Bahtiyar ASLAN
Türkiyənin önəmli ədəbiyyat dərgilərindən biri olan “Söğüt”də Azərbaycanın böyük alimi və yazarı akademik Kamal Abdulla ilə bağlı bir yazı hazırlandı. Dərgi Kamal Abdullanın əsərlərinin də yayımlandığı “Ötükən” nəşriyyatında yayımlanır. “Söğüt” həm gənc, həm də qocaman bir dərgidir. Çünki “Söğüt” illər öncə,”Ötükən” nəşriyyatının qurulduğu illərdə bir müddət yayımlanmış, sonra bağlanmış, aradan uzun illər keçdikdən sonra eyni adla, eyni yayım evində yeni nəsil tərəfindən yayımlanmaya başlamışdır. Dərgi iki aydan bir çap olunur və hər sayında bir şəxs, ya da mövzu haqqında yazı hazırlamaqdadır.
Kamal Abdulla ilə bağlı bölüm olduqca geniş həcmlidir. Dərginin baş redaktoru Sinan Terzi giriş bölümündə yazıya geniş yer ayırıb. Dədə Qorqud çalışmalarının önəmini vurğulayan və böyük yazara nə üçün belə bir bölüm hazırlandığını izah edən Sinan Terzi yazının bir yerində bunları qeyd edir: “Bu sayımızda “Söğüt”ün üz qapağında belə bir əmək sahibinin, Dədə Qorqudun başa düşülməsi naminə illərini fəda edən Kamal Abdullanın adı var. İnanıram ki, bu gün “Dədə Qorqud” araşdırmalarına verdiyi töhfələrlə, qeyri-adi şərhləri və təhlilləri ilə bu sahədə yazan, hamının böyük hörmət və sevgisini qazanan Kamal Abdulla tuta biləcəyimiz möhkəm əllərin sahibidir. Bugünün mühakimələri ilə keçmiş haqqında hökm vermək yerinə, bugünün şüuru ilə keçmişin tərəzisinə güzgü tutub düz oxunuşla bayağılaşan, dərinliklərinə enilə bilinməyən mətnləri yeni şərhlərlə türk millətinin və insanların istifadəsinə vermək çox böyük işdir. Özünə minnətdarlığımızı bildirməyi borcluyuq. Başda bu bölümün hazırlanmasında böyük zəhmətləri olan Bahtiyar Aslan olmaqla bölümümüzü zənginləşdirən hər kəsə çox təşəkkür edirik. Ümidvarıq ki, qaynaq özəlliyi daşıyan bu bölüm ilgili hər kəsin kitabxanalarında arxiv kimi yer alacaqdır”.

Bölümün lap əvvəlində Bahtiyar Aslanın böyük yazıçımızla apardığı geniş bir müsahibə yer alır. Dərginin 12 səhifəsini tutan bu geniş, mənalı müsahibədə Kamal Abdullanın uşaqlığı, gəncliyi, sənət və ədəbiyyata yönəlməsi, akademik fəaliyyəti haqqında məlumat var. Kamal Abdullaya verilən suallar, məlumdur ki, türk oxucusunun gözündə insan və yazıçı olaraq bir Kamal Abdulla fotosu yaratmaq istəyir. Müsahibə Kamal Abdullanın sənət və akademik həyatının, bəlkə, buna taleyinin demək də mümkündür, bir şəkildə “Dədə Qorqud” ilə kəsişdiyini göstərir. Uzun illərdir, “Dədə Qorqud” haqqında çalışan yazıçımız, bəllidir ki, dastan haqqında düşünməyə, yeni suallar verməyə və bu sualların cavabını axtarmağa davam etməkdədir. Reportajdan Kamal Abdullanın ailəsini, akademik mühitini, qohumlarının onun həyatına təsirini, akademik həyata yönəlməsini, yetişməsində zəhməti olan böyük şəxsiyyətləri, dostluqlarını öyrənmək mümkündür.
Bu reportajı yenə Bahtiyar Aslanın reallaşdırdığı nisbətən qısa iki müsahibə izləyir. Bunlardan, birincisi, qeyri-səlis məntiq mövzusunda birlikdə işlədiyi (“Qeyri-səlis məntiq və Kitabi-Dədə Qorqud” və “Qeyri səlis məntiq və dil-nitq”) Rafiq Əliyevlədir. Buradakı suallara baxanda məlum olur ki, daha çox Kamal Abdullanın bəşəri yönü ortaya qoyulmaq istənilir. Bu səbəblə də ilk sualı insan olaraq Kamal Abdullanı öyrənməyi qarşısına məqsəd qoyur. Rafiq Əliyev bu ilk suala böyük yazıçının əhəmiyyətli xüsusiyyətlərindən birinin sədaqət olduğunu söyləyərək cavab verir. Rafiq Əliyevə görə, əslinə qalsa, qıraqdan baxanda biraz soyuq (bəlkə də, ciddi demək də mümkündür) görünən Kamal bəyin daxilində bir uşaq yaşamaqdadır. Əslində sənət də bir baxıma həmişə bu uşaqdan bəslənir. Bəlkə də, ədəbiyyatın bir oyun olduğunu, daxilimizdəki oyun ehtiyacından qaynaqlandığını düşünmək mümkündür. R.Əliyev daha sonra bu böyük alimin həmişə ağılla hərəkət etdiyini, qışqırma, hirs kimi xüsusiyyətlərin onda çox olmadığını sayır.
Azərbaycanın böyük şairi Ramiz Rövşən isə məktəb illərində başlayan dostluqlarından, necə tanış olduqlarından, dostluqlarının necə inkişaf etdiyindən və bu günə qədər necə davam etdiyindən danışır. Ramiz Rövşənə görə, Kamal Abdullanın əsərlərində həyatın, reallığın harda qurtardığını, oyunun ya da fantaziyanın harada başladığını anlamaq mümkün deyildir.

R.Rövşən daha sonra Kamal Abdullanın Azərbaycan ədəbiyyatındakı yerini müəyyən etməyə çalışır və belə deyir: “Kamal bir çox mövzuda qaydaları yıxan adamdır. Bilirsiniz ki, ədəbiyyata şeirlə başlayıb sonradan elmə yönələn bir çox adam var. Elmdə özünü tam şəkildə təsdiq etdikdən sonra ədəbiyyata keçən və ədəbiyyatda da özünü təsdiq edən insan çox nadirdir. Həm ədəbiyyatda, həm də elmdə müvəffəqiyyət əldə etmək, doğrudan da, çox çətindir. Umberto Ekonu demirəm. Ancaq bunu ifadə edim ki, ən azı, 2000-ci illər Azərbaycan ədəbiyyatını Kamal Abdulla olmadan düşünə bilmək mümkün deyildir. Bu dövr Azərbaycan ədəbiyyatının ən ciddi hadisələrindən biri Kamal Abdulladır. Yəni Kamal Abdulla olmasa, 2000-ci illər Azərbaycan ədəbiyyatında çox böyük boşluq yaranardı. Onun romanları, hekayələri, povestləri bu mənzərəni tamamlayır”.
Bu müsahibələri Türkiyədə xalq ədəbiyyatı sahəsində önəmli işlər görən və Kamal Abdulla haqqında diqqətəlayiq məqalələr qələmə alan, böyük alimin bəzi əsərlərini Türkiyə türkcəsinə çevirən Ali Duymazın “Qorqudşünas Kamal Abdulla” adlı yazısı izləyir. A.Duymaz öz yazısında Kamal Abdullanın “Dədə Qorqud” üzərində apardığı çalışmalardan danışır və diqqətçəkən müsahibələrdən bəzilərini qiymətləndirir. Digər yandan, bilindiyi kimi, Kamal Abdulla “Dədə Qorqud” mətnlərini sənət əsərlərinə də daşıyıb, məsələn “Yarımçıq əlyazma” əsərində, “Laokoon” da mətni iki romanın da mərkəzinə yerləşdirib. Ali Duymaz yazarın bu davranışını belə qiymətləndirir: “Bu kontekstdə Kamal Abdulla “Dədə Qorqud”un restravrasiyasından danışan, onu müasir bir mətn olaraq görməyə maraqlı düşüncəsiylə özünəməxsus bir yol açmışdır. Bəlkə də, bu tərzini daha yaxşı ifadə etmək və geniş kütlələrə çatdırmaq üçün özündə postmodern xüsusiyyətlər ehtiva edən bir roman qələmə alma ehtiyacı hiss etmişdir. Bu roman “Dədə Qorqud” kitabının yarımçıq bir əlyazmasının tapıldığı fantaziyasından hərəkət edərək, mətnin müxtəlif şərh və yeniləmələrlə tamamlanmasının vacibliyini düşündürən bir əsərdir”.
Azərbaycanın gənc elm adamı və yazıçılarından biri olan Nərgiz İsmayılova isə bölümə “Kamal Abdullanın Üçölçülü labirinti” adlı yazıyla töhfə verir. N.İsmayılova yazısında Kamal Abdullanın dünya və Azərbaycan ədəbiyyatındakı yerini, əsərlərindəki milli ünsürləri, postmodern tərəfləri qısaca izah edir. “Kamal Abdulla və postmodernizm” adlı bir əsər nəşr etdirmiş N.İsmayılova, yazısından da anlaşıldığı kimi, ciddi bir akademik biliyə sahibdir. Bu bilik onun mətnlərə çox fərqli yönlərdən yaxınlaşmasına səbəb olur. Mətni yaxşı başa düşmək, şərh etmək də o mətnə dair çox sual verməklə əlaqədar bir şeydir. Buna görə də bu qısa yazıda N.İsmayılova Kamal Abdullanın sənətinə dair yazılması, araşdırılması lazım olan bir çox mövzuya toxunur.
Rəşad Məcid isə “Öz içində gizlənən adam” başlıqlı yazıyla bölümdə yer alır. Bir xatirə mətni kimi ərsəyə gəlmiş yazı 1990-cı illərdə başlayan dostluğun indiyə qədər necə davam etdiyini diqqətə çatdırır. Ancaq R.Məcid yazının sətir aralarında bizə Kamal Abdullanın psixolojik portretini də çəkir. “Öz içində gizlənən adam” sözü məhz R.Məcidin “görünməyən Kamal Abdulla”nı aşkara çıxarmaq cəhdinə işarədir. Rəşad Məcidin şeirə bənzər bu yazısında böyük yazıçının əsərləri ilə əlaqədar mükəmməl aşkarlıqlar da yer alır.
Azərbaycanın böyük folklor alimi Muxtar İmanov isə “Romanda mif modeli: Saxta qəhrəman” adlı yazısıyla bölümə töhfə verir. Yazıda “Yarımçıq əlyazma” adlı romanda postmodern ünsürlərin necə istifadə edildiyi və Kamal Abdullanın bu əsərdə alışılmışın xaricinə necə çıxdığı izah olunur. M.İmanov yazıçıya yönəldilən mənfi tənqidlərin gerisində yerləşmiş düşüncənin xaricinə çıxılmasının yetdiyini irəli sürür.
Bölümün son yazısı Türkiyədə Kamal Abdulla haqqında bir doktorluq dissertasiyası qələmə alan alim Fatih Keskinə aiddir: “Sirlər və sərhədlər kənarının yolçusu: Kamal Abdulla”. Keskin doktorluq dissertasiyası səbəbiylə də Türkiyədə böyük yazıçı haqqında söz söyləmək səlahiyyətinə malik olan bir neçə şəxsdən biridir. Keskin olduqca geniş yazısında Kamal Abdullanı və sənətini bir çox yöndən təhlil edir və qiymətləndirir.
“Ötükən” nəşriyyatında çap olunan “Söğüt” dərgisinin 30-cu sayında Kamal Abdulla üçün altmış səhifəyə yaxın bir bölüm hazırlanması önəmli birişdir. Ancaq məlumdur ki, yazıçı və əsərləri haqqında yazılacaq çox şey qalır. Bu yazılarda da vurğulanan, hərəsi ayrıca məqaləyə mövzu ola biləcək çox saysa məsələlər var.
https://525.az/news/284728-sogut-dergisinde-kamal-abdulla-bolumu
Şərh yoxdur