14857653865179543036_1000x669

Rumıniyanın Yassı Dövlət Universitetinin əməkdaşı, filologiya elmləri doktoru, ədəbiyyatşünas alim Lyudmila Bejenaru 2014-cü ildə “Kamal Abdulla: Bütövlüyün fəlsəfəsi” adlı fundamental monoqrafiya yazıb. Kamal Abdulla yaradıcılığının belə çoxşaxəli tədqiqi Avropanın Yanus layihəsi çərçivəsində həyata keçirilib, monoqrafiya kitab şəklində Serbiyanın Pro Evropa Novi Sad nəşriyyatında işıq üzü görüb. Monoqrafiyadan bir hissə “Literaturnıy Azerbaydjan” jurnalının 2016-cı il, 11-ci sayında dərc edilib. AZƏRTAC jurnalda nəşr olunan həmin hissəni ixtisarla oxuculara təqdim edir.

X X X

…“Gizli Dədə Qorqud” adlı tədqiqat işində Kamal Abdulla “Kitabi-Dədə Qorqud” milli eposunu insan cəmiyyətini bir qədim dövrdən başqa bir dövrə, təbiət dünyasından mədəniyyət dünyasına keçirə biləcək “fərqli bir körpü” kimi müəyyənləşdirib.

Özünün sonrakı, artıq belletristikaya çevrilmiş bədii mətnlərində “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” və “Unutmağa kimsə yox” trilogiyasının müəllifi bu körpünün üzərinə çıxaraq artıq “o biri sahilə” adlayır. O, mifdən yazıya keçir və “Kitabi-Dədə Qorqud”un kanonik mətnini dəyişərək, bütövlüyün posmodernist estetikasını yaradır. Süjet xətlərini dəyişməklə, obrazları dərinə və daxilə inkişaf etdirməklə, dil və üslub səviyyəsində dəyişikliklər etməklə Kamal Abdulla obyektivləşdirmənin köməyi ilə kanonik mətnin daxilində təkcə ənənəvi təhkiyə əlaqələrini deyil, həm də onun adi təşkilatlanma prinsiplərini nümayiş etdirir.

… Viskonsin-Medison Universitetinin ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid, klassik mətnlər, fəlsəfə, komparativ mifologiya və ritorika üzrə mütəxəssisi Maks Statkieviç hesab edir ki, “Kamal Abdullanın təhkiyəsi özünün “sirlərə yiyələnmək” səylərini vurğulayır, o, müəyyən mənada “yazının dağılması”nı, Derridanın haqqında danışdığı “aforizmin enerjisi”ni nümayiş etdirir. Bu mənada müəllifə Dədə Qorqudun xələfi kimi, ya da ki, romanda Dədə Qorquda daha çox yazıçının özünün proyeksiyalanması kimi baxıla bilər. Kamal Abdullanın romanında Dədə Qorqud təkcə Bayandur xanın mirzəsi deyil, həm də sirlərinin mühafizidir, bu sirləri biləndir və bu mənada sirdaşdır; Oğuz cəmiyyətində hamı və hər kəs bilir ki, “Dədəyə etibar edilmiş sirr qayğı ilə qorunacaq”.

Trilogiyada müəllif bu və ya başqa şəkildə üzə çıxır, əsərlərin strukturu ilə bağlı niyyətinin obyektivləşdirilməsi vasitəsilə oxucu ilə birbaşa nitq ünsiyyətinə girir və niyyətini özü izah edir. Əsəri diskursun fraqmentarlığından və postmodernist romanın bilərəkdən yaradılan xaotikliyindən doğan “kommunikativ uğursuzluğ”a məruz qoymamaq üçün müəllif öz üzərinə əlavə vəzifələr götürür. Beləliklə, müəllif maskası Kamal Abdullanın trilogiyasının məna mərkəzinə və yazıçının təhkiyə tərzinin strukturyaradıcı prinsipinə çevrilir…

… Kamal Abdulla Təpəgözü günahkarlar sırasında ilk personaj kimi müəyyənləşdirməklə, onu Azərbaycan ədəbiyyatında günah hissinin ilk daşıyıcısı sayır. Bizcə, Sehrbazlar dərəsindən olan Karvanbaşı Azərbaycan ədəbiyyatında hələ ki, sonuncu günahkardır, ona görə də bu iki günahkar surətinin, onların xarakterlərinin qarşılaşdırılması göstərir ki, bu surətlər birmənalı olmalarına baxmayaraq, faciəvidir. Təpəgöz, Məmmədqulu və Karvanbaşı – müxtəlif miqyaslı, bir-birindən məkrli üç cəlladdır. Aralarındakı fərq ancaq ondan ibarətdir ki, Təpəgöz və Məmmədqulu – insan qanında “çimir”lər – “bütün körpələri qıraram, bircə dəfə də olsa doyunca adam əti yeyərəm”, Karvanbaşı isə öz ruhunun cəlladıdır, özünü qisas hissi ilə zəhərləyir. Onlardan hər biri öz günahlarını özü bildiyi kimi başa düşür və yuyur, lakin onların hamısı iki qiyafədə – qatil və günahkar qiyafələrində mövcuddurlar. Tərcüməçi Lyudmila Lavrova romanın “daxili quruluşunun mükəmməlliyindən” söz açaraq fikrini belə ifadə edir: “Ayrılan cığırlar bağı”. Bu bağda müəllif maskası ̶ “ümumiyyətlə, göründüyü kimi olmayan bir şey, xəyal, amma kimin xəyalı”,- bizi atasının qatilini axtaran karvançının ardınca aparır, cəllad Məmmədqulunun tarixçəsini danışır, Allahın işlərinə qarışmamağı məsləhət görür, çünki “Allah hər kəsə əməllərinə görə verir”…

… Kamal Abdullanın romanında Karvanbaşı təkcə öz namusu və ruhunun rahatlığı naminə qisasdan imtina etmir! Xeyr! Həm də bunu ona görə edir ki, həyat gözəldir! “Bilirsən,- Ruhun ağzından özü də istəmədən acı bir etiraf qopdu,- sən heç başa düşürsənmi ki, həyat necə də gözəl şeydir?” Bu həyata günahsız Körpə – Karvanbaşının oğlu, müəllifin günah və qaranlıq dünyadan Sehrbazlar dərəsi məkanına, günahdan, qisas və qandan təmizlənmiş “yeni” balaca vətənin çəhrayı məkanına çıxardığı körpə sevinəcək. Görükməz Təpənin yaşıl ətəyindən başlayıb gedəcək… Sehrbazlar dərəsi ilan gədiyinin qurtaracağında, Görükməz Təpə deyilən təpənin ətəyindən birbaşa üzü çökəyə açılırdı. Dərəyə belə bir adı ona görə qoymuşdular ki, dörd ətraf bilib görüb inanmışdı ki, bəlkə də kürreyi-ərzin ta Məğribdən Məşriqə qədər hər bucağından adlı-sanlı sehrbazlar gəlib buranı özlərinə yaşamaq üçün məskən seçmişdilər. Nə üçün buranı seçmişdilər – bunu bilən bir adam yox idi, onlar özləri isə bu barədə bir kəlmə dinib-danışmırdılar. Dərə boyu elə sehrbazdı görürdün – iki-bir, tək-tək, topalaşıb ora-bura gəzişər, ya əl-qol ata-ata bir-birinə nə isə deyər, ya da eləcənə susub durardılar. Dərənin üstündən məmləkətə gedən bu yol sehrbazlar üçün əsas həyat mənbəyi idi, bu yolla gedənlərin nəzir-niyazına, pay-peşkəşinə ümidli idilər, dolanmaq üçün yetərli idi, bəzən də bu sehrbazlardan hansınısa yolla gedənlərdən bir kimsənə götürüb özü ilə aparardı, cadu-sehrindən istifadə edər, hansısa məqsədə çatmasından ötrü onun möcüzkar köməyinə iman gətirərdi”.

Beləliklə, Kamal Abdullanın romanında mifik “kiçik vətən” surəti ənənəvi – dağ nəsri və müasir anlamlarda, Şərq-Qərb bədii-fəlsəfi konseptləri kontekstində, Avrasiya motivləri və onların kökləri Dastana bağlı olan Azərbaycan dünyanın milli mənzərəsi kontekstinə interpretasiyasında qavranılır…

Müəllif gerçəkliyi xəyali arzuya çevirir – “Sehrbazlar dərəsində isə yenə bahar çağıydı, gül-gülü, bülbül-bülbülü çağırırdı. Sehrbazlar bir-biri ilə söhbətləşə-söhbətləşə bir dəstəsi dərə boyu gəzişir, o biri dəstəsi isə dairə qurub bir qızılgül kolunun ətrafında yaşıl çəmənliyin üstündəcə əyləşmişdi”. “Metaforik”, simvolik qızılgül obrazı müəllifə öz təmiz ruhani Xeyir, Həqiqət və Sevgi dünyasını yaratmaqda kömək edir. Gerçəkliyi ideallaşdıraraq, romanda … “fantastik olan hadisələr deyil, insanlardır (…)” o, “yeni varlıq” kabusu ilə birləşir, ̶ Kamal Abdulla kainatın öz mərkəzini, öz kosmik çərxini yaradır. Məhz buna görə də roman kabus kimi yox olmur. Baxmayaraq ki, qeyri-real dərəcədə gözəl, kor olanların anlaya bilməyəcəkləri, bəşəriyyətin ən yaxşı nümayəndələrinə ̶ günahsız mələklərə-uşaqlara layiq bir həyatla doludur…

… “Sehrbazlar dərəsi”- müəllifin özünün müəyyən etdiyi kimi, roman-fantaziyadır, bizi Azərbaycan xalqının ulu əcdadlarının sehrli aləminə, Şərq nağıllarının qabaqcadan bilinməyən füsunkar xəzinəsinə gətirib çıxarır. Kamal Abdullanın bütün əsərlərində olduğu kimi, “Sehrbazlar dərəsi”nin də süjeti təsvir olunan hadisələr, gözlənilməz döngələr və dolambaclar, əqli nəticələrin detalları və incəlikləri baxımından məftunedicidir, kəskin sosial məzmununa görə dərindir, həddindən artıq təsirlidir və bir çox cəhətdən simvolikdir ki, bunlar da təhkiyənin ritminin gərginliyində, surətlərin dəqiq, müqayisələr zamanı sərrast, aforistik dərəcəsində ritorik, düşüncələrdə və müəllif fantaziyasının hədsizliyində ̶ fəlsəfi (…)tonallığında özünü göstərir…

… Kamal Abdulla keçmişdən şən əhvalla və böyük bir məsuliyyətlə danışır; dastanda da olduğu kimi, “Sehrbazlar dərəsi” romanında keçmiş geniş oppozisiya ilə tamamlanıb. Lakin “Kitabi-Dədə Qorqud”da keçmişin oppozisiyası indi, roman-pritçada isə gələcəkdir. Keçmişsiz gələcək yoxdur və öz romanında müəllif bu hikmətə sadiq qalır. O, əcdadlarının tarixi keçmişindən təsirlənir, öz tarixi ilə fəxr edir, eyni zamanda, da tarixə öz fərdi konsepsiyası ilə yanaşır: “Bütün sonlu və sonsuz olanlar bircə andan ibarətdir. Və bu an özündə keçmişi və gələcəyi ehtiva edir”…

… Sehrbazlar dərəsində gələcəyin və keçmişin indinin mifoloji hadisələrində baş verən çəlpəşməsini və seyrini bütövlük estetikası adlandırmaq olar. Müəllifin “Sehrbazlar dərəsi”nin səhifələrində qurduğu bu bütövlük estetikası təkcə Şərq mentallığının deyil, həm də Qərb mentallığının dünyaduyumunu, dünyagörüşünü ifadə edir.

Kamal Abdulla yaradıcılığı özündə dərin inisiatik məna daşıyır, öz düşüncələrində fəlsəfidir və müəllif fantaziyasında hüdudsuzdur. Kamal Abdulla fəlsəfəsi dinidir, lakin onun fəlsəfəsinin coşqunluğu göylərə yönəlməyib; onun fəlsəfəsi ölümsüzlüyü təsdiqləmir. Bu fəlsəfə bəşəriyyətin varlığın və həyat məqsədlərinin mənasını yer üzərində cənnətin yaradılmasında, yəni dünyəvi həyatın elə qurulmasında görür ki, bu quruluş şəraitində insan öz mənəvi və əxlaqi keyfiyyətlərini daha tam şəkildə aşkarlaya və həyatında əsas prinsiplər kimi insanpərvərlik, xeyirxahlıq, ədalətlilik, həqiqət prinsiplərini bərqərar edə bilsin. Azərbaycan mütəfəkkirinin fikrincə, məhz bu yolla yer üzərində ümumun xoşbəxtliyi, sevgisi vəziyyətinə, mükəmməl dünyəvi həyatın qurulmasına nail olmaq mümkündür. Bu, xəyali arzuların bəhrəsi və müəllifin göyü yerə düşürmək, yer həyatını səmavi prinsiplər əsasında qurmaq cəhdidir və özünün bu cəhdində o, Allahın yerinə insanı, İlahi Ruhun yerinə insan zəkasını, Allah xofunun yerinə insan məhəbbətini qoymur. Kamal Abdulla hər şeyin başında sözü qoyur. Möcüzələrdən sonuncusu isə, müəllifin və onun qəhrəmanı Hacı İbrahim Ağanın hesab etdiyi kimi, Quranın nazil olmasıdır: “… son möcüzə dünyamızda Qurani-Kərimdir ki, sevgili peyğəmbərimiz onu Allah-Taaladan qəbul edib cəmi insanlığa bəxş etmişdir. Dünyamızda bir daha möcüzəyə yer qalmamışdır. (…) Ağ dərviş isə deyirdi ki, “çün hər şeydən əvvəl söz ki olmuşdur, axırda da söz olmuşdur. çevrə qapanmışdır …”, amma anın adlarından biri qalırdı. Bu ad sözdür, zamanların başlanğıcında və sonunda. O, yəni söz, lap sonuncu qum dənəsi kimi bütövlüyü doldurur.

Romanın son hissəsində yağan təmiz, ağ qar şər əməllərin – xəyanətin, ölümün, mənəviyyatın itirilməsinin, dibsiz uçuruma atılmanın və qanın üstünü örtür. Yer üzərindəki xalqların tarixi boyu tökülmüş bütün qanların. Çünki bütün günahların bağışlanmasına aparan yol məhz paklanmadır. Qafqaz qarı – tikanlı, sərt, insanı diksinməyə məcbur edən qar – göydən söz müdrikliyinin zərrəcikləri kimi, insanın təmizlənməsi və bütün günahların bağışlanması himni kimi yerə yağır.

Kamal Abdullanın “Sehrbazlar dərəsi” və “Yarımçıq əlyazma” romanları özündə “Kitabi-Dədə Qorqud”un kanonik mətninin posmodernist estetikasını ehtiva edir və XXI əsrdə postsovet məkanında yaranan ədəbi-bədii boşluğu doldurur.

Kamal Abdullanın yaradıcılığında Dədə Qorqud haqqında dastan, əsasən, mif haqqında ən yeni təlimlərə, mifik-tənqidi metodologiyanın “ritual” və “arxitektura” qollarına əsaslanmaqla, qapalı çevrə üzrə dövr edir.

Kamal Abdulla mifə bəşəriyyətin yazısının bütövlükdə başa düşülməsi üçün həlledici amil, ədəbiyyatın bədii, elmi generatoru kimi baxır. Əgər ədəbiyyat mifdən uzaqlaşırsa belə (müəyyən mərhələlərdə), son nəticədə, o yenə də mifin yanına qayıdır. Modernist yazıçı Kamal Abdullanın yaradıcılığı buna bir sübutdur. O, “Kitabi-Dədə Qorqud” eposunun “… təkcə “ruhun dərinliklərindən” (F.Şellinqin təbirincə) deyil, həm də mifin yeni oxunuşundan, elmin, ədəbiyyatın, dinin və müasir həyatın başqa təzahürlərindən bütövlük əmələ gətirərək, bir tama sintez etmək istəyindən qaynaqlanan yeni mifologiya yaradır”…

… Kamal Abdulla yaradıcılığında bəşəriyyətin çoxdan vidalaşmış olduğu mədəni ənənələrə və mədəniyyətlə, özünəməxsusluqla zəngin zamanlara nostalji münasibət duyulur. Bütövlükdə bəşəriyyətin, özəlliklə isə Azərbaycan etnosunun, tarixi yolu düsturunun axtarışlarında olan müəllif böyük zaman kəsiklərinə müraciət edir; Kamal Abdullanın trilogiyasında zaman perspektivi təkcə əsərlərin quruluşunun məhvəri olmur, həm də mənəvi-etik və estetik imperativə çevrilir. Yaradıcılığında “ədəbiyyatın inteqral elementi” kimi mifə əsaslanaraq, Kamal Abdulla varlığın ideal modeli saydığı dastana söykənir, müqayisə vahidi kimi onu müasir həyatın təsvirinə daxil edir.

V.Kubilyus hesab edir ki, “müasirliyin əsrlərin dərinliklərinə gedib çıxan genezisi, və ya da varlığın fərdi şüurun və şüuraltının fəaliyyətini əks etdirən sabitliyi kimi, mif təhkiyəyə ikinci plan və dərin perspektiv gətirir”.

Bununla yanaşı, Amerika tədqiqatçısı C.Uaytonun “Mif bu gün əməl edilməli olan norma… kimi irəli çıxır” fikri ilə razılaşaraq, belə bir qənaətə gəlmək olar ki, Kamal Abdullanın yaradıcılığında mif ədəbi materialın mənbələrindən yalnız biridir. Müəllifin poetik sintaksisi, xalq eposu ilə yanaşı, onun üslubunun təməl daşıdır. Milli üslubiyyat əlavə izahlar tələb etmir: o, oxucunu Şərq nağılının koloritinə daxil edir; deyimlər oriyentalizmin emosional yüksəlişləri ilə doludur…

…Tarixiliyin vüsətinə görə Kamal Abdullanın Azərbaycan xalqının tarixi haqqında təhkiyəsi Lev Tolstoyla və Şekspirlə “kongenialdır”. Kamal Abdullanın yaradıcılığını başqa müəlliflərlə tutuşdurmaqla, biz onlardan hansının daha “uca” olduğunu araşdırmaq istəmirik. İstedadı təkrarolunmazlıqla və özünəməxsusluqla ölçürlər, buna görə də dünya ədəbiyyatında Kamal Abdullanın öz, heç kəs tərəfindən doldurula bilməyəcək yeri vardır. Məhz maqik nağıl koloriti, sufi simvolikası layları, gerçəkliyin son həddinə çatdırılmış fantaziya və xəyali aləm sayəsində, “Dədə Qorqud” Dastanının özünəməxsus “mifik terrorizmi”nin təzyiqi altında müəllif çoxsaylı müasirləri və sələfləri ilə bir sırada durur. Onlardan bəziləri, ola bilər, müəllifin özündən daha çoxtərəflidirlər.

Kamal Abdulla istedadının miqyası təkcə onun Azərbaycan xalqına və öz müasirlərinə deyil, həm də başqa mədəni məkanlara və nəsillərə təsir gücü ilə müəyyənləşir. Digər mədəniyyətlərin Kamal Abdulla yaradıcılığına marağı böyükdür, onun əsərlərinin rus, fransız, ingilis, polyak, türk, gürcü, portuqal, yapon dillərinə tərcümə olunması Azərbaycan yazıçısının yaradıcılığını bütünlükdə mədəni dünyanın mülkiyyətinə çevirir. Bu yaradıcılıq Bütövlüyün estetikasının üzvi əlaqəsinin parlaq bir nümunəsidir və Azərbaycan ədəbiyyatını, tarixini və mədəniyyətini dünyanın yetkin ədəbiyyatları və mədəniyyətləri siyahısına daxil edir.

Kamal Abdulla bir çox tərəfdən dünya ədəbiyyatına borcludur. Mif və yazı, yunan mifləri və homerik şairləri, Atlantidanın “demokratiya”sı və “antidemokratiya”sı, ağac arxetipi çox rəvan bir tərzdə trilogiyanın və “Gizli Dədə Qorqud”un səhifələrinə köç etdi və, beləliklə, müəllifə “ənənəvi tədqiqatlar” çərçivəsindən kənara çıxmağa kömək etdi. O, başqa xalqlara da azərbaycanlıların tarixi ilə tanış ola bilmələri üçün “qapıları açdı”, öz xalqının tarixinin öyrənilməsini “genişləndirdi və dərinləşdirdi”. Mədəniyyət baxımından başqa xalqlardan nə qədər çox şey götürmüş olsan, ümumbəşər tarixinə verəcəyin töhfənin bir o qədər sanballı olacağına əminlik ifadə edən Kamal Abdulla xalqından mifopoetik xəzinənin zərrəciklərini götürdü və bədii yazı vasitəsi ilə onları xalqına da qaytardı. Onun yaradıcılığı yeni Azərbaycan milli ədəbiyyatının, Avropa və Asiyanın, xristianlığın və İslamın, zərdüştiliyin və yəhudiliyin, ərəb, türk, Qafqaz, İran və slavyan dünyalarının qovuşduğu yeni mədəni məkanın, Avropa mədəniyyətləri birliyinin bərabərhüquqlu üzvü kimi başqa milli mədəniyyətlərin nailiyyətləri ilə yaradıcılıq yarışına girərək, öz qüvvələrini beynəlxalq səhnədə sınayan bir mədəniyyətin formalaşmasının vacib elementdir. Kamal Abdulla milli özünəməxsusluğu dünya ədəbi məkanına daxil edir, bununla da onu mifin yeni anlamı və yeni interpretasiyaları ilə zənginləşdirir. ..

… Kamal Abdullanın “oğuz” yaradıcılığını biz tam əsasla son zamanlar milli ədəbiyyatın səhifələrinə köçmüş və “kökə qayıdış”, mifolojisizləşdirmənin və mistiksizləşdirmənin bəyan edilməsi, ideoloji diktat və sosialist realizmi kanonları ilə məhdudlaşdırılmış sovet mədəniyyətinin əksinə olaraq, yaradıcılığın tam azadlığı kimi ifadə oluna bilinəcək ictimai əhvalla eyniləşdirə bilərik. Kamal Abdulla üçün mifin mənası istər-istəməz qəbul etdirilən, inanılan sosio-mədəni model kimidir. Bu halda müəllif tərəfindən mif aşkarlanmalı, faş edilməli və mifolojisizləşdirməli olan illüziya, yalan, yəni mifopetik təfəkkür stereotiplərinin dağıdılması kimi başa düşülür.

Müasir mif yaradıcılığı ilk növbədə kütləvi mədəniyyət vasitəsi ilə insanların şüuruna hakim kəsilərək, yeni, daha mürəkkəb formalar qazanır. Kütləvi mədəniyyəti zamanın mifologiyasını mifologemlər və arxetiplər vasitəsi ilə əks etdirir. Mifologem – müəllif tərəfindən mifoloji motivlərin şüurlu surətdə əxz edilməsidir, onların qeyri-şüuri reproduksiyası isə “arxetip” anlayışı ilə ifadə olunur. Mahiyyət etibarı ilə söhbət Azərbaycan millətinin ulu əcdadlarının kitabında gördüyü milli Azərbaycan şüurunun intibahından gedir ki, bunun da əsasını Kamal Abdulla ümumtürk abidəsi “Kitabi-Dədə Qorqud”da görür. Bəşəriyyətin əbədi suallarına cavab axtararkən Kamal Abdulla milli mifdən dar millilik/millətçilik maraqları çərçivəsində istifadə etmir. Mifin fəlsəfi və dünyagörüşü baxımdan izahında Kamal Abdulla, T.Mannın ardınca humanizmi müdafiə edir.

Onun trilogiyası, eyni zamanda, həm yaddaş, həm zaman perspektivi, həm köhnə, həm də yeni başlanğıcdır! Müəllif mifi ona görə reanimasiya edir ki, mif bizə bu günümüzü, beşiyimiz olan təbiəti və özümüzü daha dərindən dərk etməyimizə kömək edir. Oğuz mifinin dekonstruksiyası ilə Kamal Abdulla dünya ədəbiyyatına paklanma və qisasdan, qan tökməkdən imtina yolu ilə bütün günahların bağışlanması mövzusunu gətirir. Qloballaşan müharibələr şəraitində, dünya güclərinin öz problemlərini güc və terror yolu ilə həll etdikləri bir dövrdə Kamal Abdulla bütün dünyaya hamının və bütün günahların bağışlanmasını təklif edir. Bütün günahların bağışlanması isə qan tökülmənin, qisasın sonunu bildirir, bu qadağa da Mifdən gəlir.

Bütün günahların bağışlanması – bu, müəllifin “Sehrbazlar dərəsi” roman-fantaziyasının çəhrayı çalarlarında yaratmış olduğu dünyanın ideal modelinin surətidir. Bütün günahların bağışlanması onu bildirir ki, daha qisas üçün, qan axıdılması üçün bəhanə qalmamışdır. Romanın bu ideyası Kamal Abdullanı dünya ədəbiyyatı müəllifləri ilə bir sıraya qoyur. Bundan da əlavə, müsəlman yazıçısı tərəfindən irəli sürülmüş bütün günahların bağışlanması və qisasdan imtina ideyası – bu dünyanın qızıl və neft axtarışlarında öz “qlobal dünya”larını yaradan güc sahiblərinə ünvanlanmış bir çağırışdır. Bu dünyada milli miflərə, inanclara və ənənələrə, sadəcə, yer yoxdur. Azərbaycan yazıçısının irəli sürdüyü Bütün günahların bağışlanması ideyası – Azərbaycan ədəbiyyatı və mədəniyyətinin dünya səviyyəli problemlər ortaya qoya biləcək səviyyəyə çatdığına bir sübutdur; bu elə bir ədəbiyyatdır ki, onu qlobal problemlər, sosial sarsıntılar, sosial qırılmalar, mənəviyyat axtarışları, əcdadların tarixinə və ənənələrinə hörmət, Azərbaycan xalqının milli dirçəlişi, Əsl Azərbaycanlının düşüncələri maraqlandırır… Paklanma və bütün günahların bağışlanması “Məhşər saatına” (Kamal Abdullanın şerindən bir sətir) qədər baş verməlidir. Hələ ki, bəşəriyyət “dibsiz bir uçurumun kənarında”dır və seçimini etməlidir – son və qəti bir seçimini – bugünkü mübarizənin davamı (həyatın bütün sahələrində) ilə bütün günahların bağışlanması arasında seçimini etməlidir. Bu gün bəşəriyyət heç vaxt olmadığı qədər Alyoşa Karamazovun yolu ilə getməlidir: “özü üçün deyil, hər şey və hamı üçün dua etməlidir”, Sofoklun Antiqonasının yolu ilə getməlidir: “mənim təbiətimdə olan – məhəbbətin paylaşılmasıdır, nifaqın yox”.

Bu qədim fikri Azərbaycan yazıçısı Kamal Abdulla öz xalqının tarixinə əsaslanmaqla bizə çatdırır. Dostoyevskinin-Kamalın bütün günahların bağışlanması ideyasında iki dünya görüşür – pravoslav (Qərb-Şərq) dünyası və müsəlman dünyası. Bu, ona işarədir ki, Yer kürəsi birdir və hamımız bir Allahın altında yaşayırıq, buna görə də mədəniyyətlərin, ədəbiyyatların, millətlərin, etnosların, bölgələrin dialoqu mümkündür və vacibdir. Milli özünəməxsusluğun qorunub saxlanması ilə işarələnən milli ədəbiyyatların dialoqu polisentrizmə, bərabərhüquqlu münasibətlər vektoruna olan meyli aşkarlayır. Müasir şəraitdə dialoq ətraf aləmin dərkinin fəlsəfi prinsipi kimi çıxış edir və iki mövqenin – “öyrəşmə” və “kənar qalma” mövqelərinin (M.M.Baxtin) üst-üstə düşməsinin mümkünlüyü ilə onun dərkinin tamlığını təmin edir…

Kamal Abdulla yaradıcılığında keçmiş və keçmişlə bağlı yaddaş daim yer alır: bu mifin ilahi, epik dünyasıdır, “ilk və ən yaxşılar” olan ataların və ulu əcdadların vahid dünyasıdır. Müəllif keçmişə ideala söykənən kimi söykənir. O, indi və gələcəklə birləşərək, hansısa bir ümumi əbədiliyin – universal varlığın konstantını yaradır.

Əbədilik konstantı bizə Kamal Abdulla yaradıcılığına, milli və dünya mədəniyyət məkanını öz tarixinə yeni baxışla və mifin yeni bir izahı ilə, varlığın bütövlüyü və əbədiyyət haqqında yeni düşüncə – qisasla yaşamamaq və yalnız bir dünya ilə yaşamamaq düşüncəsi ilə zənginləşdirən bütöv bir hadisə kimi baxmağa əsas verir. Bu Kamal Abdullanın müəllifi təkrar-təkrar izahı olmayan bir sirr qarşısında qoyduğu Bütövlüyün fəlsəfəsidir: “Həqiqət haradadır?”