Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Bakı Slavyan Universiteti (BSU) və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə noyabrın 12-də beynəlxalq simpozium keçirilib.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, simpoziumu giriş sözü ilə açan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev tədbirin əhəmiyyətindən danışıb. O deyib: “Prezident İlham Əliyevin imzaladığı Sərəncam əslində Azərbaycanın alman aliminə minnətdarlığının ifadəsidir. 1815-ci ildən bu günədək müxtəlif alimlər tərəfindən “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı bir çox işlər görülüb. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universiteti bu istiqamətdə mühüm layihə və tədbirlər həyata keçirir”. Dövlət müşaviri vurğulayıb ki, mərkəz tərəfindən dastanın “Təpəgöz” boyunun 25 dilə tərcümə və nəşri nəzərdə tutulub. “Kitabi-Dədə Qorqud” dastanı bir məkanla məhdudlaşmır. Dastan təkcə türk xalqlarının abidəsi deyil, dünya miqyasında mühüm abidədir. “Kitabi-Dədə Qorqud” dastanının dünyaya tanıdılması Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, multikultural əhvalının beynəlxalq aləmdə təbliğidir.
BSU-nun rektoru, professor Asif Hacıyev simpoziumun dastanla bağlı həyata keçirilən layihələrin davamı olduğunu vurğulayıb. Rektor bildirib ki, “Kitabi-Dədə Qorqud” dastanının geniş təbliği, Dədə Qorqud irsinin daha dərindən öyrənilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin qeyd edilməsi bu böyük türk abidəsinə olan hörmət və qayğının təcəssümü idi. Prezident İlham Əliyev də bu ənənəni davam etdirir. Dövlət başçısının dastanın alman dilində nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncam göstərir ki, milli mənəvi dəyərlər dövlət siyasətinin əsas mahiyyətini təşkil edir. Bu istiqamətdə BSU-da bir-birindən maraqlı tədbirlər keçirilir.
Digər çıxış edənlər də “Kitabi-Dədə Qorqud” dastanının türk dünyasının şifahi xalq yaradıcılığında tutduğu əvəzsiz mövqedən danışıb, qorqudşünaslığın tarixi və gələcəyi ilə bağlı təkcə Azərbaycanda deyil, bütün dünyada silsilə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.
Simpozium çərçivəsində Bakı Slavyan Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu və Qafqaz Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Plenar iclasda Türkiyənin Hacettepe Universitetinin professoru Şükrü Haluk Akalın “Dilimizin, ədəbiyyatımızın və mədəniyyətimizin qaynağı “Kitabi-Dədə Qorqud”, AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev “Dədə Qorqud kitabı”nda boy tutumu məsələsi, dosent Vahid Adilov “Kitabi-Dədə Qorqud”da işlənmiş bir neçə ifadə haqqında”, filologiya üzrə fəlsəfə doktoru Mehriban Vəliyeva “Kitabi-Dədə Qorqud”da mürəkkəb cümlə sintaksisi” mövzularında çıxış ediblər.
Şərh yoxdur