DQ2014-cü il oktyabrın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin iştirakı ilə ölkədəki mövcud dini duruma həsr olunan müşavirə keçirilib.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Dövlət müşaviri xidmətinin əməkdaşları, DQİDK-nın rəhbərliyi, eləcə də Dövlət Komitəsi Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Müşavirəni açan Komitənin sədri Mübariz Qurbanlı bildirib ki, DQİDK qarşıdan gələn Aşura mərasimləri ilə bağlı müəyyən tədbirlər hazırlayıb və artıq həmin tədbirlərin icrasına başlanılıb. Qeyd edilib ki, Dövlət Komitəsi 16 noyabr-Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbirlər təşkil etməyi nəzərdə tutur. Həmin tədbirlər Bakı ilə yanaşı, Gəncədə və Qəbələdə də təşkil olunacaq.

Dövlət müşaviri Kamal Abdullayev bölgələrə səfərləri zamanı dindarlar və ziyalılarla görüşlərdə qaldırılmış məsələlər və verilmiş tapşırıqların icra vəziyyəti ilə maraqlanıb. Dövlət müşaviri ölkəmizdə mövcud olan dinlərə dövlətin münasibətinin dərin tarixi ənənələrə söykəndiyini, Azərbaycan Prezidenti tərəfindən bu ənənələrin daim qorunub saxlanıldığını diqqətə çatdırıb, görülmüş işlər, planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələrdən danışıb, həmçinin müvafiq tövsiyələrini verib.

Müşavirədə ölkədəki mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Aşura günü təziyə mərasimlərində Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ müharibəsi zamanı şəhid olan soydaşlarımız və qazilərimiz də anılmalıdır.

Mövcud dini durum və Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı digər məsələlər müzakirə edildikdən sonra M.Qurbanlı bu formatda tədbirlərin mütəmadi keçirilməsinin səmərəli olduğunu söyləyib, gələcəkdə də davam etdirilməsinin zəruriliyini vurğulayıb.