Azərbaycan xalq ədəbiyyatının qədim yazılı abidəsi, oğuz türk dastanı “Kitabi-Dədə Qorqud”un alman diplomatı və şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə çevrilərək dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Beyləqan şəhər mədəniyyət sarayında “Kitabi-Dədə Qorqud əxlaq və mənəviyyat dərsliyimizdir” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları, alimlər, tələbə və şagirdlər, Beyləqan rayon ictimaiyyətinin nümayəndələri və ziyalılar, N hərbi hissəsinin əsgərləri iştirak edib.
Konfransda giriş sözü ilə çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev deyib: Bəlkə də çoxları “Kitabi-Dədə Qorqud” dastanlarının repressiya olunmuş bir epos olduğundan məlumatsızdır. Sovet rejiminin ağır illərində bu dastanı oxumaq mümkün deyildi. Yalnız 1950-ci illərin axırlarında xalq öz dastanına bir daha qovuşa bildi. Alimlərimiz dastanla bağlı tədqiqatlar apardılar, yazıçılar onun əsasında müxtəlif janrlarda xeyli əsərlər yazdılar.
K.Abdullayev Dədə Qorqud irsinin daha dərindən öyrənilməsi və təbliğində ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayaraq qeyd edib ki, “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Prezidentin müvafiq Sərəncamı Azərbaycanda yeni qorqudşünaslıq dalğasının yaranmasına gətirib çıxarıb. Geniş ictimaiyyət, xalqımızın ən müxtəlif zümrələrinin nümayəndələri, ziyalılar, alimlər, gənclər birlikdə qədim dastanımıza məhəbbətlərini nümayiş etdirirlər. Bundan sonrakı dövr ərzində də “Kitabi-Dədə Qorqud”la bağlı silsilə tədbirlər həyata keçiriləcək.
Konfransda Bakı Slavyan Universitetinin əməkdaşı Rüstəm Kamal “Kitabi-Dədə Qorqud ruhumuzun və dilimizin abidəsi kimi”, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Süleymanova “Xocavənddə yaşayan tarix”, Qəbələ rayonundakı Nic kənd tam orta məktəbinin şagirdləri “Kitabi-Dədə Qorqudda ailə” mövzularında məruzələr ediblər. Bakı şəhərindəki İ.Əfəndiyev adına Elitar gimnaziyanın və Beyləqan şəhər 1 nömrəli tam orta məktəbinin şagirdlərinin ifasında dastanın motivləri əsasında hazırlanmış kompozisiya və səhnəciklər təqdim edilib. Məruzə və kompozisiyalarda “Kitabi-Dədə Qorqud” dastanının Azərbaycan ədəbiyyatında, dilçiliyində, folklorunda, mədəniyyətində, məişətində, mənəviyyatında oynadığı roldan bəhs edilib.
“Savalan” qrupunun təqdim etdiyi ifalar konfrans iştirakçılarının marağına səbəb olub.
Sonda məktəblilərə və hərbi hissənin əsgərlərinə Kamal Abdullanın “Mifdən yazıya və yaxud gizli Dədə Qorqud” kitabı hədiyyə edilib.
13 aprel 2015-ci il
Şərh yoxdur