592e7c2d1b2c8

Mayın 31-də Mərkəzi Elmi Kitabxanada AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, yazıçı-publisist, akademik Kamal Abdullayev bu qurumun gənc alimləri ilə görüşüb.

AMEA Folklor İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Nail Qurbanov akademik K.Abdullayevə onların təşəbbüsünü dəyərləndirib gənclərlə görüş üçün vaxt ayırdığına görə minnətdarlığını bildirib. O, gənclərə Kamal Abdullayevin bədii, elmi və ictimai-siyasi fəaliyyəti, alimin “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı araşdırmaları, Azərbaycan dilçilik elminin nəzəri məsələlərinə dair tədqiqatları haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev həm də dünya səviyyəsində tanınmış görkəmli yazıçıdır. “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox”, “Gizli Dədə Qorqud” əsərləri rus, türk, gürcü, ingilis, fransız, alman, ispan, polyak, portuqal, yapon və digər dillərə tərcümə edilərək dünyada geniş oxucu kütləsi toplayıb. Bu günlərdə isə alimin “Kitabi-Dədə Qorqud” poetikasına giriş” kitabı işıq üzü görüb.

Gənclərlə görüşdən məmnunluğunu ifadə edən akademik Kamal Abdullayev elmi və ədəbi fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib, müxtəlif janrda yazdığı bədii əsərlərindən söz açıb.

Alim Azərbaycanda həyata keçirilən multikulturalizm siyasətinin əsas konturları, multikulturalizmin Azərbaycan modelinin tədqiqi istiqamətləri və bu modelin örnək model kimi dünyada təbliği prosesindən danışıb.

Kamal Abdullayev Azərbaycan xalqının ən böyük mənəvi xəzinəsi olan “Kitabi-Dədə Qorqud” barədə gənc alimlərə məlumat verərək bildirib: “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının əsatirləri, mifologiyası üzərində yaranmış xalq dastanıdır. “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının ən qədim dövründən təxminən X əsrə qədərki tarixini özündə hərtərəfli əks etdirən əvəzsiz mənbədir. Ona görə də “Kitabi-Dədə Qorqud” dastanından bir boyun 25 dildə çap olunmasının öz mənası var”.

Daha sonra akademik K.Abdullayevin “Kitabi-Dədə Qorqud” poetikasına giriş” kitabının təqdimatı olub.

Bildirilib ki, əsərdə qədim mətnlərin poetik qatı ilə bağlı orijinal və yeni yanaşmalar təqdim edilir. “Kitabi-Dədə Qorqud” kimi anaxronik, müxtəlif qədimlik dövrlərinin əlamətlərinə malik olan mətnlər üçün bu yanaşma bədiilik qatının immanent təhlil açarı ola bilər. Qədim yazılı abidənin müxtəlif poetik qatlarının bir-birindən ayrı təhlili sonrakı birgə təhlilin platformasına çevrilir. Mifologiya, yazılı abidələr, poetika, üslubiyyat, semiotika və semantika istiqamətində çalışanlar üçün dəyərli mənbədir.

Sonda akademik K.Abdullayev gəncləri maraqlandıran sualları cavablandırıb.