13 oktyabr, 2025

Oktyabrın 10-da Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdullanın Türkiyənin İğdır şəhərində 75 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Rektor İğdır Universitetində “Dədə Qorqud” dastanına həsr olunmuş beynəlxalq konfransda fəxri qonaq kimi iştirak edib.

Konfransda Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev, İğdır vilayətinin valisi Ercan Turan, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, İğdır Universitetinin rektoru Ekrem Gürel, həmçinin universitetin müəllim və tələbə kollektivi iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən vali Ercan Turan “Dədə Qorqud” dastanını oğuz türklərinin “mədəni kodu” adlandırıb. “İğdır adı elə oğuz tayfalarından birinin adından yaranıb. Dastandakı rəvayətlər və mahnılarda təbliğ edilən dəyərlər bu günədək öz əhəmiyyətini itirməyib”, – deyə vali qeyd edib.

O, türk xalqlarının güclənməsi yolunun birliyə və həmrəyliyə aparan yoldan keçdiyini vurğulayıb. E. Turan Türkiyə və Azərbaycan prezidentləri arasında mövcud sıx əməkdaşlıq və dialoqu “bölgədə sülhün və sabitliyin təminatı” adlandırıb.

İğdır Universitetinin rektoru Ekrem Gürel çıxışında “Dədə Qorqud” dastanının əhəmiyyətindən bəhs edib:
“Səmimi-qəlbdən inanıram ki, Türkiyə və Azərbaycanın tanınmış alimlərinin iştirakı ilə keçirilən bu konfransın nəticələri ədəbiyyat, tarix, dilçilik, incəsənət və sosiologiya da daxil olmaqla, bir çox sahələrdə yeni uğurlu başlanğıclara təkan verəcək”.

Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev “Dədə Qorqud” dastanının beynəlxalq səviyyədə tanınmış bir əsər olduğunu vurğulayıb.
O qeyd edib ki, “Dədə Qorqud kitabı” UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. “Dastanın beynəlxalq səviyyədə tanınması bizim üzərimizə məsuliyyət qoyur. Türkiyə və Azərbaycanın ortaq tarixi və mədəni kökləri bizi eyni ailənin üzvlərinə çevirir”, – deyə Z. Əliyev bildirib.

İğdırdakı Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar da çıxış edərək, iki qardaş ölkə arasında mədəni əlaqələrin əhəmiyyətindən danışıb.

Konfransın fəxri qonağı, Xalq yazıçısı, akademik Kamal Abdulla yaradıcılığı, ədəbi və elmi fəaliyyəti ilə bağlı məruzələr dinlənilib, onun Türk dünyası elmində və ədəbi mühitində xidmətləri, “Dədə Qorqud” dastanı ilə bağlı araşdırmaları, “Qorqudşünaslıq” elmində apardığı tədqiqatlar haqqında geniş məlumat verilib.

Qeyd olunub ki, Xalq yazıçısı, akademik Kamal Abdullanın yaradıcılığı nəinki türk dünyasının, eyni zamanda dünya oxucularının da diqqətini cəlb edir.

Sonda beynəlxalq tədbirin fəxri qonağı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın 75 illik yubileyinə həsr olunmuş videoçarx təqdim olunub.

Tədbir Azərbaycan və Türkiyə alimlərinin iştirakı ilə iki sessiya ilə işini davam etdirib.

Konfransdan sonra akademik Kamal Abdulla və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev İğdır yaxınlığında torpağa tapşırılmış Azərbaycanın tarixi simalarından olan Kərbəlayi İsmayılın qəbrini ziyarət ediblər.

https://adu.edu.az/az/xeberler/xeberler/11274.html