Kamal Mehdi oğlu Abdullayev (Kamal Abdulla) 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. 190 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almış (1968-1973). SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun aspirantı olmuş (1973-1976),  Moskvada “Sintaktik paralelizm Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə )” adlı namizədlik (1977), Bakıda “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” adlı doktorluq dissertasiyaları müdafiə etmiş (1984), professor elmi adı almışdır (1993). O, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmişdir.

          Əmək fəaliyyətinə AMEA Nəsimi adına Dilçilik İnstitutunda başlayan alim kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri (1977-1984), Xarici Dillər İnstitutunun Ümumi və Azərbaycan dilçiliyi kafedrasının müdiri (1984-1987), Azərbaycan Mədəniyyət Fondu (hazırda Azərbaycan Yaradıcılıq Fondu) sədrinin birinci müavini (1988-1990) vəzifələrində çalışmışdır. 1990-cı ildən bu günədək Fondun İdarə Heyətinin sədridir. O, M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunun (Bakı Slavyan Universitetinin) rektoru (2000-2014) olmuş, AMEA Humanitar və ictimai elmlər bölməsinin akademik-katibi (2011-2014), Azərbaycan Respublikası Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifələrində çalışmışdır (2014-2017). 2014-cü ildən K.Abdulla Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədridir. 2017-ci ildən Azərbaycan Dillər Universitetinin rektorudur.

          Kamal Abdullanın elmi yaradıcılığı Azərbaycan filologiyasının müasir inkişaf mərhələsində nəzəri-metodoloji istiqamətlərin müəyyənləşməsində mühüm rol oynamışdır. Onun tədqiqatları dilçilik, folklorşünaslıq, ədəbiyyatşünaslıq və mədəniyyətşünaslıq sahələrinin qarşılıqlı əlaqəsi əsasında formalaşaraq humanitar elmlərdə fənlərarası yanaşmanın inkişafına ciddi töhfə vermişdir.

          Görkəmli alimin 300-ə yaxın elmi və publisistik məqaləsi, 20-dən çox monoqrafiyası və dərs vəsaiti onun humanitar elmlər sahəsindəki çoxşaxəli elmi fəaliyyətini əks etdirir. Akademik Kamal Abdulla Azərbaycan dilçiliyində mətn və diskurs problemlərinin elmi əsaslarla və sistemli şəkildə araşdırılmasının əsasını qoymuş, dilin struktur-semantik funksional xüsusiyyətlərini müasir metodoloji yanaşmalarla araşdıran dilçilik məktəbinin yaradıcılarından biridir. Alimin “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” əsəri Azərbaycan dilçilik elmində mövcud olan bir sıra problemlərin həlli, xüsusən dilçiliyin sintaksis bölməsinin predmeti olan cümlə quruluşu, cümlə üzvləri arasındakı mürəkkəb cümlənin xüsusiyyətləri haqqında dərin dilçilik münasibət, sadə və araşdırmalarını özündə əks etdirir. Monoqrafiyada sadə cümlənin monopredikativ quruluşu, aktual üzvlənmə, mürəkkəb sintaktik bütöv, onun sərhədləri, kompozisiyası, tərkibi və başqa problemlər Azərbaycan dilçiliyində ilk dəfə olaraq geniş sistemli sintaktik təhlilə cəlb olunmuşdur. Üç böyük hissədən və hər hissəsi ayrı-ayrı fəsillərdən ibarət olan əsərin birinci hissəsinin birinci fəslində Azərbaycan dilində cümlənin quruluşunun təşəkkül tarixi “Kitabi-Dədə Qorqud dastanının dilindən başlayaraq XX əsr ədəbi dilimizin ədəbi-bədii nümunələri əsasında izlənilmiş, alınan elmi nəticələr dünya dillərində cümlənin təşəkkül tarixi kontekstində şərh olunmuşdur. Digər iki hissədə isə uyğun olaraq dilimizdə mürəkkəb cümlənin müxtəlif aspektlərdən təhlili verilmiş və mürəkkəb sintaktik bütöv tədqiqat obyekti kimi nəzərdən keçirilmişdır.

          Məhz bu nəzəri axtarışların məntiqi davamı olaraq Kamal Abdullanın elmi maraqları cümlə sintaksisindən daha geniş mətn vahidlərinə yönəlmiş, nəticədə mətn sintaksisi və mürəkkəb sintaktik bütöv problemləri onun tədqiqatlarında aparıcı istiqamətlərdən birinə çevrilmişdir. Bu baxımdan alimin həmmüəlifi və elmi redaktoru olduğu “Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər” (2012) adlı dərs vəsaiti onun sintaktik konsepsiyasının sistemli şəkildə inkişafını nümayiş etdirən mühüm elmi-nəzəri mənbə kimi çıxış edir. Kitabda mürəkkəb sintaktik bütövün yalnız struktur xüsusiyyətləri deyil, həm də onun mətnyaradıcı, semantik və funksional imkanları müasir dilçilik baxımından dəyərləndirilir. Əsərin əsas elmi dəyəri mürəkkəb sintaktik bütövlərin quruluşunun, sərhədlərinin və kompozisiya xüsusiyyətlərinin konkret dil faktları əsasında təhlilində özünü göstərir. Formal və semantik əlaqə vasitələrinin inversiya, ellipsis və s. mətn daxilində funksional rolu ardıcıl şəkildə izah olunur və bu əlaqələrin məzmunla qarşılıqlı münasibətdə formalaşdığı elmi cəhətdən əsaslandırılır. Qeyd edilməlidir ki, əsər mətn dilçiliyinin nəzəri problemlərini sistemli şəkildə ümumiləşdirən, elmi axtarışlar üçün yeni istiqamətlər açan və ali məktəblərdə mətn dilçiliyinin tədrisi baxımından böyük əhəmiyyət daşıyan sanballı elmi əsərdir – təkrarlar, bağlayıcılar, deyktik elementlər, inversiya, ellipsis və s. mətn daxilində funksional rolu ardıcıl şəkildə izah olunur və bu əlaqələrin məzmunla qarşılıqlı münasibətdə formalaşdığı elmi cəhətdən əsaslandırılır. Qeyd edilməlidir ki, əsər mətn dilçiliyinin nəzəri problemlərini sistemli şəkildə ümumiləşdirən, elmi axtarışlar üçün yeni istiqamətlər açan və ali məktəblərdə mətn dilçiliyinin tədrisi baxımından böyük əhəmiyyət daşıyan sanballı elmi əsərdir.

          Məhz bu konseptual yanaşmanın davamı olaraq, alimin “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” (2016) adlı əsərində sintaksisin əsas problemləri – cümlə quruluşu, predikativlik, cümlə üzvləri arasındakı münasibətlər, sadə və mürəkkəb cümlənin funksional xüsusiyyətləri dərin elmi təhlilə cəlb olunur. Kitabda mürəkkəb sintaktik bütövlər Azərbaycan dilçiliyində ilk dəfə ayrıca tədqiqat obyekti kimi təqdim edilir və bu anlayışın nəzəri əsasları sistemli şəkildə şərh olunur. Beləliklə, müəllif əvvəlki tədqiqatlarında irəli sürdüyü mətnyönümlü sintaktik yanaşmanı burada daha geniş nəzəri müstəviyə çıxarır.

          Lakin K.Abdullanın dilçilik konsepsiyası yalnız struktur və formal sintaksislə məhdudlaşmır. Onun elmi axtarışları dilin daha dərin – mədəni və mifoloji qatlarına doğru istiqamətlənir ki, bu da “Dil və mifologiya” (2017) adlı əsərində aydın şəkildə öz əksini tapır. Bu əsərdə müəllif dilçilikdə mövzuların təkrarlanması, “tükənmişlik” hissi doğurması mədəni və mifoloji qatlarına doğru problemini önə çəkərək dilin mifoloji qatlarının araşdırılmasının zəruriliyini qeyd edir. K.Abdulla bu vəziyyəti yalnız formal problem kimi deyil, həm də dilçilik təfəkkürünün inkişafına maneə kimi qiymətləndirir. Çıxış yolu kimi “dil və mifologiya” istiqamətini müəyyənləşdirir və bu sahəni “mifolinqvistika” adlandırmağı təklif edir. Bu yanaşma dilçiliyin bütün sahələrinə fonetika, leksika, qrammatika gətirir. Əsərin mərkəzi obyekti “söz”dür. Müəllif göstərir ki, sözün müstəqim mənası (“söz demək”, “söz danışmaq”) ilkin, arxaik qatdır. Sonrakı metaforik və frazeoloji birləşmələr (“söz almaq”, “söz vermək”, “söz qaytarmaq” və s.) dilin yeni anlayışlar üçün ayrıca vahid yaratmaq əvəzinə mövcud formaya əlavə yüklər verməsinin nəticəsi kimi izah olunur. Bu hal “dil xəstəliyi” anlayışı ilə ifadə edilir. Mifoloji təsəvvür burada əsas rol oynayır: söz persona kimi qəbul edilir, maddi varlıq kimi “alınır”, “verilir”, “qorunur”. Beləliklə, dilin semantik inkişafı mifoloji düşüncənin izlərini daşıyır. Müəllif bu prosesi həm dilin “tənbəlliyi”, həm də mifoloji yaddaşın gücü ilə əlaqələndirir. Bu əsərin elmi üstünlüyü dilçiliyin mövcud böhranını aşmaq üçün nəzəri-metodoloji əsas verməklə dilin mifoloji qatlarının araşdırılmasının gələcək tədqiqatlar üçün aparıcı istiqamət kimi təqdim edilməsidir.

          K.Abdullanın “Mifolinqvistika” əsərində irəli sürülən nəzəri müddəalar onun dilçilik düşüncəsində mifoloji qatın təsadüfi deyil, sistemli və məqsədyönlü şəkildə ön plana çəkildiyini göstərir. Belə ki, alim bu əsərində dilin yaranışını və inkişafını mifoloji təfəkkürlə sıx bağlı şəkildə təqdim edir, ilkin “müstəqimlik qatından başlayaraq üslubi və mifoloji səviyyələrə qədər keçidlərin ardıcıllığını izah edir. Burada dil-təfəkkür münasibətlərinin anlaşılmasında yeni nəzəri imkanlar açır. Kitabda mifoloji düşüncənin dilin bütün qatlarında həm tarixi inkişaf, həm də müasir struktur baxımından həlledici rol oynadığı elmi faktlarla sübut edilir və mifolinqvistika ayrıca, perspektivli bir sahə kimi əsaslandırılır.

          K.Abdulla yalnız nəzəri araşdırmaları ilə deyil, həm də dilçiliyi geniş oxucu kütləsinə sevdirən maarifçi üslubu ilə seçilir. Onun “Dilçiliyə səyahət” əsəri Azərbaycan dilçiliyində maarifləndirici elmi-populyar ədəbiyyatın ən uğurlu nümunələrindən biridir. Müəllif bu əsərdə dilçi olmayanlar üçün dilçilik elminin sirlərini açmaqla onu yalnız dar ixtisas sahibləri üçün deyil, geniş oxucu kütləsi üçün də anlaşıqlı və əlçatan etməyi hədəfləmişdir. Əsər Azərbaycan dilçiliyinin nəzəri bazasının formalaşmasında mühüm rol oynamış, fonetika, leksikologiya, dialektologiya və ədəbi dil normaları sahəsində dəyərli tədqiqatlar aparmış görkəmli dilçi-alimlər Məmmədağa Şirəliyev, Muxtar Hüseynzadə və Əbdüləzəl Dəmirçizadənin xatirəsinə ithaf edilmişdir. Bu ithaf müəllifin elmi ənənələrə sədaqətini və görkəmli elm xadimlərinə olan yüksək ehtiramını təcəssüm etdirir.

          “Dilçilik həyatımızda nədir?” sualına cavab axtaran müəllif əsərdə bədii obrazlar vasitəsilə, eləcə də onların hərəkət və davranışlarını izləməklə dilçilik elminin bir sıra aktual problemlərinə toxunur. Bu yanaşma oxucunun diqqətini cəlb edir, abstrakt anlayışları konkretləşdirir və onları gündəlik həyatla əlaqələndirir. Nəticədə dilçilik “quru nəzəriyyə” kimi deyil, canlı, dinamik bir sistem kimi təqdim edilir. Oxucuya dilin quruluşu, qanunauyğunluqları və inkişaf mexanizmlərinin sadə, maraqlı şəkildə çatdırılması müəllifin elmi və yaradıcı üslubunun göstəricisidir.

          K.Abdulla dilçilik sahəsində apardığı fundamental araşdırmalar, xüsusilə mətn, diskurs və sintaktik bütöv anlayışlarının elmi əsaslarla işlənməsi onun sonrakı tədqiqatlarında ədəbi mətnə yanaşma prinsiplərini də müəyyənləşdirmişdir. Alimin dilin struktur-semantik mexanizmlərinə yönəlmiş bu yanaşması bədii mətnin yalnız dil faktları səviyyəsində deyil, həm də mədəni, mifoloji və poetik bütöv kimi dərk olunmasına imkan yaratmışdır. Məhz bu elmi-metodoloji baza K.Abdullanın “Kitabi-Dədə Qorqud dastanlarına həsr olunmuş araşdırmalarında dilçilik və ədəbiyyatşünaslıq istiqamətlərinin üzvi şəkildə qovuşmasına zəmin hazırlamış, dastan mətnlərinin həm dil strukturunun, həm də bədii-mifopoetik mahiyyətinin paralel şəkildə təhlilini mümkün etmişdir. Bu baxımdan alimin “Dədə Qorqud” tədqiqatları onun dilçilik irsi ilə ədəbiyyatşünaslıq fəaliyyətini bir-birini tamamlayan vahid elmi sistem kimi təqdim edir.

ISSN 2313-5204