“Bütöv qapalı dünyanın yaradılması fonunda postmodernistlərin mifoloji və ya simvolik üsullara meyl etmələri qanunauyğun olaraq ona gətirib çıxarır ki, dünyanın xaotik başlanğıcına və mənzərəsinə işarə edən postmodern romanda antiutopiyaya böyük maraq müşahidə olunur.”267
Doğrudur, bu müəyyən mənada belədir, ancaq “Sehrbazlar dərəsi” əsərində klassik utopiya mövcuddur. Doğrudur dünya ədəbiyyatında hökm sürən siberpunk və ya postmodern utopiyadan (“Qaranlığın sol əli”, “Dişi Adam”, “Ekotopiya”, “Triton N.i.) fərqli bir təqdimat olan “Sehrbazlar dərəsi”ndəki cəmiyyət Azərbaycan ədəbiyyatının milli folklor kimliyinin əsas predmeti kimi yenilikdir. Kamal Abdulla burada postmodern rüşeymlərlə dolu əsər yaratmaq arzusu ilə, magik realizm, utopiya, folklor kimi motivləri mətnə yerləşdirir və buradakı qurğunu labirintvari bir ustalıqla qurur: “Bu bir qayda idi: birisinin gətirdiyi qazancdan hamıya pay düşərdi. Geri dönən sehrbaz qazandığını o biri sehrbazlarla bölüşməsə idi, olmazdı, yemə-içmələri bunların bir idi, dərdsərləri bir idi, gəzib-dolaşmaları, bir-biri ilə danışıb-demələri, susub-durmaları bir idi”268
Gələk folklordan istifadə məsələsinə, folklor anlayışı, ilk olaraq 1846-cı ildə William Thoms tərəfindən istifadə edilmişdir. Sözün mənası “Xalq bilgisi” (məlumatı N.İ.) deməkdir. “Folk” sözü xalq deməkkən “lore” isə məlumat deməkdir (Dundes) 269
Bu istiqamətiylə folklor, ümumiyyətlə xalqa dair məlumatlara yönələn bir sahədir və sərhədləri çox genişdir. Magik realizm isə, ilk olaraq 1923-cü ildə, Alman Franz Roh tərəfindən istifadə edilir. “Magik realizm “gerçək” dünya anlayışına söykənməz. Əksinə fərqli dünyaların, kosmosun birlikdəliyinə söykənər.270 Modern ağlın qəbul edə bilməyəcəyi əsas tema kimi magik realizmi yaradır. Magik realizm sehrin, cinlərin, pərilərin, qarabasmaların, səbəbsiz hadisələrin baş verdiyi dünyalar çoxluğudur. Onda rasional dünya ilə irrasional dünyaların iç-içə olduğu diqqətə çarpar.
Kamal Abdulladada bu dünya və kosmos vəhdəti konsepsiyası mövcuddur. O, bəşər tarixinin ən qədim dövrünü müəyyən edir və onu “Meşə”, “Mağara”, “Xaos” dövrü, sonrakı “klassik dovrü isə yeni, “Kosmos” dövrü adlandırır.
“Kitabi-Dədə Qorqud” mətninin immanent təhlili, başqa sözlə, digər, daha dərindəki, daha gizli, tarixəqədərki, kosmoloji qatına aparan yol, istəsək də, istəməsək də mifoloji yanaşmalardan, müəyyən özünəməxsus struktur-semantik va semiotik prinsiplərin tətbiqindən, Mağara mədəniyyətindən, makrokosm hadisələri ilə mikrokosm hadisələri arasındakı izomorfizmin üzə çıxarılmasından, ilkin dixatomiyalardan (xüsusilə Kosmos-Xaos qarşıdurmasının bədii mətndəki təzahü ründən) keçib gedir”271.
Folklorla yanaşı, sehrdən yaradıcı istifadə, oxucunu hadisələrin əslində qeyd olunduğundan fərqli olduğuna inandıran əsərlər ədəbiyyatda Kamal Abdulla üslubunu yaratdı. Bu yenilikdir. Bu başqalarına oxşamır. Burada elm və yazıçı təxəyyülü birləşib. Dərin ədəbiyyatşünaslıq bilgisi, dil qanunlarını mükəmməl mənimsəmək əsas rol oynayıb.
Kamal Abdullanın əsərlərindəki mövzu, janr müxtəlifliyi, istifadə olunan süfetlər, ənənə və modernlik parelleliyi, simvolistika təsadüfün məhsulu deyil. Burada var olan hər şey
əslində şüurludur. Dərin mütaliənin elmlə yanaşı parapsixilojik biliyin təzahürüdür:
“Özləri də yaşayışlarını, inam-əqidələrini, söz-söhbətlərini, münasibətlərini eynən çərx kimi, çevrə kimi qurarlar. Hər şeyi yumru bir şeyə bənzədərlər, yerişləri, oturuşları da
dairəyə oxşar, nəinki ev-eşikləri, hətta bütün dünya, bütün səltənəti-kainat onlar üçün beləcənə dairə, çevrə, çərxdir. Yolu mənim həmvətənlərim heç vədə düzünə getməzlər. Eləcə dairə cıza-cıza gedərlər. Evlərini dairəvi tikərlər, düzünə olan, bucağı olan hər şey onlar üçün qəbuledilməzdir. Ox atan zaman ox hökmən atıldığı yerə qayıtmalıdı, öz hədəfinə dəydikdən sonra da belə olur, çünki Böyük Dairənin öz cazibəsi vardır, əgər ox qayıtmırsa, deməli, bu dünyanı bürüyən boşluqda bir deşik tapıb başqa bir dünyaya uçub gedib. Hər hansı bir yazı yazılarsa, o da hökmən dairə kimi öz əvvəlinə can atmalıdır, bizim yazıları əvvəldən axıradək oxuyan zaman hasil olan məna axırdan əvvələ oxunuşda da eyni olur. Çərxi-fələk ölkəsindən çıxıb başqa bir məmləkətə getmək isə heç mümkün deyil. Kim bunu etməyə çalışıbsa alınmayıb, gedib-gedib yenə dövrə vurub hərəkətə başladığı nöqtəyə gəlib çıxıbdır. Ta əyyami-qədimdən bu günədək bunu etmək, yəni qulluğuna ərz edim, Çərxi-fələk adlı məmləkətdən çıxmaq və başqa ölkələrə səfər etmək bu vaxtacan ancaq bir adama qismət olubdur. O adam sənin önündədir, cənabi möhtərəm”272
Mətndən başqa heç bir şeylə bağlı qalmayan, heç bir şeyə və kimsəyə qarşı məsuliyyət hiss etməyən izahlar vardır. Bu izahlar xəttvari zamanın bir yerində irəliləməzlər, sanki
dairəvi zaman-məkan və hadisələr bu izahların üzərinə əlavə edilmişdir. Faktiki, mistik və simulatik bütün məlumatlar, yaşanan zaman, tarix, mifologiya və xəyal iç-içə girər. Sanki romanların fantastikalarını, bütün zaman və məkanlarda dolanan, orbitindən atılmış sirli bir zehin qurmaqdadır. Sirr, postmodern romanların ən əhəmiyyətli elementlərindən biridir. Sirr, ağıl həqiqətinin ruhi həqiqətlə görüşüb vəhdət təşkil edərək və bütünlüyü işarə etməsi baxımından, əhəmiyyətli bir ənənəvi və alt-beyinə aid (bilinçaltısal, gizli şüursal) izdir deyilə bilər. Lakin bu mətnlərdəki xəyali dil, bir bütünlüyü işarə etməz, hətta insanı, öz içində davamlı parçalayaraq görünməz və bilinməz hala gətirər.
Çevrə anlayışı bir çox magikal tarix kitablarında əsas rituallardandır. Çox vaxt çevrə neqativ enerji və məxluqları uzaqlaşdırmaq üçün edilir. Ancaq “Sehrbazlar dərəsi”ndə bu ritualla bağlı maraqlı məqamlar var: “O təpənin altından, yolun o biri üzündən aşağı bir dərə açılır, adına Sehrbazlar dərəsi deyərlər. Cəmi dünyanın sehrbazları bu gün yığışıblardı o dərəyə… Çevrə düzəldiblərdi. Adına öz aralarında Qaranlıq çevrə deyirlər. Dünyamıza qaranlığı çəkib gətirmək üçün var gücləri ilə çalışırlar. Çevrə qapansa, bu işi bəlkə də görə biləcəklər. İndilik bu qaranlıq çevrənin bir kiçik həlqəsi çatmır”273
Çevrə anlayışı postmodern mətnlərdə magiya elementlərinin tətbiqi aspektindən son dərəcə maraqlıdır. Bu taktikaların birbaşa postmodern nəsrin tələbi aspektindən yaranan yenitipli ədəbi nəsrdə istifadə metodları son dərəcə əhəmiyyətlidir. “Beklenen Dolunay” postmodern romanında mənim də genişşəkildə istifadə etdiyim diqqətçəkilən məqamlar Azərbaycan ədəbiyyatında başladılan, var olan ənənənin postmodern davamıdır.
İstinadlar:
- 268 Abdulla. K.M. Sehrbazlar dərəsi (roman). – Bakı: Mütərcim, 2006. – 224 s.
- 270 Nargis/Kamal Abdulla: Postmodernizmdən milli özünəməxsusluğa – || yazı. https://edebiyyatqazeti.az/news/diger/4232-kamal-abdulla-postmodernizmdən milli ozunemexsusluga
- 271 Cəlil Nağıyev.Kamal Abdulla və onun Dastan poetikası. 525-ci qəzet 2017.-18 noyabr.- S.23.
- 272 Abdulla. K.M. Sehrbazlar dərəsi (roman). – Bakı: Mütərcim, 2006.-224 s.
- 273 Abdulla. K.M. Sehrbazlar dərəsi (roman). – Bakı: Mütərcim, 2006.-224 s.
Şərh yoxdur