Vaqif ABBASOV
Akademik
Əziz oxucu! Sənə bu formada müraciətimi Xalq yazıçısı Kamal Abdulladan götürdüm. Həyatımda çox müəlliflərin əsərlərini oxumuşam. Amma “Əziz Oxucum” ifadəsinə, demək olar ki, Kamal Abdulladan başqa heç kimin əsərlərində rast gəlməmişəm. Kamal Abdulla Sənə bu müraciəti etməklə Səni öz doğması qəbul etdiyini və bu səbəbdən də Sənin ruhunu oxşayan, ovqatını xoş edən əsər yazdığını ifadə edir.
Kamal Abdulla ilk növbədə ali səviyyəli dilşünas alimdir və bu səviyyəyə uyğun gələn əsərlər yaradan yazıçıdır.
Kamal Abdulla ədəbiyyat tariximizdə jurnalistlərin və müxtəlif sənət adamlarının suallarına cavabların sayına görə ən öndə olan yazıçımızdır. Onun seçilmiş əsərlərinin 7 cildliyinin IV cildində səhifə 10-539-da verdiyi cavabları bunun əyani təsdiqidir.
Dilçi professor Aydın Ələkbərov ilə söhbətinin bir yerində Kamal Abdullanın dediyi bu fikir olduqca önəmlidir: “Mənə elə gəlir ki, bütün digər elmlərdən fərqli olaraq, dilçilik bütün elm sahələrində çalışanlar üçün maraqlı olma imkanına malikdir. Məsələn, fizika, kimya, iqtisadiyyat hamı üçün maraqlı olmaya bilər. Dilçilik, dilə münasibət isə bütövlükdə cəmiyyət üçün çox maraqlıdır”. Əslində, bu fikirlər insanları dilimizə hörmətə, onu yaxşı bilməyə çağırışdır. Çox dil bilmək yaxşıdır, amma ana dilini bilmək başqa dilləri bilməyin fövqündə olmalıdır.
Kamal Abdullanın 2000-ci ilin yanvarın 19-da verdiyi müsahibədə onun şəxsiyyətinin ecazkar çalarlarını ifadə edən cavablar diqqətimi cəlb etdi:
Sual: Necə ölmək istəyirsiniz?
Cavab: Yuxuda.
Əslində, bu istək ətrafdakıların ruhunu incitmədən, onların əzablarını artırmadan, fiziki mahiyyətin ruhani mahiyyətdən ayrılması dəhşətini duydurmadan getmək istəyidir. Kamal Abdulla heç vaxt ruh incidən, əzab verən olmayıb və indi də belədir.
Sual: Elə bir qeyri-səmimi hərəkət etmisiniz ki, bunun əzabını bu gün də çəkmisiniz?
Cavab: Kiminsə xeyrinə, kiminsə xətrinə, heysiyyatına toxunmamaq üçün elə addımlar atılıb.
Sual: Özünüzdən ötrü atılıb elə addımlar?
Cavab: Yəni nə şəkildə?
Sual: Yəni özünüzü xilas etməkdən ötrü qeyri-səmimi olmusunuz?
Cavab: Yox. Mən əksinə, o hərəkəti etməsəydim, o sözü deməsəyədim, çox şeyə nail ola bilərdim. Onu deyəndən sonra nail olmadım.
Əslində bu cavab ali səmimiyyətin ifadəsidir.
Kamal Abdullanın “Dünyanı dərk etməyə cəhd göstərirsiniz?” kimi bəlkə də incidici suala verdiyi gözəl cavaba baxın: “Mən Azərbaycan ədəbiyyatında yeganə bir adam tanıyıram ki, dünyanın nə üçün yarandığı sualını öz qarşısında şeir şəklində qoyub. Heç ağlınıza gəlməz, bəlkə. O sənətkar Aşıq Ələsgərdir.
Yerin, göyün, ərşin-kürşün binası,
Əsl bünövrəsi ay nədən oldu?
Göyü yerdən, yeri göydən kim seçdi?
Hikmətin dəryası ay nədən oldu?”
Əslində Kamal Abdulla kimi bir şəxsiyyətə bu sualın ünvanlanması onun şəxsiyyətini çox da yaxşı tanımamaqdan irəli gəlir. Akademik Kamal Abdulla dərindən dərk edərək yaradan alim yazıçıdır. Onun bütün əsərləri dərin elmi məntiqə söykənir.
Kamal Abdullaya verilmiş və mənim düzgün hesab etmədiyim bir suala onun cavabı da çox maraqlıdır.
Sual: Yaradıcı adamların dindar olması nəsə mənə çatmır.
Cavab: Mən demirəm ki, dindaram. Dinin gətirdiyi müəyyən işıqlı cəhətlər var ki, uyuşmağa çalışıram. Çalış yaxşılıq elə. İnsan olmağa çalış. Yəni ona görə yox ki, dində belə deyilib və mən Domokl qılıncının altında o yaxşılığı hökmən etməliyəm. Yox, görünür, bunlar bir-birini tamamlayır.
Verilmiş narahat suala “rahat” akademik cavab.
Burada bir məqamı da qeyd etmək istərdim. Amerika alimi, Nobel mükafatı laureatı Frensis Kollinzin “Allahın sübutu, Alimin arqumentləri” kitabı ingilis dilində çap olunub və sonra tərcümə etdirilib. İyirmi altı yaşına qədər Allahı qəbul etməyən, sonra 6 il dünyanın 2500-ə qədər aliminə rəhbərlik etmiş və 270 milyarddan çox insan genomunu tədqiq etmiş alim son nəhayətdə bu qənaətə gəlir ki, Allahsız heç bir şərh mümkün və doğru deyil.
Kamal Abdullanın və onun kimi minlərlə nüfuzlu alimlərin Allaha inanclı olması təsadüfi deyil. Bu inanc dünyanı doğru dərkdən yüksək analitik təfəkkürdən gələn nəticənin təzahürüdür.
Kamal Abdullanın dostlarına verdiyi böyük dəyəri aşağıdakı suala cavabdan aydın görmək olar:
Sual: Əgər harasa kimsəsiz adaya, ya tam rahat olacağınız bir ölkəyə gedəsi olsanız, kimləri özünüzlə aparardız? Bütün mənalarda Sizi anlayacaq bir adamınız varmı?
Cavab: Əlbəttə, dostlarımı. Siz onları tanımırsız. Onlar məşhur adamlar deyillər. Ən adi həyat yaşayırlar. Orta məktəbdən bu yana nə qədər dost qazanmışam. Hər birinin də öz yeri var.
Kamal Abdulla şəxsiyyətinin həqiqi ifadəsini aşağıdakı suallara cavabla təsdiqləyir.
Sual: Təksiniz, yoxsa tənha?
Cavab: Tək-tənha.
Sual: İnsanlarda ən çox dəyərləndirdiyiniz keyfiyyət hansıdır?
Cavab: Sədaqət.
Sual: İnsanlarda ən çox nifrət etdiyiniz keyfiyyət hansıdır?
Cavab: Dönüklük.
Sual: Həyatınızda neçə dostunuz var?
Cavab: Çox.
Sual: İlin hansı fəslini sevirsiniz?
Cavab: Payız.
Sual: Deyirlər, nəvə övladdan şirindir. Bu belədir?
Cavab: Yox.
Sual: Övlad şirindir?
Cavab: İkisi də şirindir.
Sual: Sevdiyiniz rəng?
Cavab: Bənövşəyi.
Sual: Sevdiyiniz yemək?
Cavab: Dovğa.
Sual: Sevdiyiniz ad…
Cavab: Mehdi.
Sual: Həyatınızın devizi?
Cavab: Öyrədərək öyrənirəm.
Kamal Abdulla dilimizin təsadüflərdən yad ifadələrdən, doğru olmayan reklam yazılarından zərər görəcəyi və itə biləcəyi haqqında verdiyi cavabla dilimizin necə güclü, itməz, yad təsirlər sayəsində məhv olmayacaq bir dil olduğunu çox aydın, geniş oxucu kütləsinin anlaya biləcəyi şərhini verib. Belə cavabı yalnız böyük dil ustadı verə bilərdi.
“Burada sizinlə razı deyiləm. Mənim fikrimcə, doğru olmayan məqamlar, təhriflər Azərbaycan dilinə zərər gətirə bilməz. Bu, əgər zərər gətirsə, yalnız Azərbaycan nitqinə zərər gətirər, kiminsə nitqi, üslubu, bacarığı barədə təsəvvür yarada bilər.
Haqqında bir qədər əvvəl danışdığımız dil və nitq qarşıdurması burada köməyə çatır. Mən də sizə bir küçə lətifəsi danışım. Günlərin bir günü bizim hörmətli millət vəkillərimizdən biri məsələ qaldırmışdı ki, Azərbaycan dili əldən gedir. Küçə ilə gedəndə onun yanında iki gənc oğlan bir-biri ilə rusca danışırmış. Onun aləmində bu, dilə qarşı hücumdur, təxribatdır, Azərbaycan dilinə vurulan böyük bir zərbədir. Bununla bağlı mənim də fikrimi jurnalistlər öyrənmək istədilər. Mən bir cümlə ilə belə dedim ki, əgər bir dil küçədə iki-üç nəfərin bir-biri ilə başqa dildə danışması nəticəsində əldən gedəcəksə, o dil dünəndən əldən getsə, yaxşıdır. Əslində mənim qəti fikrimə görə belə bir hal, prinsip etibarilə mümkün deyil. Dilin əldən getməsi üçün xüsusi tarixi şərait lazımdır, ictimai münasibətlərin müəyyən istiqamətlərdə inkişafı lazımdır. Bu və bu kimi məsələlərə baxıldığı zaman əhalimizin, ictimaiyyətimizin elementar dilçilik təsəvvürlərinə malik olmasının böyük əhəmiyyəti var. Amma bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, cəmiyyətin, ölkə başçısının dilə münasibəti, onun qorunması, inkişafı üçün etdikləri son dərəcə vacib və qiymətlidir.
Bütün bunlar göstərir ki, cəmiyyətimiz öz dilinə böyük sevgi və ehtiramla yanaşır. Bəzi insanlara hətta elə gəlir ki, onlar bu dildə hər gün danışırlarsa, ən azından dilçidirlər. Və dililə, onun inkişaf təmayülləri ilə, tarixi ilə bağlı müəyyən müddəalar irəli sürə bilərlər. Ona görə də vulqar dilçilik yaranırdı, sözlərin xalq etimologiyaları yaranırdı. Bütün bunların qarşısını almaq üçün elementar dilçilik bilgilərinin insanların beyninə yeridilməsi çox vacibdir. Mən arzu edərdim ki, siz də bu istiqamətdə cəmiyyətimizi düşündürən məsələlərlə bağlı populyar janrlı yazılar yazasınız” (Bu cavab dilçi professor Aydın Ələkbərovun sualına verilən cavabdır).
Kamal Abdulla vətənsevər vətəndaşların alilərindən biridir. 2001-ci ilin iyulunda ona verilən sualın cavabı bu aliliyin təsdiqidir.
Sual: Kefinizin yaxşı vaxtında küçəyə çıxıb adamların üzünə gülmüsünüz heç?
Cavab: “Kef” sözü bu cümlədə yerində deyil. Əhval, ovqat olsa, daha yaxşıdır. Gülməmişəm, bizi nə qədər müsbət hadisələr əhatə etsə də, son dərəcə ürəkdən gülməyə əsasımız, mənəvi haqqımız yoxdur. Bu boyda milli problemlərimiz var, bu boyda Qarabağ problemimiz var, ürəkdən şaqqanaq çəkməli olsam, onda gərək mənə xəstə adam kimi baxalar. Bu gün ən əziz adamımızın ən böyük sevincinə də ürəkdən şaqqanaq çəkib gülmək əxlaq baxımından qəbahətdir.
Böyük ziyalının böyük vətən sevgisi budur. Kamal Abdullaya bu sualı verib “HƏ”, “BƏLİ” cavab almaq vaxtıdır.
Dövlətimiz müdrik Rəhbərimiz, Ali Baş Komandan, Fateh Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi, ölkəmiz tamlığına qovuşdu, ölkəmiz yadellilərdən təmizləndi, Böyük Qayıdış başladı, Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Kəlbəcərdə, Qubadlıda, Cəbrayılda, Füzulidə, Xocavənddə, Ağdamda, Ağdərədə, Zəngəzurda Azərbaycanın zəfər bayraqları dalğalanır, 200 illik ədalətsizliyə birdəfəlik son qoyulub. Kamal Abdullanın sədaqətlə xidmət etdiyi xalq indi şaqqanaqla gülməyi haqq edir.
Adətən şeirləri özü üçün yazdığını deyən Kamal Abdullanın aşağıdakı misraları fikirlərimin məntiqi sonluq ifadəsi kimi qəbul edilə bilər:
Arzuların dil açıb yalvarar ki,
Əvvəl-axır bir oyuncaq ver bizə.
Olacağın olmağına nə var ki,
Bircə dənə “olmayacaq” ver bizə.
Onun bu istəyi çin oldu, “olmayacaq” hesab edilən oldu. Azərbaycan “olmayacaq” olanı olan etdi. Alqış bu “olmayacağı” olan edən Rəhbərimizə, Onun Ali Baş Komandan olduğu ordumuza, qəhrəman əsgərlərimizə, bütövlükdə Azərbaycan xalqına, hər zaman Azərbaycanın yanında olan Türkiyə dövlətinə, türk xalqına!
İndi artıq hər şey öz yerindədi
Bizik birləşdirən əvvəli, sonu.
Yenə də dünya öz məhvərindədi,
Nə sən yadındasan, nə də mən onun.
Yadımızda qalaq bir-birimizin
Biz axı taleyi bir yoğrulmuşuq.
Sürünə-sürünə, dizin-dizin
İşığa üz tutub biz doğulmuşuq.
Kamal Abdulla həmişə sadəliyi ilə ucalığın fövqündə olub. Onun aşağıdakı misraları bunu təsdiq edir.
Məni ağlayan gözləriniz olaydı,
Məni sevən ürəyiniz,
Mən elə sizəm, siz.
Bir az da yaxşı baxsanız,
Görərsiniz məni üzünüzdə,
gözünüzdə.
Bir az da yaxşı sevsəniz
dönərsiniz mənə
özünüz də.
Mən elə sizəm, siz.
Bəzi ədəbi tənqidçilər Kamal Abdullanı kimlərəsə bənzətmək istəyində olublar və yenə də bu istəkdə olanlar var. Amma Kamal Abdulla heç kimə bənzəmir və bənzəmək də istəmir. Bu da onun doğal haqqıdır.
https://525.az/news/272557-hec-kime-benzemeyen-ve-benzemek-de-istemeyen-xalq-yazicisi-kamal-abdulla
09.09.24 / 16:00
Şərh yoxdur