1467926144644457736_1000x669

Bakı, 8 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Ramazan bayramı münasibətilə Qarabağ bölgəsində səfərdə olub. Səfər çərçivəsində Dövlət müşaviri ilk olaraq Bərdə və Ağdamda ictimaiyyət nümayəndələri, dindarlar, həmçinin bu rayonlarda yerləşən hərbi hissələrdə xidmət edən əsgər və zabitlərlə görüşüb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Bərdə rayonunda ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyduqdan sonra K.Abdullayev və rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev Bərdə İmamzadəsini ziyarət edib, burada ibadət edən dindarlarla və ziyarətçilərlə fikir mübadiləsi aparıblar. Azərbaycan Prezidentinin Ramazan bayramı münasibətilə təbrikini rayon ictimaiyyətinə çatdıran Dövlət müşaviri ölkə başçısının apardığı məqsədyönlü daxili və xarici siyasətin ümumi mənzərəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan əməli addımlar, banisi ulu öndər Heydər Əliyev olan Azərbaycan multikulturalizm siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması münasibətilə keçirilən tədbirlər haqqında danışıb. K.Abdullayev apreldə Ordumuzun qələbəsi ilə nəticələnən döyüşlərdən, bu qısa müddətli müharibədə qəhrəmancasına şəhid olan bərdəlilərin şücaətindən danışıb, onların ruhuna ehtiramını ifadə edib.

Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev Bərdə camaatının Prezident İlham Əliyevin apardığı siyasətə daim dəstəklədiyini, aprel döyüşləri zamanı hər bir bərdəlinin silaha sarılmağa hazır olduğunu bildirib.

Bərdə rayon Cümə məscidində yerləşən İmamzadə ziyarətgahı dini icmasının sədri Ramzan Hüseynov və digər dindarlar da ölkəmizdə dövlətin dinə və dindarlara qayğısından söhbət açıb, onlara göstərdiyi yüksək diqqətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Yad dini təsirlərin yaşadıqları kənd və qəsəbələrə ayaq açmaması, ənənəvi İslamın qorunub saxlanması üçün var qüvvələri ilə bundan sonra da çalışacaqlarını qeyd ediblər.

Vaxtilə Bakı Slavyan Universitetində təhsil almış və universitetin rektoru olan Kamal Abdullayevdən valideyn qayğısı gördüyünü deyən Ləmbəran kənd orta məktəbinin direktor müavini bu gün gənc nəslin tərbiyəsində, Azərbaycan gəncliyinin Vətənə, millətə və başqa xalqların nümayəndələrinə məhəbbət ruhunda tərbiyə olunmasında multikulturalizm siyasətinin böyük əhəmiyyətini vurğulayıb.

Sonda Dövlət müşaviri Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən 2015-ci ildə təmir və bərpa olunaraq istifadəyə verilən Bərdə İmamzadəsinin kitabxanasına “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını və yeni çap olunmuş “Multikulturalizm” jurnalını ilk sayını hədiyyə edib.

Bərdədən sonra Ağdama gələn akademik Kamal Abdullayev burada Xındırıstan məscidində dindarlarla görüşüb, onları Ramazan bayramı münasibətilə təbrik edib. Cəbhə xəttinin bir addımlığında yerləşən kəndin camaatının ruh yüksəkliyinə diqqət çəkən K.Abdullayev onları Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycanın qürur duyulacaq insanları adlandırıb.

Xındırıstan kənd məscidi dini icmasının sədri, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi Barat Bağırov deyib ki, kəndimizin üzərinə mərmi yağan zaman Prezident İlham Əliyevin öz xanımı ilə Ağdama gələrək müharibədən zərər çəkən evlərə baş çəkməsi onlara çox böyük ruh yüksəkliyi bəxş edib. Bildirilib ki, onların düşmənə sipər olmasının əsas səbəbkarı Prezident İlham Əliyevdir.

Xındırıstan kənd məscidində yaradılan kitabxanaya “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı və “Multikulturalizm” jurnalını hədiyyə edən Dövlət müşaviri sonra cəbhə xəttinə daha yaxın Çəmənli kəndindəki Seyid Lazım Ağa ocağını ziyarət edib, ziyarətdə olan insanlar və kənd dindarları ilə görüşüb.

Erməni qəsbkarlarının hədəf seçdikləri Çəmənli kənd sakinləri qarşısında çıxış edən Dövlət müşaviri bildirib: “Prezident İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etməklə təkcə Azərbaycanı dünyaya yox, həm də bizi özümüzə bir daha dərindən tanıtdı. Biz multikultural və tolerant xalqıq, amma torpaqlarımızın işğalı ilə barışan deyilik. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Qarabağın taleyi ilə bağlı bu ağılasığmaz status-kvo davam etdikcə apreldə düşmənə endirilən sarsıdıcı zərbələr davamlı olacaq. Dağlıq Qarabağ, itirilən hər bir qarış torpağımız tamamilə geri qaytarılacaq. Necə ki, biz buna şahidik”.

Görüşdə rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov çıxış edərək Ağdam sakinlərinin daim Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətin dəstəkçiləri olduqlarını, hazırda rayonun inzibati mərkəzi olan Quzanlı qəsəbəsində və kəndlərdə abadlıq işlərinin aparıldığını, aprel döyüşlərində dağılmış yaşayış evlərinin müasir tələblərə uyğun şəkildə bərpa edildiyini bildirib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rayona son səfəri sakinlərdə böyük ruh yüksəkliyi yaradıb.

Seyid Lazım Ağa ocağının axundu Mir Yusif Ağa və başqa dindarlar onlara göstərilən qayğı və diqqətdən həvəslə danışıblar.

Ziyarətgahın kitabxanasına da kitablar bağışlayan Dövlət müşaviri K.Abdullayev son zamanlar cəbhədə yaşanan gərginlikdən üzüağ, qalibiyyətlə çıxan “N” saylı hərbi hissənin əsgər və zabitləri ilə görüşüb. Əsgərlər qarşısında çıxış edən Dövlət müşaviri deyib : “Siz Azərbaycanın qəhrəmanlarısınız. Siz Vətən torpağının hər qarışı uğrunda özünüzü sipər edən igidlərsiniz. Siz əsgərlər Ulu Öndərin söylədiyi “ölkəmizdə yaşayan milli azlıqlar bizim sərvətimizdir” fikrinin bu gün dünyanı barış və sülhə səsləyən Azərbaycan multikulturalizminin qoruyucularısınız. Allah sizləri qorusun!”.

Sonda Dövlət müşaviri aprel döyüşlərində qəhrəmancasına şəhid olan cəsur komandir Raquf Orucovun xatirəsinə həsr olunmuş futbol turnirinin iştirakçıları ilə görüşüb və oyunlara baxıb.