bilik_fondu_tedbirBakıda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə keçirilən “Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits – 200” beynəlxalq kollokviumu yanvarın 31-də işini müzakirələrlə davam etdirib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi, oğuz türk dastanı “Kitabi-Dədə Qorqud”un alman diplomatı və şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə çevrilərək dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunub.

Müxtəlif ölkələrdən məşhur qorqudşünasların, türkoloqların, nəşriyyat rəhbərlərinin, araşdırmaçıların iştirakı ilə Bilik Fondunda keçirilən tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev diqqətə çatdırıb ki, bu gün kollokvium üzvlərinin təklifləri əsasında “Kitabi-Dədə Qorqud” dastanının araşdırılması və ilboyu təbliğatının aparılmasının konkret proqramı müəyyənləşdiriləcək.

Tədbirdə çıxış edən alim və mütəxəssislər mövzu ilə bağlı fikir və təkliflərini bildiriblər.

Sonra kollokvium üzvlərinin təklifləri əsasında “Kitabi-Dədə Qorqud” dastanının araşdırılması və ilboyu təbliğatının aparılmasının konkret proqramı müəyyənləşdirilib.

Daha sonra qonaqlar Dədə Qorqud parkında olublar. Burada onlara parkın yaradılması ilə bağlı geniş məlumat verilib.

Beynəlxalq kollokvium işini Bakı Slavyan Universitetində davam etdirəcək.

31 yanvar 2015-ci il