Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev ölkəmizdə səfərdə olan Türkiyə Baş nazirinin baş müşaviri, Türkiyənin BMT-nin Sivilizasiyaların Alyansı üzrə Milli Əlaqələndirmə Komitəsinin sədri Bekir Karlığanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Dövlət müşaviri ölkəmizdə mədəniyyətlərarası dialoqun daha da dərinləşməsi və inkişafı məqsədi ilə görülən işlərdən, Azərbaycanda mövcud olan multikultural cəmiyyətdən, digər dinlərin və mədəniyyətlərin nümayəndələrinə qarşı tolerant münasibətdən söz açıb. Prezident İlham Əliyev tərəfindən bu sahəyə xüsusi həssaslıqla yanaşıldığı, bunun nəticəsi olaraq ölkəmizdə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin yaradıldığı qeyd edilib. Bundan əlavə, dövlət başçısının digər fərmanları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığı, bu qurumların əsas məqsəd və məramlarının nədən ibarət olduğu qonaqların diqqətinə çatdırılıb.
Bekir Karlığa Azərbaycan ilə Türkiyə arasında olan dostluqdan və bütün sahələrdə birgə əməkdaşlıqdan söz açaraq Prezident İlham Əliyevin bu istiqamətdə atdığı qətiyyətli addımları qeyd edib. O, Prezident İlham Əliyevin dünya ictimaiyyəti qarşısında ən böyük xidmətlərindən birinin də Azərbaycanda multikulturalizmin inkişaf etdirilməsi olduğunu söyləyib. Baş müşavir, həmçinin hazırda gördükləri işlər, Azərbaycanda, eləcə də digər türk dövlətlərində reallaşdırmaq istədikləri layihələr haqqında məlumat verib.
Bekir Karlığa 2016-cı ildə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinin çox böyük əhəmiyyətinin olduğunu vurğulayıb.
Görüşdə Azərbaycanda və Türkiyədə mövcud olan və eyni amala xidmət edən qurumların gələcəkdə birgə əməkdaşlığının qurulması, ortaq layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
13 mart 2015-ci il
Şərh yoxdur