Quşlar xəbər gətirdi. “Arifə xala ölüb”.
“Buna nə oldu birdən-birə?! İki ay əvvəl turp kimiydi…” Atam iki ay əvvəl kəndə toya getdiyini xatırlayıb dodaqaltı öz-özü ilə danışa-danışa yemək qabını qabağından yavaşca o tərəfə itələdi və qalxıb pəncərə ağzındakı köhnə, yırğalanan kreslosuna oturdu. Küçədən zınqrovunu çala-çala tramvay keçdi.
Arifə xala bizim xalamız deyildi, atamızın xalası idi. Kənddə ata-baba evimizdə yaşayırdı. Bizdən başqa heç kimi yox idi, tək-tənhaydı. Heç qalmağa yeri də yox idi. Niyə belə olmuşdu – bu, bir başqa hekayətdir.
Atamın ondan gizlində zəhləsi getsə də, kənddəki evimizdə yaşamaq üçün ona icazə vermişdi. “Tək adamdı, bir kəsi qalmayıb, yazıqdı, küçələrə düşməyəcək ki. Doğma xalamdı, Allaha da xoş gedər, biz də həyət-bacadan arxayın olluq.” Atam həmişəki kimi düşüncələrini beyninin içində saxlaya bilməyib dilinə gətirmişdi, bu sayaq bizimlə də, guya, məsləhət edib qərarını vermişdi. Amma bu, məsləhətdən daha çox bəraətə oxşayırdı.
Arifə xala mənim yadımda nə qoca, nə də cavan bir görkəmdə qalmışdı. Qara, ətli sifəti vardı, sifətində yekə-yekə xalları vardı, xalların ətrafında, boynunda tüklər çıxırdı. Qolları kişi qolları kimi qüvvətli idi. Nar ağacının arxasındakı əl quyusundan vedrəylə suyu elə cəld çəkirdi ki, az kişi bunu belə bacarardı.
Di gəl, atam bu qarasifət, yekəqarın arvadı sevmirdi ki, sevmirdi. On iki yaşım vardı, bunu evdə hətta mən bilirdim. Böyük qardaşım Əşrəfdən bir dəfə bunun səbəbini soruşub öyrənmək istədim, yalandan boynumun dalından bir sillə vurub üstümə çımxırdı: “Sənin nəyinə gərək? Get dərsini oxu. Sənlik deyil.” Mənim pərtliyimi görüb sözlərini yumşaltmaqçün belə bir əlavə də etdi: “heç mən özüm də düz-əməlli bilmirəm.”
Sonralar, çox sonralar, qardaşım əlacsız xəstəliyə tutulandan sonra mənim evimdə qaldığı zaman məndə artıq qəribə bir həvəs yaranmışdı. Ailəmizin, nəslimizin kökünə getmək, “kim kimdir?” sualına cavablar axtarmaq, babalarım, ulu babalarım haqda məlumat yığmaq həvəsi məni rahat buraxmırdı. Əşrəf isə canlı, təəssüf ki, hələ canlı ensiklopediya idi. Nəslimizin şəcərəsini qonşu kəndlərə, şəhərlərə, hətta İrana, Türkiyəyə aparıb çıxarır, mənə nəslimizdəki ağsaqqallar, ağbirçəklər, igidlər, gözəllər barədə əsrarəngiz rəvayətlər, əhvəlatlar danışırdı.
Mən əvvəl-əvvəl heç cür başa düşə bilmirdim ki, Əşrəf bütün bunları hardan bilir. Məndən beşcə yaş böyük idi, biz bir evdə yaşamışdıq. Onun bildiklərini, əslində, mən də bilməliydim. Amma Əşrəf, elə bil, vaxtından xeyli tez qocalmışdı. Onu bazar qocaltmışdı. İşinin vaxtı-vədəsi yox idi. Məktəbi də buna görə axıra çatdırmadı, bazara alışdı. Xüsusilə, atamdan sonra ev-eşiyi bazardan qazandığıyla yola verirdi. Amma bazar da bir başqa məktəb idi. Onun bazarı mənim məktəbimdən daha “ağıllı”, daha zəngin çıxdı. Şəcərə ilə bağlı bildiklərinin çoxunu bazara alverə gələn ellilərimizlə söhbət edə-edə onlardan öyrənmişdi.
Atam bu dünyadan köçəndən sonra qardaşım mənə əsl atalıq etdi. Mənim boynuma düşən ancaq oxumaq, onun boynuna düşən mənim adam balası kimi yaşamağımı təmin etmək oldu. Daha sonra erkən yaşımda məcburən beynimə evlənmək həvəsi salıb atamın kirələdiyi evi gecə-gündüz işləyib yığdığı pulla alıb mənə bağışladı, toyumu edib özü evdən çıxdı, çalışdığı bazarda gecələr qarovulçu işləyib elə ordaca da balaca bir otaqda qaldı. Həyatı boyu evlənmədi, ancaq mənimlə, yaxından, uzaqdan da olsa, mənimlə nəfəs aldı, uğurlarıma sevindikcə sevindi.
Onun əlacsız xəstəliyi barədə xəbər tutanda artıq gec idi. Ayaqları şişmişdi, yeriyə bilmirdi, bir qoluna mən girdim, bir qoluna bir iş yoldaşı vardı, o girdi, bazardan çıxarıb birtəhər maşına mindirdik, gəldik bizə. Bazarda, onun qaldığı o quş damında “Dur, qalx, gedirik bizə” deyəndə heç bir etiraz etmədi, ancaq yazıq-yazıq üzümə baxdı, gözlərindən yanaqlarına səssiz yaşlar axdı.
Sinəsi dəftər idi. Qohum-qardaşla, kəndin adamları ilə bağlı bilmədiyi bir məsələ yox idi. Mən o zaman, o uzun qış gecələrində Əşrəflə etdiyim maraqlı söhbətlərin sayəsində öyrəndim ki, həmən bu Arifə xala atamın ən böyük istəyinin həyata keçməsi yolunda əngəl olub. Anamın vəfatından qısa bir müddət keçər-keçməz bəlkə də keçmiş günahını yumaq istəyən atam yenidən evlənmək, özü də qonşuları Pəriyə evlənmək fikrinə düşərkən heç kim yox, elə Arifə xalası onu bu əməlindən daşındırıb.
– Alı, bax, sənə nə deyəcəm?! Bu daşı ətəyindən töksən, yaxşıdı. Balaların körpədi, yazıqdı, bundan bulara ana olmaz. Baxan deyər, dilsiz-ağızsızdır. Amma bunun fikri özündə deyil, heç deyil. – Sonra isə atamın daşa dönmüş üzünə diqqətlə baxaraq biz eşitməyək deyə səsini qısıb gözlərini də nədənsə bərəldərək son zərbəsini endirmişdi. – O gecə sən toyamı getmişdin, səhərə yaxın qayıdıb gəldin ha, mən bax, bu gözlərimlə bunları samanlıqdan çıxan yerdə gördüm.
Atamdan bir müddət səs-səmir çıxmayıb. Handan-hana o, udqunub keyimiş bir səslə:
– Samanlıqdanmı çıxan yerdə? Bizim samanlıqdan?? – deyə soruşub.
– Samanlıqdan, samanlıqdan. Sən toya gedən gecə. Zülmət gecəydi, Alı, yadındamı? Amma ayın ağappaq işığı düz bunların üstünə düşməmişdimi, düşmüşdü. Bu özü irəlidə, tələsə-tələsə gedirdi, elə bil, qovanı vardı. Zaman da arxasınca yavaş-yavaş gəlirdi, cüllüt boynunu dartıb şübhəli-şübhəli o yan bu yana boylanırdı. Məni görmədilər.
Arifə xalanın səsində sirli bir ahəng vardı, nəydi, atam çaşqın qalmışdı, dinib-danışmırdı. Xüsusilə, arvadın ay işığını şahid gətirməyi atama yaman pis təsir eləmişdi.
Samanlıq dediyi yer qoyun-quzunun vaxtilə saxlandığı tövlə idi. Həyətin dal tərəfindəki böyük, hər halda o zaman bizə böyük görünən bu tövlədə indi qoyun-quzu saxlanmasa da, bütün tövlə həmişə başdan-başa samanla döşənmiş olardı.
– Bizim bu samanlıqda ha? – Atam çaşqın bir halda əlini samanlığa tərəf uzadaraq sualını təkrar eləyib.
– Eh, eh, eh… inanmırsan, sən mənə, Alı, inanmırsan.
Həmən gecə atam, həqiqətən, qonşu kəndə toya getmişdi. Anam öləndən sonra ilk dəfəydi, toya gedirdi. Bizim yanımızda, guya, həvəssiz idi, amma Surxay əmi, atamın dostu, eləcə də, o biri dostları gəlib onu yarızarafatla, deymələrlə “qıdıxlayıb” maşına mindirdilər. Atam duruxmuş halda, səssiz-səmirsiz bizim üzümüzə baxmadan yanımızdan keçib evdən çıxdı. Mən qaçıb pəncərəyə dayadım alnımı, ürəyim qısıla-qısıla gördüm ki, atam hələ maşına minməmiş dostlarına gülə-gülə nə isə deyir.
Mənə bunu çox sonralar Əşrəf danışdı. Pəri arvad gəncliyində atamın sevgilisi olmuşdu. Yəni, atam onu sevib, o da atamı. Qapıbir qonşuydu, günü bizim həyətdə keçərdi. Bunların bir-birinə aşiqliyini bütün kənd bilirmiş. Vaxt olub, Pərigilin evində hər gün atamın elçilərini gözləyiblər. Amma atam əsgərliyə gedib qayıdanda uzaq Belorusiyadan rəsmi arvadıyla qayıdıb gəlib, yəni, mənim və Əşrəfin anasıyla. O yüzdən Pəri arvad da ərə getməyib oturub qalıb evlərində. Anası, atası, qardaşları dünyasını dəyişib, o özü isə indiyənə qədər — tək-tənha… Pəri arvad, mən bunu yenə də sonralar, Əşrəfin dilindən eşitdim, ona da quşlar xəbər gətirmişdilər, Pəri arvad bütün bu illər, bu ağır aylar və günlər atamı, yalnız atamı sevib durubmuş. “Atam da, deyəsən, onu…” – Əşrəf əlavə edib dedi.
– … ay işığı qəşəngcə düşmüşdü düz bunların üstünə, kölgələri də həyətin tufarıyla əyilə-əyilə gedirdi, amma ətraf zülmət qaranlıq idi…
Arifə xala beləcənə atama Pəri arvadı yamanladıqca yamanladı, atam da ona inandı, anamın ilindən bir az sonra daha kənddə duruş gətirib qalmadı, qala bilmədi, bəlkə də əlinə bəhanə düşdü, kim bilir, heç Əşrəf də bunu biləmməz, qərəz atam bir həzin yaz axşamı bizi başına yığıb köçüb gəldi şəhərə. Stadiona gedən yolda bir yöndəmsiz evin birinci mərtəbəsində üçotaqlı balaca bir mənzil kirələyib ora yığışdıq. O yadımdadı ki, kirələdiyimiz mənzil olan evin düz qabağından tramvay zınqıldaya-zınqıldaya elə gedərdi ki, elə bil, dəmir təkərləriylə guruldayıb böyük otağımızın içindən keçib gedir. İndi o tramvaydan əsər-əlamət yoxdur. Elə bil, heç olmamışdı.
Yadıma bir də o yapışıb qalıb ki, atam bir taksi maşını almışdı. Gündüzlər bazar-dükan və ev işlərilə məşğul olar, adətən, gecələr işə gedərdi. Getməzdən əvvəl yeməyini yeyib otaqdakı yeganə pəncərənin qarşısında hardansa tapıb gətirdiyi yırğalanan qırmızı məxmərli köhnə kresloya oturar, ağzında papirosu, dala-qabağa cırtacırt yırğalana-yırğalana pəncərədən o tərəfdəki zülmət qaranlığa baxdıqca baxardı. Hərdən də huşa gedib beş-on dəqiqəliyinə mürgülərdi.
Arifə xala rəhmətə gedən il mən məktəbin sonuncu sinfində oxuyurdum. Arifə xalanı sabah basdıracaqdılar. Biz kəndə getməyə hazırlaşırdıq.
– Sən üç-dörd gün məktəbdən qala bilərsən? – Atam məndən soruşdu.
– Qoy o getməsin, nə işi var yasda… — stolun üstündən qabları yığışdırıb mətbəxə aparan Əşrəf etiraz eləmək istədi, — dərsi çoxdu onun…
Atam tərəddüd içində sual dolu gözlərini mənə dikdi. Mən “həyasızlıq” etdim:
– Mən tək qalmayacağam. Tək qalmaq istəmirəm mən. Heç nə olmaz, kitablarımı götürrəm özümlə. – Bu şəkildə mənim oxumağıma xüsusi qısqanclıq və tələbkarlıqla yanaşan, məktəb məsələlərində mənə “qan udduran” Əşrəfi sakitləşdirmək istədim.
Atam başını yelləyə-yelləyə mənə baxıb bizim balaca mətbəximizdə şaqqaşaxla çirkli qabları yumağa başlamış Əşrəfə səsləndi:
– Deyir, elə vacib dərsim yoxdu, kitablarını özüylə götürəcək…
– Yaxşı, nə deyirəm, hazırlaşsın. – Əşrəf həmişə mənimlə 3-cü şəxslə danışan kimi danışırdı. Qab yuya-yuya nə düşündüsə, razılıq verdi. Məni üç günlüyünə tək evdə qoyub getmək daha “qorxulu” idi.
Atam mənə baxıb, gülümsündü, yəni, “ay qırışmal, işin düzəldi.”
Quşlar xəbər aparmışdılar. Pəri arvad həyət qapısının ağzında bizi gözləyirdi. Çiyninə saldığı qara həşyəli yaylığın ucunu didişdirə-didişdirə, baxışını atamla qardaşımdan qaçırıb üzünü mənə tutdu və qısa bir “hesabat” verdi:
– Çox gözləyə bilmədilər, apardılar. İndilərdə qayıdallar. – Sonra əlini uzadıb cod və titrək barmaqlarını başımda gəzdirdi.
Biz həyətə keçdik.
Həyətin ortasında havaxt əkildiyi bilinməyən nar ağacının altında vaxtilə asfalt yerə mıxlanmış uzun stolun üstünə süfrə çəkilmişdi. Süfrədə qəndqabılar, halva var idi. Əşrəf ora-bura baxıb əlində tutduğu içi çay və limon dolu paketi mənə uzatdı. Stolun o başında samovarın suyu qaynayırdı. Biz keçib oturduq. Pəri arvad gəlib paketi məndən aldı, qabağıma bir açar qoydu, yenə üzünü yana tutub öz asta səsilə:
– Evin açarıdı, – dedi. — Həyət qapısının qıfılı yoxdu. Almaq lazımdı.
Atam gözünü su quyusunun hərəkətsiz mancanağına dikib sakitcə durmuşdu. Pəri arvad bir kənara çəkildi, evin pilləkəninə söykənib donub qaldı. Üzündən-gözündən, bütün vücudundan pərişanlıq yağırdı. Ürəyim qısıldı. İstədim, bu arvadla bir kəlmə də olsa, kəsim, pərtlik aradan götürülsün, atam məni qabaqladı:
– Bu necə oldu, belə oldu? İki ay əvvəl… pis deyildi. – Atam gözlərini quyudan çəkmədən dediyi bu sözləri bilinmədi ki, kimə deyir, özünəmi deyir, bizəmi deyir, yoxsa Pəri arvadamı deyir.
Atama cavab verməyə tələsməyən Pəri arvadın yorğun səsində nisgil oynadı:
– Bir aydı yerdə yatırdı. Məni istədi, xəbər göndərdi, mən də gəldim. Dedi ki, mənnən qal, bu gün-sabahlığam, uşaqlara dedi, hələ bir şey demə… Çox söhbətlər elədik, halallaşdıq… – Pəri arvadın son sözlərində bir eyham vardı, onları eynən atam kimi, fikirli-fikirli, özü-özüylə danışırmış kimi dedi.
Atamın qulaqları qıpqırmızı qızardı.
Qonşular qəbristanlıqdan qayıdıb gəldilər, bir-bir həyətə girməyə başladılar. Biz ayağa qalxdıq, “Allah rəhmət eləsin” sədaları altında atam sağ əlini ürəyinin üstünə tutub baş əyə-əyə başsağlıqlarını qəbul elədi. Surxay əminin yanında duran saqqallı kişi barmaqları arasında oynatdığı qara təsbehi cibinə qoyub fatihə verdi. Adamlar, olardı səkkiz-doqquz nəfər, hərə bir yer tapıb oturdu. Pəri arvad samovarın başına keçib dəm çaynikini dəsmalla bürüdü. Mən stəkan-nəlbəkini stolun üstünə düzməyə başladım. Saqqallı kişinin quran oxuyan səsi ətrafa həzinlik yaydı.
…Üç gün sonra sabah obaşdandan biz atamın taksi maşını ilə şəhərə qayıdırdıq. Əşrəf qabaqda, atamın yanında, mən arxada, mənim yanımda isə Pəri arvad başında qara həşyəli yaylığı oturmuşduq. Atam qaşlarını çatıb diqqətlə maşın sürür, yol boyu nə birimizin üzünə baxır, nə də birimizlə bir kəlmə dinib danışırdı.
Dünən gecə isə nar ağacının altında mən atamın qardaşımla etdiyi söhbətin şahidi olmuşdum. Əslində, onlar söhbətlərini mənim yanımda edirdilər. Bu, bir növ ailə məşvərəti də sayıla bilərdi. Atam mənə baxır, amma sözlərini Əşrəfə deyirdi:
– Bizim işimizə yarayar. Sən də artıq yoruldun yemək bişirib qab yumaqdan.
– Mən ki, bir söz demirəm.
– Şahinin də üst-başı təmiz gəzən vaxtıdı…
– Sən necə lazım bilirsən, elə də elə.
– Mətbəxdə yer salıb yatar, yerimizi darısqal etməz. Əziyyəti də dəyməz.
– …Dəyməz, əlbəttə, dəyməz.
Atam bir xeylaq sükut içində durub qaldı. Papirosunu tüstü-duman içində sonuncu dəfə közərdib güclü bir qüllab aldıqdan sonra, nəhayət, düşünüb-daşınıb bu sözləri də bizə çatdırmağı lazım bildi:
– O söhbət də ki… biləsiniz, kökündən yalanmış. Rəhmətlik bu beynəvaya şər atırmış. Hamısı dediyi yalan-palan… Ay işığı belə gəldi, ay işığı belə getdi… Ölüm ayağında sirrini açıb, günahını yuyub. İstəmirmiş bizim evlənməyimizi bu adam, istəmirmiş. Niyə, nə üçün – bilmirəm. Niyəsini hıqqanıb ki, son nəfəsində desin, deyə bilməyib, sözü ağzında qalıb, canı çıxıb… – Atam son sözlərini ağzından ürəyindən tikən çıxaran kimi çıxardı.
Qardaşım da, mən də soruşmadıq ki, bunları sənə, ay ata, kim dedi, nə zaman dedi, bu xəbəri sənə kim gətirdi?! Kim səni buna belə asanlıqla inandırdı?! O boyda ay işığı, o boyda kölgələr hara yox oldular?!
…İndi mən qardaşım Əşrəfin dəfnindən geri dönərkən bu uzaq illərin hadisələrini xatırlaya-xatırlaya düşünürəm ki, nə yaxşı, biz o zaman qurddalayıb məsələni atamıza kimin xəbər verdiyini soruşmadıq. Nə yaxşı ki, bu xəbər gətirənə elə inandıq ki, şübhə və tərəddüdə qəlbimizdə bir misqal yer qalmadı. Allah Əşrəfə rəhmət eləsin, Əşrəf müdriklik eləmişdi. “Yox” desəydi, atam onun sözündən çıxmayacaqdı. Həyat tamam başqa bir məcraya düşüb tamam başqa bir şəkildə davam edəcəkdi. Nə olacaqdı, nə olmayacaqdı… Bunu mən düşünmək belə istəmirəm. Yaxşı ki, elə belə də oldu. Atam ömrünü rahat yaşayıb rahat bir şəkildə son nəfəsini verdi və bu dünyadan köçünü sürüb arxayın getdi, arxada gözü qalmadı.
Pəri arvad isə son nəfəsinə qədər onun iyini bizdən aldı, ölüm yatağında belə atamın adını sayıqladı. Huşu qalmamışdı, hamımızı bir-birinə qarışdırırdı, hamımızın adını unudurdu, bircə Alının adını unutmamışdı. Onun tükənmək bilməyən “Çağırın, çağırın, Alı gəlsin…” yalvarışlarına, nəhayət, mən dözməyib deyəndə ki, ay arvad, sən kimi çağırırsan, Alı düz beş ildi ölüb, Alı yoxduuu, məlul-məlul mənə baxıb göz yaşını birdən leysan kimi axıtmadımı?! “Bəs bunu siz mənə indiyənədək niyə deməmisiz?! Niyə bunu məndən saxlamısız?!” deyib zar-zar zarımadımı?!
Bu eşqin müqabilində atamıza o xəbəri kim gətirmişdi, kim gətirməmişdi – bunun bir mənası varmıydı?! Xəbəri gətirənə inanmamaq mümkünmüydü?!
Xəbəri quşlar gətirmişdi.
Şərh yoxdur