2014-cü il iyulun 24-də Bilik Fondu Azərbaycan gənclərinin onlar üçün yaradılan şəraitdən faydalanmasına təkan verəcəkdir.
Bu fikri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının ilk toplantısında səsləndirib.
Şura üzvlərinə göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Kamal Abdullayev, Fondun fəaliyyət istiqamətləri barədə hərtərəfli məlumat verərək vurğulayıb ki, əhalinin daha çox maarifləndirilməsi və savadlandırılması məqsədilə yaradılan Bilik Fondu ölkədə ideoloji istiqamətdə fəaliyyət göstərən qurumların məntiqi halqasıdır. Fond gənclərin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək olacaq, xüsusilə Azərbaycan gənclərinin onlar üçün yaradılan şəraitdən faydalanmasına təkan verəcəkdir.
Toplantıda Himayəçilik Şurasının sədri AMEA-nın prezidenti, akademik Akif Əlizadə əhalinin ən müxtəlif sahələrdə maarifləndirilməsində, azərbaycançılıq məfkurəsinin, eləcə də milli mənəvi və dini dəyərlərin təbliğində, ölkənin daxili və xarici siyasətinin mahiyyətinin geniş kütlələrə çatdırılmasında Bilik Fondunun görəcəyi işlərin vacibliyini vurğulayaraq bildirib ki, Azərbaycanın dinamik inkişafı, beynəlxalq aləmə inteqrasiyası ilə əlaqədar təhlillərin aparılması, sosial-iqtisadi proseslərin mahiyyətinin ictimaiyyətə çatdırılması da Bilik Fondunun əsas vəzifələri sırasındadır.
Xatırladaq ki, ölkə əhalisini maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə çatdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may 2014-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yaradılıb. Prezidentin digər Sərəncamı ilə Oktay Səmədov Bilik Fondunun İcraçı direktoru təyin edilib.
Şərh yoxdur