Yerlə Göyün arasında
İlişib qalmışam yenə.
Aşağıdan səslə sən də
Elə deyinə-deyinə.
Nə yerdəyəm, nə göydəyəm,
Hər şey məndən kənardadı.
Hərdən özüm də bilmirəm
Göy hardadı, yer hardadı.
Kimi Yerlə əlləşəndə,
Kimi Göylə vuruşanda,
Mələklərlə birləşəndə,
Şeytanlarla barışanda.
Yerlə Göyün arasında
İlişib qalmışam yenə.
Durub yolun yarısında
Boylanıram mən səsinə.
Üzüm yox Yerə qayıdım,
Gücüm yoxdu çıxım Göyə.
Beləcə birdən ayıldım
Yeri, Göyü söyə-söyə…