Bir uzun səhraydı –
ucu-bucağı yox,
sorağı yox,
hardan başlayırdı, harda itirdi.
Bir dəvəydi –
kövşəyə-kövşəyə,
yuxulu-yuxulu
bu səhranı gedirdi.
Səhra da dəvəylə addımlayırdı –
ucu yox, sonsuz səhra.
Elə bu zaman
uzaqdakı ölkələrin birində
bir işığın saçağı
bir ağacın
üstündəki bir yarpağa sancılmışdı.
O yarpaqdan süzülə-süzülə
təzəcə yol almışdı üzü torpağa.