlı rəhbərlik etdiyi qəzetin 17 dekabr 2023-cü il tarixli sayında məqalənin yayımlandığına dair məlumat verməklə başlayıb. O bildirib ki, kitab “Heydər Əliyev İli”nə ən böyük töhfələrdən biridir, Ümummilli liderin Azərbaycan naminə nəhəng xidmətlərinə dəyərin göstəricisi olmaqla, yüksək qədirbilənlik nümunəsidir.

Ə.Amaşov çıxışında, eyni zamanda, 1993-2003-cü illər dövrü ilə bağlı ingilisdilli mətbuatla yanaşı, digər dillərdəki media orqanlarının materiallarının toplanmasına ehtiyacın duyulduğunu vurğulayıb və əmin olduğunu bildirib ki, ADU akademik Kamal Abdullanın rəhbərliyi ilə bu işi də yüksək səviyyədə həyata keçirəcək.

MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, müzakirəsi aparılan kitabdakı materiallarla tanışlıq gözlər önündə Azərbaycanın çətin və məhrumiyyətli dövrünü canlandırır. Bu mərhələdə ölkəmizin informasiya blokadası şəraitində olduğunu xatırladan A.Aşırlı deyib ki, həmin zaman kəsiyinin tarix kimi öyrənilməsi üçün mövcud istiqamətdəki xarici mənbələrin də nəzərdən keçirilməsi mütləqdir. O, müzakirəsi keçirilən nəşrin bu baxımdan müstəsna əhəmiyyətinin olduğunu vurğulayıb.

Tanınmış teleaparıcı, politoloq Tofiq Abbasov 1993-cü ildə Azərbaycanın informasiya baxımından geriliyinin ayrı-ayrı məqamlarına diqqət çəkərək bildirib ki, o dövrdə beynəlxalq mediada Azərbaycanla bağlı həqiqətələr təhrifə məruz qalırdı. Ulu öndər Heydər Əliyev isə vəziyyəti dəyişmək üçün böyük səy göstərirdi.

Ümummilli liderin həm xarici səfərlərdə, həm də daxildə jurnalistlərlə daimi təmas saxladığından söz açan T.Abbasov vurğulayıb ki, Heydər Əliyev şəxsiyyəti ölkəmizə dair reallıqları, Qarabağ həqiqətlərini usanmadan beynəlxalq ictimaiyyətə çatdırdığı kimi, Prezident İlham Əliyev də 44 günlük müharibə müddətində eyni addımı atdı. Beləliklə, hər iki müharibə kontekstində Azərbaycan informasiya blokadasından qurtuldu.

Politoloq, eyni zamanda deyib ki, “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabı respublikamızın on illik semantikasına işıq salan dolğun materiallar toplusu kimi böyük əhəmiyyətə malikdir.

ADU-nun prorektoru, Azərbaycanın sabiq Baş naziri Novruz Məmmədov çıxışında Ulu öndər Heydər Əliyevin idarəçilik dövrünə ekskurs edərək bildirib ki, bu dahi şəxsiyyət həmin illərdə çox böyük çətinliklərə sinə gərib. Dahi liderin yorulmaz əməyinin, misilsiz xidmətlərinin nəticəsi idi ki, ölkəmiz beynəlxalq miqyasda tanındı. Müzakirəsi keçirilən nəşrdəki materiallar da tanınmanın məziyyətli anlarının təsvirlərindən ibarət olmaqla, Heydər Əliyevin ruhuna dərin ehtiramın nümunəsidir.

ADU-nun “Azərbaycan obrazı” Elmi Tədqiqat Laboratoriyasının müdiri, dosent Aqil Şahmuradov çıxışında “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabının ərsəyə gəlməsi ilə bağlı məziyyətlərdən söz açıb, mövcud istiqamətdəki fəaliyyətin xüsusiyyətlərini diqqətə çatdırıb.

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aynurə Hüseynova da nümayiş etdirdiyi slaydda kitabın hazırlanması ilə əlaqədar işlərin müxtəlif spesifik tərəfləri barədə məlumat verib, beynəlxalq medianın Azərbaycana 1993-2003-cü illərdəki yanaşması ilə hazırkı dövrdəki baxışın müqayisəli təhlilini diqqətə çatdırıb.

“Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabı layihəsinin icraçı koordinatoru, ADU-nun “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin müdiri, tarix üzrə fəlsəfə  doktoru Aqşin Rüstəmovun çıxışında da nəşrin ərsəyə gəlməsindəki ayrı-ayrı məqamlar yada salınıb. O, həmçinin, ADU-nun rektoru, akademik Kamal Abdullanın aparılan işə yüksək diqqət göstərdiyini bildirib, bunu uğurun təminatı kimi dəyərləndirib.

ADU-nun Beynəlxalq jurnalistika şöbəsinin müdiri Nərgiz Qurbanlı isə çıxışında informasiya savaşının mühüm xüsusiyyətlərindən söz açaraq, Birinci və İkinci Qarabağ müharibəsinə mövcud nöqteyi-nəzərdən yanaşmalardakı xarakterik cəhətləri sadalayıb.

https://525.az/news/246368-musteqillik-dovrunde-ingilisdilli-metbuatda-azerbaycan-obrazi-kitabinin-muzakiresi-kecirildi