2014-cü il iyuSalyanlun 5-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev iyulun 5-də Salyandakı Heydər Əliyev mərkəzində rayonun ziyalıları və dindarları ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmiş, onun adını daşıyan mərkəzdə Ulu öndərin zəngin və mənalı ömür yolunu əks etdirən foto və sənədlərlə tanış olmuşlar.
Görüşdə ölkəmizdə etnik-dini durum barədə fikir mübadiləsi aparılmış, Azərbaycanda sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun, çoxəsirlik adət ənənələri olan tolerantlıq şəraitinin, ayrı-ayrı dinlər, dillər və etiqadlar arasında qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyü diqqətə çatdırılmışdır.
Dövlət müşaviri Kamal Abdullayev ölkə rəhbərliyinin dövlət-din münasibətlərinə xüsusi diqqət yetirdiyini qeyd edərək, zəngin multikulturalizm ənənələrinin qorunub-saxlanması və inkişaf etdirilməsi, nəzərdə tutulmuş çoxşaxəli işlər, müxtəlif layihə və proqramlar barədə məlumat vermişdir.
Natiq dövlət başçısı İlham Əliyevin yeni xidmətlə bağlı qarşıya qoyduğu məsələləri diqqətə çatdırmış, bundan irəli gələn vahid konsepsiya əsasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçiriləcək işlərdən bəhs etmiş, dövlət-din münasibətlərindən, tolerantlıq sahəsində ölkəmizdə həyata keçirilən layihələrdən danışmışdır.
Bildirilmişdir ki, ölkəmizdə ta qədimdən müxtəlif dinlərin nümayəndələri, etnik qruplar və xalqlar dostluq və qardaşlıq mühitində yaşamışlar. Məhz bu tolerantlığın, birgə yaşayışın və ölkə başçısının bu istiqamətdə həyata keçirdiyi düzgün siyasətin nəticələridir ki, respublikamız dünyada nümunəvi tolerant ölkə kimi tanınır.
Diqqətə çatdırılmışdır ki, Azərbaycançılıq məfkurəsi bizə Ulu öndər Heydər Əliyevdən miras qalmışdır, həmin məfkurə bu gün Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilir.
Görüş başa çatdıqdan sonra Dövlət müşaviri Kamal Abdullayev Salyandakı “Cümə” məscidində dindarlarla görüşmüşdür.
Çıxış edən din xadimləri prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış yeni xidmətin dövlət başçısının dövlət-din münasibətlərinə, milli-mənəvi dəyərlərimizin inkişafına qayğısının bariz nümunəsi olduğunu bildirmişlər.
Qeyd edilmişdir ki, ölkəmizdə dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı üçün demokratik hüquqi şərait yaradılmışdır.