Mahir HƏMZƏYEV
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü
mahir.hemzeyev@post.skynet.lt
Xalq yazıçısı, akademik Kamal Abdullanın yaradıcılığı, dünyanın bir çox ölkəsində olduğu kimi, Baltikyanı məkanda, xüsusən Litvada da tərcümə və nəşr edilərək, ciddi maraq və rəğbətlə qarşılanır.
Tanınmış ədəbiyyatşünas, publisist və tərcüməçi, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri (1988), Litva Hökuməti yanında Milli İcmalar Şurasının (1991-2019) və Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü (2001-2021), Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti (2007-2009), Litva Seymində millətlərarası münasibətlər və dini məsələlər üzrə məsləhətçi, Azərbaycanın Əməkdar jurnalisti Mahir Həmzəyevin bu mövzuda məqaləsini oxuculara təqdim edirik.
Xalq yazıçısı, akademik Kamal Abdullanın 2006-cı ildə Bakıda nəşr olunmuş “Sehrbazlar dərəsi” romanı oxucuların və ədəbi tənqidçilərin geniş marağına səbəb olub. Sufi dərvişlərin həyatından bəhs edən və mistik əhvalatların baş verdiyi roman paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının taleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömr edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciəylə bitən sirli görüşündən bəhs edən mistik roman müxtəlif dillərdə və müxtəlif ölkələrdə çap edilməklə dünya oxucusunun da diqqətini çəkib. Bu diqqətin nəticəsi olaraq indiyə qədər “Sehrbazlar dərəsi” romanı Fransa, ABŞ, Rusiya, Türkiyə, Yaponiya, İran, Qazaxıstan və digər ölkələrdə işıq üzü görüb.
Əsər Litva dilinədə tərcümə edilib və 2013-cü ildə Vilnüsdə “Edukologiya” nəşriyyatı tərəfindən çap olunub. Romanı Litva dilinə əsərin rusca nəşrindən Litva dili və ədəbiyyatı üzrə tanınmış mütəxəssis Lione Lapinskene (1958) tərcümə edib. O, kitaba “Çoxrəngli Azərbaycan xalçası üzərində səyahət…” adlı ön söz də yazıb və bu yazısında romanı “ilmə-ilmə xalçaya” bənzədib…
Avropada mədəniyyətlərin qovuşağında ucalan səsimiz…
“Sehrbazlar dərəsi”nin Litva nəşrindən sonra bu ölkənin bir sıra ədəbi-mədəni və akademik qurumlarında onun bir neçə təqdimat mərasimi keçirilib.
Romanın ən əzəmətli təqdimat mərasimi və imza günü 2013-cü il fevralın 23-də Vilnüsdə “Edukologiya” nəşriyyatının xətti ilə təşkil olunub. K.Abdullanın və Bakı Slavyan Universiteti Türkologiya kafedrasının baş müəllimi Namiq Qafarovun da qatıldığı bu mərasimlərdə Litva Edukoloji Universitetinin rektoru, Litva Elmlər Akademiyasının sabiq vitse-prezidenti, akademik Algirdas Gayjutis (1941), dilçi alim, Litva Elmlər Akademiyası Litva dili İnstitutunun direktor müavini, Litva Edukoloji Universitetinin professoru, akademik Grasilda Blajene (1949), litvalı linqvist mütəxəssis, humanitar elmlər doktoru, Litva Edukoloji Universitetinin professoru Vidas Kavalyauskas (1965), Litva dili və ədəbiyyatı müəllimi, ədəbi tərcüməçi Lione Lapinskene, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev, həmçinin, bir sıra jurnalistlər, edukoloqlar və tələbələr çıxış ediblər. Mərasimlərdə müəllifə kitabını imzalatmaq istəyən oxucuların çoxluğu xüsusilə diqqət çəkib.
Həqiqətən ədəbi hadisəyə çevrilmiş bu təqdimat və imza mərasimləri həmin günlərdə Vilnüsdə 14-cü dəfə keçirilən məşhur Beynəlxalq Kitab Yarmarkası tədbirləri çərçivəsində təşkil olunmuşdu. Təqdimatın çox yüksək təşkilati səviyyəsi, tədbirdə hökm sürən mədəni müxtəliflik ab-havası, iştirak edən ölkələrin geniş coğrafiyası barədə təsəvvür yaratmaq üçün qeyd edək ki, Vilnüs Beynəlxalq Kitab Yarmarkası Baltik ölkələrində bu qəbildən olan ən böyük tədbirdir. 2000-ci ildən başlayaraq hər il keçirilən bu yarmarka çox möhtəşəm və böyük bir kitab satışı sərgisi olaraq həmçinin, bilik, elm, maarif və mədəniyyət mövzularına həsr edilmiş ən mühüm foruma, böyük ictimai diskussiya məkanına çevrilir. Yarmarka həm Litva, həm də bütün region üçün böyük önəm daşıyan bir bayram kimi yadda qalır. Bu beynəlxalq tədbir eləcə də Baltik ölkələrində kitaba marağın artmasını, düşünən insanların çoxaldığını təsdiq edir. Yarmarka Litva Respublikasının prezidenti Dalya Gribauskaytenin (1956) himayəsi ilə keçirilir. Mədəni proqramlar isə Litva Mədəniyyət nazirliyinin dəstəyi ilə reallaşdırılır. Üç gün davam edən yarmarkada 400-ə yaxın tədbir keçirilir. Tədbirlərə 70 minədək insan qatılır. Yarmarkada həm Litvadan, həm də dünyanın bir çox dövlətlərindən yüzlərlə naşir və müəllif iştirak edir.
“Sehrbazlar dərəsi”nin təntənəli təqdimat mərasimlərinin baş tutduğu 14-cü Vilnüs Beynəlxalq Kitab Yarmarkasında 16 xarici ölkədən 40 nəfərdən artıq tanınmış yaradıcı şəxs iştirak edirdi. Belə ki, 1988-ci ildən Niderlandda siyasi mühacir həyatı yaşayan və niderlandca yazıb yaradan İran kökənli yazıçı və şair Kader Abdullah (1954), isveçrəli məşhur alim və yazıçı, tibb elmləri doktoru, Cenevrə Universitetinin professoru Alayn Golay (1955), italyan yazıçısı və tanınmış teleaparıcı Alberto Andjela (1962), Kasablankada yaşayan Hindistan əfqanları kökənli ingilisdilli yazıçı və səyyah Tahir Şah (1966), alman yazıçısı və publisisti Sabine Ebert (1958), basketbol üzrə məşhur ispan məşqçisi, “Ancelinanın çarşafları” romanının müəllifi Yoan Plaza (1963), alman əsilli İrlandiya yazıçısı Robert Gervart (1976), Böyük Britaniya yazıçıları Austen İvereyg (1966) və Roderik Gordon (1960), Cənubi Koreyalı yazıçı Hayl Ci (1955), tanınmış fransız rəssamı və yazıçı Aleksandr Kleriss (1980), polşalı ədəbiyyatşünaslar, tarixçilər, komiks rəssamları, şair, yazıçı və dramaturqlar – Belostok Universitetinin professoru Kşıştof Buxovski (1969), Krakovdakı məşhur Yagellon Universitetinin məzunu Yeji Pilx (1952), Barbara Gruşka-Zıx (1960), Mixal Slomka (1978), Mixal Jeçnik və bir sıra digər əcnəbi müəlliflər yarmarkaya qatılmışdılar. Tədbirin fəaliyyəti və gedişi 150 nəfərdən artıq yerli və xarici media təmsilçiləri – jurnalist, teleaparıcı, operator, fotoqraf və digər mütəxəssislər tərəfindən işıqlandırılırdı.
Yarmarkada iştirak edən əcnəbi yazıçılardan yalnız K.Abdulla Litva Respublikası Seyminin sədri Vidas Qedvilas (1959) tərəfindən Parlamentə dəvət almışdı. Görüşdə K.Abdulla ilə birgə Litvanın sabiq millət vəkili (2004-2012), tanınmış teatr rejissoru və ictimai-mədəni xadim Yulyus Dautartas (1953) və ədəbi tərcüməçi L.Lapinskene iştirak edirdilər. Seymin sədri ilə olduqca səmimi şəraitdə keçən söhbət zamanı K.Abdullanın yaradıcılığı, həmçinin, Azərbaycan ədəbiyyatı, Litva-Azərbaycan mədəni əlaqələri barədə geniş və maraqlı fikir mübadiləsi aparıldı. K.Abdulla Litvada kitaba böyük maraq olduğunu hər an müşahidə etdiyini bildirdi. O, Bakı Slavyan Universiteti tələbələrinin toxuduğu Azərbaycan bayrağını və “Sehrbazlar dərəsi”nin Litva nəşrini imzası ilə Parlament sədrinə hədiyyə etdi.
Vilnüs şəhərinin meri Arturas Zuokas (1968) ilə baş tutmuş başqa bir görüşdə də yazıçı K.Abdulla böyük maraq və səmimiyyətlə qarşılandı.
Qədim etnoqrafik regionda “Sehrbazlar dərəsi”ni tanıtım tədbirləri
Romanın digər təqdimat tədbirləri isə Litvanın tarixi və qədim etnoqrafik məkanlarından biri olan Aukştaytiya regionunun paytaxtı Panevejis şəhərində təşkil olunmuşdu.
K.Abdullanın bu regiona səfəri onun Panevejis şəhər bələdiyyəsində rəsmi qəbul edilməsi mərasimindən başlandı. Şəhərin meri Vitaliyus Satkyaviçyus (1961) qonağı sayğı ilə salamlayıb ona şəhərin qədim tarixi və bu günü barədə maraqlı bilgilər təqdim etdikdən sonra dedi:
– “Şəhərimizi ziyarət etdiyinizə görə sevinc hissləri yaşayırıq. Ümidvarıq ki, bu səmimi dostluğumuz şəhərlərimizin əməkdaşlıq münasibətləri səviyyəsinə ucalacaq, eləcə də mədəniyyət, maarif, idman və iqtisadiyyat sahələrində yaxın və işgüzar əlaqələr qurmağa imkanlar yaradacaq”.
Oxucularla ilk görüş və kitabın təqdimatı, əsası 1922-ci ildə qoyulmuş və Litva ədəbiyyatının məşhur klassiki, yazıçı, dramaturq, ictimai-siyasi xadim Gabriele Petkeviçyute-Bitenin (1861-1943) adını daşıyan Panevejis dairəsi ictimai kitabxanasında baş tutdu. Təqdimatın aparıcısı və Panevejis teatrının aktyoru “Sehrbazlar dərəsi” əsərindən parçalar ifa etdilər. K.Abdulla çoxsaylı oxucuların suallarını cavablandırdı.
Sonrakı ədəbi tədbir Panevejis şəhərində 2000-ci ildən fəaliyyət göstərən və əsası ünlü Litva rəssamı və bədii şüşə ustası Remigiyus Kryukas (1961) tərəfindən qoyulmuş məşhur “Glasremis” bədii şüşə studiyasında gerçəkləşdirildi.
Daha sonra bir sıra dram əsərlərinin müəllifi K.Abdulla ilə Yuozas Miltinis adına Panevejis şəhər dram teatrında xüsusi görüş keçirildi. Görüşdə onunla dramaturgiya və səhnə yaradıcılığı barədə dərin maraq oyadan söhbətlər aparıldı.
Söhbət əsnasında həmçinin, Panevejis teatrının valehedici fəaliyyətini və burada səhnələşdirilmiş əsərlərin böyük önəmini vurğulayan K.Abdulla Donatas Banyonis (1924-2014), Algimantas Masyulis (1931-2008), Vatslovas Bledis (1920-1999), Bronyus Babkauskas (1921-1975), Gediminas Karka (1922-1991), Eugeniya Şulgayte-Karkene (1923-2014), Stasys Petronaytis (1932-2016), Regina Zdanaviçyute (1925-2015) kimi ünlü rejissor və aktyorların teatrın səhnəsində qoyduqları parlaq izlər barədə fikirlərini bölüşdü. Tədbir zamanı yazıçının Estoniyada səhnələşdirilmiş pyesi barədəki məlumatlar Litva teatr yaradıcılarının, o cümlədən, teatrın direktoru Romualdas Vikşraytisin diqqətini çəkdi.
Yeri gəlmişkən demək istərdik ki, bünövrəsi hələ 1-ci müstəqil Litva Respublikası dövründə qoyulmuş (1938) Panevejis dram teatrı həm keçmiş Sovetlər Birliyində, həm də xarici ölkələrdə Litva milli ənənələrini və etnokulturoloji dəyərlərini qoruyub davam etdirən, azadlıq ideyalarını səhnədə yaşadan möhtəşəm sənət ocağı və mədəniyyət mərkəzi kimi məşhurlaşıb. Teatrın yaranması və ən uğurlu fəaliyyət illəri qüdrətli yaradıcı bir şəxsiyyətin – bənzərsiz sənət ustası, teatrın baş rejissoru olmuş SSRİ Xalq artisti (1973) Yuozas Miltinisin (1907-1994) adı və gördüyü mühüm işlərlə bağlıdır. Təsadüfü deyil ki, 1995-ci ildən etibarən bu teatr məbədgahı onu yaradan və dünyada məşhur edən əfsanəvi baş rejissor və bədii rəhbər, aktyor və gözəl pedaqoq Y.Miltinisin adını daşıyır…
Kamal Abdulla yaradıcılığı Litvanın media diskursunda
“Sehrbazlar dərəsi”ni Litvada tanıtım tədbirləri təkcə böyük oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanmadı, eyni zamanda, bu roman və ümumən Kamal Abdulla yaradıcılığı mərkəzi qəzetlərin mövzusuna çevrildi.
1989-cu ildən Vilnüsdə müstəqil çap olunan məşhur “Respublika” qəzeti romanın Litva dilinə tərcüməçisi Lione Lapinskene ilə o günlərdə maraqlı müsahibə dərc etdi. “Ədəbiyyat üçün humanist dəyərlər gərəkdir” başlıqlı həmin ədəbi söhbət qəzetin 22 fevral 2013-cü il tarixli sayında “Mədəniyyət yenilikləri” rubrikasında çap olundu. Müsahibəni litvalı şair və tərcüməçi, Litva Ədəbi Tərcüməçilər İttifaqının Dominikas Urbas adına mükafatı laureatı Tomas Taşkauskas (1986) götürüb.
Müsahibədə yer almış bir fikri vurğulamazdan öncə qeyd etmək istərdik ki, K.Abdulla romanın tərcüməsi ilə bağlı xüsusi olaraq Litva oxucularına yığcam son söz ünvanlayıb. O yazır ki, “İnsan özündə başqa bir insana qarşı intiqam və ya nifrət hisslərini daşımamalıdır. Hər bir insanı yalnız Sevgi idarə etməlidir. Biz yaşadığımız dünyada aramızdan pisliyi hökmən qovub yox etməliyik – qarşımızda duran məqsəd bundan ibarət olmalıdır…” Lione Lapinskene göstərilən müsahibədə roman müəllifinin bu fikrini davam etdirərək oxuculara ritorik sualla müraciət edir: “Bəs buna necə nail olmalıyıq? Və sonra da bildirir ki, “suala cavabı “Sehrbazlar dərəsi”nin səhifələri üzərindən sətir-sətir səyahət edən zaman tapa bilərsiniz…”
Əsər haqqında, həmçinin, Litva Yazıçılar İttifaqının “Ədəbiyyat və incəsənət” həftəliyinin 26 aprel 2013-cü ildə çıxmış 26-cı sayında “Qisasın dirəndiyi dalan” adlı geniş ədəbi məqalə dərc edilib. Məqaləni yuxarıda adı çəkilən Tomas Taşkauskas yazıb.
Bunlardan əlavə,”Ədəbiyyat və incəsənət” qəzetinin 26 aprel 2013-cü ildə çıxmış 17-ci sayında K.Abdullanın daha bir əsəri – “Korneliyusun ölümü” adlı hekayəsi işıq üzü görüb. Əsər yazıçının Litva ilə bağlı zəngin etnokulturoloji təəssüratlarının təsiri altında yaranıb. Əsərin qəhrəmanı “Şəhər Universitetinin böyük möhürünün qoruyucusu” – litvalı qoca professor Korneliyusdur. K.Abdulla “Səhvlərimizin qrammatikası” silsiləsindən yazdığı bu hekayəni litvalı dostu, linqvist alim Vidas Kavalyauskasa ithaf edib. Hekayəni Litva dilinə ruscadan Lione Lapinskene çevirib.
Yeri gəlmişkən göstərmək istərdik ki, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Tehran Əlişanoğlu da (1960) əsər haqqında “Nədən Korneliyusun ölümü?” adlı resenziya yazıb. 2015-ci ildə yayımlanmış resenziyada hekayə ilə bağlı orijinal refleksiyalar və ədəbi düşüncələr əks olunub, tarixi paralellər və müqayisəli təhlillər aparılıb, həm də maraqlı ümumiləşdirmələr edilib.
Avropanın coğrafi mərkəzinə qayıdış…
Vurğulamaq lazımdır ki, K.Abdulla adı Litvanın həm ictimai-siyasi fikir məkanı, həm də mədəniyyəti və akademik dairələri üçün yad deyil. O, hələ Litva müstəqilliyinin bərpasının ilk illərində bir neçə dəfə bu ölkədə olub, bir sıra görüş və tədbirlərdə Azərbaycan ziyalılarını təmsil edib, yaradıcı əlaqələr qurub (o dövrdə mən də Kamal Abdullanın sədri olduğu Azərbaycan Mədəniyyət Fondu İdarə Heyətinin üzvü olaraq Litva ilə qurulmaqda olan yeni məzmunlu mədəni əlaqələrin müstəqillik dövrünün mədəniyyət siyasəti doktrinasına uyğun məcrada inkişafı üçün çalışırdım). SSRİ-ni sarsıdan 1991-ci ilin avqust qiyamından sonra Baltik ölkələrinin müstəqilliyi dünyanın aparıcı dövlətləri tərəfindən de jure tanınan günlərdə Kamal Abdullanın Litva ictimaiyyətinə ünvanladığı təbrik teleqramı isti qarşılanmış və həmin teleqramın mətni Litvanın rəsmi dövlət qəzeti olan “Lietuvos aidas” gündəliyinin 31 avqust 1991-ci ildə çıxmış 176-cı sayında dərc olunmuşdu. Fikrimizcə, həmin tarixi sənədi bu yazımızda təqdim etmək yerinə düşərdi:
“Vilnüs şəhəri, M.K.Çürlyonis küçəsi, 18
Litva Azərbaycanlıları “Odlar yurdu” Cəmiyyətinin sədri Mahir Həmzəyevə
Əziz həmvətənlər!
Litva Respublikası müstəqilliyinin beynəlxalq ictimaiyyət tərəfindən tanınması, Demokratiya və Ədalətin tam qələbə çalması münasibətilə Azərbaycan ziyalıları və Azərbaycan Mədəniyyət Fondu adından Litva xalqına və Litva Hökumətinə ən səmimi təbriklərimizi yetirməyi sizdən rica edirik.
Əminik ki, qələbə çalmış Demokratiya və əldə edilmiş Azadlıq respublikanızda yaşayan hər bir ailəyə sülh, xoşbəxtlik və mehribanlıq gətirəcək. Litva xalqına ən xoş arzularımızı bildiririk.
Hörmətlə – professor Kamal Abdullayev, Azərbaycan Mədəniyyət Fondunun sədri.
Bakı şəhəri, 28 avqust 1991-ci il”.
Burada haşiyə çıxaraq göstərmək istərdik ki, K.Abdullanın Litva mövzulu “Korneliyusun ölümü” hekayəsinin qəhrəmanı Korneliyus ağlasığmaz bir kəşfə – dünyanın bütün elmi dairələrində qəbul edilən çox böyük nailiyyətə imza atır. Belə ki, o, “Yer üzünün mərkəzinin dəqiq təyin edilməsi” düsturunu ortaya qoyur və bunun dünyanın bütün elm mərkəzlərində, universitet və kilsə kafedralarında “Korneliyus meyarı” adlandırılmasına nail olur. Həm də “Yer üzünün mərkəzi”nin məhz Litvada qərar tutduğuna bütün dünyanı inandıra bilir… Korneliyus bu meyarı yavaş-yavaş həm xristian, həm müsəlman, həm də buddist alimlərin beyninə yeridib onların təqdirini qazanır… Onun irəli sürdüyü meyar çox sadə olaraq nəinki mantiyalı elm adamları, hətta geniş əhali üçün də anlaşıqlı idi…”
Bu haşiyə ilə bağlı qısa şərhlər vasitəsilə açıqlama vermək istərdik ki, “Korneliyus meyarı” eyni zamanda, bizə Fransa Milli Coğrafiya İnstitutu əməkdaşlarının Avropa qitəsinin coğrafi mərkəzini təyin etmək məqsədi ilə apardıqları elmi araşdırmaları xatırladır. Buna qədər həmin mərkəzin gah Belorusda, gah da Ukraynada və ya Polşada olduğu güman edilirdi. 1989-cu ildə fransız alimləri mərkəzin koordinatlarını dəqiqləşdirərək bəyan etdilər ki, Avropanın coğrafi mərkəzi Vilnüsdən 26 kilometr şimalda yerləşən Purnuşkes və Bernotay kəndlərinin arasında yerləşir. 1997-ci il mayın 24-də həmin yerdə coğrafi mərkəzi qeyd edən daş abidə qoyulub.
Göstərilən fakta istinadən paralellər aparıb bu qənaətə gəlirik ki, “Korneliyus meyarı”
Avropanın Litvadakı coğrafi mərkəzindən yaradıcı şəkildə qaynaqlanıb… Hər necə olsa da, yazıçı Kamal Abdulla “Sehrbazlar dərəsi”nin tərcüməsi üzərindən Avropanın coğrafi mərkəzinə – onun yaxşı tanıdığı kəhrəba və göllər diyarı gözəl Litvaya bir daha qayıdıb.
Ümidvarıq ki, Litva oxucusu yazıçının yeni əsərlərinin tərcüməsini və onun bu dost ölkəyə növbəti qayıdışını gözləyir…
Bakı-Vilnüs-Bakı.
2013-2019-cu illər.
Şərh yoxdur