Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Bahçeşehir Universitetinin dəvəti ilə bu universitetdə təhsil alan yerli və xarici tələbələrə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda mühazirə oxumaq üçün Türkiyəyə səfər edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilər Şurasının sədri Kamal Abdullayev dinləyicilərə Azərbaycandakı tolerant və multikultural mühit, burada yaşayan azsaylı xalqların və etnik qrupların dil, din və mədəniyyətinin qorunması üçün həyata keçirilən dövlət siyasəti, multikulturalizmin unikal modelini formalaşdıran Azərbaycan xalqının keçmişi və bu günü, hazırda dünyanın böyük maraq göstərdiyi Azərbaycan multikulturalizminin mədəni-mənəvi, siyasi və hüquqi əsasları haqqında ətraflı məlumat verib.
Dövlət müşaviri Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqlarından söhbət açarkən bütün dünyanın mədəni irsinə çevrilən “Kitabi-Dədə Qorqud” dastanlarının elm aləminə tanıdılmasının 200 illiyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamdan və bu Sərəncamda göstərilən tədbirlər planından irəli gələrək həyata keçirilən tədbirlərdən söhbət açıb.
Dövlət müşavirinin dünyanın nüfuzlu universitetləri sırasında yer alan Bahçeşehir Universitetinin rəhbərliyi ilə görüşündə gələcəkdə Azərbaycan multikulturalizminin öyrənilməsi və təbliği ilə bağlı işlərdə bu təhsil ocağının yaxından iştirakı məsələsi müzakirə olunub. Universitet rəhbərliyi yaxın gələcəkdə “Azərbaycan multikulturalizmi” fənninin burada tədrisinə başlamaq istəklərini və bu istiqamətdə reallaşdırılacaq bütün tədbirlərdə yaxından iştirak etmək niyyətlərini bildiriblər.
Bundan əlavə, Dövlət müşaviri burada ABŞ-ın Nyu-York Dövlət Universitetinin (SUNY University at Albany) professoru Araş Alaey ilə də görüşüb. Görüşdə Azərbaycan multikulturalizminə böyük maraq göstərən professor Araş Alaey çalışdığı universitetdə də “Azərbaycan multikulturalizmi” fənninin tədrisinin maraqla qarşılanacağını diqqətə çatdırıb. O, gələcəkdə bu məqsədlə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əlaqələr quracağını söyləyib.
Şərh yoxdur