Kamal Abdulla çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir. Onun yaradıcılığı çoxşaxəli və polifonikdir; milli filologiya, bədii nəsr, poeziya və dramaturgiya janrlarında yazıb yaradır. Postmodernizmin Azərbaycan ədəbiyyatında görkəmli  nümayəndələrindən biri hesab olunur.

Kamal Abdulla (Kamal Mehdi oğlu Abdullayev – 1950) Bakıda ziyalı ailəsində anadan olub. 190 saylı orta məktəbi bitirib (1968), Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1968-1973), SSRİ Elmlər Akademiyası Dilçilik Institutunun “Türk dilləri” şöbəsinin əyani aspirantı olub, Moskvada “Sintaktik paralelizm” (“Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə) fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib (1977), bir müddət Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb (1977-1984), “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib (1984), Azərbaycan Xarici Dillər Universitetində kafedra müdiri (1984-1987, 1993-2000) işləyib. Bir müddət Türkiyə Uludağ Universitetinin Türk dili və ədəbiyyatı bölümünün professoru kimi çalışıb. 2000-2014-cü illərdə Bakı Slavyan Universitetində rektor işləyib. Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri (2014-2017) olub. 2017-ci ildən Azərbaycan Dillər Universitetinin rektorudur. Filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademikidir.

Kamal Abdulla əvvəlcə elmi fəaliyyətlə məşğul olub, Azərbaycan dili sintaksisinin nəzəri problemlərinə aid elmi məqalələri və monoqrafiyaları çap olunub. 80-ci illərdə ədəbiyyatın müxtəlif problemlərinə aid tənqidi məqalələrlə çıxış edib, bu illərdə Azərbaycan televiziyasında “Azərbaycan dili”, “Qoşma”, “Dəfinə”, “Sözün sirri” kimi ədəbi verilişlərə müəlliflik edib.

K.Abdulla ilk ədəbi fəaliyyətə tənqidçi kimi başlayıb, tənqidi məqalələrlə çıxış edib. “Müəllif-əsər-oxucu” kitabı nəşr edilib (1985). Daha sonra “Əvvəl-axır yazılanlar” (1990), “Gizli Dədə Qorqud” (1991), “Sirr içində dastan və yaxud gizli Dədə Qorqud-2” (1999) və s. kitabları nəşr edilib. 90-cı illərin ortalarından başlayaraq, bədii əsərlər yazır; hekayələri, şeirləri, esseləri, pyesləri və romanları dərc edilir. Əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib, haqqında çoxlu araşdırmalar aparılıb. O, həm də tərcümə sənətilə məşğul olmuş, rus poeziyasının görkəmli nümayəndələri A.Axmatova, N.Qumilyov, K.Balmont, M.Kuzmin, V.Bryusov, O.Mandelştamın şeirlərini çevirmişdir.

90-cı illər siyasi proseslərində ədəbiyyatın, bədii düşüncənin bir qədər geriyə çəkilməsindən sonra çoxları taym-aut götürsə də, Kamal Abdulla yaradıcılığı öz axarı ilə, artan xətt üzrə davam etdi. Eyni zaman daxilində həm bir-birindən gözəl və düşündürücü şeirlər (“Payız sevgisi”, “Soldu nar çiçəkləri”, “Sən axtardığını itirməyiblər”, “Bu görüş də bir qəribə nağıldı” və s.), həm fəlsəfi esselər (“Əvvəl- axır yazılanlar”), hekayələr (“İlişin qayıtmağı”, “Qərar” və s.), həm də modern dram əsərlərini (“Casus”, “Beyrək”, “Bir, iki-bizimki”, “Şah İsmayıl” və yaxud “Hamı səni sevənlər burdadı” və s.) yazması, orijinaldan tərcümələr (N.Qumilyov, K.Balmont, A.Axmatova, O.Mandelştam) etməsi onu ədəbi prosesin mərkəzinə gətirdi. Janrından və formasından asılı olmayaraq bu əsərlərin strukturu və ideya- sı, süjet kompozisiyası, ifadə tərzi və üslubu ilə ədəbi düşüncəmizi yeni bir mərhələyə daşıdığını görməmək mümkün deyil.

K.Abdulla yaradıcılığının bütün formalardakı nümunələrini birləşdirən iki ümumi cəhət vardır; bunlardan biri “Kimsə yox xatırlamağa, unutmağa da kimsə yox” leytmotivinin (başqa sözlə fəlsəfəsinin) bütün formalarda bu və ya digər şəkildə əks olunması. İkincisi, hər hansı bir problem esse, şeir, hekayə, pyes və romanlarında invariantlılığa çevrilir, başqa sözlə, həyatın fəlsəfi tutumu formadan formaya düşür. Bu yaradıcılığı birləşdirən başqa bir ümumi cəhət isə bütün formaların aparıcı olması və müəllifinin eyni dərəcədə uğur qazanması, ədəbi prosesdə yer tutmasıdır. Başqa bir cəhət isə bədii, ədəbi mətnlərinin bəşəri problemə həsr olunmasıdır. K.Abdulla mətnlərinin intellektuallığını və bəşəriliyini nəzərdə tutan prof. Asif Hacılı yazır: “Totallığın bütün növləriylə mahiyyətcə mübarizədə olan bu Mətn, getdikcə bəşəri kontekstdən qopan çağdaş milli-ədəbi mühitdəki əyalətçiliklə də mübarizədədir. Eyni zamanda Kamal Abdullanın aktual və produktiv Mətni yalnız ədəbi mühitin iç dünyasına deyil, oxucu qavramındakı stereotiplərə də müxalifdir” (Hacılı, 2010, 3-4).

K.Abdulla poeziyası özünün dili, üslubu, fəlsəfi çalarları, ritmi, bədii təsvir və ifadə vasitələri ilə yeni dövr poeziyasını zənginləşdirir. Bu şeirlərdə fikir hər hansı bir misranın, yaxud bəndin üzərində qərar tutmur, bütün misralar eyni dərəcədə yüklü olur. Bu cəhətdən K.Abdulla şeirləri Dədə Qorqud şeirinə yaxınlaşır. Hər bir sətir ayrıca müstəqil bir statusda olur, misranın tutumunu aydınlaşdırmaq üçün bir səhifə açmaq gərək olur. “Alın yazısı hədər yazılmır…” şeirində “isti yay günü heysiz bir axşam uzaq yolun bağrını dəlib” gələn, gəldiyinə heç kimin inanmayacağı lirik mənin sevgi duyğusunun mənzərəsi (xatirə, qayıdışı, sevginin və həyatın fəlsəfəsi və s.) yaradılır:

Kim xatırlayar, nədən başladıq-

Bu ömür ki var-əvvəli hanı?

Necə yaşadıq, necə yaşlandıq,

Payız da bitir, xəzəli hanı?

…Alın yazısı hədər yazılmır,

Qayıdacaqdın-taleyin budu.

Sənin üzündə kədər yazılıb,

Gözün doludur, qəlbin doludur.

Bir çox əsərlərindən qırmızı xətt kimi keçən “Unutmağa kimsə yox” (bu adda romanı da var!) şeirində tənhalıq və həyatda itirdiyini axtarmağın poetik formulunu təsvir edir. Paradoks yalnız şeirin adında deyil, poetik mətn boyu verilən və axtarılan suallardadır:

Nələr arzuladıq, nələr qazandıq,

Hələ nələri də itirəcəyik.

Yollara sarılıb biz də uzandqı,

Hara gəlib çatdıq belə tələsik?

De mənə varmıydın, ya bəlkə yoxdun?

De mənə, yuxudu bəlkə bu dünya?

Bu bulaq suyunda sənmiydin axdın?

O bulud apardı səni haraya?

 Şair göstərir ki, hər şeyin bir başlanğıcı olduğu kimi, sonu da var, vaxt, zaman gəlir və sona yetişir, geriyə boylanıb nəyin necə keçdiyini bilmək, xatırlamaq istəyirsən. Lakin hər şey yox olub getmişdir. Yaşadıqlarımız sadəcə bir həyatdır (“bu da bir həyatdı, oynadıq onu”). Şairin lirik məninin düşüncələri “bu da bir həyatdı, oynadıq onu” məntiqi ilə tamamlanmır, həyat paradokslardan ibarətdir, onun əksini də düşünür. “Bu da bir oyundu, yaşadıq, bitdi”. Yaşanan həyat və onun fəlsəfəsi, yaxud həyatın sonu aşağıdakı poetik məntiqdə ümumiləşdirilir:

Yollar getdi üzü dağa,

Yoxuşlar enişlərdən çox,

Kimsə yox xatırlamağa,

Unutmağa da kimsə yox.

K.Abdullanın yaradıcılığında hekayə janrı mühün yer tutur; onun bir çox hekayələri mif, folklor, yunan əsatirləri üzərində qurulsa da, ideya baxımından bu günlə səsləşir.

K.Abdulla poeziyasında sözün və səsin, ritmin yaratdığı emosiya poetik düşüncənin mexanizmini görümlü edir, səs və söz alliterasiyası bizə tanış, bəlkə yaddan çıxmış bir həyatın ömürlüyünü verir. Şeirdə poetik nitq canlı orqanizm kimi çıxış edir, həyatın paradoksları bir başqa şəkildə ifadə olunur. Şair başqa şeirlərində olduğu kimi, burada da sözün məna çalarlarına müraciət edir:

Yağışlar yağar üzüyuxarı,

Yağışlar yağar dərgaha sarı,

Yağışlar yağar Allaha sarı,

Üzüaşağı yağmaz yağışlar.

Günahkar dünya alqışa həsrət,

Bir baxışa həsrət,

İşığa həsrət, yağışa həsrət,

Yağışlar yağar üzüyuxarı.

K.Abdullanın poeziyasında həyata aid suallar çoxdur; bu suallarda həyatın özü, onun paradoksları, əkslikləri, sirləri öz əksini tapır. Bəzən bir neçə misrada həyatın dərkolunmazlığını, sirlərini, kontrastlarını ifadə edir; “Cavabsız suallar yağır, Cavabsız suallar ağır”, “Bu dənizin sularını balıqlarından başqa içən olmadı”, “Bir nağıl başladı yenə, Qaranlıq aldı hər yanı”, “Yerlə göyün arasında, İlişib qalmışam yenə”, “Bu sevda da son deyil, bu nifrət də son deyil”, “Allah, sənin sevdiklərin, Qırıb çatdı bir-birini”, “Səndən uzaqlarda günəş çıxacaq, Səndən uzaqlarda yağış yağacaq”, “Dünyadan itmək vaxtıdı, Bu vaxt bir də ələ düşməz”, “İşıqdan qaranlığa, Qaranlıqdan işığa. Var-gəl. Var-gəl” və s. sətirlərində, poetik dialoqlarında şübhə, sual, müəmma dolu həyatı təsvir edir, heç zaman suallardan qaçmır, əksinə poetik suallarla həyatın məntiqini tapmağa çalışır. K.Abdullanın şeirləri oxucunu özünüdərkə səsləyir, insanları hər hansı bir problemdən qaçmağı deyil, onu başa düşməyi, suallara cavab axtarmağı təlqin edir. K.Abdulla poeziyası poetik dialoqlar üzərində qurulur; bu dialoqlarda həyatın təzadları, paradoksları, kontrastları və s. poetik idrakın gücü ilə təsvir edilir.

Kamal Abdulla yaradıcılığında hekayə janrı da mühüm yer tutur; onun hekayələrində mifik, əsatiri obrazlar, yaxud tarixiliklə müasirliyin vəhdəti başlıca yer tutur. İlk olaraq 1996-cı ildə yazıçının iki hekayəsi “Qərar” və “İlişin qayıtmağı” “Xəzər” dərgisində nəşr edilir. Daha sonra yazıçının “İstintaq”, “Xaron, mərhəmətli Xaron”, “Dəvə yağışı”, “Adaşlar”, “Parisin seçimi”, “Çəngəl çiçəyi”, “Gülü qahqah xanımın nağılı” və s. onlarla hekayələri forma və məzmun orijinallığı ilə seçilir. Yaradıcılığının digər formalarında olduğu kimi, hekayələrində də dil, üslub eksperimentləri, çoxqatlılıq, orijinal təhkiyə üsulu burada da özünü göstərir. Bütün bunlar Azərbaycan bədii düşüncəsinin bilərəkdən yeni bir mərhələsini şərtləndirən faktor olaraq görünür. Bu hekayələr mövzu baxımından fərqli olsalar da, ruh baxımından bir-birinin davamı, yaxud silsilə təsiri də bağışlayır. Nağılvarilik və romantik atmosfer, gerçəkliklə fantasmoqoriyanın vəhdəti, şərtiliklər və s. onları birləşdirən cəhətlərdir. Ümumiyyətlə, K.Abdullanın nəsr dili və bədii təsvir və ifadə üsulları ona qədərki nəsrin dil və üslub mexanizmindən əsaslı şəkildə fərqlənir. Məsələn, “Parisin seçimi” hekayəsi Homerin “İliada” eposundan götürülmüş Troya müharibəsinin yaranma mifinin motivləri üzərində qurulub və Poseydon, Apollon, Zevs, Ares, Hermes, Hera kimi əsatiri obrazlar olduğu kimi qalır. Hekayənin süjet xətti də azacıq dəyişikliklə təqdim olunur, lakin sonluq tamamilə fərqlidir. Əgər yunan mifologiyasında Paris almanı Helenə qovuşmaq həsrətilə Afroditaya verirsə, burada ” Əgər almanı mənə versən, Hera təmkinlə və yavaş-yavaş danışmağa başladı, əgər ən gözəl ilahə kimi sən Paris məni seçmiş olsan, o zaman mən Hera səni bütün Asiyaya hökmran edərəm” – deyən Heranı seçir”. Bu isə Parisin daha ağıllı qərar verməsinə gətirib çıxarır.

K.Abdullanın “Qərar” hekayəsində həyatda olanlar yox, daha çox olacaqlar qələmə alınıb. Hekayənin bu obrazı və onun taleyi müəyyən mənada “Sehrbazlar dərəsi” romanında da eyni adla verilmişdir. Burada yazıçı Məmmədqulunun verdiyi qərarların ağırlığı və dönməzliyini vermək istəmişdir. Məmmədqulunun cəlladlığa meyilinin səbəb və nəticələri də əsas məsələlərdən biridir. Məmmədqulu uşaq ikən qəlbində gəzdirdiyi imtiqam hissi ilə yaşayır. Atasının intiqamını almaq, anasını oynaşı ilə birgə qətl etmək onun həyat amalına çevrilir. İstəyinə çatdıqdan sonra o, artıq bir cəllada çevrilir. Hətta bir gün atasının dostu vəzirin yanına gəlib ondan sarayda qulluq istəyir. Lakin o, bu qərarı ilə vəziri təəccübləndirir. Vəzirin “şahın qulluğu deyirsən, sən nə təhər qulluq istərdin özünə?”, – sualına Məmmədqulu “Cəllad olardım, ağa” cavabını alır. Əslində bu cavab Məmmədqulunun özünə aydın olsa da, vəzirin onun həyatından xəbəri olmadığından bu istəyin arxasında nə dayandığını başa düşə bilmir. Sarayda çox dəhşətlər görsə də, Məmmədqulunun bu cavabından sarsılır: “Məmmədqulunun cavabından gözləri təpəsinə çıxmışdı, qanı damarında donmuşdu, az qala kürəklərindən soyuq tər axdığını, axıb tumanınacan gəldiyini hiss eləmişdi”. Məmmədqulu cəllad olur və öz işini son dərəcə ürəkdən, necə deyərlər, sevə-sevə görür. Yazıçı Məmmədqulunun cəllad olmaq arzusunun və peşəsinə bu dərəcədə bağlı olmasının arxasında hansısa bir sirrə bağlayır. Bu sirr hekayənin sonrakı hissələrində müəyyən qədər açılır. Vəzir Məşdəli ilə qoca qulun söhbətində cəllad Məmmədqulunun nədən özünə bu işi seçdiyinin səbəbləri görünür: Bunun belə ciddi-cəhdlə, ləzzətlə günahkarlara əzab-işgəncə verməsi, asi başı kəsməsi, uşaq boğması bunun öz dərdini buna unutdurur, o böyük dərdi, ona dözmək asan məsələ deyil, mənim balam, ölümlə belə oyun oynamağı, asmağı-kəsməyi həmən o böyük dərdi dərdsizləşdirir, dərdsizləşdirə bilirsə…”

Məmmədqulunun son qərarı daha dəhşətli olur; sevdiyi körpəsinin anası Pərnisənin qətlinə fərman verir. Halbuki o, Pərnisəni də çox sevirdi və ona görə şahdan üz çevirmişdi. Yazıçı bununla əsərin əvvəlində Məmmədqulunun anası ilə bağlı baş verən hadisələrə işarə edir, bu hadisələrin baiskarı kimi anasını görür və gələcək bədbəxtliklərin qarşısını almaq üçün bu yolu seçməyə qərar verir.

Kamal Abdulla çağdaş ədəbi, ictimai, elmi cameələrdə postmodern romanlar müəllifi olaraq daha çox tanınır; bu doğrudan da belədir, çünki bu qənaət yalnız milli arealı deyil, beynəlxalq məkanı da qapsayır. İlk postmodern romanı “Yarımçıq əlyazma”nın “odisseya”sı onun yaradıcılığına və şəxsiyyətinə marağın coğrafiyasını inanılmaz dərəcədə eninə və dərininə böyütdü. Lakin bu qənaət son on ilin ədəbi, elmi, ictimai mənzərəsinə əsasən çıxarıla bilər.

K.Abdullanın “Yarımçıq əlyazma” romanı Azərbaycan bədii nəsrində Y.Səmədoğlunun “Qətl günü” romanından sonra yaranmış iyirmiillik bir sükut buzunu sındırdı. Təkcə romanın strukturu çoxqatlılığı ilə deyil, həm də ədəbi prosesə təsiri baxımından yeni bir canlanma gətirdi, haqqında ən çox danışıldı, mübahisələr yaratdı. Həm də roman az vaxt içərisində dünyanın müxtəlif dillərinə tərcümə edildi və son illərin dünya arenasına çıxan ilk postmodernist əsəri kimi yadda qaldı, yazıçı “Azərbaycanın Umberto Ekosu”, deyə tanındı. Əsər Nobel mükafatına təqdim olunan namizədlərin siyahısına daxil edildi.

“Yarımçıq əlyazma” romanı mürəkkəb struktura və poetikaya malikdir, əsərdə üç zaman və məkan müxtəlif aspektlərdən təsvir edilir. Birinci zaman oğuz türklərinin ana kitabı “Kitabi-Dədə Qorqud” zamanına aiddir, daha doğrusu, dastanının obraz və süjetləri ilə bağlıdır. Tədqiqatçının dastanla bağlı uzun illər boyu apardığı araşdırmaların nəticəsi bədii düşüncədə bir qədər başqa aspektdə ortaya çıxır. İkinci zaman Şah İsmayıl Xətai dövrüdür. Romanın məzmununun iki tarixi dövrlə bağlı olmasını müəllif bir priyom kimi verir və əsərin qədim əlyazma olduğuna oxucunu da inandırır. İki fərqli zaman və məkan kontekstində yazıçının obrazları dəyişdiyi kimi, dövrə uyğun olaraq dil-üslub xüsusiyyətləri də dəyişir.

K.Abdullanın “Yarımçıq əlyazma” romanı dərc olunduqdan dərhal sonra böyük bir rezonans doğurdu. “Yarımçıq əlyazma” ətrafında gedən söhbətlərdə çağdaş ədəbiyyatın bu romanın simasında əvvəlki ədəbi məhsullarla mahiyyət etibarilə fərqli bir keyfiyyətin ortaya çıxması və nəzərəçarpacaq kontrast təşkil etməsi də xüsusi rol oynayır. Müəllif, klassik nəsrə məxsus əksər paradiqmalardan (məzmun qatı) və sintaqmalardan (ifadə planı) imtina etməklə yeni ədəbiyyatı səciyyələndirən amillərə üstünlük verdi. Roman haqqında yazılmış onlarla məqalə müəllifləri arasında gedən diskussiyalar, hər şeydən əvvəl, ədəbi mövqelər, məktəblər arasında gedən həm sosioloji, həm də filoloji xarakteri ilə diqqəti cəlb edirdi. Əslində postmodernizmin əsas estetik meyarlarından olan polifonik və proqressiv yeni bədii düşüncə improvizəsi, ictimai mühitin şərtiliklərlə təsviri, zaman və məkan koordinatlarının bir-birini əvəzləməsinin küll halında “Yarımçıq əlyazma”da təzahürü birbaşa yazıçı uğurunun əsas faktorlarından hesab olunmalıdır. “Yarımçıq əlyazma” romanı postmodern estetikanın xüsusiyyətlərinə uyğun olaraq mürəkkəb və orijinal model üzərində qurulub. Romandakı təsvir müxtəlifliyi, struktur mürəkkəbliyi, mozaik üslub ustalığı, həyat həqiqəti ilə bədii həqiqətlər üzvi şəkildə qovuşuğu, polifonizm, psixoloji çoxçalarlılıq və s. postmodern poetikanı tamamlayan xüsusiyyətlər kimi K.Abdullanın yazıçı imkanlarını daha da artırır.

Əsərdə hökmdar-şair konflikti romanın struktur-semiotik imkanlarını artırır; müəllif həm Şah İsmayılın tarixdəki, siyasətdəki rolunu, həm də poeziyasında aşkarlanan ikilik funksiyasını göstərir. Yazıçı iki şah-iki şair ekvivalentini intuitiv olaraq davam etdirir.

“Yarımçıq əlyazma”da bəzi tənqidçiləri razı salmayan məqamları ümumiləşdirərkən belə nəticəyə gəlmək olar: Dədə Qorqudun və “Dədə Qorqud” kitabının ayrı-ayrı personajlarının daşlaşmış obrazlarına yeni çalarlar əlavə edilmiş və fərqli rakurslardan təsvir olunmuşdur. Şah İsmayıl Xətaiyə və onun ölümünə olan ikili münasibət və s. Məsələn, Dədə Qorqudun az qala “yağı casusu” kimi verilməsi, Beyrəyin toy gecəsində qaçırılmasını və kafirlərə əsir düşməsini təşkil etməsini qəbul etməyən yazıçı Anar bu cür bədii məntiqsizliklə razılaşmır: “Bir sözlə, Kamal Abdulla anti “Kitabi-Dədə Qorqud” yaratmağı qarşısına məqsəd qoymayıbsa da, buna bənzər bir şey alınıb. Bəlkə də dəqiq ifadə işlətmədim. Anti “Kitabi-Dədə Qorqud”u yaratmağa yox, epik dastan qəhrəmanlarının məişət antipodlarını təsvir etməyə çalışıb, amma həmin antipodlara məlum dastan personajlarının adlarını verib” (Anar. Kədərli və işıqlı seçmələr. “Ədəbiyyat qəzeti”, 2004, 20 avqust). Yazıçı K.Abdullanın “Dədə Qorqud”la bağlı vaxtilə apardığı araşdırmaları nəzərdə tutaraq, “… bəzən adama elə gəlir ki, Dədə Qorqudla bağlı müxtəlif yazıları iki Şah İsmayıl sayağı, iki Kamal Abdulla yazıb” – qənaətinə gəlirdi.

Yazıçı Anarın “Dədə Qorqud” ssenarisinin müəllifi olduğunu nəzərə almış olsaq, bu və daha bir çox əsərlə səsləşməyən “bədii uyğunsuzluq” haqda fikirlərini qəbul etmək olar. Lakin başqa tənqidçi və oxucular tərəfindən də səsləndirilən bu baxış sonralar haqq qazanmadı, ona görə ki, əsər postmodernizm pəncərəsindən təhlil edilmədiyindən yanlış qənaətlərə gəlinirdi. Romanın çapından bir müddət keçdikdən, postmodernizmin bir cərəyan kimi Azərbaycan ədəbiyyatında varlığı qəbul edildikdən sonra əsərə münasibət dəyişmiş oldu. Tənqidçi və ədəbiyyatşünaslar bu dəfə romanın postmodernist keyfiyyətlərindən “ədəbiyyatımızda köklü bir hadisə” (T.Əlişanoğlu) danışmağa başladılar. K.Abdullanın iki romanı (“Yarımçıq əlyazma” və “Sehrbazlar dərəsi”) sonralar müxtəlif rakurslardan araşdırılma obyekti oldu. Şübhəsiz, bu romanların özü də bu rakursdan araşdırmanı zəruri edirdi.

K.Abdulla “Yarımçıq əlyazma” əsərində müasir Azərbaycan nəsrinin həm sintaksis, həm də ideya-məzmun, janr-struktur baxımından avanqardçılığını təmin etmiş oldu. Yazıçı keçmişə, hadisələrə ehkamçılıqla yanaşmır. Bütlərə, ehkamlara analitik münasibət isə həm postmodernist estetikadan irəli gəlir, həm də müasirliyin əsas kateqoriyalarından biri kimi özünü göstərir. Tarixi gerçəklik konkret məkan və zaman çərçivəsindən kənarda yazıçı təxəyyülündə daha obyektiv, bir qədər də fərqli stereotiplərdən kənar düşüncə tərzini əks etdirməklə qiymətini almış oldu.

Ənənə kultunun dekonstruksiyası K.Abdullanın “Sehrbazlar dərəsi” romanı üçün də səciyyəvi idi. Lakin bu əsərdə tarixi material yox, sırf yazıçı təxəyyülünün məhsulu ilə qarşılaşırıq. “Yarımçıq əlyazma”dan fərqli olaraq burada dekonstruksiya romanı janrında getmişdir. Romanın strukturu, qlobal problematikası, ideya-məzmun, dil-üslub cazibədarlığı, polifonizmi Azərbaycan romançılığını yeni bir mərhələyə daxil etmiş olur. Postmodernist nümunəyə çevirən nəsr poetikasının səciyyəvi xüsusiyyətləri, yazıçının fərdi üslubunun orijinallığı və daxili azadlığın özünəməxsus təsviri “Sehrbazlar dərəsi” romanını şərtləndirir. Lakin Kamal Abdullanın uğurları bununla məhdudlaşmadı, nəsrin arxitektonikası ilə bağlı özünəməxsus yeniliklərini “Sehrbazlar dərəsi” romanında davam etdirdi.

İkinci romanın bədii özünəməxsusluğu, mifik, tarixi fonu, dramatik süjet xətti, şərtilikləri, mətnin çoxqatlılığı və interpretasiyası çağdaş dünya bədii təcrübəsi ilə tamamilə uzlaşır. “Sehrbazlar dərəsi” romanı ilə yazıçı postmodern düşüncənin intəhasızlığı və onun bədii konturları haqqında təsəvvürlərini bir qədər də genişləndirdi. Əsərin müxtəlif zaman və məkanda, sufi dünyagörüşü və arxetip obrazlarla zəngin çoxqatlılığı ilk romanının uğurunu tamamlayır. Ədəbi mühitin böyük marağına səbəb olan “Sehrbazlar dərəsi” romanı mistik əhvalatların baş verdiyi paralel dünyalar arasındakı ahəngdən bəhs edir. Atası Cəllad başını axtaran Karvanbaşı taleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxır və burada ömür edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciəylə bitən sirli görüşünü təsvir edir. Hadisələr real həyatla mistik dünya arasında cərəyan edir. Günlərdi yol gələn karvanbaşı çox narahatdır. Bu narahatlıq sehrbazlar dərəsinə yaxınlaşdıqca onu içindən didib parçalayır, iztirabları artır. Onu narahat edən yalnız haqqında sehrli söhbətlər gedən sehrbazlar dərəsi yox, həm də buradan götürəcəyi sehrbazın onu arzusuna çatdırıb- çatdırmayacağı idi. Əsərdəki digər hadisələrin açılmasında sehrbazlar dərəsi koordinat rolunu oynayır: cəlladbaşı Məmmədqulunun həyatı da məhz bu fonda açılır. Həyatı boyu şahın sadiq nökəri olan Məmmədqulu birdən-birə şahın qərarına qarşı çıxır. Onun birdən-birə şahın qərarına əks getməsi romanın əvvəlində vurulan düyünün açılmasına xidmət edir. Məmmədqulunun birdən-birə “fəqir, Allah bəndəsi”nə çevrilməsi yazıçı tərəfindən əsaslandırılır və oxucu şaha sidqi-ürəklə xidmət edən cəlladbaşının bu hərəkətini təqdir edir.

Romanın əsas qəhrəmanı Ağ dərvişin şəyirdi Hacı Mir Həsən ağa Səyyahdır. Romanın əsas məziyyətlərindən biri (bu xüsusiyyət həm də postmodern estetikanın prinsiplərindəndir) yazıçının bir neçə məkandan və zamandan istifadə etməsidir. Dəyişən bədii düşüncədə yazıçı keçmiş, indiki və gələcək zamanlardan eyni dərəcədə yararlanır. Ruhlarla söhbət, ruh obraz yaradıcılığı romanın bədii materialı ilə üzvi surətdə qovuşur. Bu cəhətdən karvanbaşının atası cəllad Məmmədqulunun ruhu ilə söhbəti Ağ Dərvişlə Seyid Sarının nəzəri mübahisələrinin praktik davamı hesab etmək olar. Yazıçı romanda dünyanın mütləq pisliyindən daha çox onun keçiciliyinə diqqət yetirmiş, yaşanan ömrün sufi ədəbiyyatda deyildiyi kimi bir an (özünü işığa çırpan pərvanə ömrünü yada salaq) olduğu qənaətinə gəlmişdir.

Yazıçının Ağ Dərviş obrazında keçmişdən gələn bir mistika da var; bu sehrli dərədə həmişə yaşıllıqdır, nemətlərin hər birinin vaxtı var idi, meyvənin çiçəyi və üzü bir-birini görə bilməzdilər, burada isə hamısı bir yerdə və bir vaxtda. Yazıçı buranı yer üzündə qeyri- adi bir məkan olaraq təsvir edir, ikinci belə bir məkanın olmamasını bildirir. Bu möcüzənin sakinləri qəlblərinin içində gizlənmiş səsin nə zamansa onlara nə isə deyəcəyini gözləyirdilər. Hər bir sehrbaz öz içindəki səsin əsiri idi. Bu səslər isə hələlik “döz, gözlə, zamanı gələcək”, – deyə gözləməyi tövsiyə edirdi. Buradakı sakinlər kimi, oxucu da allaha gedən yolda içindəki səslərə qulaq asır. “Allah biza İşığı göstərmişdir, onun sərhədini, onun qoruyucularını nişan ver- mişdir. Bu sərhəd, əlbəttə ki, qaranlığın özüdür… Allaha gedən yol ulduzları içinə yığmış qaranlığın yoludur ki, var…” lakin bir başqası bunu İblisin yolu hesab edir. Ağ Dərviş isə onlara işığa doğru gedən yolun ətrafına səf-səf düzülən qaranlığın hikmətini anlatmaqdan “Yoruldum. Səndən, sevgili Allahım, başqa heç bir təvəqqəm yoxdur, bircə… sənə qovuşum, əriyim içində” – deyə yorulduğunu bildirir. Lakin ikinci səs: “- O, İblisin yoldur! Sən də onun elçisisən! Qa- ralığın elşisi sənsən. Adını isə… utanmırsan adını Ağ Dərviş qoymusan. Sən axı Allaha aparan yolun əvvəlində idin…”, – deyə etiraz edir.

Yazıçı bu mükalimədə Seyid Sarı ilə Ağ Dərvişin həqiqət ax- tarışlarını verir. Seyid Sarı üçün həqiqət “budur ki, mən də, sən də indi bu saat bu məkan içində bir-birimizin önündə dayanmışıq, bir- birimizi eşidirik, istəsək toxuna da bilərik bir-birimizə…” Ağ Dərviş isə “Həqiqət odur ki, bizim ruhlarımız öz dünyalarında bir-birlərinə nifrət edirlər…” Həqiqət diskursu burada ruhun ətrafında gəzişir. Seyid Sarı üçün “bizim ruhumuz canımızdadı, o, başqa yerdə deyildir, cismimizin içindədi. Biz ölərkən valnız ruhumuz tənimizi tərk edir”.

Ağ Dərviş üçün “Bizim ruhumuz bizdən çox-çox uzaqlardadı, o uzaqlarda da bizim yerə düşən kölgəmizdi. Mən istəyirəm o kölgəni bura gətirəm. Ruhu burada qovuşduram cisminə”. Ağ Dərvişlə Seyid Sarının həyat-ölüm haqqında bu diskursu sufizmdən üzü bari gələn düşüncənin yeni aspektdə davamı kimi səslənir.

Romanda təkcənəlik, zaman, dövr, an yeni məzmun qazanır. Sehrbazlar dərəsindən yuxarıda Görükməz təpənin ətrafındakı tufan-boranın sanki dərəyə heç bir dəxli yoxmuş. Görünməz təpənin altından keçib gedən yol başdan-başa üstündə heç bir izi-nişanəsi olmayan ağ rəngə bürünür, onun nəzərində elə bil bütün dünya ağ bir kəfən idi. Lakin Sehrbazlar dərəsində yenə bahar çağı idi. Ağ dərvişin beyninə o biri dünyalardan, o biri həyatdan da səslər qarışır: “Həqiqətən bircə andı hər şey. Hər şey bu bircə anın içindədi – keçmiş də, gələcək də. – Ustadı ağsaqqalı şeyx Mənuçöhr ibn Sadiq deyirdi bu sözləri, qarşısında isə iki gənc müridi yanaşı əyləşmişdi, bu iki ayrılmaz, sevimli dost əlləri ilə də oturduqları yerlərindəcə bir-birindən bərk-bərk yapışmışdılar”.

Seyid Sarının söylədiyi “O an mənim üçün yoxdur, çünki o anın hələ adı yoxdur” sözlərinə qarşı Ağ Dərviş israrlıydı: “O anın adı var – yox, dəxli yoxdu, mən onu ürəyimin içində görürəm…” Şeyx Manuçöhr uzun, ağ saqqalını tumarlaya-tumarlaya “Var artıq adı! Onun adı dolğun andır! Hər şeyi – keçmişi də, gələcəyi də içinə yığan dolğun an…”, – deyə bu iki gəncə nəvazişlə baxır. Burada “dolğun an” konsepsiyası zamansızlıq konsepsiyasının yeni modeli kimi çıxış edir. Yazıçı bu cür diskurslarla təsəvvüf qavramını bədii düşüncə işığında verməyə müvəffəq olur.

Ümumiyyətlə, K.Abdullanın “Sehrbazlar dərəsi” romanı postmodern estetikaya bir qədər də yaxınlaşdığı kimi, dünya ədəbi-bədii təcrübəsinə də sintez edir. Müasir nəsrimizin ümumi inkişafı çərçivəsində “Sehrbazlar dərəsi” romanını öz səciyyəviliyi, mövzu və problematikası, müəyyənləşmiş üslub tərzi, nəsr poetikası baxımından ədəbi hadisə hesab etmək olar.

K.Abdullanın üçüncü romanı “Unutmağa kimsə yox” adlanır. Bu adda onun essesi, şeiri və pyesinin olduğunu nəzərə almış olsaq, nəsrin imkanlarından istifadə edərək bu kontekstdə yeni qatlar ortaya qoyur. Bu romanı K.Abdullanın trilogiyasının üçüncü əsəri kimi də dəyərləndirmək olar. Roman həm mövzu və problematika (ancaq tarixə də ekskurs edilir), həm də dil baxımından müasirliyi əks etdirir. Bununla belə, əvvəlki əsərləri ilə səsləşən məqamlar da yox deyil: tarix, mistika, mifologiya-reallıq, tapıntı və s. Əsər məhəlli deyil bəşəri mətləblər üzərində qurulub. Burada da romanın qatları çoxdur, üç zaman və üç məkan var; uzaq tarix, yaxın dünən və bu gün. Burada da elmi düşüncə ilə bədii düşüncənin paralel inkişaf xətti əsas götürülür. Lakin burada tarixi personajlar yoxdur. Əgər “Yarımçıq əlyazma” da əlyazma faktına əsaslanılırsa, burada “Çiçəkli yazı”nı deşifrə məsələsi qoyulur. Prof. Asif Hacılı bu üç romanı bu cür qiymətləndirir: “…”Yarımçıq əlyazma”, mənim zənnimcə, tarixin və mifin şəxsiləşdirilməsi… və təhtəlşüur qavrayış modelləri, “Sehrbazlar dərəsi” fövqəl aləmin insanın iç dünyası ilə sufisayaq çulğaşması üzərində qurulmuşdusa, “Unutmağa kimsə yox” artıq şəxslərin və tarixin mifləşməsi təəssüratını oyadır. Şəxsin seçimi tarixin seçimi olur, şəxsi tale tarixi taleylə qovuşur” (Hacılı, 2011, 95). Tənqidçi Elnarə Akimova isə əsərdəki metaforik üslubu önə çəkərək yazır: “Unutmağa kimsə yox” romanı şərti-metaforik ünsürlərlə, virtual reminissensiyalarla əhatələnmiş əsərdir. Mifoloji səciyyəli Qarağac, Çoban papağı, Çiçəkli yazı, Vəng dağı, Bozlar, İşıqsaçan daş və s. elementlər hər biri əsərdə xüsusi simvolik çalar kəsb edir. Mağaranın ruhu, İşıqsaçan daş, Bəhram kişi ilə F.Q.-nin gördükləri eyni yuxular sırf şərti-metaforik üslubda təqdim olunur” (Akimova, Daşlaşmış sevgilərin tarixi. “Tənqid. net” 2011, N8, s. 227).

K.Abdulla dramaturgiya yaradıcılığına əsrin son onilliyində – 90-cı illərdə başlayır və bir sıra əsərlər yazır. Düşünmək olar ki, intellekt və internet əsrinin texniki cazibədarlığında səhnə və teatr tamaşaçıları özünə çəkə bilmir, yaxud bir qədər də dəqiq desək, teatr erası artıq başa çatmışdır. Elmi, texniki vasitələrin inkişafı, zəngin ifadə imkanlarına malik televiziyanın həyatımızın bir hissəsinə çevrilməsi sayəsində teatr bir qədər arxa plana keçib, lakin bu, heç də insanlarla bu ünsiyyət janrının zəifləməsi və ya sıradan çıxması anlamına gəlməməlidir; nədən ki, cəmiyyət dəyişdikcə, elmin, texnikanın sirlərinə yiyələndikcə, öz ilkinliyindən uzaqlaşdıqca canlılığa, təbiiliyə, səmimiliyə daha çox ehtiyac hiss edir, onun həyatında yaranmış bu boşluğu dolduran janrlara, əsərlərə üstünlük verir. Yetər ki, içində yaşadığımız cəmiyyəti içindən oynadan hadisələrin, problemlərin dərin psixoloji təsvirini verəsən, yazdığına insanları inandıra biləsən. Dramaturq K.Abdullanın “Unutmağa kimsə yox…”, “Kim dedi ki, Simurq quşu var imiş”, “Bir, iki-bizimki”, “Hərdən mənə mələk də deyirlər”, “Ruh”, “Pis oğlan”, “Yağışlı gecələr”, “Elə bil qorxa-qorxa” pyesləri kifayət qədər maraqla qarşılanıb. “Unutmağa kimsə yox” pyesi də özünəməxsus orijinal teatr düşüncəsi olan Vaqif İbrahimoğlunun quruluşunda səhnə üzü görüb. Pyesin mətninin sadə hadisələr üzərində qurulduğunu düşünmək düzgün olmazdı; əksinə romanlarından mürəkkəb və bir- birinin içinə girən süjet xətlərinə, fikirlərə, ideyalara üstünlük verən müəllif burada da eyni yolla gedib. Əsərin adından doğan fəlsəfi assosiasiya (“Məni xatırlayırsanmı, söylə?! Söylə məni unutdun- mu?!”) tamaşaçıya insanların (eləcə də insanlığın!) keçib gəldiyi enişli-yoxuşlu yola nəzər salıb da xatırlamağa vadar edir. Obrazların xüsusi adlarla adlanmaması onları fərdilikdən çıxararaq konkret bir zaman və məkan kontekstindən kənarlaşdırır. Keçmiş və bu gün Aspirant, Qadın, Arxadaş, Quzu (Qayğı), Yekəpər (Yaddaş), Əntər (Əzab), Ana, Qoca və Feldşer obrazlarının yaşadıqları həyatın bir parçası olaraq göstərilir. Əslində əsər bu obrazların bir qədər qəmli, bir qədər isə həzin, sentimental və kədərli oyunabənzər söyləm və dialoqlardan ibarət müxtəlif parçaların kompozisiyasıdır. Süjet boyu müəllifin səpələdiyi poetik parçalar da tamaşanın effektivliyini artırmaqla yanaşı, tamaşaçını daim maraqda saxlayır. Sanki hamı nəsə axtarır, tapmaq üçün çabalayır, lakin onun axtardığı çətin ki, tapıla, çünki o itirilməyib. Aspirantın da qədim çiçəkli yazını oxumaq üçün səy göstərməsi elə bu istəkdən doğur. Aspirant əmindir ki, onun oxuyacağı çiçəkli yazı bir sirdir və ancaq onu oxuduqdan sonra xalqın gedəcəyi yolu doğru müəyyənləşdirmək olar. Əvvəldən axıra obrazlarla birlikdə tamaşaçılar da müəllifin qoyduğu əzəli və əbədi suallar üzərində düşünür. Müəllifin tamaşaçı (oxucu) diqqətini insan üçün önəmli olan üç faktor (Qayğı, Yaddaş, Əzab) üzərində qurması əsərin psixoloji yükünü artırdığı kimi, rejissor yozumunu da imkanlarını məhdudlaşdırmasına rəğmən, müəllif-rejissor-aktyor işi tamaşanın uğurla tamamlanmasını şərtləndirir. Müəllifin əsərdə fəlsəfi nəticə olaraq demək istədiyi bizim bədbəxtliyimizin həmişə bizimlə olan yaddaşımız, heç zaman qurtula bilmədiyimiz əzabımız (ümumiyyətlə, biz özümüz qurtulmaq istəyirikmi?!) və gündəlik qayğılarımızdır fikri, ideyası rejissor yozumunun yekunu olaraq səhnədə ifadəsini tapıb.

K.Abdullanın “Kim dedi ki, Simurq quşu var imiş”, “Bir, iki- bizimki”, “Hərdən mənə mələk də deyirlər…”, “Ruh”, “Yağışlı gecələr”, “Casus”, “Şah İsmayıl, yaxud hamı səni sevənlər burdadı”, “Elə bil qorxa-qorxa” pyeslərində aktual problemlərin bədii estetik təzahürü baxımından zəngin material verir. Bu əsərlərdə ənənəvi dramaturji konflikt yerini yeni səhnə dekonstruksiyasına verir. Burada həyat hadisəsindən daha çox, personajların hər hansı bir həyat hadisəsinə münasibətinin mənəvi-psixoloji, fəlsəfi aspektləri verilir. Bu əsərlərin personajları və onların estetik yükü həyatla irreal dünya arasında cərəyan edir, hadisələrin və obrazların paradoksallığında qərar tutur. Onun pyeslərini fərqləndirən cəhətlərdən biri də klassik səhnə mizanından imtina etməsi, remarkalarla zəngin olması, yaxud əsərdə remarkalara üstünlük verilməsidir. Obrazların psixoloji, ruhi və mənəvi yaşantıları da reallıqla verilir; bu dramaturji mətnlər bütövlükdə səhnənin təsvir məkanını zənginləşdirir. K.Abdulla teatrı ilə səhnəyə yeni dizayn, tamaşaçılarla yeni əlaqə vasitələri (xəyal, oyun və s.) gəlir.