Əsas olan mətndir, yerdə qalan təfərrüatdır...Prezident İlham Əliyevin 2015-ci il 3 dekabr tarixli Sərəncamı ilə təhsil sahəsində səmərəli fəaliyyətinə görə Kamal Abdullayev “Şöhrət” ordeni ilə təltif edilib.

Dekabrın 4-də 65 illik yubileyini qeyd edəcək Kamal Abdullayev uzun illər təhsil sahəsində fəaliyyət göstərib. O, görkəmli pedaqoq və alim olmaqla yanaşı, eyni zamanda, tanınmış qələm sahibidir. Elmi əsərləri kimi, bədii yaradıcılığı da böyük maraq doğurur. “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” və “Unutmağa kimsə yox…” romanları müxtəlif dillərə tərcümə olunaraq Fransa, İtaliya, Avstriya, Yaponiya, Amerika, Braziliya, Rusiya, Türkiyə, Misir, Polşa, Litva, Qazaxıstan və başqa ölkələrdə nəşr edilib.

Hazırda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, eləcə də bir sıra ədəbi, ictimai, elmi qurumların üzvü olan Kamal Abdullayevin yüksək dövlət mükafatı ilə təltif olunması bütövlükdə ölkəmizdə təhsilə, elmə və mədəniyyətə verilən dəyərin daha bir təcəssümüdür.