iki kitab

Bu günlərdə yazıçı Kamal Abdullanın dünyanın müxtəlif dillərinə tərcümə olunmuş iki məşhur əsəri- “Yarımçıq əlyazma” və “Sehrbazlar dərəsi” haqqında iki monoqrafiya işıq üzü görüb.

 

Araz (Abbasəli) Əhmədoğlunun “Şah əsərin Şah əsəri” və “İç-içə sirlər dünyası” monoqrafiyaları bu günlərdə “Mütərcim” nəşriyyatında ayırca iki kitab kimi işıq üzü görüb.

Araz Əhmədoğlu cənublu soydaşlarımızdandır, “Kitabı-Dədə Qorqud”la “Beovulf”dastanın müqayisəsi ilə bağlı dissertasiya üzərində işləyir.

Monoqrafiyaların müəllifi Abbasəli (Araz) Əhmədoğlu1968-ci il Güney Azərbaycanın Xoy şəhərində anadan olub, 1986-cı ildə Şiraz Tibb Universitəsinə, 1996-cı ildə Təbriz Universitetinə qəbul olub. Bakalavr təhsilini ingilis dili və ədəbiyyatın ixtisası üzrə bitirən Araz Əhmədoğlu Təbriz Azad Universitetinin magistraturasına qəbul olub.

“Dədə Qorqud eposunda Basat boyunu əski İngilis eposu Beowulf ilə ölümcüllüq və ölümsüzlüq anlamlarını araşdırmaqla müqayisə etmək” mövzusunda magistr dissertasiyası müdafiə etdikdən sonra  Azərbaycan Dillər Universitəsinin İngilis ədəbiyyatı ixtisası üzrə doktoranturasına qəbul olub. Hazırda orada təhsil alır. Bir neçə şeir kitabının müəllifidir.

“Yarımçıq əlyazma” romanı haqqındakı “Şah əsərin şah əsəri” kitabı “Bildiri” ilə başlayır. Burada müəllif yazıçı Kamal Abdulla ilə, onun əsərləri ilə tanışlıqdan söhbət açır, qeyd edir ki, bu kitabın yaranması Kamal müəllimin birbaşa Dədə Qorqud nəfəsinin gücü ilə olub, ona görə Kamal müəllimə müəllifə hədiyyə etdiyi dəyərli kitablarına görə və bu kitabın yaranmasına səbəbkar olub düzgün məsləhətlər verməsinə görə təşəkkürünü ifadə edir.

Daha sonra biz kitaba müəllifin yazdığı ön sözlə tanış oluruq.  Araz (Abbasəli) Əhmədoğlu “Yarımçıq əlyazma”nı Tolstoyun “Hərb və sülh”ü, Steynbekin “Qəzəb salxımları”, Oruelin “1984”ü, Servantesin “Don Kixot”u, Markesin “Yüz ilin tənhalığı”, Yaşar Kamalın “İncə Məmməd”i ilə müqayisə edir: “Onlardan hər hansını oxuyub qurtaranlar öz-özünə deyir: “Buracan bundan gözəl kitab oxumamışam!” “Yarımçıq əlyazma” da belə romanlardan biridir”.

Kitabın sonrakı bölümlərinə diqqət yetirəndə peşəkar tənqidçi münasibətinin şahidi oluruq.

Oxucu “Xülasə”, “Qaçış ilə yorumlama”, “Süjet”, “Obraz”, “Romanın önsözlər bölümü”, “Romanın Dədə Qorqud kitabı ilə ilgili qolu”, “Romanın Şah İsmayıl qolu”, “Ana Qonu”, “Baxış açısı”, “Simgə”, “Duyğu və yumor”, “Fantaziya”, “Quruluş”, “Üslub”, “Dəyər meyarı”, bölümlərinin köməyi ilə “Yarımçıq əlyazma”nın mahiyyəti haqqında geniş bilgilər əldə edir, daha doğrusu əsər oxucu üçün yenidən açılır. “Qaynaqlar” bölməsində biz yerli müəlliflərlə yanaşı xarici müəlliflərin adına rast gəlirik, bu isə müəllifin əsər haqqında çox ciddi araşdırma apardığının sübutu sayıla bilər.

“İç-içə sirlər dünyası” kitabındakı “Ön söz”də də diqqətçəkən məqamlar var. Müəllif bu qənaətdədir ki, Kamal Abdullanın yaratdığı “Sehrbazlar dərəsi” çağdaş dünya ədəbiyyatı çapından qat-qat öndə gedən bir romandır: “Bu roman Həri Patır və O Üzüyün Ərbabı kimi yalnız fantaziya dünyası deyil. Bu əsər öz oriyentalist orjinallığını qoruyaraq gerçəklik (realizm) biçimində yazılmış olsa da fantaziya, mistisizm, fəlsəfə, tarix, romantika və etikanı bir yerdə ədəbiyyat qanadı ilə göylərə qaldırır”.

Bu kitabda “Yarımçıq əlyazma” haqqındakı monoqrafiyadakı kimi peşəkar tənqidçi münasibəti görürürük. Müəllif “Qaçış ilə yorumlama”, “Süjet”, “Obraz”, “Cəlladbaşı Məmmədqulu”, “Cəzirəli Əl Zatineyi ağ dərviş”, “Dərviş Hüsnükərəm”, “Xacə İbrahim Ağa”, “Xeyirabad əmiri”, “Karvanbaşı”, “Karvanbaşının həyat yoldaşı”, “Karvanbaşının oğlu”, “Qoca qul”, “Nökər Nəzərəli”, “Pərnisə”, “Mirzə Sədrəddin”, “Seyid Sarı Əsrari”, “Sarvan Qarsuvarlı”, “Sarvan Qədirqulu”, “Səyyah Sehrbaz”, “Şah”, “Şahverən”, “Şeyx Mənuçöhr ibn Sadiq”, “Tacir Zəbulla”, “Vəzir Məşdəli”, “Ana Qonu”, “Baxış açısı”, “Simgə”, “Duyğu və yumor”, “Fantaziya”, “Quruluş”, “Üslub”, “Folklor köklü deyimlər”, “Dəyər meyarı” bölmələri vasitəsilə oxucu yeni bir yanaşma, yeni bir dünya ilə tanış olur.

Ümid edirik ki, bu kitablar Kamal Abdulla yaradacılığı ilə tanış olmaq, Kamal Adbulla dünyasını kəşf etmək niyyətində olanlar üçün əvəzsiz vasitə olacaq.