2014-cü il iyunun 6-da Qafqaz Müsəlmanları İdarəsi nəzdində fəaliyyətə başlamış din xadimlərinin təkmilləşdirmə kurslarının ilk mərhələsi başa çatmışdır.

AzərTAc xəbər verir ki, iyunun 6-da qiymətləndirmə prosesindən sonra kursun ilk müdavimlərinin buraxılışı olmuşdur.
Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə kursların dini maarifləndirmə işinin təşkili baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş, dövlətin din xadimlərinə diqqət və qayğısından danışmış və müdavimlərə tövsiyələrini vermişdir. Bildirilmişdir ki, təkmilləşdirilmə kurslarına cəlb olunmuş din xadimləri – Azərbaycanın müxtəlif bölgələrini təmsil edən axundlar və imamlar bir ay ərzində yüksək səviyyədə təşkil olunmuş mühazirələr dinləmiş, müasir informasiya texnologiyaları ilə işləmək vərdişlərini dərinləşdirmiş, dini biliklərlə yanaşı, ictimai və dünyəvi biliklərini də artırmaq imkanı əldə etmişlər.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan dövlətinin qayğısı və QMİ-nin təşkilatçılığı ilə yaradılmış təkmilləşdirmə kurslarına cəlb olunan din xadimlərinin bütün xərcləri QMİ tərəfindən ödənilmişdir. Təkmilləşdirmə kursları bundan sonra da davam edəcəkdir.
Allahşükür Paşazadə bildirmişdir ki, din xadimləri daim öyrənməli, ölkənin inkişafında yaxından iştirak etməlidirlər. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev dini məsələləri və tolerantlığı həmişə diqqət mərkəzində saxlamışdır. Ölkəmizdə din-dövlət münasibətlərinin təməli də məhz Ümummilli Lider tərəfindən qoyulmuşdur. Bu gün həmin siyasəti Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir.
Mərasimdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı (Aran) Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulduğunu vurğulamış, bu sahədə maarifləndirmə işlərinin mütəmadi aparılmasının zəruriliyini, təkmilləşdirmə kurslarının əhəmiyyətini qeyd etmişdir.
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev çıxış edərək din xadimlərinə uğurlar arzulamış, təkmilləşdirmə kurslarının onların fəaliyyətinə töhfə verəcəyinə əminliyini bildirmişdir.
Daha sonra din xadimlərinə kursu bitirmələrinə dair müvafiq sertifikat və QMİ tərəfindən hazırlanmış geyim dəstləri təqdim edilmişdir. Müdavimlər onlara yaradılan şəraitə görə təşəkkürlərini bildirmişlər.
Qeyd edək ki, təkmilləşdirmə kurslarında din-dövlət münasibətləri, din xadimlərinin nitq mədəniyyəti, Azərbaycan tarixi və mədəniyyəti, dini maarifləndirmədə KİV-in rolu və digər mövzularda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı (Aran), Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və sədrin müavinləri, Bakı İslam Universiteti və Bakı Dövlət Universitetinin tanınmış alimləri mühazirələr oxumuşlar.
Bundan əlavə, kurslara cəlb olunmuş din xadimləri tədris müddəti ərzində Mirmöhsün ağa ziyarətgahını və Bibiheybət məscidini ziyarət etmiş, Şəhidlər xiyabanında, Heydər Əliyev Mərkəzində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində və digər məkanlarda olmuşlar.