Kamal AbdullaAzərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev ölkəmizdə keçirilən Avropa Şurasının 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə mübadilə görüşü çərçivəsində Avropa Şurasının baş katibinin müavini Qabriella Battaini-Draqoni ilə görüşüb.
AzərTAc xəbər verir ki, Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri Emin Eyyubov, Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Dövlət Müşavirliyi Xidmətinin əməkdaşları da görüşdə iştirak ediblər.
Görüşdə Dövlət müşaviri ölkəmizdə mədəniyyətlərarası dialoqun daha da dərinləşməsi və inkişafı məqsədi ilə görülən işlərdən, Azərbaycanda mövcud olan multikultural cəmiyyətdən, digər dinlərin və mədəniyyətlərin nümayəndələrinə qarşı tolerant münasibətdən ətraflı söz açıb. O, Prezident İlham Əliyev tərəfindən bu sahəyə xüsusi həssaslıqla yanaşıldığını, bunun nəticəsi olaraq ölkəmizdə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin yaradıldığını qeyd edib.
Bundan başqa, ölkə Prezidentinin digər Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığı, bu Mərkəzin əsas məqsədinin də tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə mövcud multikultural modelləri tədqiq və təşviq etməkdən ibarət olduğu diqqətə çatdırılıb.
Qabriella Battaini-Draqoni Azərbaycan dövlətinin Avropa Şurası ilə bütün səviyyələrdə olan əməkdaşlığını yüksək dəyərləndirib, Azərbaycanın mədəniyyətlərarası dialoqa xüsusi töhfələr verdiyini bildirib. Müxtəlif ölkələrdə mədəniyyət və təhsil istiqamətində Heydər Əliyev Fondunun və xüsusilə Fondun prezidenti Mehriban Əliyevanın fəaliyyətinin multikulturalizmə əsl nümunə olduğu qeyd edilib.
Görüşdə Avropa Şurasının və Azərbaycanın gələcək əməkdaşlığı ilə bağlı bir sıra mövzularda fikir mübadiləsi aparılıb.