dini tolerantliqATƏT-in Bakı layihə əlaqələndiricisi, Azərbaycan hökuməti, Qafqaz Müsəlmanları İdarəsi və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə Bakıda ilk dəfə “Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

AzərTAc xəbər verir ki, ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinski konfransda çıxış edərək təşkilatın tolerantlığın təşviqi, ayrı-seçkilik, antisemitizm, islamofobiya hallarına qarşı mübarizə ilə bağlı bir sıra öhdəliklərinin olduğunu söyləyib. Bildirilib ki, ATƏT demokratik cəmiyyətin qurulmasında dialoqun təşviqini dəstəkləyir, həmçinin ATƏT regionunda nifrət zəminində cinayətlərə və çıxışlara qarşı qəti mövqe tutur.

Səfir tolerantlıq sahəsində Azərbaycanın göstəricilərinin çox yaxşı olduğunu bildirib. O deyib ki, məsələn, son 2500 il ərzində Azərbaycanda antisemitizm halları olmayıb. ATƏT-in nöqteyi-nəzərindən ən vacib məsələ odur ki, Azərbaycanda tolerantlıq və dini icmaların dinc yanaşı yaşaması kimi çox önəmli nailiyyətlər var.

Bu gün dünyada islamofobiya hallarının artmasından narahatlığını bildirən səfir qeyd edib ki, dini radikalizmin, ekstremizmin qarşısını almaq üçün səylərimizi gücləndirməliyik.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə tolerantlığın və multikultural mədəniyyətin hər bir dövləti gücləndirən, xalqı mütəşəkkilləşdirən və onun birliyini təmin edən amil olduğunu söyləyib. Şeyxülislam bildirib ki, Azərbaycanda dini-mənəvi irsə ehtiram yüksək səviyyədədir, tolerantlıq ənənələri qədim tarixə malikdir. Xalqımızın milli mənəvi və tarixi irsindən bəhrələnən Azərbaycanın ümumbəşəri ideyaların carçısına çevrilməsi bizim üçün qurur mənbəyidir.

Şeyxülislam Allahşükür Paşazadə diqqətə çatdırıb ki, Bakı istər mədəniyyətlərarası, istərsə də dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin keçirildiyi ənənəvi məkana çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Mədəniyyətlərarası Dialoq forumlarının təşəbbüskarı, multikulturalizm ideyasının dünya miqyasında fəal müdafiəçisidir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində də tolerantlığın beynəlxalq müstəvidə təşviqi prioritet istiqamətlərdən birini təşkil edir.

Allahşükür Paşazadə deyib ki, Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Ölkəmizdə məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar fəaliyyət göstərir, yeniləri inşa edilir. Mövcud dini ibadətgahlarda bərpa və yenidənqurma işləri həyata keçirilir.

Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda din-dövlət münasibətlərinin düzgün qurulduğunu vurğulayan Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirib ki, etnik və dini müxtəliflik ölkəmizin milli sərvətidir. Vətəndaşlarımızın demokratik insan hüquqları, dini etiqad azadlıqları qanunla təsbit  və təmin olunur. İnsan həyatının xilası tolerantlıqdan, müxtəlif millətlərə və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və ehtiramından keçir. Bu məqamı ərazisinin bir hissəsi ermənilər tərəfindən işğal olunmuş xalqımız hətta Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə də unutmur, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında həllində israr edir.

Allahşükür Paşazadə deyib: “Bu gün həm də Milli Dirçəliş Gününü qeyd edən Azərbaycan milli mənəvi dəyərlər üzərində qurulan müasir hüquqi, dünyəvi dövlət modelinin parlaq nümunəsidir. Uğurlarımızın təməlində milliyyətindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu bəyan etmiş dövlətimizin başçısı İlham Əliyevin fəaliyyəti, müxtəlif mədəniyyət daşıyıcısı olan vətəndaşlarımızın bir ailə kimi yaşaması, xalqımızın bütün dünyada hər zaman sülh və anlaşma tərəfdarı kimi çıxış etməsi durur. Ölkəmiz hər zaman ədalətə və beynəlxalq hüquqa söykənən dünya düzəninə çağırışlarını bəyan edir və bu, bizim bugünkü və gələcək nailiyyətlərimizi şərtləndirir”.

Bütün Qafqazın şeyxi qeyd edib ki, bu konfrans Azərbaycan dövlətinin və xalqının ümumbəşəri amallar uğrunda beynəlxalq təşkilatlarla əməkdaşlığında əməli addımlardan biridir. Bu, xalqımızın tolerantlığının, ölkəmizin dünya miqyasında dialoqa hazırlıq ruhunun təcəssümü və Qafqaz Müsəlmanları İdarəsinin bu önəmli prosesdə yaxından iştirakının bariz nümunəsidir. Biz bugünkü tədbiri uğurlu addım kimi dəyərləndiririk və bu istiqamətdə səylərin davamlı olmasına tərəfdarıq.

Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında daimi nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib ki, ölkəmizin əsrlər boyu tolerantlıq sahəsində qazandığı uğurlar dünyaya nümunədir. O bildirib ki, dünyada sülhün, əmin-amanlığın təmini üçün bəşər övladı bir-birini anlamalı, müxtəlif dinlərə, mədəniyyətlərə məxsus cəmiyyətlər bir-birinə qarşılıqlı hörmət şəraitində yaşamalıdır.

Bahar Muradova qeyd edib ki, Azərbaycan ATƏT-lə əməkdaşlığı müddətində bu təşkilatın dəyərlərinin bütün regionda, o cümlədən ölkəmizdə bərqərar olması istiqamətində çox ciddi addımlar atıb. Tolerantlıq və dini dözümlülüyün Azərbaycan modeli haqqında danışanda xüsusi vurğulamaq lazımdır ki, ölkədə dini və etnik tolerantlığın bir neçə aspektdə əsasları var. Onlardan biri tarixi aspektdir. Azərbaycanın bir neçə minilliyə söykənən tarixinə nəzər salsaq görərik ki, bu ərazidə insanlar etnik və dini kimliyindən asılı olmayaraq, bir-biri ilə qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Münaqişələr, etnik və dini münaqişələr, ərazi iddiaları, təcavüz aktları bizi bir-birimizə qarşı qisas hissi ilə yaşamağa vadar etməyib, əksinə bu vəziyyətdən çıxmağın birgə yollarını axtarmağa çalışmışıq. Tarixin ən müxtəlif mərhələlərində insanlığımızı, bəşər övladı olduğumuzu anlamağı qoruyub saxlaya bilmişiksə, ilk növbədə, öz xarakterimizə, öz milli kimliyimizə borcluyuq.

Milli Məclis sədrinin müavini qeyd edib ki, Azərbaycanda yaşayan əhalinin mütləq əksəriyyəti İslam dininə etiqad bəsləyir. Digərləri müxtəlif dinlərə mənsubdur. Amma burada kimdən soruşsanız, görəcəksiniz ki, heç kim ilk dəfə rastlaşdığı insanın milli və dini kimliyi ilə maraqlanmır, ona insan kimi yanaşır. Biz heç zaman insanları milli və dini kimliyinə görə fərqləndirməmişik. Bu, bizim üstünlüyümüzdür, zənginliyimizdir. Biz bununla fəxr edirik. Bu, bizim yaşam tərzimiz, ifadə formamızdır.

Bahar Muradova bildirib ki, Azərbaycanda milli, dini dözümlülük və tolerantlıq özünü mütləq şəkildə siyasi yanaşmalarda da büruzə verir. Ölkəmizdə siyasi cəhətdən də tolerantlığın və dözümlülüyün ciddi əsasları var. Azərbaycanda yaşayan millətlərin, etnik qrupların, dini təmayüllərin birgə yanaşmasını təmin etmək hər zaman prioritet olub. Bütün bunları hüquqi aspektdən əks etdirən mükəmməl qanunvericilik bazası və siyasi iradə mövcuddur. Azərbaycanın milli, dini, tarixi ənənələrini özündə əks etdirən dövlət sistemi, hüquqi qanunverici bazamız və ən əsası ATƏT regionunda daim nümayiş etdirdiyimiz müstəqil siyasi iradəmiz var. Bütün xalqlar, etnik qruplar, dini icmalar harada yaşamasından asılı olmayaraq, sülh və təhlükəsizlik şəraitində yaşamalıdırlar. Azərbaycan modeli də məhz budur. Azərbaycan modeli ATƏT regionunda seçilən modeldir.

Sonra UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva təşkilatın baş direktoru İrina Bokovanın konfrans iştirakçılarına müraciətini oxuyub.

Daha sonra Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin, Tbilisi İlahiyyat Akademiyasının rektoru Protopresviter Giorgi Zviadadzenin, Bütün Gürcüstanın katolikos patriarxı II İlyanın müraciətləri səsləndirilib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq çıxış edərək bu gün dünyada dini zəmində münaqişələrin artdığını, Orta Şərqdə baş verən hadisələrin bunun bariz nümunəsi olduğunu söyləyib. Bildirilib ki, dini zəmində münaqişə yaradanlar həm də nifrət yayırlar. Ümumi bir çağırışla üzləşirik ki, bu nifrətlə necə mübarizə apara bilərik. Biz hamımız qarşılıqlı anlaşma, sülh şəraitində birgə yaşamağı öyrənməliyik. Səfir Azərbaycanda bu sahədə qazanılmış təcrübənin təqdirəlayiq olduğunu bildirib.

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Azərbaycanda tolerantlığın həm də dövlət siyasəti kimi həyata keçirildiyini, ölkəmizin sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfələr verdiyini söyləyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, bütün səmavi dinlər bəşəriyyəti tolerantlığa, sülhə, dözümlülüyə çağırır. Amma bəzən bundan sui-istifadə edilir. Ona görə, bu gün tolerantlığı təşviq etmək ən mühüm çağırışlardan biridir.

Hazırda dünyanın müxtəlif ölkələrində müharibə və toqquşmaların davam etdiyini deyən M.Qurbanlı bildirib ki, onların bir çoxu dini zəmində baş verir. Dini tolerantlıq dedikdə bu, yalnız dinlərarası yox, dinlər daxili məsələyə də aid olmalıdır.

Komitə sədri tolerantlığın Azərbaycan vətəndaşları üçün həm də mənəvi öhdəlik olduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, Azərbaycanın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmasına baxmayaraq, Bakıda erməni kilsəsi mövcuddur. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri dostluq və qardaşlıq mühitində birgə müzakirələr apara bilirlər.

M.Qurbanlı ATƏT-in hər il ən tolerant ölkə müsabiqəsi keçirməsini təklif edib.

Sonra tədbir işini sessiyalarda davam etdirib.

Konfrans noyabrın 18-də öz işini Bakı bəyanatının qəbulu ilə başa çatdıracaq.

17 noyabr 2014-cü il