545“Sələflər və xələflər” beynəlxalq simpoziumunun əsas məqsədi türk dünyasının görkəmli dilçilərini yeni nəslə tanıtmaq, türk dünyasının müxtəlif nəsillərdən olan nümayəndələrini, xüsusilə gənc dilçiləri Azərbaycanın paytaxtı Bakıda bir araya gətirmək, onları sələflərin elmi irsi ilə tanış etmək, xələflərlə görüşdürmək, eyni zamanda, gənclərə həmyaşıdları ilə ünsiyyət yaratmaq, təcrübə mübadiləsi aparmaq, mənsub olduqları xalqın, ölkənin elmini, mədəniyyətini, milli dəyərlərini dünyaya təqdim etmək fürsəti vermək, beynəlxalq əməkdaşlığı genişləndirməkdir.
AzərTAc xəbər verir ki, bu sözləri oktyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Resursları Mərkəzində görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin 150 və tanınmış türkoloq, akademik Məmmədağa Şirəliyevin 105 illik yubileylərinə həsr olunan “Sələflər və xələflər” birinci beynəlxalq simpoziumunda Akademiyanın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev deyib.
“Sələflər və xələflər” beynəlxalq simpoziumunun iki ildən bir keçiriləcəyini bildirən akademik Tofiq Hacıyev ölkəmizdə dilçiliyin inkişafına göstərilən dövlət qayğısından danışıb, tanınmış elm xadimlərinin yubileylərinin keçirilməsinin ənənə halını aldığını diqqətə çatdırıb. T.Hacıyev türk dünyasının böyük mütəfəkkiri Əli bəy Hüseynzadənin 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 21 yanvar tarixli Sərəncamını xatırladıb.
Akademik bildirib ki, elmi toplantıya “Sələflər və xələflər” adını seçəndə Prezident İlham Əliyevin elmimizin yaşlı və gənc nəslinə eyni dərəcədə dövlət qayğısı əsas götürülüb.
T.Hacıyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi sahəsində Dilçilik İnstitutunun qarşısına qoyulan vəzifələrdən və bu istiqamətdə görülən işlərdən də söz açıb. Bildirilib ki, Dövlət Proqramına əsasən bu elm müəssisəsinin apardığı islahatlar çərçivəsində təşkil olunan beynəlxalq simpozium öz aktuallığı ilə seçilir. İnstitutun fəaliyyətinin, beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəldilməsi, dünyanın müxtəlif ölkələrinin dilçiləri ilə elmi əlaqələrin yaradılması baxımından bu tədbir böyük əhəmiyyətə malikdir.
Simpoziumda Türkiyə, Qazaxıstan, Polşa, Albaniya, Ukrayna, Əfqanıstan, Özbəkistan, İngiltərə və Bolqarıstan da daxil olmaqla, bir sıra xarici ölkələrdən nümayəndələr iştirak edirlər. Bölmə iclaslarında dilçiliyin müxtəlif sahələrini əhatə edən 90-dan artıq məruzənin dinləniləcəyi nəzərdə tutulur. Tədbirdə Azərbaycanın tanınmış alimləri ilə yanaşı, gənc nəslin nümayəndələri də elmi məruzələrlə çıxış edəcəklər.
Azərbaycan Respublikası Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev bildirib ki, respublikamız müstəqilliyini bərpa edəndən sonra dilimizin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açılıb. Bu gün Azərbaycan dilinin istifadəsi və əsaslı tədqiqi üçün əlverişli zəmin yaranıb. Elm və texnikanın sürətlə inkişaf etdiyi qloballaşma dövrü ana dilimizin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəlməsini zəruri edir. Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli Sərəncamının əhəmiyyətini xüsusi vurğulayan K.Abdullayev Əli bəy Hüseynzadə və akademik Məmmədağa Şirəliyevin Azərbaycan dilçiliyinin inkişafındakı xidmətlərini, sələflər və xələflər arasında əlaqələrin qurulmasında bu cür tədbirlərin rolunu qeyd edib.
Türkiyəli professorlar Şükrü Haluk Akalın və Zeynəb Korkmaz çıxış edərək bildiriblər ki, simpoziumun iki böyük şəxsiyyətin yubileylərinə həsr olunması onların xatirəsinə böyük ehtiramın təsdiqidir. Natiqlər Türkiyədə də yaxşı tanınan Əli bəy Hüseynzadə və akademik Məmmədağa Şirəliyevin türkologiya elminin inkişafı sahəsində fəaliyyətlərindən söz açıblar.
Bolqarıstanlı professor Zoya Barbolova ölkələrimizin elmlər akademiyaları arasında imzalanmış müqavilənin əhəmiyyətindən, akademik Məmmədağa Şirəliyevin 1953-1954-cü illərdə Sofiya Universitetində türk filologiyası kafedrasının rəhbəri kimi fəaliyyətindən danışıb. Z.Barbolova Azərbaycan və Bolqarıstan elmi əlaqələrinin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Tədbirdə türkiyəli professorlar Həmzə Zülfikar, Mustafa Önər, Yavuz Akpinar, albaniyalı alim Spartak Kadiu, qazaxıstanlı professor Erden Kajıbek və başqaları çıxış edərək, dilçi-türkoloq alimlərin təcrübələrinin öyrənilməsi baxımından simpoziumun əhəmiyyətini vurğulayıblar. Natiqlər elmi əməkdaşlığın genişləndirilməsinə xidmət edən bu cür görüşlərin davamlı keçirilməsini arzulayıblar.
Sonra Dilçilik İnstitutunun təsis etdiyi akademik Məmmədağa Şirəliyev adına mükafatın təqdimat mərasimi keçirilib. Mükafatın ilk laureatları türkiyəli professor Zeynəb Korkmaz və akademik Kamal Abdullayev olublar.
Daha sonra “Sələflər və xələflər” birinci beynəlxalq simpoziumu çərçivəsində akademik Məmmədağa Şirəliyevə həsr olunan plenar iclas keçirilib.
Akademik Tofiq Hacıyev və türkiyəli professor Şükrü Haluk Akalının həmsədrliyi ilə keçirilən iclasda türk dünyası alimlərinin məruzələri dinlənilib.
Tədbirdə professor Qəzənfər Paşayev “Türkologiya elmimizin bayraqdarı”, türkiyəli professorlar Mustafa Önər “Türk dünyası və türkologiya”, Ərtuğrul Yaman “Azərbaycanlı alimlərin Türkiyəyə təsirləri”, qazaxıstanlı professor Erden Kajıbek “Müasir türkologiyanın strateji mövzuları” adlı məruzələrlə çıxış ediblər.
Alimlər akademik Məmmədağa Şirəliyevin çoxşaxəli fəaliyyətindən, alimin türkologiya elminin inkişafına töhfələrindən danışıblar.
Sonra simpozium işini bölmə iclasları ilə davam etdirib. “Türk dillərinin tarixi və dialektologiya məsələləri” və “Ümumi dilçilik məsələləri” bölmələrində Azərbaycan, Türkiyə və Çindən olan alimlərin məruzələri dinlənilərək müzakirə edilib.
Simpozium öz işini oktyabrın 24-də başa çatdıracaq.

22 oktyabr 2014-cü il