O həmişə yox, hərdən-birdən, ayda bir dəfə, iki dəfə cavanlıqda olan kimi gecələr soyunub yatağına girir, gərnəşə-gərnəşə ora-bura fırlanıb sonra birdən sakitləşir və bərk yuxuya gedirdi. Başqa vaxtlar oturduğu, divanda uzandığı yerdə yatırdı, bunu bacarırdı. Onun üçün səsin-küyün əhəmiyyəti yox idi. Televizor, ya da radio yavaş səslə danışırdısa, daha yaxşı. Bu zaman daha bərk yatırdı. Gün ərzində beş dəfə, altı dəfə mürgü onu bu cür, gah divanda, gah kresloda, gah da eləcə stulda oturduğu yerdə yaxalayırdı.

Yenə də, həmişə yox (cavanlıqda bu daha çox olurdu), amma hərdən yuxu da görürdü. Özü çox sevirdi yuxu görməyi. Rəngli və qəşəng yuxular idi bu yuxular. Onların hər bir məqamı ayrıca xatirə ilə canlanırdı. Yuxusunda həyatından gəlib-keçmiş gözəl-gözəl qızları görürdü. Və bir də bu qızlarla tanış olma situasiyası, çoxdan unudulmuş o gözəl məqamlar gəlib yuxusuna girirdi. Çoxdan unutduğu bu xatirələr bir-bir canlanıb onun dodaqlarına təbəssüm kimi qonurdu. Yuxu görüb ayılandan sonra kefi kökəlir, hamı ilə can bir qəlb olurdu. Evdəkilər bilirdilər: əgər əhvalı yaxşıdısa, heç kimi sancmırsa, yuxusu şirin olub. Gün ərzində uzun müddət ağzında şirin bir tam qalırdı.

Bu gecəki yuxu bir başqa yuxu idi. Yuxusunda o, yaşadığı həyatı görürdü. Özü də bu həyatı  yuxu kimi görürdü. Və ürəyinə (eləcə yuxuda) qəribə bir ləzzətli sevinc gəlib dolurdu. Arvadı daha arvadı olmayacaqdı — bu, bir yuxu idi. Zəhləsi getdiyi işində çalışmayacaqdı – bu da yuxuda qalacaq və o ayılan kimi yçyb qara tüstü kimi göy üzündə əriyib gedəcəkdi. Bircə o məşum yuxuda Natəvan qalırdı. Bu, pis idi. Həyatda qoyub getdiyi adamlar içində bircə onunla vidalaşmaq istəməzdi. Bircə onu çəkib bu axmaq yuxunun içindən çıxara bilsəydi. Ürəyi aramsız və şiddətlə vururdu. O bunu edə bilərdi, duyurdu ki, bunu edə bilər,  amma edə bilmirdi.

Düşünürdü: bircə bu sarsaq yuxu tez bitəydi, yeni həyat onu ağuşuna alaydı. Amma bu yeni həyat nə cür olacaqdı — bunu yuxu ona demirdi. Hərdən yatmayan vaxtlarında ağlından keçirdi ki, ay Allah, mən niyə bu ölkədə doğuldum, gör bir dünyada nə qədər gözəl-gözəl ölkələr var… Amma o biri tərəfdən beynindən gəlib o da keçirdi ki, təsadüfə qalsaydı, o, Afrikanın dəhşətli bir yerində də doğula bilərdi. İndi də bu yeni həyat perspektivi onu o qədər də cəlb eləmirdi. Nə yazılıbsa, qoy o da olsun, qardaşım. Nə sən deyən olsun, nə də mən deyən. Allah deyən olsun.  Salamatlısı budu.