Troya qalasının altında ölən əsgər
Gözlərini yumaraq dinləyirdi içini.
Ölümü belə yaxın heç vaxt görməmişdi o,
Ölüm belə yaxından görməmişdi heç onu.
Uzaqlarda əriyib soyuq günəş batırdı,
Dənizin sularına qərq olurdu əbədi.
Bu göy dəniz heç belə sükuta dalmamışdı,
Bu göylər də bu qədər gəlməmişdi yaxına.
Qalanın üstündəki Troyalı o gəncin
Tuşladığı kamandan bir yol açıldı ona.
Fışıldayıb gəlirdi sükutu dələ-dələ,
Fışıldayıb çatanda, köksün dəlib deşəndə
Gördü ki bu yol deyil, ucu qanlı oxdu bu.
Elə bu an qalanın yanındakı dikdirin
Arxasından hərlənib yavaş-yavaş, aramla
At qoşulmuş araba göründü gözlərinə.
Bəli oydu, özüydü, onun sərkərdəsiydi,
Aqamemnon özüydü, sürür döyüş atını.
İstədi ki son dəfə olub-qalan güçünü
Yığıb dikəlsin indi çökdüyü bu torpaqdan.
Son dəfə qaldıraraq o döyüş qılıncını
Salamlasın bu ulu, bu ölməz qəhrəmanı.
Yenə gözü sataşdı qalanın üstdə durub
Qalib tək onu süzən məğrur Troyalıya,
Bir də ölüm allahı Tanat göründü ona.
Üzünü uzaqdakı Olimpə tərəf tutub
Qəlbində pıçıldadı: “Zevs, qüvvət ver mənə!
Zevs, bir anlıq dikəlt heydən düşən başımı,
Son dəfə salamlayım məni bura gətirib
Bu şərəfli ölümə məni qovuşduranı…”
Nə Zevs onu eşitdi, nə Zevs dikəltdi onu,
Hasarın üstündəki Troyalının baxışı
Pərçimlədi torpağa qalxanına söykənib
Bu dikəlmək istəyən, bu ölüm ayağında
Sərkərdəsini görüb salamlamaq istəyən
Və heç cürə ölməyən bu yunan əsgərini…
Gözləri açıq idi, bir-iki zəli milçək
Uçub qonub qaçırdı onun boz sifətinə.
Gözlər göyə baxırdı, gözlər yeri görmürdü,
Troyalını da artıq görüb seçmirdi gözlər.
Döyüş arabasını sürüb keçən o məğrur,
O cəsur, o qəhrəman sərkərdə Aqamemnon
Bir anlıq cilovunu atların çəkib durub,
Qala altda yıxılıb gözlərilə göyləri
Seyr eləyən görməyən o yunan əsgərini
Yada salmaq istədi, xatırlamaq istədi.
Xatırlamaq istədi, xatırlaya bilmədi,
Atın başın buraxıb davam etdi yoluna…