Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi VI Beynəlxalq elmi konfrans çərçivəsində xarici qonaqlarla görüşüb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən (BBMM) AZƏRTAC-a bildiriblər ki, Niderland Krallığı Yeni Avropa Universitetinin prezidenti, professor Jovan Didier və həmin universitetin Şərqi Avropa və Qafqaz üzrə beynəlxalq əlaqələr dekanı, professor Marina Bokuçava ilə söhbətində Dövlət müşaviri Kamal Abdullayev beynəlxalq elmi konfransa qatıldıqları üçün qonaqlara minnətdarlığını çatdırıb. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Bakıda ikinci dəfə olduğunu söyləyən J.Didier paytaxtın xeyli dəyişdiyini, inkişaf etdiyini bildirib.
Professor Marina Bokuçova da hər dəfə Azərbaycana səfər edəndə sevinc hissi keçirdiyini, beynəlxalq elmi konfransın hədəflərinə çatacağına inandığını deyib.
BBMM-nin təşkilatçılığı ilə müxtəlif xarici universitetlərdə “Azərbaycan multikulturalizmi fənni”nin tədris olunduğunu nəzərə çatdıran K.Abdullayev onların təmsil etdiyi ali məktəblərin bu layihəyə cəlb olunması təklifini səsləndirib. Dövlət müşaviri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu da maarifçilik sahəsində yerli və xarici təhsil və mədəniyyət mərkəzləri ilə birgə maraqlı layihələr həyata keçirir. Yeni Avropa Universiteti ilə Bilik Fondunun və Bakı Slavyan Universitetinin elmin, təhsilin, xalqların dostluq münasibətlərinin inkişafı istiqamətində əməkdaşlığının məqsədəuyğunluğu qeyd olunub.
Dövlət müşaviri görüşdə yay məktəblərinin yaradılması təklifini də irəli sürüb. Qonaqlar bu təkliflər əsasında davamlı əməkdaşlığa hazır olduqlarını vurğulayıblar.
Litva Edukoloji Universitetinin professoru Vidas Kavaliauskas Dövlət müşaviri K.Abdullayev ilə görüşdə Bakını doğma şəhəri hesab etdiyini, konfrans çərçivəsində azərbaycanlı dostları ilə maraqlı fikir mübadiləsi apardığını bildirib. Onun sözlərinə görə, Azərbaycanda olan multikultural mühit hər kəsə, o cümlədən ölkəyə qonaq gələnlərə gəzmək, dincəlmək, öyrənmək üçün böyük imkanlar açır.
K.Abdullayev Azərbaycanın multikultural dəyərlərinin dünyaya nümunə olduğunu və bu nümunənin yayılmasının vacibliyini vurğulayıb, azərbaycanlı alimlərin litvalı elm adamları ilə birgə layihələr həyata keçirməkdə maraqlı olduqlarını söyləyib. .
Tbilisi Dövlət Universitetinin professoru Mariam Mançqaladze, Ural Federal Universiteti Avropa araşdırmaları kafedrasının müdiri, professor Aleksandr Nesterov, Türkiyənin Qazi Universitetinin professorları İsmət Çətin və Ayşə Çətin, Avropa Azərbaycan Cəmiyyətinin redaktoru və mətbuat katibi Nil Vatson ilə keçirdiyi görüşlərdə Dövlət müşaviri K.Abdullayev ölkəmizin dostları olan konfrans iştirakçılarına Azərbaycan həqiqətlərini daim dünyaya çatdırdıqlarına görə təşəkkürünü bildirib və bundan sonra da əməkdaşlığın yüksələn xətlə davam edəcəyinə əminliyini vurğulayıb.
Qonaqlar Bakı Slavyan Universitetində keçirilən ənənəvi beynəlxalq elmi konfransda iştirakdan məmnunluqlarını bildirib, bölmə iclaslarında müzakirə olunan məsələlərin son dərəcə əhəmiyyətli və aktual olduğunu qeyd ediblər.
Şərh yoxdur