atet2014-cü il sentyabrın 10-da Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev ATƏT-in Bakı layihə əlaqələndiricisi səfir Aleksis Şaxtaxtinski ilə görüşüb.
Görüşdə Dövlət Müşavirliyi Xidmətinin və ATƏT-in Bakı Ofisinin əməkdaşları da iştirak ediblər.
Dövlət müşaviri Kamal Abdullayev görüşdə Prezident İlham Əliyevin Azərbaycanın tarixən mövcud olan tolerant ənənələrinə və multikultural mühitə çox həssas münasibətinin nəticəsi kimi Dövlət Müşavirliyi Xidmətinin yaradılmasından, ölkəmizdə onlarla millətin nümayəndələrinin dost və qardaş kimi yaşaması üçün hüquqi baxımdan bərabər imkanların mövcudluğundan, multikultural Azərbaycan cəmiyyətində digər dinlərin və mədəniyyətlərin nümayəndələrinə qarşı tolerant münasibətdən ətraflı söz açıb. Azərbaycan cəmiyyətinin təkcə iqtisadi və sosial cəhətdən deyil, eyni zamanda, mənəvi, intellektual baxımdan da inkişafı üçün dövlətin həyata keçirdiyi siyasətin bu gün uğurlu nəticələrinin olduğunu bildirən Kamal Abdullayev bu məqsədlə dövlət başçısının fərmanları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını diqqətə çatdırıb.
Aleksis Şaxtaxtinski Azərbaycan dövlətinin ATƏT ilə əməkdaşlığını yüksək dəyərləndirib. O, ölkəmizdə fəaliyyəti müddətində bir sıra dövlət və hökumət qurumlarının rəhbərləri ilə görüşlərdə təklif etdikləri layihələrə maraq və diqqət gördüyünü bildirib. Səfir ölkəmizdə həyata keçirmək istədikləri “Azərbaycanda tolerantlıq ənənələrinin möhkəmləndirilməsi”, “Dini tolerantlığın təşviqinə dair beynəlxalq konfrans” adlı layihələrin əhəmiyyəti haqqında məlumat verib.
Dövlət müşaviri Prezident yanında Bilik Fondu tərəfindən həyata keçirilən “İntellektual təhlükəsizlik” proqramı, bu proqram çərçivəsində “Docendo Discimus” (“Öyrədərək öyrənirəm”) devizi altında reallaşdırılan layihələr, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Bakı Slavyan Universitetinin nəzərdə tutulan layihə və tədbirləri haqqında məlumat verib və ATƏT-in Bakı Ofisini əməkdaşlığa dəvət edib.
A.Şaxtaxtinski Dövlət müşaviri Kamal Abdullayevin faydalı və maraqlı təkliflərini ürəkdən bəyəndiyini və gələcəkdə birgə əməkdaşlığın uğurlu nəticələrinin olacağına inandığını bildirib.